Avropa azərbaycanlılarının
təşkilatlanması prosesində yeni mərhələ
Bu gün
Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları
Konqresinin III qurultayı işinə başlayır. Diaspor hərəkatımızda
xüsusi yeri olan bu təşkilatın növbəti
qurultayının Avropadakı Azərbaycan diasporunun tarixində
yeni bir mərhələnin əsasını qoyacağı
gözlənilir. Həmsöhbətimiz - Konqresin prezidenti Natiq
Ağamirov hesab edir ki, qurultayda AAK-ın daha çevik və
dinamik bir təşkilata çevrilməsi ilə bağlı
təkliflər müzakirə ediləcək və qəbul
olunacaq qərarlar diaspor hərəkatının daha da
genişlənməsinə töhfə verəcək.
- Natiq müəllim, Avropa Azərbaycanlıları
Konqresinin yaradılmasından beş il keçir. Bu müddət
ərzində Konqres qarşısına qoyduğu məqsədlərə
çata bilibmi?
- 2004-cü ildə təsis edilmiş Avropa Azərbaycanlıları Konqresinin yaradılmasında əsas məqsəd Avropadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini koordinasiya etməkdən ibarət olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 il öncə Almaniyanın paytaxtı Berlində keçirilən AAK-ın təsis konfransının iştirakçılarına müraciətində demişdir: "Avropada yaşayan azərbaycanlı icmalarının bütün istiqamətlər üzrə daha böyük imkanları, istifadə olunmamış potensialı mövcuddur. Bu ölkələrdə həmvətənlərimizin birləşməsi, təşkilatlanması hələ də lazımi səviyyədə deyildir. Diasporumuz sözün həqiqi mənasında, hələ tam formalaşmayıb, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar arasında əlaqələr kifayət qədər möhkəm və davamlı deyildir. Yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında onların təsiri zəif hiss olunur... Avropanın mərkəzində, Berlin şəhərində öz təsis konfransına toplaşan Avropa Azərbaycanlıları Konqresi mühüm tarixi hadisədir. Əminəm ki, Konqres öz qarşısında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirəcək, Avropada yaşayan azərbaycanlıların həyatında, dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmin olunmasında, diasporumuzun güclənməsində əhəmiyyətli rol oynayacaqdır".
AAK-ın Nizamnaməsində regionda məskunlaşmış azərbaycanlıların milli-mədəni xüsusiyyətlərinin qorunmasının, eləcə də insan hüquq və azadlıqlarının təminatının həyata keçirilməsi Konqresin əsas vəzifələri kimi təsbit edilmişdir. Ötən beş il ərzində AAK Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımız arasında birliyin və həmrəyliyin təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunması, mədəni irsimizin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirə bilib. Bu gün AAK-da təmsil olunan diaspor təşkilatlarının sayı 65-ə çatıb. AAK-ın dəstəyi ilə Avropanın bir çox ölkələrində yeni diaspor təşkilatları təsis edilib. AAK-ın yaradılması Avropa ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması prosesini daha da sürətləndirdi, diaspor təşkilatlarının fəaliyyətini keyfiyyətcə yeni müstəviyə çıxardı. Bunun sayəsində Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasına, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına, mədəni irsimizin təbliği sahəsində daha genişmiqyaslı işlərin aparılmasına imkan yaranmışdır.
Diaspor təşkilatlarımız bir çox ölkələrdə siyasət və dövlət adamları, ictimai təşkilatlar, kütləvi informasiya vasitələri ilə əlaqələr qura biliblər. Bu əlaqələr Azərbaycan həqiqətlərinin təbliği, xalqımızın milli maraqlarının müdafiəsi baxımından çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan diasporu xalqımızın məruz qaldığı terror və soyqırım aktları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində çox ciddi səy göstərir. Hər il Xocalı soyqırımının, 20 Yanvar faciəsinin ildönümləri, 31 mart Azərbaycanlıların soyqırımı günü Avropanın bir çox ölkələrində qeyd edilir, etiraz aksiyaları təşkil olunur, kütləvi informasiya vasitələrində bu barədə məlumatlar dərc edilir, elmi-praktik konfranslar keçirilir. Bütün bunlar Azərbaycan diasporunun əvvəlki illərlə müqayisədə daha fəal iş apardığını söyləməyə imkan verir.
- 2007-ci ildə keçirilmiş II qurultay AAK-ın fəaliyyətində hansı dönüş yaratdı?
