Azərbaycan iqtisadiyyatı inkişaf tempini qoruyub saxlayır

 

İqtisadi inkişafının yeni mərhələsini yaşayan Azərbaycan dünya iqtisadiyyatına inteqrasiyanı uğurla davam etdirir. Ölkəmizdə demokratik proseslərin davamlı şəkildə aparılması, iqtisadi sahədə islahatların sürətləndirilməsi Azərbaycanın beynəlxalq arenada layiqli yer tutmasına gətirib çıxarmışdır. Effektli dövlət idarəçiliyi sisteminin yaradılması, habelə vətəndaş cəmiyyəti institutlarının inkişafı, liberal siyasi mühitin formalaşmasına xidmət edən kompleks tədbirlər bugünkü uğurları şərtləndirmişdir.

Son 5 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında siyasi, iqtisadi, sosial, mədəni sahələrdə həyata keçirilən kompleks tədbirlər Azərbaycanı yeni inkişaf yoluna çıxarmışdır. Yüksəliş dövrünü yaşayan dövlətimiz təkcə Cənubi Qafqazın deyil, rostsovet məkanının ən ararıcı dövlətlərindən birinə çevrilmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması və milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılması iqtisadi siyasətdə prioritetlik təşkil etmişdir. Bunun nəticəsi kimi ölkəmiz iqtisadi cəhətdən günbəgün möhkəmlənir və sosial-iqtisadi yüksəliş insanların gündəlik həyatında özünü qabarıq şəkildə büruzə verir.

Əldə edilmiş nailiyyətlər Azərbaycan əhalisinin mənafeyinə xidmət edir. Ölkə vətəndaşlarının firavan həyatının təmin olunması üçün çoxsaylı dövlət proqramlarının icrası uğurla davam etdirilir. Bölgələrimizin tarazlı inkişafına hesablanan sosial-iqtisadi inkişafa dair dövlət proqramının vaxtından əvvəl və uğurla icrası nəticəsində regionların siması dəyişmiş, sahibkarlıq fəaliyyəti genişlənmişdir.

Azərbaycanda özəl sektor sürətlə inkişaf etməkdədir. Regionlarda yeni iş yerlərinin açılması işsizlik, yoxsulluq problemini həll etmişdir. Ölkədə geniş infrastruktur layihələri həyata keçirilmişdir. Bir-birindən yaraşıqlı müasir binaların, sosial obyektlərin inşası ölkəmizin bütün regionlarında davam etdirilir. Azərbaycanda uzun illərdən bəri vətəndaşların ciddi narahatlığına səbəb olmuş sosial-iqtisadi problemlərin həlli məqsədinə hesablanmış irimiqyaslı layihələrin icrası kompleks inkişafı təmin etmişdir. Son beş ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmış, adambaşına düşən gəlir 5500 dollara çatmışdır. Bu müddət ərzində 766 min yeni iş yeri açılmışdır ki, onlardan da 547 mini daimi iş yeridir. Bunun nəticəsində yoxsulluğun səviyyəsi kəskin şəkildə azalmış, 49 faizdən 13,2 faizə düşmüşdür. Beş il ərzində dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılmış, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 324 milyon manat kredit verilmişdir. Bu layihənin 87 faizi, kreditlərin isə 70 faizi regionların payına düşür.

