Azərbaycanın Türkiyəyə dost və qardaş münasibəti hər zaman səmimi olub

 

Ötən əsrin son onilliyində Azərbaycan yenidən öz dövlət müstəqilliyini qazandıqdan sonra ölkənin qarşısında duran prioritet məsələlərdən biri də beynəlxalq aləmdə öz layiqli yerini tutmaq, xarici siyasətdə tam müstəqil kurs həyata keçirmək idi. Bu istiqamətdə diqqət yetirilən məqamlardan biri də dünya dövlətlərilə ikitərəfli münasibətlərin inkişafına nail olmaq idi.

 

Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə başlanan yol

 

1993-cü ildə xalqın tələbilə ümummili lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra xarici siyasətdə də artıq ciddi uğurlar qeydə alınmağa başlandı. Bir sıra ölkələrlə qarşılıqlı əməkdaşlıq strateji səviyyəyə yüksəldi. Həmin ölkələr arasında Türkiyə xüsusilə seçilməkdə idi. Bunun əsas səbəblərindən biri Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını müəyyənləşdirən əsas amilin xalqlarımızın eyni tarixi köklərə, adət və ənənələrə malik olması idisə, eləcə də siyasi, iqtisadi və digər sahələrdə hər iki dövlətin qibtə oluna biləcək dərəcədə vahid mövqedə birləşməsi idi. Bütün bunlar Azərbaycan-Türkiyə yaxınlaşmasını daha da dərinləşdirməyə xidmət edirdi ki, bu gün də hər iki tərəf bunun bəhrəsini görməkdədir.

Ümummili lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" sözləri ilə səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin belə inkişafı digər sahələrlə yanaşı, təhsil sferasında da özünü göstərir. Bunun nəticəsidir ki, bu gün yüzlərlə azərbaycanlı Türkiyənin ən qabaqcıl universitetlərində təhsil almaqdadır. Türkiyədən Azərbaycana ali təhsil almağa gələnlərin sayı da kifayət qədər çoxdur. Perspektivdə təhsil sferasında iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün müvafiq addımlar atılmaqdadır.

Azərbaycan və Türkiyənin təhsil, elm sahəsindəki mövcud əlaqələrinin uğurundan danışarkən ilk olaraq yada düşənlərdən biri də "Çağ" Öyrətim İşlətmələri Şirkətinin tədris müəssisələridir. 16 il öncə ulu öndər Heydər Əliyevin çağırışına cavab olaraq Azərbaycanda fəaliyyətə başlayan bu məktəblər ölkəmizdə təhsilin səviyyəsinin yüksəlməsində öncül yerlərdən birini tutur.

Həmsöhbət olduğumuz "Çağ" Öyrətim İşlətmələrinin İdarə Heyətinin sədri Ənvər Özərənin sözlərinə görə, təmsil etdiyi şirkətin Azərbaycanda fəaliyyətinə dair ilk müqavilə hələ ümummili lider Heydər Əliyev Naxçıvanda olarkən bağlanıb. O vaxtdan bəri Azərbaycanda fəaliyyətlərini "Etimada sədaqətlə" şüarı altında davam etdirdiklərini bildirən Ənvər Özərən bu şirkətin işinin iki ölkə arasında olan tarixi qardaşlıq üzərində qurulduğunu vurğulayır.

Ümummili lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətinə başlanan şirkətin strukturuna ümumtəhsil mərhələsində Azərbaycan-Türkiyə özəl liseyləri, ali təhsilə hazırlıq mərhələsində "Araz" kursları və ali təhsil mərhələsində "Qafqaz" Universiteti daxildir. Ümumtəhsil mərhələsində "Çağ" Öyrətimin Bakıda, Sumqayıtda, Qubada, Ağdaşda, Şirvanda, Gəncədə, Lənkəranda, Mingəçevirdə, Şəkidə fəaliyyət göstərən liseyləri, eləcə də gimnaziyası, ibtidai məktəbi və bölgələrdə ali təhsilə hazırlıq kursları mövcuddur.

Şirkətin nəzdində fəaliyyət göstərən təhsil müəssisələrinin məzunlarının 98 faizi ali məktəblərə qəbul olunur. Onların bir hissəsi Türkiyə, Yaponiya, Sinqapur, Almaniya, İngiltərə kimi qabaqcıl ölkələrin ali məktəblərinə daxil olur. Azərbaycanın ən nüfuzlu ali təhsil ocaqlarında da "Çağ" Öyrətimin məzunlarının sayı az deyil.

