Şərqin bənzərsiz xanəndəsi

 

Qədim muğam sənətinin yaradıcılarından biri qüdrətdən səs vergili Cabbar Qaryağdıoğlu olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilən beynəlxalq muğam festivalında korifey sənətkar da ehtiramla xatırlanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli vokal sənətinin banilərindən biri, 16 yaşından ömrünün sonuna kimi musiqimizi yaxın-uzaq ellərdə tanıtdıran xanəndə Cabbar Qaryağdıoğlunun xatirəsinin əbədiləşdirilməsi haqqında 2007-ci ilin avqustunda sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, Bakı Şəhər İcra Hakimiyyəti Cabbar Qaryağdıoğlunun qəbirüstü abidəsinin ucaldılmasını, həmin ərazidə abadlıq işlərinin görülməsini paytaxt küçələrindən birinə onun adının verilməsini, Mədəniyyət Turizm Nazirliyi isə xanəndənin həyat yaradıcılığı haqqında sənədli filmin çəkilişini təmin etsin. Azərbaycan MEA onun həyat yaradıcılığından bəhs edən kitabın hazırlanması nəşr edilməsi üçün müvafiq tədbirlər görsün.

Adı musiqi tariximizə qızıl hərflərlə yazılmış Cabbar əminin (hamı ona belə müraciət edərmiş) qızı Şəhla xanım Qaryağdı - Kürçaylı (o, mərhum şair Əliağa Kürçaylının həyat yoldaşı olub) ilə görüşdük. O dedi:

- Sənət, sənətkar qədri bilən, ulu öndər Heydər Əliyevin ideyalarını, arzularını, amallarını şərəflə, layiqincə yaşadan, istər ölkəmizdə, istərsə dünyada böyük nüfuz qazanmış Prezident İlham Əliyevin imzaladığı sərəncamdan xəbər tutanda uşaq kimi kövrəldim. Şükür etdim, nəhayət, illərlə çəkdiyim əzablara, həsrətə son qoyuldu.

Cabbar Qaryağdıoğlu 1861-ci ilin bahar çağında Şuşada dünyaya göz açıb. Uşaqlıq illəri boyaqçı, halal əməyi ilə ruzi qazanan atası İsmayılın yanında keçib. Atası onu hara buyurubsa tərəddüdsüz gedib, tapşırıbsa yerinə yetirib. İsmayıl kişi həddən artıq zəhmli, qaraqabaq adam olub. Elə bu cəhətlərinə görə ona el arasında "Qaryağdı" da deyərmişlər. Sonralar o, bu deyimi - 16 yaşında məlahətli səsilə, bənzərsiz ifa qabiliyyəti ilə sayılıb-seçiləndə özünə təxəllüs götürmüşdü. Harada, hansı məclislərdə olardısa, "Qaryağdıoğlu" deyimini eşidəndə ayaq üstə durar, ehtiram əlaməti olaraq baş əyərdi. O, xatirələrində yazıb: "Atamın soyuq münasibətinə, ətrafındakı insanlara qaynayıb-qarışmadığına görə "Qar-yağdı" deyərdilər. Mən isə isti, səmimi münasibətimlə qarı əritdim. Ancaq o adı daşımaqdan, yaşatmaqdan qürur hissi duyardım".

Babamın beş oğlu olub. Cabbar, Məhərrəm, məşhur heykəltəraş Cəlal, Məhəmməd, Qafar atalarına qarşı ehtiramlı olub, yaşayanda da, dünyasını dəyişəndən sonra da xatirəsini əziz tutublar.

Atam ilk dəfə Məcnun rolunu Şuşada, "Bazar başı" meydanında açıq havada oynayıb. Atam "Neft milyonlar səltənəti" filmində çəkilib. Dahi Üzeyir bəy yazıb: "Leyli Məcnun" səhnəciyini 1897-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin quruluşunda "Bazar başı" deyilən yerdə, Məcnunun - Cabbarın Leylinin məzarı üstündə fəryadını, axıtdığı göz yaşlarını görəndə özümü saxlaya bilmədim, mən ağladım. Nəhayət, 1907-ci ildə operanı tamamladım".

Cabbar 10 yaşında məktəbə gedib. Müəllimi - "Saqərə" təxəllüsü ilə tanınan, yüksək səviyyəli ziyalı Mirzəli Zeynalabdinoğlu olub. Ondan ana dili ilə yanaşı, ərəb, fars dillərini öyrənib, musiqiyə meyli daha da artıb. O, şagirdlik dövründə kövrək, həzin şeirlər yazıb. Bir gün on altı yaşlı Cabbarı müəllimi özüylə el şənliyinə aparıb. Orada Hacı Hüsnü, Məşədi İsa, Sadıqcan, Cavadbəy Əlibəyoğlu çalıb-oxuyurdular. Mirzəli müəllim xahiş edib ki, icazə versinlər Cabbar da bir ağız oxusun. Gəncin şirin, məlahətli səsi dinləyənləri ovsunlayıb. Handan-hana məşhur ifaçı Hacı Hüsnü deyir: "Gələcəkdə bizim yerimizi bu cavan xanəndə tutacaqdır". Həmin xoşbəxt hadisədən sonra Cabbarın adı məşhurlaşıb. Ancaq atası ondan narazı qalıb. Çünki oğlu boyaqçı yox, xanəndə olub...

