Yer orbitinə çıxarılacaq kosmik peyklərimiz elmin və iqtisadiyyatın inkişafına təkan verəcək

 

XX əsrin kosmos əsri kimi yaddaşlarda qalması heç də təsadüfi deyildir. Kosmonavtika tarixinin hansı bir gündən başlanmasını söyləmək də yanlış olardı. Düşüncəli insanlar yüz illərlə, min illərlə səmanı seyr etmişlər. Dünyanın müxtəlif mədəniyyətli, müxtəlif dilli xalqlar ulduzlar və səma haqqında cürbəcür əfsanə və rəvayətlər yaratmış, lakin bununla yanaşı, təbiət qarşısında qorxu hissi keçirmişlər.

Heliosentrik sistem haqqında təsəvvürlər verən Nikolay Kopernikin, sferanın hərəkətsiz ulduzlardan təşkil olunduğunu göstərən Cordano Brunonun, teleskopla ilk dəfə Aya baxan Qalileo Qalileyin, planetlərin hərəkət qanunlarını açan İohann Keplerin, ümumdünya cazibə qanununu verən İsaak Nyutonun, Venerada atmosferin olduğunu qeyd edən Mixail Lomonosovun kosmonavtika tarixindəki xidmətlərini qeyd etmək yerinə düşərdi.

İlk dəfə 1957-ci il oktyabrın 4-də süni peyk kosmosa çıxarılmış və bununla da kosmik eranın başlanğıcı qoyulmuşdur. Lakin 12 aprel 1961-ci ildə kosmosa yol açmış ilk insanın - Yuri Qaqarinin uçuşu şərəfinə məhz bu gün Ümumdünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd edilir.

Kosmosun fəthi tarixinə ilk Azərbaycan səhifələrinin 1932-ci ildə yazıldığını yada salsaq, səhv etmərik. Belə ki, həmin il Moskvada fəaliyyət göstərən "Reaktiv hərəkəti öyrənmə qrupu"nun Bakı filialı yaradılmış, iştirakçılar tanınmış rus ixtiraçısı K.Siolkovski ilə yazışmalar aparmış, onunla görüşərək dəyərli məsləhətlər almışlar. Sonralar isə həmin qrupun buraxdığı ilk raket moskvalı həmkarların tövsiyəsi ilə bakılı ixtiraçılar tərəfindən yerli neft məhsullarından hazırlanmış qatılaşdırılmış benzinlə işləmişdir.

Milli Aerokosmik Agentliyinin (MAKA) isə məhz Azərbaycanda yaradılması tarixi zərurətdən irəli gələn ən mühüm hadisələrlə bağlı olmuş və öz dövründə o qədər də asanlıqla başa gəlməmişdir. Ötən əsrin 70-ci illərində keçmiş SSRİ məkanında artıq kosmonavtika sahəsində mühüm nailiyyətlər əldə edilmiş, ilk kosmonavtlar dəstəsi formalaşmış, Yerin və yerətrafı fəzanın tədqiqi ilə bağlı çoxsaylı müşahidələr aparılmışdır. Yerin təbii ehtiyatlarının və ətraf mühitin vəziyyətinin kosmik vasitələrlə daha operativ və qlobal miqyasda öyrənilməsi məsələləri ön plana çəkilmişdir. Təsadüfi deyil ki, həmin dövrdə kosmonavtika sahəsində əldə edilmiş nəticələrin ümumiləşdirilməsi, elmi-texniki əməkdaşlığın beynəlxalq miqyasda genişləndirilməsi, perspektiv tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinin müzakirəsinə həsr edilmiş Beynəlxalq Astronavtika Federasiyasının XXIV konqresi ulu öndər Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə 1973-cü ilin oktyabrında məhz Bakıda keçirilmişdir. Həmin konqresin Azərbaycanda keçirilməsi və ulu öndər Heydər Əliyevin orada geniş məruzə ilə çıxış etməsi MAKA-nın yaradılmasında və indiki dövrə qədər inkişaf etdirilməsində tarixi hadisə kimi xatırlanır. 1974-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının tabeliyində "Kaspi" Elmi Mərkəzi (indiki MAKA) yaradılmış və 2006-cı ilin oktyabrında respublikamızın Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə MAKA Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyinə verilmişdir.