- Avropa Azərbaycanlıları Konqresinin II qurultayı 2007-ci ilin mart ayının 10-da Bakıda keçirilmişdir. Qurultayın işində Avropanın 30-dan çox ölkəsində fəaliyyət göstərən 84 Azərbaycan diaspor təşkilatından 139 nümayəndə iştirak edirdi. Toplantıda AAK-ın Avropadakı diaspor fəaliyyətinin genişləndirilməsi, buradakı soydaşlarımızın ideya-siyasi birliyinin daha da gücləndirilməsi, qitədəki Azərbaycan dərnəklərinin, icmalarının, federasiyalarının və başqa diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya imkanlarının artırılması məsələləri geniş müzakirə olundu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda dövlətimizin ədalətli mövqeyinin Avropanın aparıcı ölkələrində dəstəklənməsi və bu sahədə ciddi addımların atılması ilə bağlı da təkliflər səsləndirildi.
Qurultayın qətnaməsinə uyğun olaraq Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illəri əhatə edən Fəaliyyət Proqramının layihəsı hazırlanmışdır. Sənəddə AAK-a üzv təşkilatların, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Avropa ölkələrindəki səfirliklərinin də rəy və təklifləri nəzərə alınmışdır.
2007-ci il iyulun 6-da Almaniyanın Mayns şəhərində Avropa Azərbaycanlıları Konqresi İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Tədbirdə 2007-2009-cu illər üçün Fəaliyyət Proqramı təsdiq edilmişdir. Proqramın əsasında Konqresə üzv olan diaspor təşkilatarıyla, Diasporla İş üzrə Dövlət Komitəsi, digər müvafiq dövlət və qeyri-dövlət qurumları ilə razılaşdırılmış Tədbirlər Planı hazırlanıb həyata keçirilir.
Bu məqsədlə Konqresin rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının bir sıra ictimai və dövlət təşkilatlarıyla, o cümlədən Təhsil, Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirliklərinin və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə görüşlər keçirilmiş, AAK-ın 2007-2009-cu illər üçün nəzərdə tutulmuş Tədbirlər Planı ilə bağlı məsələlər müzakirə edilmişdir.
Görüşlər zamanı Avropa ölkələrində yaşayan azərbaycanlıların övladlarının milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunması, onların Ana dilini, xalqımızın tarixini, ölkəmizin coğrafiyasını mükəmməl səviyyədə öyrənməsi üçün müvafiq imkanların yaradılması; Avropanın bir çox ölkəsində fəaliyyət göstərən "Həftə sonu" məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu məktəblərə Azərbaycandan müəllimlərin ezam edilməsi, habelə orada çalışan müəllimlərin Azərbaycana pedaqoji kurslara göndərilməsi; Avropada orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirmiş azərbaycanlı məzunların Avropa və MDB ölkələrinin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi; Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin nəticələri barədə avropalı iş adamlarının daha dolğun məlumatlandırılması, onların ölkəmizə investisiya qoymağa təşviq edilməsi məqsədilə ölkəmizin iqtisadi inkişaf potensialı və təbii resursları ilə bağlı simpoziumun keçirilməsi; Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avropadakı azərbaycanlı iş adamlarının Forumunun təşkili və bir sıra digər məsələlərlə bağlı müzakirələr keçirilmişdir. Ötən dövr ərzində nəzərdə tutulmuş tədbirlərin müəyyən hissəsinin icrası mümkün oldu. Eyni zamanda, hələ qarşıda həllini gözləyən vəzifələr də var.
- Qeyd etdiniz ki ötən dövrdə yeni diaspor təşkilatları yaradılıb. Bu barədə daha geniş məlumat verə bilərsinizmi?
- Bu gün Avropa ölkələrində 100-dən çox Azərbaycan diaspor təşkilatı var. Onların böyük bir hissəsi AAK-da təmsil olunur. Azərbaycanlıların təşkilatlanması prosesi bu gün də davam edir. 2007-ci ildə Fransanın Strasburq şəhərində Azərbaycanlı Tələbələrin Avropa Forumunun Strasburq şöbəsi, Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının Məşvərət Şurası, Berlində "AZİZ-Almaniya" Beynəlxalq Assosiasiyası, Danimarkada "Azərbaycan qadını Danimarkada", Londonda Azərbaycanlı Gənclər Klubunun təsis etdiyi "Sara Xatun" Qadın Cəmiyyəti, Höteborg-Azərbaycan strategiya və araşdırmalar mərkəzi, Çexiyada Təhsil Alan Azərbaycanlı Tələbələr Birliyi, Bolqar-Azərbaycan Dostluq Mərkəzi və digər təşkilatlar yaradılmışdır. Ümumiyyətlə AAK-ın yaradılmasından sonrakı dövrdə bir çox ölkələrdə yeni diaspor təşkilatları təsis edilib. Bu təşkilatların yaradılmasında əsas məqsəd azərbaycanlıların daha geniş kontingentini diaspor hərəkatına cəlb etməkdən ibarətdir.
