Ən sərbəst yaradıcılar

 

Uşaq ili ilə bağlı İçərişəhərdəki "Abşeron" Rəsm Qalereyasında "Bizim uşaq dünyamız" adlı sərgi açılmışdır. 11 nəfər balaca rəssamın iştirak etdiyi sərginin təşəbbüsçüsü Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzidir. Sərgidə iştirak edən uşaqlar da həmin mərkəzdə çalışan rəssam va pedaqoq Nərmin Abdullayevanın yetirmələridir.

Sərgidə 72 əsər nümayiş olunur. Əksəri lakonikliyi və səmimiliyi ilə göz oxşayır. Teymur İsmayılovun yağlı boya ilə işlədiyi tablo ("Saatla natürmort"), Mərcan Məmmədovanın təqdim etdiyi bəzək əşyaları diqqəti daha çox cəlb edir. Yeri gəlmişkən xatırladaq ki, mərkəzə fiziki cəhətdən qüsurlu, qayğıya ehtiyacı olan uşaqlar da cəlb olunub ki, onların ən fəalı Mərcan Məmmədovadır. Beynəlxalq müsabiqələr iştirakçısı olan (iki dəfə medal qazanıb) Mərcan Məmmədovanın rəsm, qobelen, xalçaçılıq, bədii naxış üzrə əl işləri qonaqları heyran etdi.

Uşaq-Gənclər Mərkəzinin rəhbəri Lalə Qəti bildirdi ki, bu sərgidəki ən yaxşı rəsm əsərlərinin müəllifləri fəxri fərman və mərkəzin hədiyyələri ilə mükafatlandırılmışlar. Azyaşlı rəssamların əsərlərində uşaq aləminə xas olan keyfiyyətlər - səmimilik, sadəlik, təmiz rənglərə meyil əksini tapıb. Onların əsərləri bizi sehrli uşaq aləminə aparır. Balaca ecazkarların qəhrəmanları ən adi şeylərə də - günün çıxmasına, baharın gəlişinə, mavi səmaya, çiçəklərə sevinməyi bacarır, nağıl personajları ilə köhnə tanış kimi ünsiyyət qururlar.

"Ən sərbəst yaradıcılar uşaqlardır" deyən əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Tural Həsənovun, Arzu Məmmədovanın, Teymur İsmayılovun Ülviyyə Məmmədovanın fərdi yaradıcılıq dəst-xəttindən söz açdı. Bildirdi ki, T.İsmayılov bir çox qurma kompozisiyalara, akademik rəsmə meyil göstərir. Tural Həsənovun mürəkkəb kompozisiyalarının hər biri sanki bir rəvayət, bir dastan danışır ("Nar bağı", "Vətənin min bir rəngi", "İpək yolu" s.). A.Məmmədova milli motivlərlə tamaşaçıda incə ovqat oyadan kompozisiyalara üstünlük verir. Nərmin İsmayılzadənin, Ayla Səfərəliyevanın, Səmayə Əlicanovanın, Kənan Əhmədzadənin, sərgi iştirakçılarının ən kiçiyi (7 yaş) Səbinə Popovanın Nicat Məmmədovun yaratdıqları nümunələrin maraqlı cəhətləri çoxdur.

Mədəniyyət Turizm Nazirliyinin əməkdaşı Təranə Aslanova Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək əsərləri nümayiş olunan iştirakçıları təbrik etdi.

Yaradıcılıq Mərkəzinin mahnı rəqs kollektivi özlərinin şux mahnı rəqsləri, "Çiçəyim" Uşaq Teatr Studiyası üzvləri isə bahar geyimlərinin kolleksiyasının nümayişi ilə tədbirə toplaşanlara xoş təsir bağışladılar. Sərgi aprelin 12-dək davam edəcək.

 

 

Zəkurə Quliyeva

 

Azərbaycan.-2009.-10 aprel.-S.8.