Yarandığı ilk gündən respublikamızın ali məktəblərində MAKA-nın elmi-tədqiqat istiqamətlərini əhatə edən müxtəlif ixtisaslar üzrə müştərək kafedralar açılmış, digər tərəfdən isə gənc mütəxəssislər xüsusi təcrübə keçmək və ya aspiranturada təhsil almaq üçün sovetlər birliyinin ən nüfuzlu elmi mərkəzlərinə, tədris müəssisələrinə göndərilmişlər. Bu gün də həmin kadrların bir hissəsi təşkilatımızda öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. İllər keçdikcə MAKA-nın beynəlxalq əlaqələri daha da genişlənmişdir. 1977-ci ildən başlayaraq mütəxəssislərimiz 10-dan artıq keçmiş sosialist ölkələrini təmsil edən "İnterkosmos" təşkilatının fəaliyyəti çərçivəsində aparılan beynəlxalq tədbirlərin iştirakçısı olmuş, hazırladıqları cihazların iş qabiliyyətini real təbii şəraitdə nümayiş etdirmişlər. Həmin dövrdən sonra MAKA-nın fəaliyyət dairəsi SSRİ miqyasında daha da genişlənmiş və bir sıra nüfuzlu təşkilatların sifarişi ilə MAKA-da müxtəlif təyinatlı məlumat-ölçü sistemləri yaradılaraq istismara verilmişdir. MAKA-nın mütəxəssisləri tərəfindən hazırlanmış rentgen teleskopunun 15 il ərzində "Salyut - Mir" orbital kompleksində fəaliyyət göstərməsi bu gün də agentliyimizin tarixinin ən yaddaqalan hadisəsi kimi xatırlanır. Ümumilikdə isə 1977-1991-ci illər ərzində MAKA-nın əməkdaşları keçmiş sovetlər birliyinin 30-dan artıq nazirlik və təşkilatının sifarişi ilə 60-a qədər elmi-tədqiqat və təcrübi-konstruktor işlərini yerinə yetirmişlər.

MAKA-nın fəaliyyəti Azərbaycan hökuməti tərəfindən dəfələrlə yüksək qiymətləndirilmiş, kollektiv dövlətin ən yüksək mükafatlarına layiq görülmüşdür. Bununla yanaşı, Orta Asiya və Yaxın Şərq ölkələrinin kosmik təşkilatları ilə yeni əlaqələr yaradılmış, bir sıra müasir texnologiyalar əldə edilmiş, gənc mütəxəssislər xarici ölkələrin kosmik elm və texnologiyalar mərkəzlərində treninq kurslarında iştirak etmiş və beynəlxalq layihələri həyata keçirmişlər.

Müasir dövrdə kosmik fəaliyyətin dünya siyasətində və iqtisadiyyatındakı rolunun durmadan artması, qloballaşma proseslərinin əhatə dairəsinin getdikcə genişlənməsi, elm və texnikanın, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı respublikamızın iqtisadiyyatında kosmik texnologiyalardan daha geniş miqyasda istifadə edilməsini ön plana çəkir.

