Tarixin qan yaddaşı
Erməni terroru həyatın
hər dönəmində Azərbaycan xalqına, onun ən fədakar,
ən qeyrətli oğullarına qarşı sistemli surətdə
mübarizə aparır. Dövrün ab-havasına uyğun
"iş metodu" seçilir. Bəzən açıq
şəkildə, bəzən də için-için, xəlvəti
surətdə elin mənəvi sərvətlərini hədəfə
alır, öz mənfur niyyətlərini asta-asta, usta-usta həyata
keçirirlər. Şəxsiyyətə pərəstişin
amansız dalğasından da erməni nankorları məharətlə
istifadə elədilər. Başda duran rus şovinistlərinin,
eləcə də sapı özümüzdən olan
baltaların köməyinə arxalanaraq qanlı 37-ci ildə
on minlərlə sayseçmə ziyalımız güllələndi.
Bu mənfur dalğa Nizami yurdu qədim Gəncənin yetirmələrindən
də yan keçmədi.
İstintaqın üçüncü üsulu
Mikayıl Hüseynov
(1900-1937). İlk təhsilini Gəncədə alıb. Sonra
Bakıda oxuyub. Müxtəlif ali məktəblərdə dərs
deyib, redaksiyalarda çalışıb. Tədricən Azərbaycan
K(b)P MK-nın şöbə müdiri vəzifəsinə qədər
yüksəlib.
1937-ci il yanvarın 29-da M.C.Bağırovun sədrliyi ilə Mərkəzi Komitənin bürosu keçirilirdi. Büronun qərarında deyilirdi ki, "Azərbaycan K(b)P MK-nın partiya təbliğatı, təşviqatı və mətbuat şöbəsinin müdiri Mikayıl Namaz oğlu Hüseynovun 1923-1924-cü illərdə trotskiçi meyilləri haqqında daxil olan materiallarla əlaqədar o, tutduğu vəzifədən və partiya sıralarından xaric edilsin, plenumun üzvlüyündən çıxarılsın, habelə respublika təbliğatçıları kursunun müdiri, Marksizm-Leninizm İnstitutunda və təbliğatçılar məktəbində müəllimlik vəzifəsindən götürülsün".
Beləcə, şər qazanı işə düşür. Müstəntiq Şer on-on beş il əvvəl Hüseynovun trotskiçi görüşləri haqqında bir "xeyirxahın" yazdıqları əsasında sorğu-suala başlayır, yavaş-yavaş M.Hüseynovun həyat yolunu ələk-vələk edir. Guya, haçansa Qənbər Sadıqov adlı bir nəfər ədliyyə işçisi söhbət zamanı sosializm quruculuğuna şübhə ilə yanaşmışdır. Sən demə, söhbət zamanı Mikayıl Hüseynov da orada olubmuş. Müstəntiq Şer daşdan keçən bir məntiqlə nəticə çıxarır: "Bir halda ki, siz Qənbər Sadıqovu vaxtında ifşa etməmisiniz, deməli, özünüz də onun fikri ilə həmrəy olmusunuz. Deməli, siz əksinqilabi millətçi mövqeyində durmusunuz".
Vəssalam. Dəqiq və aydın! Hünərin var, bir söz de! Bu qəbildən bir sıra faktlar, üzləşmələr, dəqiqləşmələr... Mikayıl Hüseynov çaşıb qalmışdı. Axı, bunların hamısı yalan, hamısı uydurma, hamısı böhtandır! Deyilənləri qəti şəkildə rədd edir. Müttəhimin "əksinqilabi inadkarlığı"nı görən müstəntiq 1937-ci il iyulun 17-də yeddinci istintaq zamanı hiddətlə bildirir: "Nahaq müqavimət göstərirsiz. Düz danışmağı və günahınızı etiraf etməyinizi məsləhət görürəm. Əks təqdirdə, digər metodlardan istifadə edəcəyəm".
Hansı idi bu digər metod?
1936-cı ildə
Beriyanın rəsmi sərəncamı ilə dustaqlardan
lazımi ifadələri qoparmaq üçün onları vəhşicəsinə
döyməyə, hər cür zorakı tədbirlərə
əl atmağa icazə verilirdi. Buna "üçüncü
üsul" deyilirdi.
