"Bir millət, iki dövlət"
fəlsəfəsinin sınağı
Dost və qardaş Türkiyənin bu səmimi və ülvi duyğularımıza eyni qarşılığı verdiyini həmişə düşündüyümüz indiki iqtidarının Ermənistanla sərhədlərin açılması ilə bağlı apardığı danışıqlar Azərbaycan ictimaiyyəti ilə yanaşı, türk xalqının, bu ölkənin millətsevər ziyalılarının, siyasi partiya liderləri və vətəndaş cəmiyyəti institutu təmsilçilərinin də haqlı narazılıq və narahatlığına səbəb olmuşdur. Türkiyə mətbuatında və efir məkanında mütəmadi olaraq hakimiyyət yetkililərinin ermənilərlə "sərhəd bazarlığına" qarşı ciddi təpkilər eşidilməkdədir. "Cümhuriyyət" qəzetinin 6 aprel tarixli sayında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi başkanı Dr. Akkan Suverin qardaş ölkənin bu nüfuzlu media orqanının müxbiri Leyla Tavşanoğluyla "Tək kozumuz kapılar" sərlövhəli müsahibəsi dərc olunmuşdur.
Ankaranın Ermənistanla
münasibətləri normallaşdırmaq yolunda sərhəd
qapılarını açmağa hazır olduğu barədə
xəbərlərin Azərbaycanda yaratdığı
rahatsızlıqların davam etdiyi bir zamanda Mərmərə
Qrupu başkanı Dr. Akkan Suver demişdir:
- Mən sürəkli şəkildə Qafqaz bölgəsi ölkələri ilə müxtəlif səpkili münasibətlərdə iştirak edən bir vəqf başkanı olaraq bu günlər içində olduğumuz təlaş və əndişəni sizlərlə paylaşmaq istərdim. Birmənalı olaraq hesab edirəm ki, Ermənistanla sərhəd qapılarının qeyd-şərtsiz açılması Türkiyə-Azərbaycan əlaqələrinə ağır zərbə vuracaqdır. Biz qonşularımızla zənginliyimizi, son tikəmizi belə bölüşməyi bacaran və belə bir mənəviyyatı müdafiə edən insanlarıq. Ermənistan məsələsinə nə qədər önəm verdiyimizdən də xəbəriniz olmamış deyil. Amma eyni zamanda, bu məsələdə yalnız Türkiyəyə sərf edəcək şərtlərlə yaxınlaşmanın əldə edilməsinin düzgün olduğuna da inanmayanlar cərgəsindəyəm.
Qarşımızdakı tabloya nəzər salın: Ermənistan hələ də Türkiyəyə qarşı soyqırımı iddialarından əl götürməyib, sərsəm torpaq iddialarını gündəmdən çəkməyib. Bunlar azdırmı? Elə isə gəlin bir yaxın keçmişimizə də boylanaq: neçə diplomatımıza qəsd etdilər? Ortada bir Orli terroru var. Bunların hamısının Ermənistanın adına yapıldığından xəbərimiz var. Qarabağda yaşananları, 1 milyon insanın yurdundan necə qovulduğunu da unutmamışıq. On minlərlə insanın necə qətlə yetirildiyini, dəhşətli Xocalı faciəsini yaddan çıxarmaqmı olar? Diqqətinizi BMT, ATƏT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağı əzəli Azərbaycan torpaqları kimi tanıdığına, Dağlıq Qarabağın qeyd-şərtsiz və dərhal Azərbaycana qaytarılması ilə bağlı qərarların mövcud olduğuna da çəkmək istərdim. Bütün bunlardan sonra Türkiyə Prezidentinin İrəvana futbol matçını seyr etməyə getməsini yalnız və yalnız xoş məram jesti, münasibətləri ağ vərəqdən başlamaq istəyi kimi yozmaq mümkündür. Nə gizlədək, hər il ABŞ Konqresi tərəfindən qondarma erməni soyqırımını tanıyacaqları ilə bağlı önümüzə qoyulan bir şantaj da gündəmdədir.
Bütün bunlara rəğmən son dərəcə diqqətli və arif olmaq gərəkdir. Ermənilərlə sərhədlərin açılacağı təqdirdə qondarma erməni soyqırımı məsələsinin ortadan qalxacağını düşünmək ən azı sadəlöhvlük olardı. Bu, birtərəfli ittihamlar müharibəsində Türkiyənin əlindəki yeganə tutalqa sərhəd qapılarıdır. Gəlin bir anlığa təsəvvür edək: sərhədlər açılarsa, qazancımız nə olacaq? Bir kimsə məni qınamasın, yalnız Qarsda, İqdırda 40-50 nəfər varlanacaq, vəssalam! Əvəzində Türkiyə əlindəki müstəsna əhəmiyyətli bir tutalqadan qarşılıqsız olaraq məhrum olacaqdır. İkinci daha vacib bir məqam, bu barədə düşünmək belə istəmirəm - Türkiyə-Azərbaycan münasibətləri geriləyəcəkdir.