Azərbaycanın əksər bölgələrində - İranda, Orta Asiya respublikalarında keçirilən el şənliklərinə, toylara Cabbar çalğıçılarla dəvət alırdı. Yazdığı şeirlər, bəstələdiyi nəğmələr hələ xalq mahnıları adı altında səsləndirilir. O, xatirələrində yazıb: "Tar sənətinin qüdrətli ifaçısı Qurban Pirimovla toy məclisinə getmişdim. Bəy qızını - gəlini tərifləmək vaxtı yetişəndə, onun boy-buxununu, yar-yaraşığını görmək istədim ki, sözlərim elə-belə yox, inandırıcı olsun. Lakin qızın atası razılıq vermədi. Onun İrəvandan olduğunu, bir üzündə xal olmasını dedi. Qurbana işarə etdim ki, mən getdim, sən ardımca gəl:

 

İrəvanda xal qalmadı,

O xal xaldır,

Qoşa düzdürmüsən?..

 

Atam ömür-gününü sənətə həsr etmişdi. Bu səbəbdən ailə qurmağa tələsməmişdi. Axır ki, 51 yaşında ailə qurmuşdu. Anam Xızıdan, sənətkar ailəsindən idi. Ömürlərinin axırına kimi bir-birlərinə can deyib, can eşitdilər. Atam həddən artıq evcanlı, ailə qayğısı çəkən insan idi. Bazarlığa özü gedərdi. Dəfələrlə görmüşəm ki, Mir Cəfər Bağırov yol keçəndə "Salam, Cabbar əmi, kefin-əhvalın necədir?" - deyə, soruşardı. 1938-ci ildə Moskvada keçirilən incəsənət günlərində Azərbaycan nümayəndələri iştirak edirdi. Nədənsə mahir ifaçı - atam orada olmur. Gözlənilmədən Stalin soruşur: "Hanı Qafqazın qoca Cabbarı?". Bəhanə edirlər: "Xəstədir, gələ bilmədi" - deyirlər. Stalin atamı İttifaqın o dövrdəki "Şərəf nişanı" ordeni ilə təltif edir.

Atamın çox dostları vardı. Dahi şairimiz Səməd Vurğun bizə gələndə həmişə onu öpüb şirin ləhcə ilə deyərdi: "Dağların döşündə durur Qarabağ, Xəyalı gəzdirən hər qaya, hər dağ...". Sergey Yesenin atamın Varşavada yazdırdığı valın üstünə "Cabbar Şərq musiqisinin peyğəmbəridir" sözlərini yazıb. Atam xanəndələrin oxuduqları mahnıların çoxunun mətnini yenidən işləmişdi. Bu günümüzə gəlib çatmış "Rast", "Segah" təsniflərinin müəllifidir. "Qalada yatmış idim", "Üç gündən bir, beş gündən bir", "Qalalıyam, qalalı", "Sona xatun", "Qarabağda bir dənəsən", "Gəlin gedək Daşaltına gəzməyə" mahnı təsniflər onun adı, yaradıcılığı ilə bağlıdır. Dünya şöhrətli sənətkar Bülbül yazıb: "İlk dəfə əyalətlərdə konsertlər, soydaşlarımıza ləzzət verən ifaçımız Cabbar olub". Atam Füzulinin, Vaqifin, Şirvaninin, Zakirin şeir qəzəllərini oxuyardı. M.S.Ordubadi, M.Ə.Sabir, Ə.Haqverdiyev, C.Cabbarlı ilə möhkəm dostluq edərdi. Anam Səlimə xanım ondan 36 yaş kiçik idi. Bu yaşıma çatmışam, hələ onların arasındakı qarşılıqlı sevginin, məhəbbətin bənzərini görməmişəm. Onların bir-birinə məhəbbətləri əqidələrində, düşüncələrində, ürəklərində idi. Atam ailə qurandan sonra daha ləzzətlə, həvəslə oxudu. Çünki anam elə tanışlıqlarının ilk günündən ona mənəvi dəstək olmuşdu.

Şəhla xanım bir müddət susur. Yaşarmış gözlərini silir. Başını qaldırıb divardan asılmış ata-anasının birgə foto-portretlərinə baxır. Handan-hana qırıq-qırıq danışır:

- Atam vəfat edəndə balaca idim. Onu Yasamal qəbiristanlığında dəfn ediblər. O zamanlar qadınlara icazə vermirdilər ki, dəfn mərasimi zamanı qəbiristanlığa getsinlər. İllərlə atamın məzarını axtardım. Görənlərdən, bilənlərdən soruşdum. Axır ki, tapdım. Kimsəsiz, unudulmuş qəbir necə olardı? Hara, kimə müraciət etdim, əhəmiyyəti olmadı. Məzarı dəmir hasara aldırdım. İllər ötüb keçdi. Xalqımız müstəqillik qazandı. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı müqəddəs bildiyimiz insanların ruhlarını da şad etdi. 2005-ci il noyabrın 24-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya məktub ünvanladım. Çox sağ olsun, qısa müddətdə ondan müsbət cavab aldım. Fürsətdən istifadə edib deyirəm: Mehriban xanım, mərhəmətinizə, diqqətinizə görə ömrum boyu sizə minnətdar olacağam.

Cənab Prezidentin sərəncamından sonra Şərq dünyasının bənzərsiz xanəndəsi Cabbar Qaryağdıoğlunun məzarını ziyarət etməyə getmişdik. Orada "Adsız məzar" adlı sənədli filmin çəkilişi aparılırdı. Rejissor - operator, həm ssenari müəllifi Kəmalə Musazadə dedi: "İki ildir könüllü olaraq bu işlə məşğulam. Dövlət başçısına minnətdaram ki, unudulmaz ifaçının həyat yaradıcılığından bəhs edən sənədli filmin hazırlanması barədə tapşırıq verib. Zəhmətim hədər getmədi".

 

 

Telman Ağaoğlu

 

Azərbaycan.-2009.-11 aprel.-S.7.