1937-ci ilin qurbanlarından bir
neçə adamdan istintaq prosesi barədə məlumatlarla
Siyasi iqtisad sahəsində ilk professor
Balabəy Həsənbəyov
(1899-1937). Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini
bitirib. Qırmızı professorlar İnstitutunun dinləyicisi
olub. "Qızıl Gəncə" qəzetinin redaktoru
işləyib. Kənd Təsərrüfatı İnstitutunda
siyasi iqtisad kafedrasının müdiri vəzifəsində
çalışıb. 1935-37-ci illərdə Azərbaycan
Dövlət Universitetinin rektoru olub.
Əsasən işçi
qüvvəsinin yerləşdirilməsi məsələlərinin
tədqiqi ilə məşğul olurdu. 1931-ci ildə "Azərbaycanda
işçi qüvvəsinin təkrar istehsalı problemi"
adlı doktorluq dissertasiyasını uğurla müdafiə
edir. Daim ölkənin taleyini, iqtisadi durumunu
düşünür, dəyərli fikirlər irəli
sürürdü. Elə bu nəcib fəaliyyətinə
görə də ittiham edilib. Sən demə, "Balabəy
Cabbar oğlu Həsənbəyov universitetdə millətçi
əhval-ruhiyyəli şəxslərdən - Ağamir Məmmədov,
Heydər Verdiyev, Abdullayev və başqalarından ibarət məxsusi
bir dəstə düzəldibmiş. Beləliklə, o, "mədəni
cəbhədə ziyankarlıq işi aparır, hökuməti
devirməyə çalışır, Kalininə,
Voroşilova və Bağırova qarşı terror
hazırlayırmış". Ən kəskin ittihamlardan biri
də bu oldu ki, professor Həsənbəyov iclaslarda və
mühazirələrdə yoldaş Leninin və dahi rəhbərimiz
Stalinin əsərlərindən az sitat gətirirmiş.
Balabəy Cabbar oğlu istintaqda
bir müddət dözür, hər əzab-əziyyətə
tab gətirir, heç bir fitnə-fəsada uymadan, deyilənlərin
hamısının yalan, iftira olduğunu mərdi-mərdanə
söylədi.
Yalnız dördüncü
istintaqda, mənfur "üçüncü üsul"un tədbiqindən
sonra hər şeyi "etiraf etdi".
1937-ci il oktyabr ayının
10-da hərbi kollegiyanın səyyar sessiyası qərar verir:
"B.C.Həsənbəyovun işilə bağlı məhkəmə
iclasına müdafiəçisiz, ittihamçısız və
şahidlərsiz baxılsın". Oktyabrın 11-də
baxılır. Oktyabrın 12-də isə məhkəmənin
hökmü yerinə yetirilir. Siyasi iqtisad sahəsində Azərbaycanın
ilk alimi, professor Balabəy Həsənbəyov amansız
repressiyanın qurbanı olur.
O, mərd, mübariz insan idi
Əyyub Xanbudaqov (1893-1937). Gəmi
kapitanının müavinliyindən, Mərkəzi Komitənin
katibi vəzifəsinə kimi gəlib çatıb.
Ömrünün sonunda ZSFSR Xalq Komissarlığında
çalışırdı. Mərd, mübariz insan idi. Yeri gələndə,
lap elə Stalinin özünə də sözünü deyib.
İyirminci ildə gəncəli
Əyyub Şirin oğlu fövqəladə komissiyanın sədri
təyin olunub. 1922-ci ilin mart ayında isə Azərbaycan K(b)P
Mərkəzi Komitəsinin katibi seçilib. Xanbudaqov
qulluğa qalxan kimi bir daha yəqin oldu ki, el-oba
üçün necə gərəkli, qiymətli oğuldur.
1923-cü ilin axırında
Bakı Sovetinin iclasında kəndə qayğıdan söhbət
düşdü. Xanbudaqov təklif etdi ki, Maştağada
güclü bir ərzaq bazası yaratmaq olar. Gəlin,
üç yüz min manat pul buraxaq, kəndə yol çəkək,
abadlıq işi görək. Ümumən, gərək kəndlərimizi
ayağa qaldıraq.