- Avropa Azərbaycanlıları Konqresi fəaliyyəti dövründə Avropada Azərbaycan lobbisinin yaradılması istiqamətində nə kimi işlər görüb?
- Lobbi quruculuğu bizim qarşımızda duran ən vacib vəzifələrdən biridir. Ötən dövrdə Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai xadimləri, dövlət adamları, siyasi partiyaların nümayəndələri ilə təmasların qurulmasına xüsusi diqqət yetiriblər. Bu istiqamətdə müəyyən nailiyyətlər də var. 2007-ci ildə Litva Respublikasının Baş naziri Gediminas Kirkilasın Litva Respublikasının hökuməti nəzdində fəaliyyət göstərən Milli İcmalar Şurasının üzvləri ilə keçirilmiş görüşündə Azərbaycan diasporunun nümayəndələri də təmsil olunmuşdu. 2007-ci ilin may ayında Mayns Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Almaniya Federativ Respublikasının Mayns Şəhər Bələdiyyəsinin başçısı Yens Boytelin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri təşkil edilmişdi. 2009-cu ildə Y.Boytelin dəvəti ilə Azərbaycan diasporunun nümayəndələri Maynsda keçirilən Azsaylı Xalqların Beynəlxalq festivalında iştirak etmişdir.
2007-ci ildə "Azər-Çex" Cəmiyyətinin nümayəndələri Çexiya Respublikasının Prezidenti Vatslav Klausla görüşmüş, Azərbaycan icmasının fəaliyyəti barədə ona məlumat vermişlər. Noyabr ayında Niderland Krallığının Amsterdam şəhərində "Avropa Qeyri-Hökumət Təşkilatlarının Hüquqi Şərtləri və Perspektivləri" mövzusunda keçirilmiş qurultayda Avropa Azərbaycanlıları Konqresi və "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin nümayəndələri iştirak etmişlər. Avropada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının dövlətin demokratik sistemindəki rolu barədə də müzakirələrin aparıldığı tədbirdə Amsterdam Universitetinin alimləri Azərbaycan diaspor təşkilatları ilə birlikdə Qafqaza aid I Beynəlxalq Konfrans keçirilməsi barədə razılığa gəlmişlər. Bütün bunlar onun nəticəsidir ki, azərbaycanlı icmaları indi yaşadıqları ölkələrin siyasi elitası, qeyri-dövlət strukturları, kütləvi informasiya vasitələri ilə daha geniş əlaqələr qurmağa nail olurlar. Bizim məqsədimiz isə bu prosesin davamlı olmasını təmin etməkdən ibarətdir. Maksimum dərəcədə çalışmalıyıq ki, Avropada xalqımız və ölkəmiz haqqında obyektiv təsəvvür formalaşdıra bilək. Bunun üçün isə hər bir ölkədə söz və nüfuz sahibi olan insanları Azərbaycan haqqında daha dolğun və obyektiv məlumatlandırmaq lazımdır. Çünki Azərbaycan haqqında həqiqətləri onların dili ilə Avropaya çatdırsaq bu daha yaxşı effekt verə bilər. Eyni zamanda, əlbəttə ki, azərbaycanlılar da yaşadıqları ölkələrdə söz və nüfuz sahibi olmağa çalışmalıdırlar ki, cəmiyyət onların sözünə, verdiyi məlumatların ciddiliyinə inansın.
- Son günlər Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı məsələ ictimaiyyətin geniş müzakirə mövzusuna çevrilib. Avropada yaşayan azərbaycanlıların bu məsələyə reaksiyası necədir?
