Ukrayna Azərbaycanın yaxın tərəfdaşıdır

 

Ukrayna Prezidenti Viktor Yuşşenkonun Azərbaycana növbəti rəsmi səfəri əlverişli coğrafi-geosiyasi mövqeyinə, iqtisadi resurslarına görə MDB məkanının iki öncül respublikası arasında əməkdaşlığın çoxşaxəli inkişaf perspektivlərini müəyyənləşdirmək, bütövlükdə Cənubi Qafqaz regionunun tərəqqisinə xidmət edən qarşılıqlı faydalı əlaqələri genişləndirmək baxımından kifayət qədər əhəmiyyətli sayıla bilər. Səfərin gedişi bir daha təsdiqləyir ki, Ukrayna və Azərbaycan arasında hələ Sovetlər birliyi dövründən mövcud olmuş hərtərəfli əlaqələri bərpa etmək, gücləndirmək hər iki respublikanın xarici siyasət kursunda mühüm yer tutur.

Güclü iqtisadi potensiala və hərbi sənaye kompleksinə malik olan Ukraynanın hələ keçmiş SSRİ dövründə Azərbaycanla bir sıra sahələrdə sıx əməkdaşlıq münasibətləri mövcud idi. 1991-ci ildə imperiyanın süqutu iki müttəfiq respublika arasında ənənəvi əlaqələrin qırılması ilə nəticələnsə də, yeni ictimai-iqtisadi formasiyanın reallıqları ən müxtəlif sahələrdə çoxşaxəli münasibətlərin davam etdirilməsini zəruri məsələ kimi önə çıxarırdı. 1992-ci il yanvarın 31-də müstəqil Azərbaycan və Ukrayna respublikaları arasında münasibətlərin diplomatik təməli qoyuldu. 1991-1993-cü illərdə müəyyən mənada formal xarakter daşıyan bu münasibətlərin gerçək əməkdaşlıq, qarşılıqlı etimad və anlaşma mühitində inkişafı yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Həmin dövrdən etibarən Ukrayna ilə müxtəlif regional və beynəlxalq məsələlərdə əməkdaşlıq münasibətlərinin qurulması, iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasət strategiyasının başlıca istiqamətlərindən birinə çevrildi. 1995-ci ilin iyulunda Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın Azərbaycana, 1997-ci ilin martında isə ümummilli lider Heydər Əliyevin Ukraynaya gerçəkləşən səfərləri iki dövlət arasında genişmiqyaslı əlaqələrin inkişafı üçün zəruri hüquqi-normativ bazanın formalaşması, habelə perspektiv əməkdaşlıq prioritetlərinin müəyyənləşməsi baxımından kifayət qədər əhəmiyyətli oldu.

Ötən müddətdə imzalanmış sazişlər müxtəlif regional və beynəlxalq məsələlərdə bir-birini dəstəkləyən iki müttəfiq respublikanın qısa müddətdə enerji və kommunikasiya sahəsində əməkdaşlığına da geniş imkanlar açıb. 1997-ci ildə Azərbaycan və Gürcüstan hökumətləri arasında Xəzər neftinin Qara dənizə çıxarılması üçün Bakı-Tbilisi-Supsa marşrutu ilə nəqlini nəzərdə tutan saziş imzalanıb və həmin razılaşmada Ukrayna da iştirak edib. 1999-cu il aprelin 17-də Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 km, illik buraxılış qabiliyyəti 5 milyon ton olan Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilib. Ukraynanın Azərbaycanla əməkdaşlığa olan ciddi marağı bu ölkənin Xəzər hövzəsində həyata keçirilən neft-qaz və nəqliyyat kommunikasiyaları layihələrinə fəal surətdə qoşulmaq, alternativ enerji mənbələri əldə etmək istəyi ilə şərtlənir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən əlverişli geosiyasi məkanda yerləşməsi, zəngin təbii sərvətlərə malik olması, Avrasiya məkanında subregional inteqrasiyanın və enerji təhlükəsizliyinin mühüm təminatçısı qismində çıxış etməsi, Qərblə yanaşı, Rusiya ilə münasibətlərdə də uğurlu nəticələr qazanması respublikamızı Ukrayna üçün strateji əhəmiyyətli dövlətə çevirir.