Bakı Şəhər
Partiya Komitəsinin katibi L.Mirzoyan o dəqiqə etiraz elədi.
Xanbudaqovun bütün cidd-cəhdi hədər getdi.
L.Mirzoyanla onsuz da sərin olan münasibəti bir az da kəskinləşdi.
Bakı Soveti sədrinin seçkisi zamanı Xanbudaqov onun millətçi
iç üzünü açıb göstərdiyi
üçün vəziyyət daha da gərginləşdi.
Moskva. Aprel 1923-cü il.
Partiyanın XII qurultayı gedir. Hamının qəlbindən
xəbər verən milli məsələ müzakirə
olunur. Əyyub Şirin oğlu hər sözü, hər kəlməni
tutmağa çalışır. İri dəftərçəyə
sürətlə qeydlər yazır. Kefi kökdür. Tez-tez
gülümsünür, sifəti nurlanır.
Bakıya qayıdan kimi milli
məsələ üzrə xüsusi komissiya təşkil
olunur.
Kəskin mübahisələr,
qızğın müzakirələr zamanı Xanbudaqovun
üç təklifi hamılıqla bəyənilir. Budur, həmin
üç təklif: ölkədə sənayeləşdirilmə
sürətləndirilməli, yerli əhalidən istehsalata
çox adam cəlb olunmalı və bir də partiya
aparatına daha çox azərbaycanlı götürülməlidir
ki, onlar ən mühüm dövlət işlərinin həllində
iştirak etsinlər.
Xanbudaqovun fikri qətidir: Azərbaycanda
yaşayan və yaxud bura gələn hər məsul
işçi ilk növbədə, Azərbaycan dilini öyrənməlidir.
L.Mirzoyan və onun əlaltıları o dəqiqə
hay-küy qoparır. Guya Xanbudaqov başqa millətdən olan
işçilərin Azərbaycandan qovulmasını tələb
edir. Şayiələr, böhtanlar hörümçək
toru kimi bürüyür onu. Düşmən dəyirmanına
su tökənlər də tapılır. Xanbudaqovun gerçək
sözünü eşidən olmayır. Mirzoyanların
yalanı isə ayaq açıb yeriyir. Əyyub Xanbudaqov iki
ildən sonra millətçi-təmayülçü
damğası ilə Azərbaycan K(b)P MK-nın katibi vəzifəsindən
azad edildi.
Sonra o, Azərbaycan Kənd Təsərrüfatı
Bankında, Azərittifaqın idarə heyətində, ZSFSR
Xalq Komissarlığında işləyir. Hər yerdə, həmişə
də öz sözünü deyir. Və həmişə, hər
yerdə də mirzoyanların fitnə-fəsadı ilə
üz-üzə gəlir...
1924-cü il aprelin 27-də
"Bakinski raboçi" qəzetində Ə.Xanbudaqovun
"Milli məsələyə dair" məqaləsi dərc
olunur. Müəllif ürək ağrısı ilə
yazırdı ki, "XII qurultayın qərarlarının
heç yüzdə bir hissəsi də həyata
keçirilmir".
Aləm bir-birinə
qarışır. Necə? "Stalin yoldaşın qərarları
həyata keçmir?" Elə həmin gün
ümumbakı partiya konfransı milli məsələdə
antibolşevik təmayüllər haqqında qətnamə qəbul
edilir: heç şübhəsiz, mirzoyanların təkidi, tələbi
ilə.
1927-ci il noyabrın 1-də
isə Bakı partiya təşkilatının on yeddinci
konfransında Əyyub Xanbudaqov ölkədə
yaranmış dözülməz vəziyyəti cəsarətlə
açıqlayır: "Partiya aparatında bürokratizm
güclənir, demokratiya məhv edilir, məcburetmə sistemi,
cəza tədbirləri sürətlə artır,
ağızyumma, boğma, partiyadan qovma, başavurma rejimi
yaradılır, partiya özəklərində iş
solğunlaşır, partiya aparatının inhisarçı,
imtiyazlı vəziyyəti getdikcə güclənir".
