Onun ömür qatarı
Tanınmış
Azərbaycan şairi, əməkdar incəsənət xadimi
Tofiq Müttəlibovun anadan olmasının 80 illiyi
tamamlanır.
Uca boylu, gur saçlı, həmişə səliqə-sahmanlı
olan Tofiq Mütəllibov biz nəslin yaddaşında nəğməkar
şair kimi qalıb. Doğrudur, sağlığında ona bu
adı heç vaxt deməyiblər. Özü də təvazökar
idi. Halbuki 300-dən artıq mahnının müəllifi olan
Tofiq Mütəllibov bu janrın ən aparıcı
simalarından sayılırdı. O, 20 il "Azərbaycan gəncləri"
qəzetində ədəbiyyat və incəsənət
şöbəsinin rəhbəri olub. Onu yaxından
tanıyanlar bilirlər ki, Tofiq müəllim vəzifəsini
sadəcə icra etmirdi. Həm də məsuliyyət və tələbkarlıqla
Azərbaycan poeziyasının keşiyini çəkirdi. O
dövrdə fəaliyyət \göstərən qələm əhlinə
çox gözəl məlumdur ki, "Azərbaycan gəncləri"
qəzetində dərc edilmək "Pravda"ya düşmək
kimi çətin idi. Bu mənada gənclərin sevimli qəzetində
hər adamın şeiri dərc edilməzdi. Sənətkarlıq
baxımından Tofiq müəllimi qane etməyən misralar
heç bir vəchlə, inadla qəzet səhifəsinə
yol tapa bilməzdi. İndi ədəbiyyata dəxli olmayan
"moşusayağı şeirlər"in mətbuat səhifələrində
meydan sulamasını görəndə xiffətlə
xatırladığımız ədiblər
sırasında Tofiq Mütəllibov da var. Həqiqətən
də belə insanların yeri görünür.
Tofiq Mütəllibov 63 dayanacaqlı bir ömür qatarının sahibi oldu. Əslində, insan həyatı üçün bu dayanacaqlar çox azdır. 1929-cu ildə Naxçıvan şəhərində ziyalı bir ailədə anadan olmuş Tofiq Mütəllim oğlu Mütəllibov orta təhsilini doğma şəhərdə aldıqdan sonra Bakıya gəlib, burada Azərbaycan Dövlət Universitetində təhsil alıbdır. Beləliklə, ömür qatarının dayanacaqlarına müxtəlif iş yerlərinin adı yazılıb. "Pioner" jurnalında (indiki "Günəş") məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri" qəzetində ("Savalan") şöbə müdiri vəzifəsində işləyibdir. Sonra isə "Azərbaycan gəncləri" qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada çalışıb.
Ötən əsrin 50-ci illərindən şair kimi diqqət çəkən Tofiq Müttəlibov 30-a yaxın kitabın müəllifidir. Onun kitabları həm Bakıda, həm də keçmiş sovet məkanının müttəfiq respublikalarında, eləcə də Moskvada çap edilirdi. "Görüş", "Şeirlər", "Bəxtiyar balalar", "Gözəllikdən doymur ürək", "Sənin xətrinə", "Danışan çiçəklər", "Mənim əzizlərim", "Görüş yerimiz" və başqa kitabları ilə oxucu rəğbəti qazanan Tofiq Mütəllibovun pərəstişkarlarına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən "Sevənlərin ürəyi" adlanır. Şair bir şeirində vaqonları ay, il olan ömür qatarı haqqında belə yazıb:
Mənim ömür qatarım
Gör yol gedir nə vaxtdır,
Bu qatarın yolunda
Arzularım çıraqdır.