Azərbaycanda özəl universitetlər arasında ən yüksək reytinqə malik "Çağ" Öyrətim Şirkətinin nəzdindəki "Qafqaz" Universitetinə də üz tutanların sayı kifayət qədərdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, qəbul imtahanları zamanı topladığı balı 600-ü keçən məzunlardan 120-si təhsilini məhz bu universitetdə davam etdirməyə qərar vemişdir. Müxtəlif xarici ölkələrdən də bu universitetdə təhsil almağa gələnlər var. Xarici ölkədən gələn tələbələrə universitetdə Azərbaycan dili də öyrədilir.

"Çağ" Öyrətimin İdarə Heyətinin sədri Ənvər Özərənin sözlərinə görə, hazırda onların dünyanın müxtəlif ölkələrinin, o cümlədən ABŞ-ın, Almaniyanın təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq əvvəl "Qafqaz" Universitetində, daha sonra əməkdaşlıq edilən xarici ali məktəbdə təhsil alan tələbələrə iki diplom almağa imkan verir. Məsələn, ABŞ-ın Troya Universitieti ilə bağlanmış müqaviləyə əsasən, üç il Qafqaz Universitetində, iki il ABŞ-ın bu universitetində təhsil alan tələbələr iki diplom ala bilirlər. Almaniyanın bəzi universitetləri ilə imzalanmış müqavilələrə əsasən, tələbələr yaz aylarında "Qafqaz" universitetində, qış aylarında isə Almaniyanın ali məktəb ocaqlarında təhsil alırlar. Bu "Qafqaz" universitetinin, eləcə də Azərbaycan təhsilinin beynəlxalq arenaya çıxmasının bir yoludur.

 

Azərbaycanda Olimpiada məşəli

 

1994-cü ildən beynəlxalq olimpiadada iştirak etməyə başlayan Azərbaycana bu yarışlardan qızıl medal gətirənlər arasında "Çağ" Öyrətimin məzunlarının sayı kifayət qədərdir. Burada təhsil alan şagirdlər Azərbaycana 66-sı qızıl olmaqla ümumilikdə 297 medal qazandırıblar. Bu, həm də "Çağ" Öyrətim Şirkətinin Azərbaycan milli elminin dünyada fəal təbliğatçılarından biri olması deməkdir. 2002-ci ildə İndoneziyada keçirilən Dünya Fizika Olimpiadasında iştirak edən "Çağ" Öyrətimin məzunlarının üç qızıl və bir gümüş medal qazanmasını "Təhsil millətin gələcəyidir" - deyən ulu öndər Heydər Əliyev həmin vaxt bunu "əfsanəvi qalibiyyət" adlandırmışdı.

Olimpiadalarda iştirak edən gənclər isə həm də Azərbaycan reallıqlarını, burada bütün sahələrdə, o cümlədən sosial-iqtisadi sferada gedən inkişafı, eləcə də Ermənistanın ərazilərimizi işğal altında saxlamasını dünyaya çatdırırdılar.

Bu günlərdə Bakıda keçirilən "İNEPO Avrasiya" - Ətraf Mühitin Mühafizəsi III Beynəlxalq Layihə Olimpiadasının təşkilatçılarından biri yenə də "Çağ" Öyrətim Şirkəti olub. Budəfəki olimpiadada iştirak edən dövlətlərin sayı 33 idi. Belə olimpiadaların Bakıda keçirilməsinin digər bir məqsədi Azərbaycan reallıqlarını dünyadan gələnlərə yerindəcə nümayiş etdirməkdir.

"İNEPO Avrasiya" - Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının Bakıda keçirilməsi artıq ənənə halını alıb və dünya miqyasında ona maraq getdikcə artır. Əgər 2007-ci ildə Bakıda bu adla keçirilən olimpiadada 17 ölkənin təmsilçiləri iştirak etmişdisə, keçən il iştirakçı ölkələrin sayı 30, bu il isə 33 olmuşdur. Sonuncu olimpiadaya təqdim olunan layihələri qiymətləndirmək üçün Azərbaycandan, Türkiyədən, ABŞ-dan, Braziliyadan, Tayvandan və digər 20 ölkədən təcrübəli elm adamları iştirak edib. Sevindirici haldır ki, olimpiadada qazanılan qızıl medalların sayına görə Azərbaycan birinci yerə çıxıb. Belə ki, "İNEPO Avrasiya" - Ətraf Mühitin Mühafizəsi III Beynəlxalq Layihə Olimpiadasında Azərbaycanı təmsil edən şagirdlər 5 qızıl medal qazanıb.