Sonra da heç kəsdən
qorxub-çəkinmədən belə bir fakt söyləyir
ki, Kominternin İcraiyyə Komitəsinə seçilmiş
üzv və namizədlərdən 12 nəfəri Stalin tərəfindən
vəzifədən qovulmuş, işdən xaric edilmişdir.
Cəsarətə fikir
verirsiniz? "Stalin tərəfindən qovulmuş..."
İzah etməyə, gerisini söyləməyə ehtiyac
varmı? Gəncə ziyalısı Əyyub Şirin oğlu
Xanbudaqov belə cəsur insan idi!
Gerisi? 1936-cı il
dekabrın 18-də gecə yarısı qapı
döyüldü. On ay qaranlıq zirzəmidə qalandan sonra
xalq düşməni olduğu "sübut edilir"... və
elə oradaca güllələnir.
Hamısı yalan, hamısı böhtan
Ağamir Məmmədov
(1900-1938). Tarixçi-alim, SSRİ Elmlər Akademiyası Azərbaycan
filialının elmi əməkdaşı, Azərbaycan
Dövlət Universiteti əsaslı kitabxanasının
direktoru.
1937-ci il oktyabrın 14-də
respublikanın rəhbər orqanlarına imzasız məktub
daxil olur. "Mən sizə əsl bir müsavatçı
haqqında məlumat verməyi özümə borc bilirəm.
Akademiyanın elmi işçisi, ADU-nun və APİ-nin müəllimi,
xalq düşməni, professor Həsənbəyovun sağ əli,
Kirovabad şəhərində anadan olmuş, Bakıda
çoxdan yaşayan vətəndaş Ağamir Məmmədov,
onun atası, əmisi oğlanları, bir sözlə,
bütün məmmədovlar ailəsi Müsavat partiyasının
üzvüdürlər. Həsənbəyovun bütün
sirlərini Ağamir Məmmədovdan öyrənmək
olar..."
Kifayətdir. A.Məmmədov
o dəqiqə həbs edilir.
Böhtançı-iftiraçı istintaq maşını təcili
hərəkətə gəlir.
"Sübutlar"
çoxdan hazırdır, "şahidlər" sanki
qapı dalında gözləyirdilər. Biri deyir,
"Ağamir Məmmədovun "Bəhai" və
"İslam, yaxud panislamizm" kitablarında onun əksinqilabi
görüşləri açıq-aydın
görünür". Başqa birisi yazır ki, "Azərbaycanda
kəndli üsyanı" adlı broşürasında A.Məmmədov
çarizmə qarşı mübarizə aparan kəndlilərlə
yanaşı bəy və xanları da mübariz kimi
ideallaşdırır".
A.S.Bukşpan adlı bir nəfər
isə göstərir ki, "Ağamir Məmmədov
özünün "Çarizm dövründə Azərbaycanda
təhkimçilik münasibətlərinin qanuniləşdirilməsi"
əsərində çarizmin yeritdiyi təhkimçilik
qaydalarının indi də təkrar olunduğunu iddia edən
görüşləri təbliğ edir".
Afərin, Ağamir Məmmədov!
Demək, irticanın kəsəkəs vaxtında da öz
sözünü deyə bilirdi.
Tarixçi-alim
üçaylıq qərəzli istintaqın hər cür əzab
və əziyyətinə mərdanə dözür.
Bütün sənədlərdə qeyd olunur ki, "Müttəhim
A.S.Məmmədov özünü günahkar bilməmişdir".
Nə olsun?! Hökm qabaqcadan
hazırdır. 1938-ci il yanvarın 5-də Ağamir Sadıq
oğlu Məmmədov güllələnməyə məhkum
edildi.
Qəddarlıq bununla bitmir.
Alimin həyat yoldaşı, yazıçı-pedaqoq Rəşid
bəy Əfəndiyevin qızı Neymə xanım da 8 il
müddətinə azadlıqdan məhrum olunur.