Azərbaycanın dünya elmi məkanına sürətlə nüfuz etdiyi indiki dövrdə maddi-texniki bazanın gücləndirilməsi, kompüter-texnika bazasının yeniləşdirilməsi, kosmik texnologiyaların inkişafı üçün zəruri olan proqram-aparat komplekslərinin əldə edilməsi bizi daim düşündürən əsas məsələlərdəndir. Agentlik 1985-1991-ci illərdə öz dövrünün ən yeni dəzgah və avadanlıqları, hesablama texnikası vasitələri, optik-elektron qurğular, bort-çəkiliş sistemləri üçün əlavə bloklar əldə etmiş, alim və mütəxəssislərimiz aviasiya vasitələrindən istifadə etməklə peykaltı eksperimentlərin aparılması üçün geniş imkanlara malik olmuşlar. Lakin müstəqillik dövrünün ilk, keçid mərhələlərində xarici əlaqələrimiz zəifləmiş, yeni cihaz və avadanlıqları əldə etmək imkanı olmamışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə MAKA 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verildikdən sonra bu məsələyə diqqət artırılmış, bir sıra aparat-proqram vasitələri, kompüter sistemləri və digər avadanlıqlar əldə edilmiş, agentliyimizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Artıq 2007-ci ildən təşkilatımızda Kosmik Məlumatların Qəbuledici Kompleksi fəaliyyət göstərir ki, bu da operativ kosmik məlumatlar əsasında bir sıra iqtisadı, elmi və dövlət əhəmiyyətli məsələləri həll etməyə imkan verir. Bu kompleksin istismara verilməsi ilə işimizdə müəyyən dönüş yaratmağa nail olmuşuq. Rusiya Federasiyasından alınmış həmin kompleks müasir texnologiyalar bazasında fəaliyyət göstərir, buna görə dövri olaraq respublikamızın ərazisini kosmosdan müşahidə edə bilirik. Lakin biz ən müasir texnologiyaları tətbiq etməklə həmin stansiyanın imkanlarını daha da genişləndirir, onun fəaliyyətini səmərəli təşkil etmək istiqamətində əlavə tədbirləri həyata keçiririk.

İqtisadiyyatımızın sürətlə inkişaf etdiyi indiki dövrdə Azərbaycan ərazisi ilə nəql edilən karbohidrogen ehtiyatlarının həcmi artır, yeni enerji və kommunikasiya şəbəkələri qurulur. Bu isə yerüstü infrastrukturunun müasir səviyyədə yenilənməsini, eləcə də operativ kosmik məlumatların əldə olunmasını, yeni texnologiyalar əsasında dövlət əhəmiyyətli strateji obyektlərin müşahidə sisteminin işlənilməsini tələb edir.

Qonşu dövlətlə münaqişə şəraitində yaşayan Azərbaycan üçün sərhədlərin etibarlı mühafizəsi, dövlətin təhlükəsizliyinə və ərazi bütövlüyünün qorunmasına xidmət edən digər tədbirlər də operativ kosmik məlumatlar əsasında öz həllini gözləyən məsələlərdəndir.

Coğrafi mövqeyi ilə seysmik aktiv zonada yerləşən, təbii iqlim xüsusiyyətlərinin rəngarəngliyi və fövqəladə hadisələrin tez-tez baş verməsi ilə xarakterik olan Azərbaycan üçün kənd təsərrüfatı və torpaqdan istifadə məsələlərinin həlli, Yer təkinin, meşə və su ehtiyatlarının qiymətləndirilməsi, bir sözlə, insan-təbiət münasibətlərini müəyyənləşdirən ekoloji problemlərin tədqiqi, məlumatların təxirəsalınmaz şəkildə istehlakçılara çatdırılması ancaq ölkəmizə məxsus kosmik sistemin fəaliyyət göstərməsi ilə səmərəli nəticələr verə bilər.

