Həmişə açıq
qapı
Bakı şəhəri, D.Əliyeva
küçəsi, 157. Vaxtilə
burada daim ehtiramla xatırlanan, məşhur "Molla Nəsrəddin"çi, xalq
rəssamı Əzim
Əzimzadə 54 il yaşayıb yaratmışdır.
Əsərləri yaxın-uzaq
ellərdə tanınıb,
sevilib. Artıq onun yaşadığı
mənzil 40 ildir ev-muzeyi kimi fəaliyyət göstərir.
Ev-muzeyin direktoru, rəssamın nəvəsi
İradə Əzimzadə
söhbətə belə
başladı:
- Əzim
Əzimzadə Bakının
Novxanı kəndində
dünyaya göz açıb. Olduqca çətin həyat yolu keçib. İlk təhsilini molla məktəbində alıb. On yaşından muzdlu əməklə məşğul olub. Alnının təri, əllərinin qabarı ilə halal çörək qazanıb.
On beş-iyirmi yaşlarında
"Rus-tatar" məktəbində
oxuyub. 1889-cu ildə valideynləri ilə birlikdə bu ünvana köçüb,
özünə dost-tanış
tapıb, yaradıcılığıyla
hörmət qazanıb.
"Molla Nəsrəddin"
jurnalı ilə əməkdaşlıq edib.
Poçt vasitəsi ilə həmin redaksiyaya göndərdiyi əsərlərini bəyənən
unudulmaz şəxsiyyət,
yazıçı, redaktor
Cəlil Məmmədquluzadə
ona yazıb: "...Gözəl təsvir etmək, duymaq qabiliyyətin var. Səninlə
əməkdaşlıq etmək
mənim üçün
çox xoş olardı". Babam bu etimaddan, etibardan
sonra uzun illər Mirzə Cəlillə dostluq, əməkdaşlıq edib.
Onun felyetonlarına çəkdiyi təsvirlər
bu gün də maraqla qarşılanır. Həmin
əsərləri muzeydə
ən qiymətli əmanət kimi qoruyub saxlayırıq.
Ev-muzeydə babamın
əsərləri ilə
bərabər onun şəxsi əşyaları
- keçdiyi həyat
yolundan, ömründən
yadigar qalan 5 mindən artıq eksponat mühafizə edilir. Onların arasında Mirzə Ələkbər Sabirin
"Hophopnamə"sinə çəkdiyi illüstrasiyalar,
Üzeyir bəy Hacıbəyovun əsərlərinə
aid karikaturalar, Mirzə
Cəlilin məktubları
və bir çox başqa nümunələr muzeyə
gələnlərin marağına
səbəb olur. Xatirələrdən bəlli
olduğu kimi, babam həddən artıq qonaqpərvər insan idi. Bu mənzilə
söz, sənət korifeyləri - Cəfər
Cabbarlı, Məmməd
Səid Ordubadi, Mirzə Cəlil, Hacıağa Abbasov, Ülvi Rəcəb, Qulam Məmmədli və başqaları gələrmiş. Onların
da babamla birgə fotoşəkilləri,
bir-birinə yazdıqları
məktublar, bağışladıqları
hədiyyələr eksponatların
sırasına daxildir.
Babam həddən
artıq cəfakeş
yaradıcı olub. Əvəzində onlarca mükafat, təltif, orden və medallar
alıb. 1927-ci ildə
xalq rəssamı fəxri adına layiq görülüb. Bütün bunlar barədə muzeyə gələn sənətsevərlərə
ətraflı məlumatlar
veririk. Onun İkinci dünya müharibəsi mövzusunda
işlədiyi əsərlərinə
heç kim etinasız baxmır.
Qardaşı Lətifin
"qara xəbər"ini
eşidəndən sonra
rəssam bu mövzuda daha çox yazıb-yaradıb,
müharibə qızışdıranlara,
faşizmə nifrətini
kağız-kətan üzərində
canlandırıb. Həmin
təsvirlər də
qiymətli əmanət
kimi mühafizə və nümayiş olunur. "Böyük Almaniya" silsiləsindən
karikaturalarında Hitler və
onun əlaltılarını
düşüncəsiz müqəvva
kimi təsvir edib.