Kişi qeyrətli Neymə Rəşid
qızı uzaq Sibirdən qayıdan kimi sədaqətli həyat
yoldaşının saf adının təmizə
çıxarılması üçün cidd-cəhdlə
çalışır. Məhz onun təkidi, tələbi ilə
1938-ci il 5 yanvar tarixli hökm cinayət tərkibi
olmadığına görə ləğv edilir.
Fikir verirsizmi? Cinayət tərkibi
olmadığına görə! Bu idi dövrün ictimai
siması, sosial ədalətin iç üzü!
Jurnalistin taleyi
İbrahim Eminbəyli
(1894-1937). 1920-ci ildə Gəncədə quberniya komissarı,
sonra Qəza İcraiyyə Komitəsinin məsul katibi,
Bakıda "Kommunist" qəzetinin redaktoru, "Azərnəşr"in
direktoru, Konservatoriyanın rektoru olub. 1937-ci ildə Mətbuatda
Dövlət Sirlərini Mühafizə Edən Baş İdarənin
(Qlavlitin) rəisi idi. Azərbaycan K(b)P MK-nın üzvü
olub.
Ölüm-cəza
maşını heç nəyə baxmır, heç kəsə
rəhm eləmir. Haqq-nahaq hamını caynağına
alıb aparırdı. Dövrün tanınmış
jurnalistinin də taleyi çox müşkül oldu. 1937-ci il
yanvarın 28-də, gecənin bir vaxtı İbrahim Eminbəylinin
də qapısı döyüldü. Meşin plaşlı məmurlar
"sədaqətli bolşevik"in qollarını
bağlayıb apardılar.
Hara? Niyə? "Orada bilərsən!"
Evində axtarış gedir. Zinovyevin "Oktyabrın dərsləri",
M.Hüseynovun "Müsavat partiyası keçmişdə və
indi" və bir də Ə.H.Qarayevin "Yaxın keçmişdən"
adlı kitabları tapıldı:
- Nə üçün əksinqilabi
ədəbiyyatı saxlayırsız?
- Qlavlitin rəisi kimi mən
bu kitabları saxlaya bilərəm.
- İstintaqa bəllidir ki,
siz əksinqilabi-millətçi təşkilatın
üzvüsünüz?
- Qəti şəkildə rədd
edirəm. Mən heç bir gizli təşkilatın
üzvü deyiləm.
Əzici-üzücü
sorğu-sual aramsız davam edir.
Hələ də
yuxarıların ədalətinə inanan təmizqəlbli,
sadə, səmimi Eminbəyli iki-üç dəfə
Bağırova müraciət edir, haqqın-ədalətin
üzə çıxarılmasında kömək istəyir.
Bir şey çıxmır. Xalq Komissarları
Şurasının sədri H.Rəhimovun adına ərizə
yazır: "Altı aydır ki, həbsdəyəm. Beş
aydan çoxdur mənimlə heç bir istintaq
aparılmır. Ayda bir dəfə çağırıb
soruşurlar. "Nədir, boynuna alırsan?" Mən də
cavab verirəm: "Xeyr! Boynuma almalı heç bir şey
yoxdur". Qəzəblə, nifrətlə deyirlər:
"Onda get otur, istirahət elə. Boynuna aldın-almadın,
cəzan onsuz da hazırdır".
Saf ürəkli Eminbəyli
hökumət başçısından kömək umur, cavab
gözləyirdi. Amma xəbəri yox idi ki, H.Rəhimovun
özü də artıq həbs olunub. Bəlkə də elə
onun böyründəki nəmli, qaranlıq kamerada yatır.
Nəhayət, növbəti
istintaq. "Üçüncü üsul" tətbiq
edilir. Və zavallı Eminbəyli müstəntiqin diktəsi
ilə əlləri əsə-əsə Sumbatov-Topuridzeyə
"tövbə" ərizəsi yazır.
Bununla da hər şey
başa çatır. Hökm verilir, qərar icra olunur. Qlavlit
kimi sosializm cəmiyyətinin bel sütunlarından birinə rəhbərlik
edən "sədaqətli bolşevik" İbrahim Abdulla
oğlu Eminbəyli xalq düşməni kimi güllələnir.