- Türkiyənin Ermənistanla sərhədlərini bağlaması ötən əsrin 90-cı illərinin əvvəllərindən müəyyənləşdirilmiş bir dövlət siyasətidir. Türkiyə həmişə bəyan etmişdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə sərhədlər açılmayacaq. Amma bu gün Ermənistanın havadarlarının təzyiqi ilə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin gündəmə gəlməsi həmin siyasəti zərbə altına salır. Hesab edirik ki, Ermənistanla sərhədlərin açılması Türkiyə ilə Azərbaycanın qardaşlıq və dostluq münasibətlərinin ruhuna ziddir. Sərhədlərin açılması ilə birinci növbədə Türkiyənin özünün siyasi həyatında çaxnaşma yaranar. Bu, təbii ki, Türkiyəni istəməyən dövlətlərin maraqlarına uyğundur. Sərhədlərin açılması Ermənistan tərəfinə sərf edir. Bu isə Ermənistana qarşı Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi təcrid siyasətinə kölgə sala bilər. Bizim mövqeyimizi Avropadakı türk diaspor təşkilatları da bölüşürlər. Bizimlə söhbət zamanı türk diaspor təşkilatlarının nümayəndələri sərhədlərin açılmasının qəti əleyhinə olduqlarını və bu məsələnin son günlərdə geniş müzakirə mövzusuna çevrilməsindən narahatlıqlarını bildirirlər. Avropada yaşayan azərbaycanlılar sərhədlərin açılmasına qəti etiraz edir və Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq türk dünyasının bütövlüyünə xidmət edən bütün məsələlərdə olduğu kimi bunda da Avropadakı türk diaspor təşkilatları ilə vahid mövqedən çıxış edirik.
- Bəs bu gün işinə başlayacaq Avropa Azərbaycanlıları Konqresinin növbəti qurultayında hansı məsələlər müzakirə ediləcək?
- Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinin 9.2. maddəsinə əsasən təşkilatın ali orqanı olan qurultayların iki ildən bir keçirilməsi nəzərdə tutulmuşdur. Həmin müddətə Konqresin Fəaliyyət Proqramı tərtib olunur və rəhbərliyi seçilir. Konqresin İcraiyyə Komitəsi növbəti III qurultayın 2009-cu ilin 14-15 apreldə Almaniyanın Frankfurt şəhərində keçirilməsini qərara almışdır. Qurultayda AAK-ın ötən dövrdəki fəaliyyətinə qiymət veriləcək, təşkilatın qarşısında duran vəzifələr müəyyənləşdiriləcək və Konqresin Nizamnaməsində müəyyən edilmiş rotasiya prinsipinə uyğun olaraq rəhbər strukturları formalaşdırılacaq. Qurultay çərçivəsində Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı sahəsində qarşıda duran vəzifələr, xalqlarımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələrin aparılması planlaşdırılır. Eyni zamanda, qurultayda AAK-ın daha çevik və dinamik bir təşkilata çevrilməsi ilə bağlı irəli sürülmüş bəzi təkliflərin də müzakirəsi gözlənilir. Hesab edirik ki, bu qurultay Avropadakı Azərbaycan diasporunun tarixində yeni bir mərhələ olacaq.
Sonda bir məqamı da xüsusi vurğulayaq ki, Azərbaycan diasporunun mühüm bir spesifik cəhəti də var: dünyaya səpələnmiş soydaşlarımızın bir qismi müxtəlif səbəblərdən respublikamızı tərk etmiş azərbaycanlılardır. Onlar harada yaşamalarından asılı olmayaraq özlərini azərbaycanlı hiss edir, millətimizi xaricdə layiqincə təmsil etməyə çalışırlar. Müstəqil Azərbaycanın daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurlar onların milli şüurunu, özünüdərkini, torpağa bağlılığını günü-gündən möhkəmləndirir. Eyni zamanda, Avropa ölkələrində məskunlaşmış azərbaycanlı diaspor təşkilatları da soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinə məqsədyönlü xarakter verilməsi yolunda faydalı iş aparır, ölkəmizi daha yaxından tanıtdırmaq üçün müxtəlif tədbirlər həyata keçirirlər.
Şübhəsiz, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edən mütəşəkkil, sanballı bir qüvvəyə çevrilməsi yolunda çox işlər görülməlidir. Əminliklə demək olar ki, Avropa Azərbaycanlıları Konqresinin növbəti qurultayında qəbul olunacaq qərarlar milli diaspor quruculuğu prosesinə mühüm töhfə olmaqla, bu geosiyasi arealda məskunlaşmış dünya azərbaycanlılarının daha sıx birliyinə, əməli fəaliyyətinə geniş imkanlar açacaqdır.
Müsahibəni apardı:
Elnur Hacıalıyev
Azərbaycan.-2009.-14
aprel.-S.3.