Bəzən
yoxuşa qalxan, bəzən də səmtini yenişə dəyişən
yollarında həmişə yaşıl işıq yanmayan
şairin bu ömür qatarı nəğmə soraqlı,
şeir yarpaqlı və torpağa bağlı idi. Suallardan,
nidalardan keçən ömür qatarının son
dayanacağının nə vaxt olacağı kimə bəllidir
ki?! Təpələnən dağlara, ləpələnən
dənizlərə baxa-baxa yurdumuzun gözəlliklərinə,
fəsillərinə, sənət adamlarına nəğmələr
qoşardı Tofiq Mütəllibov. Azərbaycanın məşhur
bəstəkarlarının əksəriyyəti bu şairin
yaradıcılığına məmnuniyyətlə
müraciət edərdi. Fikrət Əmirov,
Ağabacı Rzayeva, Arif Məlikov, Ələkbər
Tağıyev, Hacı Xanməmmədov, Ramiz Mustafayev, Tofiq
Bakıxanov, Nəriman Məmmədov, Şəfiqə
Axundova, Oqtay RəcəbovE kimi bəstəkarlar Tofiq Mütəllibovun
dillər əzbəri olan mahnılarına musiqi yozumu verərdilər.
Bu mahnıları da dövrün çox məşhur
müğənniləri məlahətlə ifa edərdilər.
Onun mahnıları həmişə sevilə-sevilə dinlənilirdi.
Ələkbər Tağıyevin bəstələdiyi "Mənim
əzizlərim" mahnısı xalq artisti Zeynəb Xanlarovanın
ifasında çox populyar idi. İndi də bu mahnını
başqaları həvəslə oxuyurlar:
Aydan, gündən ucalır
Yurdumuzun sorağı.
Səndən ilham alıram
Azərbaycan
torpağı.
Tofiq Mütəllibov hətta
bu mahnıların sözlərini yazmasaydı belə,
unudulmaz bəstəkar Qənbər Hüseynli ilə birlikdə
musiqi dünyamıza bəxş etdikləri "Cücələrim"
kifayət idi ki, hər iki sənətkar mədəniyyət
tariximizdə əbədi qalsın. Bu il
"Cücələrim"in 60 yaşı tamamlandı. Dünyanın o qitəsi yoxdur ki, "Cücələrim"
orada qanad açıb uçmasın. Bu
uçuşun da bütün məqamları uğurlu olub.
Bu, bir faktdır ki, Azərbaycanda adidən aliyə,
balacadan böyüyə kimi hamı bu nəğməni əzbər
bilir. Ana laylasından sonra balacalara xoş
gələn, onların qəlbini isidən, sevincini, təbəssümünü
artıran "Cücələrim" həm də neçə
sənətkarın yetişməsində, püxtələşməsində
böyük rol oynayıb. Mahnının mətni
bir çox xalqların dillərinə tərcümə
olunaraq ifa edilir. Hətta uşaqlar
üçün çəkilən cizgi filmlərində, məsələn,
"Nu poqadi"də bu uşaq mahnısı ana dilimizdə
səsləndirilib. "Cücələrim"in
şöhrəti dünyanı dolanmaqdadır.
Məzmunlu və
bitkin şeirlər müəllifi Tofiq Mütəllibov
uşaqlar üçün işləməyi həqiqətən
çox sevirdi. Yadımdadır, müəllifin
"Cücələrim", "Meşə
nağılı", "Danışan qayalar" pyesləri
müvəffəqiyyətlə tamaşaya qoyuldu. Tofiq Mütəllibov uşaqların
psixologiyasını çox yaxşı bilirdi. Ona
görə də qələmindən çıxan şeirlər
dillər əzbərinə çevrilirdi:
Torpaqda gül ətri var,
Səhərdir... hava təmiz,
Ürəyində arzular
Dərsə
gedir Aybəniz.
Əlində təzə
çanta,
Lent bağlamış
saçına,
Yol verin Aybənizə,
Boz dumanlar, qaçın
ha...
Açıb güllər,
çiçəklər,
Sərin-sərin yel əsir,
Qanadlanıb quş kimi,
O, məktəbə tələsir...
Fikir verin, necə
lövhə yaradılıb. Belə şeir yadda da
qalır, göz önündə təbii mənzərələr
də canlandırır. Ölkə
başçısı cənab İlham Əliyevin sərəncamı
ilə 2009-cu il Uşaq ili elan edilib.
İndi uşaq ədəbiyyatının uğurlu nümunələrinin
çox az yarandığı bir dövrdə
məhz Tofiq Mütəllibov kimi şairlərin
balalarımız üçün yazdığı şeirlər
həm latın qrafikası ilə yenidən çap edilməli,
həm də bir daha bu cür müəlliflərə
müraciət olunmalıdır. Əsərləri
əsasında kompozisiyalar qurmaq, pyeslərini uşaq
teatrlarında yenidən səsləndirmək
mümkündür. Yaxşı əsər,
bitkin sənət nümunəsi qızıl kimi dəyərlidir,
heç vaxt qiymətdən düşmür. Nə vaxt əlinə alsan, oxumaq və öyrənmək
istəsən, təzədir.
