Dərslik bolluğunda keyfiyyət
qıtlığı
Azərbaycan təhsili böyük inkişaf yolu keçib. Xüsusilə XX əsrin əvvəllərində məktəblər açılıb, dərsliklər yazılıb, illər boyu bu proses uğurla davam edib və beləliklə, təhsil ocaqlarının fəaliyyəti genişlənib. Son illərdə Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər də çoxşaxəlidir. Dövrün tələbləri ilə bağlı yeni məktəblərin yaranması, köhnə təhsil ocaqlarının təmir edilib qaydaya salınması, müasir avadanlıqlarla təmin olunması, istedadlı uşaqlara və gənclərə xüsusi diqqətin göstərilməsi, bacarıqlı müəllimlərin əməyinin qiymətləndirilməsi - bütün bunların hamısı kompleks şəkildə təhsilin tərəqqisinə xidmətdir.
Ümummilli
liderə məxsus bir fikir var: "...Məktəblilər
bizim gələcəyimizdir. Onlar yüksək mənada vətəndaş
kimi dərin biliyə, əxlaqa malik olmalı, dövlətçiliyə
sədaqətli, vətənpərvər insan kimi yetişməlidirlər.
Mən gələcək nəsil haqqında danışarkən
həmişə məktəbi, müəllimləri
düşünürəm. Çünki Azərbaycanın
müstəqilliyini qoruyacaq və dönməz edəcək nəsil
məktəblərdə yetişir. Ona görə də məktəblərdə
tədrisin səviyyəsi çox yüksək
olmalıdır. Savadlı, bilikli, məlumatlı insanlara həmişə
ehtiyac var".
Dövlət
müstəqilliyimizi qazandıqdan sonra həyata keçirilən
təhsil islahatlarından biri də yeni və təkmilləşdirilmiş
dərsliklərin yazılması oldu. Əlbəttə, dərslik
məsələsi çox əhəmiyyətlidir. Bəlkə
də riyaziyyat, fizika, kimya, biologiya fənlərini yenidən dəyişdirib
yazmağa ehtiyac yoxdur. Dünyanın hər yerində dilindən,
dinindən, yaşadığı ölkənin dövlət
quruluşundan asılı olmayaraq bu fənlər eynidir.
Doğrudur, bir ara dəbə düşmüşdü: hər
şeyə qondarma olaraq "milli" sözünü
yapışdırırdılar. Amma necə olur-olsun, milli kimya, milli
fizika deyilə bilməz. Çünki millilik mütləq məxsusilik
bildirir.
Bizim nəsil (orta məktəbi
bitirməyimizdən 30-40 il keçməsinə baxmayaraq) I-II
siniflərdə əzbərlədiyimiz "Uşaq və
buz", "Keçi", "Xoruz", "Vətən"
şeirlərini heç vaxt yaddan çıxarmayıb. Əksinə, böyük məhəbbətlə
onları uşaqlarımıza, indi də nəvələrimizə
öyrədirik. Uşaq bağçaya, məktəbə
gedənə qədər Abbas Səhhətin, Abdulla Şaiqin,
Mirzə Ələkbər Sabirin bəzi şeirlərini, demək
olar ki, əzbər bilir. İndiki dərslikləri
vərəqləyəndə həmin müəlliflərin
çox nümunəsini, o cümlədən A.Səhhətin
"Vətən" şeirini görmədik. Müstəqilliyimizi bərpa etdikdən sonra orta məktəb
şagirdləri üçün istər "Əlifba",
istərsə də ədəbiyyat, tarix dərsliklərinin
yenidən təkmilləşdirilib yazılması zərurətdən
doğurdu. Çünki sovet
ideologiyasının hakim olduğu dövrdə
hazırlanmış bu dərsliklər nəinki redaktə
edilməli, müəyyən məqamları təzədən
yazılmalı, bəzi öyrədici məlumatlar da
çıxarılaraq günün tələblərinə
cavab verən mətnlərlə əvəz edilməli idi.
