Azərbaycan idmanının daha
bir möhtəşəm zəfəri
Son illərdə Azərbaycanda
idman sahəsində qazanılan nailiyyətlər bu sahənin
inkişafına göstərilən yüksək diqqət və
qayğının bəhrəsidir. Respublikada sosial-iqtisadi
inkişafın güclənməsi milli olimpiya hərəkatının
genişlənməsinə də ciddi təkan vermiş,
xalqımız özünəməxsus ənənə və
dəyərlər əsasında yeni milli fiziki tərbiyə
və kamilləşmə sistemi yaratmışdır.
Ölkəmizdə idman və
gənclər siyasətinin düzgün qurulduğunu son illər
bu sahədə qazanılmış uğurlu nəticələr
bir daha təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər
üzündən respublikamızı tərk etmiş çox
sayda idmançı gənc geri qayıdaraq
respublikamızın idman şərəfini uca tutur,
üçrəngli bayrağımızı yüksəklərə
qaldırır. Azərbaycanda beynəlxalq səviyyəli
yarışlar təşkil olunur,
idmançılarımız hər il müxtəlif idman
növləri üzrə keçirilən Avropa və
dünya çempionatlarına qatılaraq layiqli nəticələr
göstərirlər. Azərbaycan müxtəlif idman
yarışlarının keçirildiyi nüfuzlu məkana
çevrilməklə yanaşı, bu sahədə geniş
potensiala malik olduğunu nümayiş etdirir.
Dövlət
başçısı İlham Əliyev Azərbaycanda
idmanın kütləviləşməsi naminə
bütün zəruri tədbirləri həyata keçirir. Bu
baxımdan bölgələrdə yeni olimpiya komplekslərinin
inşasının davam etdirilməsi faktını xüsusi
vurğulamaq lazımdır. Cənab İlham Əliyevin şəxsi
təşəbbüsü və təşkilatçılığı
ilə 2000-ci ildən bugünədək Azərbaycanın
müxtəlif bölgələrində 20-dən artıq
müasir tipli olimpiya kompleksi tikilərək istifadəyə
verilmişdir. Naxçıvanda, Gəncədə, Şəkidə,
Bərdədə, Lənkəranda, Qubada, Zaqatalada,
Masallıda, Qazaxda, Şamaxıda, Tovuzda, Salyanda, Yevlaxda və
digər rayonlarda dünya standartlarına uyğun olimpiya idman
komplekslərinin inşası həm də regionlarda bədən
tərbiyəsinin, idmanın kütləviləşməsi
baxımından mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev Azərbaycan
idmançılarının mötəbər beynəlxalq
yarışlarda, olimpiya oyunlarında layiqincə iştirak etməsi
və uğur qazanması naminə bütün lazımi tədbirləri
görür. "XXIX Yay Olimpiya Oyunlarına hazırlıq
haqqında" 2006-cı il 24 iyul tarixli Sərəncam bu
baxımdan Azərbaycan idmançılarının Pekin
Olimpiadasına hazırlıq prosesində mühüm rol
oynamışdır. Sərəncama əsasən, Pekin
Olimpiadasına hazırlıq porosesinin yüksək səviyyədə
aparılması üçün dövlət büdcəsindən
3 milyon 150 min manat vəsait ayrılmışdır. İdmançıların
Pekin Olimpiadasında uğurlu nəticələr əldə
etməsi üçün əvvəlcədən müəyyənləşdirilmiş
mükafatın məbləği də bu sahəyə
yüksək diqqət və qayğının əyani təzahürü
sayıla bilər. Dövlət başçısı Pekin
Olimpiadası ərəfəsində qızıl medal qazanacaq
idmançılara dövlət büdcəsindən 400 min
manat, onların məşqçilərinə isə 200 min
manat məbləğində mükafatın verilməsi barədə
xüsusi sərəncam imzalamışdır. Nəticədə
Çin Xalq Respublikasında keçirilmiş XXIX yay Olimpiya
oyunları idman hərəkatının geniş vüsət
aldığı Azərbaycan üçün də əlamətdar
olmuşdur. Azərbaycan yığmasının üzvləri
bu Olimpiadada layiqincə mübarizə apararaq mövcud
gerçəklikdə mümkün ən uğurlu nəticəni
göstərməyə, adlarını olimpiya salnaməsinə
yazmağa müvəffəq oldular. İdmançılarımız
olimpiya oyunlarının tarixi məsuliyyətini və şərəfini
dərk etməklə, böyük əzmkarlıq, qətiyyət
göstərərək üzərlərinə düşən
vəzifənin öhdəsindən maksimum gəlməyə
çalışdılar. Pekindən 7 medalla qayıdan Azərbaycanın
200 dövlət arasında qızıl medalların sayına
görə 39-cu, ümumi medalların sayına görə isə
27-ci yeri tutması kifayət qədər yüksək göstəricidir.