Hazırda Avropanın xam neftlə təminatında əsas söz sahiblərindən birinə çevrilmiş respublikamız öz böyük potensialı ilə Ukraynanı Rusiyanın enerji asılılığından çıxarmaq imkanlarına malikdir. Hələ 2005-ci ilin qışında Rusiya Gürcüstanı və Ukraynanı enerji sınağı ilə "imtahana çəkəndə", Azərbaycanın bölgədə heç bir asılılığı olmayan ölkə olduğu təsdiqini tapmışdı. Bir müddət əvvəl isə Rusiya Ukraynaya satdığı mavi yanacağın qiymətini növbəti dəfə qaldırmaqla regionda növbəti gərginlik yaratdı. Azərbaycanla genişmiqyaslı əməkdaşlıq bu baxımdan Ukraynaya alternativ enerji kəmərləri əldə etmək imkanı qazandırdı. Ukrayna hökumətinin strateji məqsədlərindən biri də məhz Xəzər neftinin Qərb bazarlarına daşınması prosesində özünün tranzit-kommunikasiya imkanlarını gerçəkləşdirmək və bu yolla enerji təhlükəsizliyini təmin etməkdir. Rəsmi Kiyevin 10 ilə yaxın müddətdə üzərində israr etdiyi layihələrdən biri də məhz Xəzər neftinin Odessa-Brodı-Qdansk kəməri ilə nəqlini nəzərdə tutur. İstər texniki imkanların yetərli səviyyədə olmamasına, istərsə də daşınma qiymətlərinin bahalığına görə indiki mərhələdə heç də qənaətbəxş sayılmayan həmin layihənin hansısa mərhələdə aktuallaşacağına ümid bəsləyən rəsmi Kiyev bu məqsədlə Azərbaycan və Qazaxıstan hökumətlərinin razılığını almağa çalışır.

İkitərəfli münasibətlərə mühüm təsir göstərən amillərdən biri də Ukrayna və Azərbaycanın Qərbə inteqrasiya yolu tutması, Avropanın mötəbər beynəlxalq təşkilatları ilə sıx əməkdaşlığa meyilli olması, habelə strateji əhəmiyyətli məsələlərdə maraq və mənafelərinin üst-üstə düşməsidir. 1996-cı ildən Avropa İttifaqının ciddi dəstək verdiyi TRASEKA layihəsinin gerçəkləşməsinə Azərbaycanla eyni dərəcədə səy göstərən Ukrayna paralel olaraq respublikamızla GUAM çərçivəsində çoxtərəfli əməkdaşlıq əlaqələri qurub. Qərb dövlətləri, xüsusən də ABŞ tərəfindən dəstəklənən təşkilat ötən müddətdə MDB-dən kənar subregional inteqrasiyanın uğurlu modelinə çevrilməklə ölkələrimiz arasındakı qarşılıqlı faydalı münasibətlərə əlavə impulslar verib. GUAM çərçivəsində sıx əməkdaşlıq edən Ukrayna və Azərbaycan ilk gündən Xəzərin zəngin təbii resurslarının Qərb şirkətləri ilə birgə mənimsənilməsi, Şərq-Qərb (TRASEKA) nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, NATO ilə əməkdaşlığın genişləndirilməsi, habelə azad ticarət zonasının formalaşdırılması məsələlərində vahid mövqedən çıxış ediblər.

Ukrayna Prezidenti Viktor Yuşşenkonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana bu günlərdə gerçəkləşən rəsmi səfəri isə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələdə inkişafı baxımından vacib əhəmiyyət kəsb edir. Səfər tarixən siyasi və iqtisadi tellərlə bir-birinə bağlı olmuş iki postsovet respublikası arasında əməkdaşlığın yeni mərhələdə mühüm geosiyasi reallıqlarla şərtləndiyini təsdiqləyir. Bakıda aparılan ikitərəfli müzakirələr müxtəlif beynəlxalq və regional məsələlərdə eyni mövqedən çıxış edən Azərbaycan və Ukrayna arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün güclü potensialın mövcudluğunu təsdiqləyib. Dövlət başçıları ikitərəfli danışıqlar zamanı qlobal maliyyə böhranına rəğmən, bu potensialdan maksimum səmərəli yararlanmaqla mövcud əlaqələri daha da genişləndirməyin vacibliyini bildiriblər.