Bu iş nə dərəcədə
yerinə yetirildi? Əlbəttə, təhsil
islahatını həyata keçirmək üçün ilk
addımlar dərsliklərin yeniləşdirilməsindən
başladı. Bir təqdirəlayiq hal da
var ki, bu gün ümumtəhsil məktəblərinin
şagirdləri üçün dərsliklər pulsuz
paylanır.
Bütün
orta məktəblər 11 illikdir. Dərsliklərin
qaranquşu "Əlifba"dır. Birinci sinif
şagirdləri üçün nəzərdə tutulmuş
"Əlifba"dan başqa, ona alternativ olaraq "Ana
dili", "Həyat bilgisi" və başqa adda dərsliklər
də nəşr edilib. Əvvəlcə "Həyat
bilgisi" (Bakı, "Azpoliqraf", 2008) haqqında. Bu yeni kitabın müəllifləri Aybəniz
İbrahimova və Gülər Mehdiyevadır. Etiraf edək ki, birinci sinif şagirdləri
üçün nəzərdə tutulmuş bu rəngli nəşr
xoş təsir bağışladı. Kitabda
30 mövzu üzrə qurulmuş söhbət həqiqətən
maraqlıdır. Uşağın
yaşına və qavramasına uyğun seçilib. Məsələn, "Canlıları yaşadan nədir?"
bölməsində buludun, günəşin, torpağın,
suyun şəkilləri verilib. Orada
yazılan sözlər də yaddaqalandır. Uşaq həm rəngli şəkillərin, həm
də düzgün seçilmiş fikirlərin gücünə
yadında saxlaya bilir ki, canlıların yaşaması
üçün əsas amil nədir. "Ailəmiz"
mövzusu üzrə açılan qoşa səhifə də
uğurludur. Şagird atanın, ananın,
babanın, nənənin, bacının, qardaşın, əminin,
bibinin, dayının, xalanın kimliyini düzgün anlaya biləcək.
Bir sözlə, kitab uşaq
psixologiyasının tələblərinə cavab verir.
Birinci sinif
üçün nəşr edilmiş "Ana dili"
("Çaşıoğlu" nəşriyyatı, 2008) dərsliyinin
7 müəllifi var. Hamısı da elmlər doktoru, elmlər
namizədi. İlk baxışda yüksək poliqrafik nəşr
kimi diqqəti cəlb edən "Ana dili" dərsliyində
hərflərin öyrədilməsinin sırası "Əlifba"dan
("Pedaqogika" nəşriyyatı, 2007) fərqli olaraq dəyişdirilib.
Belə ki, əgər "Əlifba"da "A"dan sonra
"N" öyrədilirsə, yeni nəşrdə
"A"dan sonra "B" gəlir. Bu metod
vaxtilə orta məktəbdə öyrəndiyimiz "Əlifba"
kitabını xatırladır. Əslində,
belə düzüm daha yaxşıdır. Burada klassiklərə, eləcə də digər
şairlərin uşaqlarla bağlı
yaradıcılığına səxavətlə yer verilib.
Doğrudur, A.Səhhətin "Vətən"
şeiri, eləcə də başqa nümunələri bu dərsliyə
daxil edilməyib. Əvəzində
R.Yusifoğlunun 15-ə yaxın şeiri salınıb. İnsafən desək, bu müəllifin şeirləri
uşaq psixologiyasına uyğundur. Kitabda nə qədər
təkrardan qaçmağa səy göstərilsə də,
"sivil" formada "Əlifba"nın
surəti çəkilib. Nə rənglərin
fərqi, nə şəkillərin müxtəlifliyi bu təkrarı
gizlədə bilməyib. Məsələn, "Əlifba"da
59-cu səhifədə oxuyuruq: "Xalidə xalı toxuyur. O,
xalının ortasına yaşıl, yanlarına (bəlkə
qıraqlarına - F.X,) isə sarı naxış
salır..." "Ana dili"ndə belə oxuyuruq:
"Xalidə xala oxuya-oxuya xalı toxuyurdu". Yəqin diqqətli oxucu bunu anladı. Əlavə şərhə ehtyiac duyulmur. Bir məsələ var ki, "Əlifba"da
verilmiş hana və xalçatoxuyanların rəsmi çox
təbiidir. Amma onun oxşarı olan yeni nəşrdə
hananın texniki quruluşu da, boyu da çox qüsurlu və
yanlış verilmişdir. Hananın kənarında
dayanan qadınlar ondan hündürdürlər. Əslində, xalını daha iri dəzgahlarda
toxuyurlar. Bir də "xana" sözü ilə
"hana" sözünün fərqi var. "Ana dili" dərsliyi
müqayisədə az
nöqsanlıdır. Gələcək nəşrlərdə
bəzi səhvləri də mütləq düzəltmək
gərəkdir.
