Ukrayna Prezidenti Viktor Yuşşenko Milli Məclisdə olmuşdur

 

Aprelin 10-da Milli Məclisin Sədri Oqtay Əsədov parlamentdə Ukrayna Prezidenti Viktor Yuşşenko ilə görüşmüşdür.

Görüşdə Milli Məclisin Sədri qonağı və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini səmimi salamlayaraq müstəqil Azərbaycanın Ukrayna ilə siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə  əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirdi. Qeyd edildi ki, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri, aparılan danışıqlar münasibətlərimizin daha da dərinləşməsi üçün yaxşı zəmin yaratmışdır. Ölkələrimiz arasında bu günədək  108 sənəd imzalanmışdır. Bu sənədlər əməkdaşlığımızın hüququ bazasını təşkil edir.

Spiker səfər müddətində “2009-2010-cu illər üçün əməkdaşlığa dair tədbirlər planı, ticari-iqtisadi, elmi-texniki, mədəniyyət, rabitə informasiya texnologiyaları sahələrində müxtəlif dövlət qurumları arasında imzalanmış sazişlərin əhəmiyyətini yüksək dəyərləndirdi. Bildirildi ki, Azərbaycan Ukraynanı özünün strateji tərəfdaşı hesab edir. Nümayəndə heyətlərimiz müxtəlif beynəlxalq qurumlarda prinsipial məsələlərdə eyni mövqedən çıxış edirlər. Sədr  GUAM Parlament Assambleyası çərçivəsində əməkdaşlığımızın bundan sonra da yüksələn xətlə davam edəcəyinə inamını bildirdi.

Söhbətdə Spiker dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayaraq, Milli Məclisdə Ukraynanın qanunvericilik orqanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətindən söz açdı. Bildirildi ki, say etibarilə bu qrup digərlərindən daha böyükdür. Qrup üzvlərinin ukraynalı həmkarları ilə əlaqələrinin genişlənməsi qanun yaradıcılığı sahəsində informasiya mübadiləsi baxımından əhəmiyyətlidir. Sədr parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təqdir etdiyini söylədi.

Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı roldan söz açan Spiker iki ölkə arasında bu sahədə  əməkdaşlıq üçün geniş imkanlar olduğunu dedi. Sədr bölgədəki münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin bütöv bir regionun iqtisadi inkişafına Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasına təhlükə törətdiyini vurğuladı. Oqtay Əsədov problemin həllində Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirdi.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycana səfərindən söz açaraq, ölkə Prezidenti cənab İlham Əliyevlə keçirdiyi görüşdən imzalanmış sənədlərdən məmnun olduğunu dilə gətirdi. O, ölkəsinin Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğuladı. Qeyd edildi ki, Azərbaycan Ukrayna üçün təkcə enerji sahəsində deyil, həm iqtisadiyyatın digər sahələrində əməkdaşlıq üçün layiqli tərəfdaşdır.

Ukrayna Prezidenti səfər müddətində imzalanmış sənədlərin gələcəkdə əməkdaşlığımızın daha da dərinləşməsinə öz müsbət təsirini göstərəcəyinə inamını ifadə etdi. O, Ukraynada yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi həyatında fəal iştirakını, qanunla nəzərdə tutulmuş bütün hüquq azadlıqlardan sərbəst şəkildə istifadə etdiklərini diqqətə çatdırdı.

Qonaq Ukraynanın Cənubi Qafqazda baş verən ictimai-siyasi prosesləri diqqətlə izlədiyini, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqq işini ərazi bütövlüyünü müdafiə etdiyini vurğuladı.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər barəsində fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Spikerin müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin komitə sədrləri Əli Hüseynov, Səməd Seyidov, Ukrayna parlamenti ilə əlaqələr üzrə işçi qrupunun rəhbəri Fərrux Zeynalov, ölkəmizin Ukraynadakı səfiri Tələt Əliyev, Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk digər rəsmi şəxslər iştirak edirdilər.

 

 

Azərbaycan.-2009.-11 aprel.-S.2.