İkitərəfli əlaqələrin inkişaf səviyyəsindən razı olduğunu vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidentinin Azərbaycana səfərinin bir sıra mühüm məsələlərin müzakirəsi və ikitərəfli sazişlərin imzalanması baxımından əhəmiyyətini diqqətə çəkib. Ən müxtəlif sahələrdə əməkdaşlığa dair geniş fikir mübadiləsinin aparıldığını, Avropa İttifaqı çərçivəsində nəzərdə tutulan "Şərq tərəfdaşlığı" layihəsi üzrə müzakirələri əhəmiyyətli sayıb. Dövlət başçısı eyni zamanda bildirib ki, əsas diqqət qarşılıqlı siyasi, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, habelə energetika, nəqliyyat və hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinə yönəlib: "...Bu gün biz təkcə ölkələrimiz üçün deyil, əminəm ki, həm də region üçün, Avropa üçün əhəmiyyətli məsələləri və nəqliyyat sahəsində, Xəzərin enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması, enerji daşıyıcıları nəqlinin şaxələndirilməsi sahəsində nəzərdə tutduğumuz məsələləri, bu istiqamətdə Ukraynanın və Azərbaycanın rolunu hərtərəfli müzakirə etdik.

Bütün bu məsələlər çox ciddi diqqət yetirilməsini tələb edir. Bizim iştirakımızla, Ukrayna və Azərbaycan prezidentlərinin və dost ölkələrdən olan həmkarlarımızın iştirakı ilə enerji sammitləri keçirilmişdir. Bunlardan axırıncısı, ötən ilin noyabrında Bakıda keçirilmiş zirvə görüşü bir daha nümayiş etdirdi ki, biz enerji sahəsində geniş əməkdaşlığa sadiqik. Bakı sammitinin və Bakı Bəyannaməsinin nəticələri - indi regionda, praktik olaraq, bütün enerji layihələri üçün, yəni həm mövcud layihələrin, həm də birgə səylərimizlə həyata keçirilməli layihələr üçün təməldir".

Ukrayna Prezidenti Viktor Yuşşenko da Azərbaycanı ölkəsi üçün yaxın strateji tərəfdaş saydığını, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə yüksək dinamizmlə inkişaf etdiyini vurğulayıb. Respublikamızla enerji sahəsində əməkdaşlığın Ukrayna üçün strateji əhəmiyyətini xüsusi qeyd edən cənab Viktor Yuşşenko ikitərəfli müzakirələrdə bu məsələnin əsas müzakirə mövzularından olduğunu deyib. "Biz dörd məsələyə xüsusi diqqət yetirdik. Birincisi ticarət-iqtisadi və energetika sahəsində münasibətlər blokudur. Energetika blokunu xüsusi vurğulamaq istərdim. Bu gün biz bildiririk ki, AANND (Avrasiya Neft Nəqli Dəhlizi) barədə - Xəzər neftinin Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutan layihəyə dair təqribən iki il əvvəl başlanmış dialoqumuz əslində final mərhələsindədir. Aprelin 24-də Varşavada "Sarmatiya" birgə müəssisəsi idarə heyətinin işçi iclasında Xəzər neftinin bütün marşrut üzrə nəql edilməsinin texniki-iqtisadi əsaslandırılması qəbul olunacaqdır. Biz bildiririk ki, çoxsaylı maneələrlə üzləşmiş bu layihə bu gün öz məntiqi sonuna yaxınlaşır və heç şübhəsiz, biz bununla fəxr edirik", - deyə Ukrayna Prezidenti əlavə edib.

Səfər çərçivəsində imzalanmış sazişlər də ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Dövlət başçılarının imzaladıqları "2009-2010-cu illər üçün Azərbaycan-Ukrayna əməkdaşlığına dair tədbirlər planı" yaxın perspektivdə əlaqələrin inkişafına xidmət edən genişmiqyaslı tədbirləri nəzərdə tutur. Gəncə Şəhər İcra Hakimiyyəti və Ukraynanın Volınsk vilayətinin dövlət administrasiyası arasında ticari-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında saziş isə regional əməkdaşlığın dərinləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Bundan başqa, iki ölkə arasında xarici siyasət, milli təhlükəsizlik, müdafiə, kosmik tədqiqatlar və informasiya texnologiyaları sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan sazişlər də səfərin strateji əhəmiyyətindən xəbər verir.

Ukrayna Prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri göstərir ki, hər iki ölkə mövcud əlaqələri genişləndirmək üçün bütün imkanları səfərbər etməyə, enerji sahəsində əməkdaşlıq yönümündə bir sıra müştərək layihələri gerçəkləşdirməyə çalışır. Ukrayna Azərbaycanı regionda etibarlı tərəfdaş saymaqla yanaşı, özünün enerji təhlükəsizliyində respublikamızın potensialını və imkanlarını düzgün dəyərləndirir.

 

 

S.Elmanoğlu

 

Azərbaycan.-2009.-12 aprel.-S.1-3.