Şagirdlərdə ekoloji şüurun formalaşması və inkişaf etdirilməsi, ətraf mühitə münasibətdə onlarda həssas münasibət oyatmaq, şagirdləri gələcək elmi kəşflərə istiqamətləndirmək "İNEPO Avrasiya"nın başlıca məqsədləri sırasına daxildir. Bu tədbir Azərbaycanın elm sahəsində də beynəlxalq Olimpiada mərkəzlərindən birinə çevrilməsinə xidmət etməklə yanaşı, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vacib rol oynayır. Bununla əlaqədar məlumat verən Ənvər Özərən qeyd edir: "Biz Olimpiadada iştirak edənləri "Şəhidlər xiyabanı"na da aparırıq. Burada şəhid olanların hansı məram uğrunda canlarından keçdiyini, Azərbaycanın ərazilərinin hələ də Ermənistan tərəfindən işğal altında saxlandığına onlara anladırıq".

"TRT Avaz" telekanalı İctimai Televiziya ilə birlikdə olimpiada iştirakçılarının dilindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün xüsusi veriliş hazırlayıb. Bu da Azərbaycan həqiqətlərinin olduqca geniş bir coğrafiyada izlənməsinə səbəb olub.

 

 

"Çağ" Öyrətimdən analoqu olmayan yeni layihə

 

Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev də "Çağ" Öyrətimin fəaliyyətinə böyük qiymət verib: "Mən istərdim ki, Azərbaycanda bu təhsil müəssisələrinin sayı çox olsun. Mən türk liseylərinin fəaliyyətlərini çox yüksək qiymətləndirirəm və bunları quran, işlədən insanlara öz minnətdarlığımı bildirmək istəyirəm. Burada təhsil alan gənclərimiz beynəlxalq yarışlarda çox yüksək mükafatlar qazanırlar. Bu, bizi çox sevindirir və onu göstərir ki, həmin liseylər Azərbaycanın gələcəyi üçün gözəl kadrlar yetişdirirlər. Əlbəttə ki, bir Prezident kimi mən bu liseylərin öz fəaliyyətlərini davam etdirmələrini və daha da genişləndirmələrini istərdim".

Hazırda "Çağ" Öyrətim Azərbaycanda "ağıllı məktəb" adlı analoqu olmayan bir layihə həyata keçirməyə hazırlaşır. Bununla bağlı tələb olunan işlər artıq tamamlanıb. Texnologiyanın son nailiyyətlərindən istifadə olunacaq bu məktəbdə dərslərin gedişini İnternet vasitəsilə valideynlər də izləyə bilərlər. Məktəbin bütün sinif otaqları İnternetə qoşulub, müxtəlif audiovizual texnika və təhlükəsizlik kameraları ilə təmin olunub. Şagirdlərə bu məktəbə daxil olmaq üçün xüsusi kartlar veriləcəkdir. Bu kartlar isə şagirdlərin məktəbə nə vaxt gəldiyini, məktəbdə olub-olmamasını müəyyən etməyə imkan verəcəkdir.

Bütün bunlar "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycanın təhsil sferasında yeniliklər etmək ənənəsinə də sadiq qaldığının bir göstəricisidir. Eyni zamanda bu, Azərbaycan təhsilinin yüksəlməsində, onun beynəlxalq sferaya çıxmasında da olduqca vacib rol oynayır. Bu mənada "Çağ" Öyrətim İşlətmələri Şirkəti Azərbaycan təhsilində həm də novatorçu kimi qiymətləndirilə bilər.

 

Qafqazda sülhün təminatı Türkiyə və Azərbaycandan asılıdır

 

Son dövrlər Türkiyə-Ermənistan arasında sərhədlərin açılacağına dair yayılan məlumatlar "Çağ" Öyrətim Şirkətində çalışan türk müəllim və personalları tərəfindən də narahatlıqla qarşılanmaqdadır. Bu məsələyə toxunan "Çağ" Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərən qeyd olunan məsələ ilə əlaqədar yayılan söz-söhbətləri ürək ağrısı ilə qarşıladığını bildirir. Ermənilər tərəfindən həyata keçirilən soyqırımları xatırladan Ənvər Özərənin sözlərinə görə, 1915-ci ildə müxtəlif qüvvələr tərəfindən silahlandırılan ermənilər Osmanlı türklərni qətlə yetiriblər: "Bundan sonra ermənilər eyni qətliamı Azərbaycan torpaqlarında da davam etdiriblər. Biz 1918-ci ildə Azərbaycanda baş verən hadisələrin yaxın şahidiyik. Həmin vaxt ermənilər Bakıda 20 min nəfəri qətlə yetirmişdi".

Hazırda erməni diasporunun gördüyü əsas işin türk düşmənçiliyindən ibarət olduğunu vurğulayan Ənvər Özərən 1988-ci ildə ermənilərin yenidən Azərbaycan torpaqlarının işğalını davam etdirdiyinə diqqət çəkdi. Onun sözlərinə görə, ermənilər fürsət düşdükcə, Azərbaycana, eləcə də Türkiyəyə arxadan zərbə vurmağa çalışırlar. Həmçinin başqalarının torpağı hesabına "Böyük Ermənistan" yaratmağa cəhd göstərirlər.