Bir məsələ
də aydın deyildi ki, niyə orta məktəblərin I
sinfində ayrı-ayrı dərsliklərdən istifadə
edilir? Belə ki, bir məktəbin I sinfində "Əlifba",
o birisində "Ana dili", bir başqasında isə
ayrı dərslik öyrədilir. Apardığımız
sorğu nəticəsində bəlli oldu ki, nəinki şəhər,
eləcə də bölgələrimizin çox yerində vəziyyət
belədir.
II sinif
üçün "Oxu" ("Azərbaycan", Bakı -
2008) dərsliyinin müəllifi Yəhya Kərimovdur. Kitab elə də
ciddi qüsurlara malik deyil. Sadəcə,
bizi düşündürən odur ki, istər II, istərsə
də III siniflər üçün "Oxu" dərsliklərinin
müəllifinin eyni olması sanki kitablarda verilən
mövzuları da bir-birinə bənzətmişdir. Məsələn,
II sinif üçün yazılmış kitabda "Payız
gələndə", "Payızda", "Ana",
"Ana məhəbbəti", "Kür çayı"
və digər mətnləri III sinif dərsliyində də
oxuyuruq: "Payız", "Payızda", "Payız
yetişəndə", "Ana", "Mənim anam" və
başqaları. Hər iki dərslikdə tarixi
şəxsiyyətlər, əlamətdar günlər
haqqında məlumatlar verilib. Hər iki
kitabdakı mətnlərdə həddən artıq
orfoqrafiya, dil, üslub xətaları var. Mətnlərin demək
olar ki, əksəriyyətinin ruhunda bir ölgünlük
duyulur. Uydurma, qeyri-səmimi səslənən
fikirlər şagird psixologiyasının qəbul etmədiyi məqamlardır.
Məsələn, III sinfin "Oxu" ("Azərbaycan",
Bakı-2008) dərsliyində "Millət vəkili" (səh.
165) adlı uydurulumuş bir mətn var. Bu mətnin qəhrəmanı
uşaq sevinir ki, anası deputat seçilsə də, xörək
bişirmək, ev
yığışdırmaq, paltar tikmək, körpələrə
baxmaq... və digər işləri də görə biləcək.
Uşaqların biliklərini yoxlamaq
üçün hazırlanmış suallar da duzgun
qurulmamışdır. Mətnlərdəki
quruluq, cansıxıcılıq, dil kasadlığı
sorğulara da öz təsirini göstərib.
Mətbuat səhifələrində
müntəzəm olaraq dərsliklərlə bağlı tənqidləri
və bu münasibətə yönələn cavabları
oxuduqca təsirlənirdim. Müəlliflərin
bir qismi iddialı şəkildə dərsliklərin ancaq
özləri tərəfindən yazılmasının
mümkünlüyündən danışır, göstərilən
nöqsan və qüsurları isə qərəzli fikir, eləcə
də bədxahlıq kimi qiymətləndirirdilər. Təsadüfən yaxın qohumum, Azərbaycanın
Milli Qəhrəmanı Aqil Quliyev haqqında IV sinif
üçün hazırlanmış "Oxu" dərsliyində
rast gəldiyim məlumat məni çox təəssüfləndirdi.