Milli Aerokosmik Agentlik Azərbaycanın kosmik fəaliyyət strategiyasını həyata keçirən yeganə dövlət təşkilatıdır. Onun üzərinə düşən vəzifələr və məsuliyyət daima diqqət mərkəzindədir. Ölkəmizə məxsus ilk süni kosmik peykin orbitə çıxarılması üçün zəruri hazırlıq işləri aparılmalı, kosmik infrastrukturun müvafiq obyektləri yaradılmalı və bir sıra təşkilati məsələlər həll edilməlidir. İqtisadiyyatın qloballaşdığı indiki dövrdə peykini orbitə çıxaran və onun imkanlarından bəhrələnən hər bir ölkə özünü daha qüdrətli hesab edir, yeni texnologiyaların mənimsənilməsində irəliyə doğru addımlayır. MAKA-nın Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərdiyi ilk gündən bu məsələ bizi maraqlandırmış və 2007-ci ilin əvvəlində hökumətin və geniş elmi ictimaiyyətin müzakirəsinə təqdim etdiyimiz "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanunu layihəsində, həmçinin "Azərbaycan Respublikasının 2008-2025-ci illər üçün kosmik fəaliyyət konsepsiyası"nda ətraflı şəkildə öz əksini tapmışdır. Biz həmişə Azərbaycanın məxsusi peykinin olması arzusu ilə yaşamışıq. Bu məsələnin həlli ilə əlaqədar "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2008-ci il tarixli sərəncamını müdrik bir addım kimi qiymətləndiririk. Sərəncamın icrası ilə əlaqədar respublikamızın bir sıra nazirliklərinin iştirakı ilə tədbirlər planı hazırlanmış və müzakirələr aparılmışdır. Həmin müzakirələrdə agentliyimizin mütəxəssisləri yaxından iştirak etmiş, təklif və tövsiyələrini vermişlər.

Tədbirlər planına əsasən 2011-ci ildə Azərbaycanın ilk telekommunikasiya peyki geostasionar orbitə çıxarılmalı, sonrakı dövrdə ikinci peykin buraxılması üçün hazırlıq işləri həyata keçirilməli, Avropanın və ABŞ-ın nüfuzlu elmi mərkəzlərində müvafiq ixtisaslar üzrə kadrlar hazırlanmalı, kosmik məlumatların qəbulu və sistemin idarə edilməsi üçün yerüstü infrastruktur şəbəkəsi qurulmalıdır. Kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin istismarı ilə əlaqədar lazım olan cihaz və avadanlıqların, həmçinin ehtiyat hissələrin ilk dövrlərdə xarici ölkələrdən alınması planlaşdırılsa da, sonralar respublikamızın istehsal imkanlarından, o cümlədən Müdafiə Sənayesi Nazirliyi müəssisələrinin, eləcə də MAKA-nın texniki bazasından istifadə etmək nəzərdə tutulmuşdur.

Gələcək perspektiv baxımından rabitə peykinin orbitə çıxarılması ilə yanaşı, Yer səthinə operativ nəzarət edən, məsafədən zondlama peykinin buraxılması və istismara verilməsi də məqsədəuyğun olardı. Azərbaycanın öz peykini orbitdə yerləşdirməsi kosmik məlumatlardan müstəqil istifadəetmə proseduralarında mövcud olan məhdudiyyətləri aradan qaldıracaq, eyni zamanda, elmi-texniki potensialımızın imkanları daha geniş məkanda nümayiş etdiriləcək, bir sözlə, dünya kosmik infrastrukturuna inteqrasiya prosesində möhtəşəm nailiyyət qazanılacaq.

Həll ediləcək məsələlərin arsenalı olduqca geniş, arzularımız isə daha böyükdür. Ümid edirik ki, yaxın zamanlarda respublikamız özünün ilk peyklərini müvəffəqiyyətlə orbitə çıxaracaq, onların imkanlarından həm dövlətimiz, həm də vətəndaşlarımız bəhrələnəcək, ən müasir kosmik texnologiyalar təşkilatımızın həyatına daha geniş yol açacaqdır. Qazanacağımız uğurlu nəticələr isə respublika elminin, təbii ki, həm də iqtisadiyyatının daha da sürətlə inkişaf etdirilməsinə öz töhfələrini verəcəkdir.

 

 

Alçın Şirin-Zadə,

milli aerokosmik agentliyinin (MAKA) Baş direktoru,

texnika elmləri doktoru,

Beynəlxalq Şərq Neft

Akademiyasının vitse-prezidenti

 

Azərbaycan.-2009.-12 aprel.-S.6.