Dilin saflığı keşiyində
İdris Həsənov
(1897-1950). ADU-nun şərqşünaslıq fakültəsini
bitirib. Moskvada, SSRİ Xalqları İnstitutunun
aspiranturasında oxuyub. Respublika Elmlər Akademiyasının
Dil-Ədəbiyyat İnstitutunda əvvəl şöbə
müdiri, sonra isə direktor müavini olub. Tanınmış
dialektoloq alimdir. 1932-ci ildə latın qrafikası əsasında
korlar üçün nöqtəli hərflərin layihəsini
hazırlayıb.
Taleyi necə oldu? 1938-ci ilin
aprel ayında həbs edilərək məhşər
ayağına çəkilib. Niyə? Nə
üçün? Həmin günlərdə alimin iş yerində
yazılmış mənfur bir "qara kağızı"
nəzərdən keçirək:
"İnstitutun keçmiş
direktor müavini İdris Həsənovun haqqında
sorğunuza belə cavab veririk: İdris Həsənov Azərbaycan
dilçiliyi sahəsində uzun müddət pantürkist təbliğat
və ziyankarlıq işi aparmışdır. O, 1926-cı
ildə çapdan çıxmış "Gəncə əhalisinin
dialektində mənsubiyyət şəkilçisiz isimlərin
hallanması" adlı ilk əsərinin elə birinci sətrindən
özünün pantürkist təbliğatını
yaymağa başlayır. Onun bütün fikir və
mülahizələri "vahid qədim türk dilləri"nin
varisi olan türk dili haqqında
pantürkist-müsavatçı ideyaların davamıdır.
Pantürkist ideyaya sadiq olan İ.Həsənov Azərbaycan
dilinin qrammatikasına Osmanlı formalarını tətbiq etmək
fikrində olduğunu söyləmişdir (məsələn,
"almamış", "gəlməmiş",
"almadan", "gəlmədən" və s.). Bundan əlavə,
Azərbaycan dilində o, rus və beynəlmiləl sözləri
varvarizm və "yad" sözlər
adlandırmışdır.
"Azərbaycan zəhmətkeşlərinin
İ.V.Stalinə məktubu"nun mətnindən sitat gətirən
İ.Həsənov qeyd edir ki, "Azərbaycan dili Azərbaycan
məktəblərindən az qala, qovulmuşdur". Dili
kobudcasına təhrif hesab etmək olmaz. Bu, əksinqilabi fitnəkarlıq
və böhtandır!
Azərbaycan dilinin
orfoqrafiyası işlənib hazırlanarkən İ.Həsənov
digər vətən xainləri ilə birlikdə dilimizi ərəb,
fars və Osmanlı sözləri ilə doldurmağa
çalışmış, bununla da, Qərbin, kapitalist
ölkələrinin mədəniyyətini təbliğ
etmişdir. APİ üçün müəllim
kadrlarının hazırlanması işində də
ziyankarlıq mövqeyindən fəaliyyət göstərmişdir".
Bax belə! Qısa,
aydın! Xalqın dilini, ənənəsini ürəkdən
araşdırıb öyrənən cəfakeş bir alim
"xalq düşməni" imiş. Sən demə, o, millətçi,
pantürkist ideyalarını yayır, "orfoqrafiyanın
ziyanlı təşkilində fəallıq göstərirmiş".
Hamısı yalan, hamısı sabun köpüyü,
böhtan, iftira! İstintaqın hər cür əzab-əziyyətinə
dözür, qürurunu sındırmır. Sona kimi
sözü bu olur: "Mən günahkar deyiləm!"
Kimdi baxan?! 1939-cu il iyunun 2-də
qəti qərar verilir: "İdris Məşədi Zaman
oğlu Həsənov antisovet təşkilatında
iştirakına görə 8 il müddətinə islah-əmək
düşərgəsinə göndərilsin!" Bir müddət
Krasnoyarsk diyarında dustaq olur. Uzaq Maqadanda kəskin infark
keçirir. Əzilib-üzülmüş alimdə fikir-xəyaldan
ciddi əsəbilik yaranır.