Əgər iki səhifəlik bir məlumat
başdan-ayağa səhvlərlə doludursa, görün 190
səhifəlik kitabdakı nöqsanların sayı nə qədər
olar? Elə həmin mətn də ümumtəhsil məktəblərinin
müxtəlif sinifləri üçün
hazırlanmış "Oxu", "Ədəbiyyat",
"Ana dili" və "Əlifba" kitablarını vərəqləməyimə
"bələdçilik" etdi. IV sinif üçün
"Oxu" ("Əlfərül" nəşriyyatı,
2008) dərsliyinin 129-cu səhifəsində verilmiş mətn
belə adlanır: "Azərbaycanın Milli Qəhrəmanı".
Mətnin birinci cümləsi belədir: "Qəhrəmanların
uşaqlıq və gənclik çağları
başqalarından fərqlənmir". Cəmi üç
cümlədən sonra isə müəllif özünü təkzib
edib: "Aqil yaşıdlarından hafizəsi ilə fərqlənirdi".
Ən xoşagəlməz hal budur ki, coğrafi
nöqteyi-nəzərdən də mətndə
yanlışlıq və səhv çoxdur. Məsələn, "o, Zəngəzur mahalında,
Sisyanda (əslində, Sisian - F.X.), Arpaçayın sahillərində
böyümüşdü". Arpaçay
Naxçıvan ərazisindədir. Sisiandakı
çayın adı Bazarçaydır. Aqil
Sisianda yox, Urudda anadan olub. Yenə də orada oxuyuruq:
"1988-ci ildə Xarkov şəhərində milis məktəbini...
bitirmişdi". Əslində isə Aqil
Xarkovda yanğınsöndürənlər məktəbini
bitirmişdi. Bu mətndə o qədər
səhv var ki, onları bir-bir şərh etmək istəmirik.
Amma bir məsələni mütləq demək
lazımdır. Çunki bu səhv
başqa yazılarda da təkrar edilir. "O, 8 ermənini
səngərdəcə qətlə yetirir (yəni, Aqil Quliyev
- F.X.)". Elə ifadələr var ki, onlar
mütləq yerində işlədilməlidir. Yoxsa mənası təhrif olunur. "Qətlə yetirmək" mənfi mənadadır.
Onda öldürülən günahsız
sayılır. Düşməni məhv
edirlər, qətlə yetirmirlər. Sonra
heç vaxt düşmən üstə hücum çəkməyi
"basqın edir" deməzlər. Bu
ifadə də mənfi anlamdadır. Bir şeirin də
adını çəkməmək mümkün deyil:
"Şəhid Azərbaycan qızı Salatın". Əslində,
başlıq belə olmalı idi: "Azərbaycanın şəhid
qızı Salatın". Sözün mənasına
diqqət vermək lazımdır. Bir də
uşaqlar, xüsusilə aşağı sinif şagirdləri
üçün şeir seçəndə onun
yaşını nəzərə almaq vacibdir. Dərslikdə
ixtisarla verilmiş "Qadın əlləri" şeirindən
nümunə gətirdiyimiz misralara fikir verin:
Qadın əllərinin nəvazişini
Yaraşıq
bilmişəm öz ömrümə mən.
Canıma od
axıb, gözümə işıq
O zərif əllərin hərarətindən.
Təsəvvürə
gətirin ki, bu misraları IV sinif şagirdi əzbər
söyləyir. Ana və qadın haqqında uşaq yaşına və
səviyyəsinə uyğun o qədər şeir var ki! Məgər bir uyğununu seçmək
mümkün deyildi?
Sonrakı mərhələdə
maraq mənə üstün gəldi. Görəsən,
yuxarı sinif şagirdləri üçün
yazılmış "Ədəbiyyat" dərsliklərində
vəziyyət necədir? Məlum oldu ki,
bu dərsliklərdə də "maraqlı" məqamlar əksini
tapıb. Elə ədiblər,
yazıçılar var ki, sinifdən-sinfə
"keçirilib". Eləsi də var,
sinifdə "qalıb". Bir
başqası da heç qəbul edilməyib - yəni, dərsliklərə
salınmayıb. Nə deməkdir bu?
