Azərbaycanın müdafiə
naziri İordaniyada səfərdədir
Aprelin 13-də müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İordaniyaya səfəri başlamışdır.
Azərbaycanın Əmmandakı səfirliyindən bildirmişlər ki, İordaniya tərəfinin dəvəti ilə baş tutan səfər çərçivəsində S.Əbiyev İordaniyanın Baş naziri, müdafiə naziri N.Dəhəbi, İordaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin sədri X.Sarayrah və digər rəsmi şəxslərlə görüşlər keçirəcəkdir. Görüşlərdə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələləri müzakirə ediləcək, İordaniyanın nümunəvi hərbi hissələri ilə tanışlıq olacaqdır.
Xatırladaq ki, 2007-ci ildə İordaniya ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzalanmışdı. Həmin sazişin müddəalarına əsasən tərəflər arasında müdafiə məsələləri üzrə komissiya yaradılmış və qurum ilk iclasını 2008-ci ilin iyulunda Bakıda keçirmişdi. Azərbaycanın müdafiə nazirinin İordaniyaya səfəri zamanı keçiriləcək görüşlərdə həmin komissiya çərçivəsində əldə edilmiş razılıqların icrasının nəzərdən keçirilməsi də planlaşdırılır.
Səfər aprelin 15-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.-2009.-14 aprel.-S.2.