Ukrayna Prezidenti Viktor Yuşşenko Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur

 

Ukrayna Prezidenti Viktor Yuşşenko və xanımı Katerina Yuşşenko aprelin 10-da Beynəlxalq Muğam Mərkəzində olmuşlar.

Burada ali qonağı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər qarşıladılar.

Ukrayna Prezidentinə və xanımına dənizkənarı Milli parkda yerləşən mərkəz haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNES-KO-nun Dünya irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Mərkəz ilə yaxından tanış olan Prezident Viktor Yuşşenko və xanımı Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə və "Ud" restoranına da baxdılar.

 

 

Azərbaycan.-2009.-11 aprel.-S.3.