Məsələn, VIII sinfin "Ədəbiyyat" dərsliyində
Aşıq Ələsgər, Molla Pənah Vaqif və
başqaları haqqında məlumatlar, əsərlərindən
nümunələr var. Eləcə də X sinfin "Ədəbiyyat"
("Çaşıoğlu", Bakı -2008) dərsliyində
həmin şəxsiyyətlər haqqında yenidən məlumat
verilir. Görəsən, aradakı bir il ərzində
nə baş verir ki, bu təkrar zəruri sayılır. Fikir
verin, VIII sinfin "Ədəbiyyat" dərsliyində
("Xəzər" nəşriyyatı, Bakı-2007) Vaqif
haqqında belə yazılır: "Qazax mahalının
Qıraq Salahlı kəndində anadan olan Pənah mükəmməl
mədrəsə təhsili almış..." X sinfin "Ədəbiyyat"
dərsliyində isə belə yazılıb: "Molla Pənah
Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində
anadan olmuşdu". O biri şəxsiyyətlər
haqqında da bu cür eyniliklər var. Etiraz edib deyə bilərlər
ki, VIII sinfin dərsliyinə nisbətən X sinfin dərsliyində
məlumatlar genişdir. Halbuki bunları cəmləşdirib
bir dərslikdə vermək olardı. Lüzumsuz
yerə dərsliklərdən çıxarılmış və
yada düşməyən yazıçıları, ədibləri,
şairləri dərsliklərə salmaq gərək idi.
Təəssüf ki, ədəbiyyat dərslikləri
hazırlananda müəyyən müəlliflərin şəxsi
mövqeləri dərslikdə çatışmazlığa
səbəb olub. Əgər orta məktəbin
aşağı siniflərində şagirdlərə Yusif Vəzir
Çəmənzəminli, Nəriman Nərimanov, Mehdi
Hüseyn, İmran Qasımov və başqaları haqqında
məlumat verilib əsərlərindən nümunələr
təqdim olunubsa, yuxarı siniflərdə şagirdlərin
onları daha aydın anlayacaqları bir zamanda unudulublar. Orta məktəb müəllimlərinin də,
valideynlərin də ən çox narazılıq etdiyi, bəyənmədiyi
IX sinif üçün yazılmış "Ədəbiyyat"
("Əlfərül", Bakı-2007) dərsliyidir. Burada əsasən XX əsr Azərbaycan ədəbiyyatının
nümayəndələri öyrədilir. Görəsən, dərslik müəllifləri bu
siyahını hansı meyarlarla tərtib ediblər?! XX əsr Azərbaycan ədəbiyyatının zənginləşməsində,
inkişafında böyük xidmətləri olan, ədəbi
mühitin çox məşhur simaları niyə unudulub?
Axı icmallarda da olsa adları mütləq
çəkilməli idi. Şagird onları da
tanımalıdır: Y.V.Çəmənzəminli, M.S.Ordubadi,
Ə.Vəliyev, Əbülhəsən, M.Hüseyn,
İ.Qasımov, İ.Şıxlı, M.Rahim və digərləri.
Ömrü boyu Naxçıvanda
yaşayıb-yaradan və Azərbaycan ədəbiyyatına
xidmət edən xalq yazıçıları da yaddan
çıxarılıb. Əgər bu dərslikdə
Əkrəm Əylisli və başqalarının
yaradıcılığı haqqında
danışılırsa, niyə xalq yazıçısı,
gözəl romanlar, povestlər müəllifi Hüseyn
İbrahimov, şair Hüseyn Razi... yada düşməyib?