1946-cı il aprelin 3-də Gəncəyə
qayıdanda professor İdris Həsənov 6 saylı məktəbdə
sıravi müəllim işləməyə başlayır.
Sən demə, amansız
dövranın burulğanı hələ heç də
sovuşmayıbmış. 1949-cu ilin dekabrın 21-də o,
"təhlükəli element" kimi yenidən həbs
edilir.
İkinci dəfə "vətən
xaini"! Vətənin taleyi üçün
alışıb-yanan fədakar bir insan dözə bilərdimi
buna? Həyata son ümidini, inamını biryolluq itirmiş gəncəli
alim İdris Həsənov dözmədi: 1950-ci il noyabrın
3-də özünü dənizə ataraq əbədi olaraq
dünyasını dəyişdi.
Daha bir günahsız müqəssir
Abdulla Tağızadə
(1897-1938). İlk təhsilini Gəncədə alıb, sonra
Bakıda oxuyub. SSRİ Elmlər Akademiyası Azərbaycan
filialının elmi işçisi, APİ-nin dilçilik
kafedrasının müdiri olub. Azərbaycan orfoqrafiyası və
terminologiyası sahəsində tanınmış mütəxəssislərdən
biri sayılır.
37-nin amansız
burulğanında insanlar dəstə-dəstə gedirdilər.
İstintaq işlərindən birinə baxırıq:
¹12493. Təkcə bu saralmış qovluqla yüzlərlə
adamın taleyi həll olunub. Onlardan biri də Abdulla Məmməd
oğlu Tağızadədir. Həmin ittiham işi üzrə
200-cü müttəhim.
1937-ci il martın 17-də həbs
edilib. "Günahları" bəllidir. A.Tağızadə
haqqında dövrün bədnam sənədlərindən
birində oxuyuruq:
1. 1929-cu ildən əksinqilabi
millətçi, pantürkist, terror təşkilatının
üzvü olmuşdur.
2. Bu təşkilatda əksinqilabi
fəaliyyət göstərmiş və elmi-tədqiqat xətti
üzrə dilçi mütəxəssis kimi ziyankarlıq
işi aparmışdır.
3. Öz mühazirələrində
əksinqilabi millətçi və pantürkist
görüşlər təbliğ edərək pedaqoji sahədə
də əksinqilabi iş aparmışdır.
4. Partiya və hökumət
rəhbərlərinə qarşı terror aktları tətbiq
etmək, silahlı üsyan hazırlamaq yolu ilə milli
respublikaları SSRİ-dən ayırmaq və vahid
pantürkist dövləti yaratmaq mövqeyində durmuşdur.
İstintaq isə hələlik
heç nəyi sübuta yetirə bilmir. Səkkizinci dindirmə
zamanı da Abdulla Tağızadə qondarma ittihamların
hamısını qətiyyətlə rədd edir. Kim idi əl
çəkən? Bir halda ki, məhkumdur, o, mütləq məhv
ediləcək.
1937-ci il sentyabrın 12-də
istintaqın daha 6 ay uzadılmasına icazə alınır.
Yenə eyni suallar, eyni hədələr, eyni şahidlər.
Nəhayət,
"üçüncü üsul" işə
düşür.
Gəncəli dilçi-alim
1938-ci il yanvarın 12-də "xalq düşməni"
kimi güllələnir. İstintaq işindəki sənədlərdən
birindən bəlli olur ki, onun şəxsi kitabxanası da
yandırılıb.
İnayət Rəfiyev və qeyriləri
Ölüm - cəza
maşını dayanmadan işləyir, rastına kim
çıxırsa, hamısını doğrayıb
tökürdü. O müdhiş illərdə Gəncə
toxuculuq kombinatının sabiq direktoru İnayət Rəfiyev,
kollektivin təzə rəhbəri Firuz Süleymanov, baş
mexanikin müavini Əsgər Əlizadə, energetiklərdən
Hacıbala Rəcəbov, Cəlal Əsgərov, Məmməd
Cabbarov və Qəzənfər Hüseynov, sən demə,
iqtisadi sobataj yoluna qədəm qoyubmuş, antisovet əhvali-ruhiyyəsi
yayır, millətçi təbliğatı aparır,
ziyankarlıqla məşğul olur, hökuməti devirmək
istəyirmişlər.