Həmin əsərə
baxan bir sənətsevər, ixtisasca
müəllim Səməd
Cabbarov muzeyin rəy kitabına yazıb: "Əgər Əzim Əzimzadə yaşasaydı, torpaqlarımıza
uzanan qara əlləri, abidələrimizə
vurulan güllə yaralarını, işğalçı
erməni canilərini
öz əsərlərində
canlandırıb, onların
alçaqlığını, şərəfsizliyini dünyaya
bəyan edərdi".
Bu və ya digər yaradıcılıq
cəhətlərinə görə
Əzimzadə sağlığında
qazandığı "novator
rəssam" şöhrətini
dünyasını dəyişəndən
sonra da saxlamaqdadır.
Altı otaqdan ibarət muzeyin ikinci zalında rəssamın şəxsi,
olduqca zəngin kitabxanası yerləşir.
Rəflərdəki kitablardan
bəlli olur ki, o, mütaliəni həddən artıq sevib. Pianinonu görənlər Üzeyir
bəy Hacıbəyovu
xatırlayırlar. Çünki
babamın qızı
Zəhra xanım deyərdi: "Bu pianinoda dahi yaradıcının barmaqlarının izi var". Üçüncü
otaqda ən çox diqqət çəkən rəssamın
saatlarla önündə
dayandığı molbertdir.
Onun üzərində
rəssam Cəfər
Cabbarlının, Müslüm
Maqomayevin, Cəlil Məmmədquluzadənin, Mirzə
Ələkbər Sabirin
əsərlərinə geyim
eskizləri verib, illüstrasiyalar çəkib,
"Köhnə Bakı
tipləri" silsiləsindən
əsərlər yaradıb.
Dördüncü və
beşinci otaqlarda isə rəssamın
"Molla Nəsrəddin"
jurnalına çəkdiyi
yüzdən artıq
karikatura nümayiş
olunur. Xalq şairi Səməd Vurğun həmin əsərlərə baxandan
sonra münasibətini
belə bildirmişdi:
"O, adi rəssam deyildi, sabahlarımızın
yoluna işıq salan bənzərsiz fırça ustası, dahi sənətkar, doğma millətinin xoşbəxt gələcəyi
üçün inqilab
edən rəssam idi". Sonuncu, altıncı otaqda isə unudulmaz sənətkarın günahsız
qan tökənlərə,
müharibəyə şərait
yaradanlara nifrətinin
təsvirləri toplanıb.
Bu ekspozisiyada
rəssamın "Vurulmuş
kartlar" karikaturası
daha artıq diqqət çəkir. O,
1947-ci ildə müharibə
törədənlərə anladıb ki, "Qan tökməyə bais olmayın, geri çəkilmək gec deyil. Napaleona,
Çingiz xana, Teymurləngə qalmayan dünya sizə də qalmayacaq..." Əzim Əzimzadə yaradıcılığında bədii mövzularla siyasət o qədər mənalı, məzmunlu uyğunlaşıb, birləşib
ki, birini digərindən ayırmaq
mümkün deyil.
Unudulmaz sənətkar 66
ildir ki, haqq dünyasına qovuşub. Lakin unudulmayıb, həmişə,
hər vaxt hörmətlə, ehtiramla xatırlanıb yad
olunur. Bunu onun xatirəsini yaşadan ev-muzeyinə gələn
adi, görkəmli şəxsiyyətlərin timsalında
aydın görmək mümkündür. Xoş əməli,
sağlam düşüncəli, bənzərsiz
yaradıcı böyük hörmətlə
xatırlanır, ehtiramla yad edilir. Ulu öndər Heydər Əliyevin
qayğısı sayəsində 2002-ci ildə ev-muzeyində əsaslı
təmir, bərpa işləri aparılıb. Bu qapı sənətsevərlərin,
bənzərsiz fırça ustası Əzim Əzimzadəsevərlərin
üzünə daim açıqdır.
Telman Ağaoğlu
Azərbaycan.-2009.-12 aprel.-S.7.