Qafqazda sülhün təminində və indiki səviyyədə saxlanmasında ümummili lider Heydər Əliyevin müstəsna rolu olduğunu bildirən "Çağ" Öyrətim Şirkətinin rəhbəri Azərbaycanın iqtisadi və digər sahələrdə inkişafında sülhün vacib rol oynadığını da qeyd etdi. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdıran Ənvər Özərən bildirdi ki, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər onlar Türkiyənin Ermənistanla sərhədlərinin açılmasının əleyhinədir: "Azərbaycan torpaqları geri qaytarılandan sonra sərhəd açıla bilər. Ermənistan da inkişaf etmək istəyirsə, işğal etdiyi əraziləri azad etməlidir".

Ənvər Özərən qeyd edir ki, son günlər Azərbaycanda Türkiyə ilə Ermənistan arasında sərhədlərin açıla biləcəyi haqqında yayılan məlumatlar xalq tərəfindən böyük narahatlıqla qarşılanır: "Türkiyənin Ermənistanla sərhədləri açması bizim tərəfimizdən birmənalı olaraq qəbuledilməzdir. Türkiyə dövləti işğal edilmiş Azərbaycan torpaqları geri qaytarılmadan belə bir addım atarsa, əlbəttə, iki qardaş dövlətin münasibətlərinin sarsılmasına səbəb ola bilər. Biz Azərbaycanda yaşayırıq, Azərbaycan xalqı ilə birlikdəyik. Xalq Azərbaycan dövlətinin Türkiyə ilə əl-ələ verərək tarixi ədalətin bərpa olunacağına, işğal olunmuş torpaqların geri qaytarılacağına ciddi surətdə inanır. Amma Türkiyə-Ermənistan sərhədlərinin açılacağı barədə mətbuatda gedən yazılar və söz-söhbətlər xalq arasında ciddi narahatlıq doğurur. Bu cəhdlər Türkiyədə yaşayan çoxmillətli xalqların iradəsini ifadə etmir. Odur ki, biz "Çağ Öyrətim" şirkəti - 11 lisey, 1 gimnaziya, 12 ali təhsilə hazırlıq kursu və "Qafqaz" Universitetinin Türkiyədən gəlmiş müəllimləri, tələbələri və çoxminli valideynləri adından Türkiyə dövlətini Ermənistanın işğalçılıq siyasətinə münasibətdə bu günə qədər nümayiş etdirdiyi obyektivliyi qoruyub saxlamağa çağırırıq".

Azərbaycan-Türkiyə qardaşlığının zədələnməməli olduğunu vurğulayan Ənvər Özərənə görə, bəzən yanlış qərarlar qəbul oluna bilər: "Amma xalq yaşayır. 1948-ci ildə Əlcəzair müstəqilliyini elan etdiyi zaman Türkiyə neytral qaldı. O zaman Türkiyənin belə mövqe tutmasını indi də Əlcəzairə gedən zaman bu ölkənin xalqı onu xatırladır. Halbuki o zaman Əlcəzair bizimlə qardaş xalq idi və bunu etməməli idik. Hansı qüvvələrin təhriki ilə Türkiyənin bunu etdiyini bilmirik. Lakin sovetlər birliyi dağılandan sonra Turqut Özalın başında durduğu Türkiyə dərhal Azərbaycanın müstəqilliyini tanıdı.

İndi ümid edirik ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına xalqımızın narazılığına beynəlxalq görüşlərdə diqqət yetiriləcək və məsələlərə buna görə yanaşılacaqdır. Bir daha qeyd etmək istəyirəm ki, BMT-nin işğalçı kimi tanıdığı, uydurma bir soyqımı dünyada tanıtmağa çalışan Ermənistanın işğal altında saxladığı ərazilər azad olunmayınca, sərhədlərin açılmasının əleyhinəyik".

Cənab Özərənin fikrincə, Qafqaz coğrafiyasında sülhün təminində iki ölkə var - Türkiyə və Azərbaycan. Onun sözlərinə görə, bəzi qüvvələr Ermənistandan bir "çibanbaşı" kimi istifadə edərək bu coğrafiyada sabit sülhün yoxluğuna çalışırlar. Lakin Türkiyə və Azərbaycan xalqlarının tarixi qardaşlığı, şübhəsiz ki, hadisələrin bu istiqamətdə inkişafının qarşısının alınmasında mühüm rol oynayacaqdır.

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-11 aprel.-S.6.