Ömür qatarı
qəfildən dayanmasaydı, uzanan yolların birində onun
ünvanına yəqin ki, xalq şairi fəxri adı da gələcəkdi.
Amma fələyin yazdığını kim
poza bilib ki? Sağalmaz xəstəliyə
düçar olması istedadlı şairimizin təkcə
yaradıcılığına yox, onun alacağı halal
mükafatlara, təltiflərə də nöqtə qoydu.
Qızı Çinarə xanım danışır ki,
atası 1992-ci il oktyabrın 30-da vəfat
edib. Ölümündən bir neçə
gün əvvəl isə nəvəsi Aytacın bir
yaşı münasibətilə son şeirini yazıb.
"Bakı" qəzetində dərc edilən həmin
şeiri oxuyarkən atasının necə sevindiyini Çinarə
kövrələ-kövrələ xatırladı:
Bir yaşı var Aytacın,
Günəş
hörübdür saçın.
Çiçək bilib
arılar,
Üst-başına
sarılar.
Yanaqları dan kimi,
Baxışı
ceyran kimi.
Tez boy at Aytacımız,
Ey gözəllik
tacımız.
Nə qədər
şirin, gözəl, ürəkaçan şeirdir. Ruhun şad
olsun, Tofiq Mütəllibov. İndi sənin
balaca Aytacın qızlar bulağından su içən bir
gözələ bənzəyir.
Bəstəkar Nadir Əzimovun
şairin sözlərinə bəstələdiyi
"Barışırlar küsənlər" adlı məşhur
mahnının coşğunluğu qəlbimizə
süzülür:
Gözünüz aydın
olsun,
Yasəmənlər,
süsənlər.
Məhəbbət
bayramıdır,
Barışırlar
küsənlər.
Onun jurnalistlik
fəaliyyəti də təqdirəlayiqdir. Ədəbiyyat
və incəsənət xadimləri ilə bağlı qələmə
aldığı yazılar hələ də
yaddaşımızdan silinməyib. Ayda bir
dəfə "Azərbaycan gəncləri" qəzetində
gənc yazarların yaradıcılığı ilə
bağlı icmallar qələmə alar, istedadlılara
yaşıl işıq yandırar, cızmaqaraçılara
isə kəskin və qəti sözünü deyərdi.
İşdir, Tofiq Mütəllibov kiməsə
"uğurlu yol" yazıb təqdir etsəydi, sanki ədəbi
hadisə baş verərdi. Tofiq Mütəllibov
əsl ədəbiyyat keşikçisi idi. Tərcümə ilə də məşğul
olardı. Orta Asiyada yaşayan şairlərdən
tutmuş Rusiyadakı həmkarlarına kimi çoxunun
yaradıcılığından azərbaycanlı oxucuları
xəbərdar edirdi.
Tofiq Mütəllibovun
kitablarını vərəqlədikcə ürəyimizə
bir sərinlik, duyğularımıza rahatlıq gəlir. Həqiqətən
bu şairin qələmindən qopan bütün misralar poetik
yükünə, dəyərinə və mövzusuna görə
çox maraqlıdır, təsirlidir, yaddaqalandır. İlhamdan doğulan şeir nümunəsidir. Tofiq Mütəllibov yalnız Azərbaycan
poeziyasının inkişafında yaratdığı əsərlərinə
görə yox, həm də onun keşikçisi kimi ehtirama
layiqdir. Xüsusilə də uşaqlar
üçün qələmə aldığı şeirləri
bir özgə aləmdir. Sadə,
aydın, mənalı və məntiqli. Bunlar
təsdiqləyir ki, unudulmaz şair söz üzərində
zərgər dəqiqliyi ilə işləməyi
bacardığından poeziyamızda əbədiyyət
ünvanı qazanıb.
Flora Xəlilzadə
Azərbaycan.-2009.-12 aprel.-S.7.