XI sinfin "Ədəbiyyat"
("Çaşıoğlu", Bakı - 2008) dərsliyində
təqdim olunan yazıçılar və şairlər
üç mərhələ üzrə təsnifatlaşdırılıb. Birinci mərhələ
XX əsrin əvvəlindən ortalarına qədər olan
dövrü əhatə edir. Ümumi məlumatda
adları çəkilən insanların sırasında
"Zəngəzur" romanının müəllifi Əyyub
Abbasovun, Məmməd Kazım Ələkbərlinin, Seyfulla
Şamilovun adları yoxdur. Halbuki onların
Azərbaycan ədəbiyyatının inkişafında
böyük xidmətləri olub. İstər
ikinci, istərsə də üçüncü mərhələdə
yenə də unudulan ədib çoxdur. Kitabın
146-cı səhifəsində oxuyuruq: "Əkbər
Ağayev, Əziz Mirəhmədov, Mirəli Seyidov, Rüstəm
Əliyev, Qafar Kəndli, Mübariz Əlizadə, Pənah Xəlilov,
İsa Həbibbəyli kimi ədəbiyyatşünaslar ən
yeni dövrün I mərhələsində
görülmüş işləri davam etdirirlər". Birincisi, cümlə özü qüsurludur, zaman
şəkilçisi pozulub. Vəfat
etmişlərlə hazırda yaşayanların fəaliyyəti
bir-birinə qarışdırılıb. Başqa bir cümlədə isə yenə də
dünyasını dəyişmiş və hazırda
yaşayan tənqidçilər təqdim olunub. Bu sırada elə tənqidçilərin adları
çəkilir ki, onlar vaxtilə ədəbiyyatşünas-alim
Qulu Xəlilovdan dərs alıblar. Amma Qulu
müəllimin, Abbas Zamanovun adları heç bir yerdə
çəkilməyib. Müəllimdən söz
düşmüşkən, adları kitablara
salınmış, bir sıra yazıçı və
şairlərə dərs demiş tarixi romanlar müəllifi,
Azərbaycanın ilk qadın xalq yazıçısı Əzizə
Cəfərzadənin yaradıcılığı haqqında
"Ədəbiyyat" dərsliklərində məlumatın
olmaması bağışlanılmazdır.
148-ci səhifədə
başqa bir yerdə: "Kamal Talıbzadə Azərbaycan tənqidinin
tarixini yazıb nəşr etdirir". Bəlkə
etdirirdi. Çünki bu kitab çapdan
çıxanda Kamal müəllim çoxdan
dünyasını dəyişmişdi. XI
sinfin "Ədəbiyyat" dərsliyində şagirdlərin
bilik və məlumatlarını öyrənmək məqsədilə
hazırlanan sual və tapşırıqlar da
maraqsızdır. Uşağın biliyini yoxlayarlar, ona
xronologiyanı, hansısa ədibin iş yerlərini əzbərlətməzlər.
Vəzifənin ədəbiyyata dəxli yoxdur.
Biz nəslin
orta məktəbdə oxuduğumuz, bu gün də yaddan
çıxarmadığımız ədəbi nümunələrin
çoxu bu dərsliklərdə yoxdur. Qulağıma
Əhməd Cəmilin aşağı siniflərdə öyrəndiyim
"Çıxdı günəş qırmızı, can
gülüm, can-can..." şirin misraları gəlir. Nədən uşaqlarımızı bu cür
gözəl mənəvi sərvətdən məhrum edərək
yaşına, səviyyəsinə uyğun olmayan mətnləri,
şeirləri əzbərləməyə məcbur edirik?
Dərslik zəiflədikcə bilikli
insanların sırası da azalar. Mirzə Cəlil
demişkən: "Bəlkə papağımızı
qarşımıza qoyub əməlli-başlı fikirləşək".
Dərslik
hansısa müəllifin şəxsi əsəri deyil ki, onu
öz zövqü, duyğu və düşüncələri,
dünyagörüşü əsasında yazsın. Dərslik millətin
gələcəyi olan uşaqların bilik və maariflənməsində
böyük əhəmiyyət daşıyan ən
mühüm amildir. Burada
yanlışlığa, səhvə yol vermək məğlubiyyətdir.
Ümid edirik
ki, burada göstərilən nöqsanlar dərsliklərin
növbəti çapı zamanı aradan qaldırılacaq,
orta məktəblər daha dolğun və sanballı vəsaitlərlə
təmin olunacaqlar.
Flora Xəlilzadə
Azərbaycan.-2009.-14
aprel.-S.7.