Qəribə iş üsulu
yaranmışdı. DTK-nın rəhbərləri gecə-gündüz
vurnuxur, hər vəchlə ölkədə "əksinqilabi
terrorçu, trotskiçi-zinovyevçi, millətçi"
təşkilatların mövcud olmasını sübut etməyə
çalışırdılar.
Ermənilərin fitvası
ilə "müəyyən olundu" ki, bizdə guya
antisovet millətçi təşkilatı fəaliyyət
göstərir və ona R.Axundov, Ə.H.Qarayev, Q.Musabəyov,
M.D.Hüseynov, H.Sultanov və başqaları rəhbərlik
edirlər. Onlar nazirliklərin, baş idarələrin rəhbərlərini,
partiya və sovet orqanlarının məsul işçilərini,
müəssisə və təşkilatların
başçılarını həmin təşkilata cəlb
edərək qiyam qaldırmalı, M.C.Bağırovu
öldürməli və Azərbaycanı SSRİ-nin tərkibindən
çıxarmalı idilər.
Məxsusi olaraq Bakıya
göndərilən Beriyanın əlaltısı
Matuleviç qaniçən Yemelyanovun, Sumbatovun,
Qriqoryanın, Markaryanın, onların Atakişiyev kimi yerli
nökərlərinin canfəşanlığı ilə iki
il ərzində akademik Ziya Bünyadovun yazdığına
görə, 70 minə qədər sayseçmə ziyalımızı
güllələdi. Məhkəmə iclasları bir qayda
olaraq 14-15 dəqiqə çəkirdi. Deməli, saatda
dörd nəfər, 24 saatda 96 nəfər, ayda 2880 nəfər!
Ölümə və sürgünə məhkum edilən
bütün ziyalılar, eləcə də gəncəli
qurbanlardan Əyyub Xanbudaqov, Mikayıl Hüseynov, Balabəy Həsənbəyov,
Ağamir Məmmədov, İdris Həsənov, Abdulla
Tağızadə, İbrahim Eminbəyli və qeyriləri ilk
növbədə Beriya və Bağırova sui-qəsd
hazırlamaqda təqsirləndirilirdilər.
Halbuki əsla, belə
deyildi! Bu, erməni-rus nadanlarının fitnə-fəsadı
idi. 1954-cü il dekabrın 15-də istintaq zamanı Mir Cəfər
Bağırovun özü də bu faktı qətiyyətlə
rədd edirdi. Bağırov deyirdi: "Yemelyanovun təqdimatlarından
belə çıxır ki, guya Azərbaycanda mənə
qarşı hər addımda terror hərəkatları
hazırlanırdı. Əslində isə, bu, ola bilməzdi
və belə deyildi. Hesab edirəm ki, bunlar hamısı yaltaq
və yarınmağa çalışan Sumbatov-Topuridzenin və
onun dəstəsinin düşmən fəaliyyətinin nəticəsi
idi".
Matuleviççilər,
qriqoryanlar, markaryanlar, sumbatovlar, atakişiyevlər özləri
də məhz elə özlərinin "icad" etdikləri
cəza-ölüm üsullarının qurbanı oldular. Əbəs
demirlər ki, quyunu gen qaz, dərin qaz, vaxt gələr,
özün düşərsən.
Böyük Fransa inqilabı
zamanı cəlladlar qiyamçıların
başlarını kəsib çatdıra bilmirlərmiş.
Buna görə də doktor İosef Gilyoten başkəsən
qurğu (gilyoten) hazırlayır. Ağır çərçivənin
içərisindəki iti bıçaq sürətlə
aşağı enərək bir anda mənfur əməliyyatı
həyata keçirirdi. Maraqlıdır ki, doktor İ.Gilyotenin
başı da məhz özünün icad etdiyi həmin
qurğunun köməyi ilə vurulub.
Tarixdən ibrət
götürmək lazımdır, həmişə, hər
yerdə, hər işdə!..
Əhməd İsayev
Azərbaycan.-2009.- 14 aprel.-S.6.