2008-ci ildə ölkəmizin maliyyə sistemi də əhəmiyyətli dərəcədə möhkəmlənmişdir. Dövlətin ümumi valyuta ehtiyatları da artmışdır. Dövlət Neft Fondunda toplanan vəsaitlərin həcminin artması da uğurlu neft strategiyasının nəticəsi kimi xüsusi qeyd olunmalıdır. Fonda toplanılan vəsaitlərdən düzgün istifadə edilməsi mühüm nəticələr vermişdir. Görülən qabaqlayıcı tədbirlər nəticəsində dünyanı getdikcə daha çox lərzəyə gətirən maliyyə böhranı ölkəmizə ciddi təsir göstərməmişdir. Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələri maliyyə və iqtisadi böhrandan ciddi əziyyət çəkirlər və həmin dövlətlərdə artıq iqtisadi və sənaye tənəzzülü 50 faizlə ölçülür. Azərbaycan iqtisadiyyatı isə inkişaf tempini qoruyub saxlayıb. 2009-cu ilin birinci rübünün iqtisadi nəticələri qeyri-neft sektorunun inkişaf etdiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının bu günlərdə keçirilən iclasında Azərbaycan iqtisadiyyatının daha da inkişaf edəcəyini bildirmişdir: "Azərbaycan iqtisadiyyatı artır. Birinci rübün ilkin rəqəmləri artıq mənə çatdırılıb, indi tam təhlil aparılır. Rəqəmlər göstərir ki, birinci rübdə Azərbaycanda qeyri-neft sektorunda 14 faiz artım var. Budur bizim iqtisadi və siyasi islahatlarımızın nəticəsi. Budur real iqtisadiyyatı şaxələndirmə siyasətinin nəticəsi. Biz buna nail ola bilmişik. Daxili istehsalı təşviq etməklə, kreditlərin verilməsini təmin etməklə, özəl sektorun maraqlarını müdafiə etməklə və digər tədbirlər nəticəsində neft amilindən asılılığımızı xeyli dərəcədə azalda bilmişik. Əminəm ki, gələcəkdə bu istiqamətdə daha böyük addımlar atılacaqdır.

Yəni, istər siyasi, istər hərbi, istərsə iqtisadi böhran müstəqil Azərbaycan dövlətinə təsir etmir və biz çalışmalıyıq ki, mümkün olan təsiri maksimum dərəcədə azaldaq. Əlbəttə ki, bu müddət ərzində biz müəyyən çətinliklər çəkən müəssisələrə əlavə yardımlar etməliyik, o cümlədən onları maliyyə resursları ilə təmin etməliyik. Sosial cəhətdən ən az təmin olunmuş insanlara ünvanlı sosial yardımın məbləği gələcəkdə daha da artırılmalıdır. Sosial müdafiə məsələləri, həmişəki kimi, diqqət mərkəzində olacaqdır. Beləliklə, mən əminəm ki, Azərbaycan bu çətin, qlobal maliyyə və iqtisadi böhrandan şərəflə, üzüağ çıxacaqdır".

MDB ölkələrinin maliyyə nazirlərinin Moskvada keçirilən toplantısında da qlobal böhranın Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərmədiyi bir daha qeyd olunmuşdur. MDB Hökumətlərarası Statistika Komitəsinin hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 2008-ci ildə Birlik ölkələri arasında ən yüksək irəliləmə tempi ilə seçilmişdir. Belə ki, bu rəqəm il ərzində 10,8 faiz olmuş, əsas kapital 34,7 faiz artmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) qiymətləndirməsinə görə isə, iqtisadi artım 15 faiz təşkil etmişdir.

AYİB-in proqnozuna görə, 2009-cu ildə Azərbaycan iqtisadiyyatında artım 8 faiz olacaqdır. Bu da o deməkdir ki, Azərbaycan dünyanı bürümüş maliyyə böhranından daha az zərərlə çıxmaqla yanaşı, iqtisadiyyatını inkişaf etdirəcəkdir.

Elmi əsaslara söykənən iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılması nəticəsində ölkəmiz dünya iqtisadi böhranından yan keçməyə müvəffəq olub. Qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması və faydalı məşğulluğun təmin edilməsi, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məqamları özündə ehtiva edən bu iqtisadi siyasətin qarşıdakı illərdə də davam etdirilməsi böyük nəticələrə gətirib çıxaracaqdır. Dünyada yaşanan böhran şəraitində Azərbaycan iqtisadiyyatında inkişaf tempinin qorunub saxlanılması və iqtisadi islahatların davam etdirilməsi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Azərbaycanda sosial-iqtisadi inkişafa dair 2009-2013-cü illəri nəzərdə tutan dövlət proqramının qəbul olunub icrasına başlanması təqdirdə iqtisadi qüdrətimiz daha da artacaqdır.

 

 

E.Hacıalıyev

 

Azərbaycan.-2009.-12 aprel.-S.1.