Pekin Olimpiadasının nəticələri
bir daha təsdiqlədi ki, Azərbaycanda
idmançıların sosial vəziyyətinin, mənzil-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində
həyata keçirilən tədbirlər praktik nəticələr
verir. Məlumat üçün bildirək ki, son illərdə
Azərbaycanda bədən tərbiyəsi və idmanın
inkişafına ayrılan vəsait 7,5 dəfə artaraq 10
milyon manatı ötmüşdür. Hazırda
olimpiyaçı adına layiq görülmüş 50-dən
artıq idmançı və onların məşqçiləri
Milli Olimpiya Komitəsinin xüsusi təqaüdlərini
alır. Gənclər və İdman Nazirliyi, müxtəlif
idman növləri üzrə federasiyalar tərəfindən
də idmançılara lazımi qayğı göstərilir.
Hər ilin yekunlarına görə, 20-dən çox
idmançıya mənzillər və digər mükafatlar
verilir, idman mütəxəssislərinə, məşqçilərə
böyük yardımlar göstərilir. Cənab İlham Əliyev
idmana yüksək qayğı nümunəsi kimi Pekin
Olimpiadasından sonra idmançılar üçün
"Prezident təqaüdü" təsis etmişdir.
Həyata keçirilən bu
və digər tədbirlər Azərbaycan
idmançılarını daha böyük qələbələrə
ruhlandırır. Şübhəsiz, qələbəni
labüd edən ən başlıca amil
idmançıların onlara göstərilən yüksək
qayğı və etimad müqabilində dövlət və
xalq qarşısında məsuliyyətini dərk etməsi,
yüksək iradə göstərərək sonadək
mübarizə aparmasıdır. Qalib idmançı
xalqının sonsuz sevgisini, rəğbətini qazanmaqla
yanaşı, onun qürur ünvanına çevrilir. Bu
çətin sınaqda idmançının yalnız
yüksək göstəricilərə, fiziki
hazırlığa, daxili iradəyə malik olması da tam yetərli
deyildir. Bu və digər keyfiyyətlərlə yanaşı,
qələbəyə iddia edən idmançının
daxilində həm də yüksək vətənpərvərlik,
milli qürur hissi, yurd sevgisi olmalıdır. Yalnız bu halda
o, təmsil etdiyi dövlətin, xalqın idman şərəfini
qorumağa - bayrağını ucaldaraq himnini səsləndirməyə
nail ola bilir.
Bir müddət əvvəl Litvada keçirilən Avropa çempionatında 5 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan pəhləvanlarımız respublikamızın idman şərəfini layiqincə qorumuş, bayrağını ucaltmışlar. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bu mötəbər yarışın iştirakçılarını qəbul edərək qalib idmançılara, həmçinin Güləş Federasiyasının rəhbərliyinə təbrikini çatdırmışdır. Azərbaycan güləşçilərinin Avropada böyük tarixi qələbəyə imza atdığını deyən dövlət başçısı bunun təsadüfi olmadığını vurğulamışdır. "İlk dəfə olaraq Azərbaycan idmançıları, Azərbaycan güləşçiləri Avropa çempionatında belə böyük qələbə qazanırlar. 5 qızıl medal, 2 gümüş medal, 2 bürünc medal - doğrudan da böyük qələbədir, böyük zəfərdir. Siz bütün Azərbaycan xalqını sevindirmisiniz. Bu gözəl qələbə ilə hamımızı ruhlandırmısınız. Bir daha sübut etmisiniz ki, Azərbaycanın idman şöhrəti çox yüksək zirvədədir. Azərbaycan, sözün əsl mənasında, idman dövlətidir. Ölkəmizdə idmanın inkişafının çox gözəl nəticələri vardır. Onu da qeyd etmək istəyirəm ki, Avropa çempionatından bir qədər əvvəl İranda keçirilmiş Dünya kuboku yarışında da Azərbaycan güləşçiləri tarixi qələbə qazanmışlar. Dünya kubokunun sahibi olmuşlar, çox gərgin mübarizədə, çox çətin şəraitdə öz məharətlərini göstərmişlər. Avropa çempionatında əldə edilmiş qələbə və yenə də komanda hesabında birinci yeri tutması onu göstərir ki, Dünya kubokundakı qələbə heç də təsadüfi xarakter daşımırdı. Bu, Azərbaycanda idmanın güləş növündə son illər ərzində görülən böyük işlərin praktik nəticəsidir" deyən cənab İlham Əliyev Güləş Federasiyasının rəhbərliyinin fəaliyyətini də təqdir etmişdir.
Olimpiya
oyunları dünya xalqlarının və ölkələrinin
tanıdılması, təbliğ olunması,
qarşılıqlı əlaqələrin qurulması
baxımından böyük əhəmiyyətə, əvəzsiz
təsirə malikdir. Bu oyunlarda iştirak etmək, olimpiya
medalını qazanmaq böyük şərəfdir və hər
bir dövlətin beynəlxalq nüfuzunun yüksəlməsində
mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevlə
görüşdə onlara göstərilən yüksək
diqqət və qayğıya görə minnətdarlığını
bildirən Azərbaycan idmançıları 2013-cü ilin
London Olimpiya oyunlarına daha ciddi səylə
hazırlaşdıqlarını vurğulamışlar.
İnanırıq ki, idmançılarımız bu Olimpiadada
da yüksək vətənpərvərlik və mübarizə
əzmi nümayiş etdirərək üçrəngli
bayrağımızı zirvələrə qaldıracaqlar.
S.Elmanoğlu
Azərbaycan.-2009.-12 aprel.-S.2.