On beş ildən bəridir ki, iki dost ölkə,
qardaş millət arasındakı münasibətlərin daha
da inkişaf etməsinə əmək sərf edən bir vəqf
başkanı kimi üzülərək, həm də qətiyyətlə
söyləyirəm: - böyük əziyyətlər
hesabına qovuşub qoruduğumuz bu dostluğu
pozmağa bir kimsənin haqqı və gücü cata bilməz.
* * *
Dr. Akkan Suver Azərbaycan ictimaiyyətinə bəlli şəxslərdəndir. O, Türkiyənin qəlbində təmənnasız-filansız əsl Azərbaycan sevdası daşıyan, bütün taleyüklü məsələlərdə əqidədaşları ilə birgə yanımızda olduğunu bəyan və sübut edən millətsevər və dövlətcil ziyalılardandır. Son günlərin hər iki ölkənin mətbuatında fırtına qoparmış olayı ilə bağlı bizlərdən daha öncə reaksiya səsləndirməsi də onun Türkiyə-Azərbaycan münasibətlərinə nə qədər müstəsna əhəmiyyət verdiyini bir daha təsdiqləyir. Onunla telefon əlaqəsi yaratmaq qərarına gəldik. Əski jurnalist, bir neçə kitabın müəllifi, nüfuzlu dərgi və qəzetlərin baş yazarı olmuş Dr. A.Suver "əski dostluğa vəfa nümunəsi olaraq" "Azərbaycan" qəzetinin onu arayıb-axtardığından sevindiyini gizlətmədi və bu mövzu ilə bağlı düşüncələrini məmnuniyyətlə bölüşdü:
- Bilirsiniz, hesab edirəm ki, Türkiyə ilə Azərbaycanın dostluğunu sərhəd məftilləri, coğrafi yaxınlıq, iqtisadi mənfəət və bu kimi digər maddi təyinatlara müncər etmək düzgün olmazdı. Bu münasibətlərdə əsas söz sahibi iki qardaş millətin əsrlərin yaddaşından süzülüb gələn genetik doğmalığı, ruhən birgəliyi, amal, əqidə, məfkurə qardaşlığıdır. Və bu gəlişigözəl, avazıxoş ifadələr deyil, yaxın tariximizin sınağından çıxmış həqiqətdir. Tarix özü bizlərin sevinc və kədər payını tən bölüb. Çanaqqala və Geliboluda Azərbaycandan qardaş köməyinə gəlmiş igid oğullarla Anadolu bahadırları yan-yana uyuyur. Bakının ən uca nöqtəsində, Vətən uğrunda canını fəda etmiş şəhidlərlə bir torpaqda ötən əsrin əvvəllərində Nuru Paşanın başçılığı altında Bakını erməni-bolşevik qırğınından xilas etməyə gəlmiş türk əsgərlərinin nəşi yatır.
Bəli, etiraf etməliyik ki, bu gün bəşər övladı çox çətin anlar yaşayır. Dünya tək coğrafi cəhətdən en və uzunluqlara deyil, siyasi prizmadan da nüfuz dairələrinə bölünüb. Eyzən meşədəki kimi, baxırsan, bir çaqqala bir ayı dayılıq yapır, qosqoca qurdsa tülkülərin əlində naçar qalıb. Türkiyə, Azərbaycan kimi dünyəvi görüşləri bölüşən müsəlman ölkələrinə isə lap çətindir. Niyə? Çünki biz inkişaf edirik. Avropanın qocalmasına rəğmən bizlər həm iqtisadi, həm də demoqrafik baxımdan cavanlaşırıq, sürətlə inkişaf edirik. Ona görə də Ermənistan kimi alət ölkələrdən bizlərə əngəl, badalaq kimi istifadə edirlər.
Mənfur erməni xislətinin acı oyunlarını öz taleyində dönə-dönə yaşamış azəri qardaşlarımız bilməmiş deyillər ki, bu namərd qonşular ötən yüzilin əvvəllərində bəzi xarici havadarları ilə birləşərək Türkiyəni xəritədən silmək üçün nə kimi məkrli əməllərə qol qoydular. Hər il uydurma soyqırım iddialarını ortaya atdılar. Çörəyini yeyib suyunu içdikləri Türkiyəyə torpaq iddiaları səngimir. Terror dəstələri yaradıb xarici ölkələrdə neçə diplomatımızı, nə qədər dinc əhalini məhv ediblər?! Bunları unutmaqmı olar? Bəs qardaş Azərbaycanın başına gətirdikləri? Evindən-eşiyindən, babalarının qəbrindən uzaq düşmüş 1 milyondan artıq qaçqın və köçkünün, on minlərlə oğulsuz qalmış anaların, atasını itirmiş uşaqların, ərsiz gəlinlərin hesabını kim soracaq ermənilərdən? Dünyanı lərzəyə gətirən Xocalı qətliamı ermənilərin vicdanına yazılmadımı? Zatən, budur ikili standartlar, böyük ölkələrin ikiüzlülüyü. Axı, nəyə görə Amerika kimi superdövlət, Avropa bir ovuc erməninin əlində aciz qalıb? Dilimə gətirmək istəmədiyim cavabları, heç şübhəsiz, sizlər məndən də yaxşı bilirsiniz. Amma nə edək, nə Türkiyə, nə də Azərbaycan özünü nə bu ikiüzlü dünyadan, nə də onun ədalətsiz oyun qaydalarından təcrid edə bilər.
Bəli, xeyli vaxtdır ki, Türkiyə iqtidarı rəsmi İrəvanla ikitərəfli danışıqlar aparır. Onun formatı da bəllidir, müzakirə predmeti olan məsələlər də. Ortada bir sərhədlərin açılması məsələsi də var ki, ABŞ Prezidenti Türkiyədə olarkən bu məsələnin müsbət həllində maraqlı olduğunu gizlətməmişdi. Azərbaycan Prezidenti zati-aliləri İlham Əliyev fövqəladə qətiyyət və prinsipiallıq sərgiləyərək İstanbulun ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyaların Alyansı təşəbbüsünün İkinci Dünya Forumuna qatılmadı. Bu, əslində, etiraf edilməsə də, məsələnin nə qədər həssas və təhlükəli olduğuna bir mesaj idi. Məntiqlə, bundan sonra sərhədlərin açılması ilə bağlı hər hansı bir məsələ müzakirə mövzusu ola bilməzdi. Təbii ki, iki ölkə arasında sərhədlərin açılması hər şeydən öncə diplomatik bazarlıq məsələsidir. Bazarlıq olan yerdə isə ortada mütləq hər iki tərəfin mənfəəti olmalıdır. Gəlin baxaq: indiki halda Ermənistan nə yalançı soyqırım, nə də ki, ərazi və təzminat iddialarından əl çəkir. Yəni ortada, sadəcə, Amerika Cümhurbaşkanı Obamanın bir - "afərin" - mesajı yer ala bilir. Məgər bu mesaj Türkiyə xalqının çıxarlarını, maraq və mənafelərini qarşılaya biləcək qədər önəmə malikdir? Türkiyə 1993-cü ildə sərhədlərini qapayarkən ortaya konkret tələblər qoymuşdu. Məgər işğalçılığı özünün dövlət siyasəti səviyyəsinə qaldırmış Ermənistan zəbt etdiyi Azərbaycan torpaqlarından çəkilibmi? Rəsmi İrəvanın sərhəd məsələsində arxayınçılığı o dərəcəyə çatıb ki, bu məsələnin həllində Ankaranın şərtlərlə danışmasını qəbuledilməz hesab edir.
Türk xalqı Ermənistanla sərhədlərin açılması məsələsində fərqli düşüncəyə malikdir. Zatən, hakimiyyət maraqları həmişə keçici, dövlətin maraqları isə daimi olub. Türkiyə demokratik, açıq, dünyəvi bir dövlətdir. O bütün qonşu və qonşu olmayan ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir, sülhü və inkişafı təbliğ edən siyasət yeridir. Və nə qədər humanist davranış sərgiləsə belə, özünün milli ideologiyasını, daxili və xarici siyasətini türk düşmənçiliyi üzərində kökləyən, Ağrı dağını öz dövlət gerbində siyasi-milli kimlik rəmzinə çevirən Ermənistan türk dünyasına dost olmayacaqdır. Bunu Türkiyədə bilməyən yoxdur. Yox, əgər varsa, qulaqdan sırğa etməsi lazım.
Azərbaycan xalqının bildiyi qədər, özünün son açıqlamalarında Türkiyənin Cümhurbaşqanı hörmətli A.Gül və Baş nazir hörmətli R.T.Ərdoğan Azərbaycanın işğal edilmiş torpaqları azad edilməyincə sərhədlərin açılması ilə bağlı hər hansı bir anlaşmanın söz konusu olmayacağını qəti şəkildə bəyan etmişlər. Üç gün əvvəl mətbuata verdiyim bəyanatda da bir daha vurğulamışam ki, Türkiyənin Azərbaycan siyasəti dünəndən bu günə, bu gündənsə sabaha olduğu kimi davam edəcəkdir.
İki qardaş xalqın iki müqtədir dövlət adamı - Mustafa Kamal Atatürk və Heydər Əliyev demişlər: "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Biz bir millət, iki dövlətik". Hər kim bundan daha yaxşısını söyləyə bilərsə, iki millətin qardaşlığını daha bariz ifadə edə bilərsə, buyursun. Ancaq aramıza girməyə cəhddə bulunmasın. Əminəm ki, heç bir ötəri siyasi bəyanat, konyunktur yanaşma Türkiyə-Azərbaycan dostluq və qardaşlığının məsumluğuna və möhkəmliyinə kölgə sala bilməyəcəkdir.
Təqdim etdi:
Xalid Niyazov
Azərbaycan.-2009.-14
aprel.-S.5.