İstedadlı fırça
ustası
Rafis 1939-cu ilin baharında Bakı
şəhərində, ziyalı ailəsində dünyaya
göz açıb. Uşaqlığı çətin,
ağır vaxta düşüb. İkinci dünya müharibəsinin
qara xəbərli günləri hamını ağır
mühit içində boğurdu. Ona görə də
uşaqların gələcəyi barədə valideynlərin
düşünməyə, onlarla vaxt keçirməyə
imkanı olmurdu. Elə Rafisin da arzuları ürəyində
qalıb, təbəssümü dodağında donub. Lakin istəyini,
həvəsini, ümidini unutmayıb. Karandaşla, qələmlə
gördüklərini, duyduqlarını dəftər vərəqinə
çəkib, sevgisini, həm də nifrətini həmin eskizlərdə
bildirib. Həddi-büluğa çatanda taleyi onu Əzim Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə
gətirib. İlk əl işləri çoxlarının
xoşuna gəlib. İstedadlı, qayğıkeş müəllimlərdən
sənətin sirlərini öyrənib. Hələ tələbə
ikən onun yaradıcılıq nümunələri maraqla
qarşılanıb.
Ötən əsrin
altmışıncı illərinin sonlarında onu Moskva şəhərində
gördüm. Öyrəndim ki, burada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunda oxuyur. Çox sevindim, ona
yaradıcılıq uğurları arzuladım. Günlər,
aylar ötüb keçdi. O, ali təhsilini başa vurub vətənimizə
qayıtdı. Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında əmək fəaliyyətinə
başladı. Yaradıcılığı çiçəkləndi,
hörmət, nüfuz qazandı.
Həmin vaxtdan 37 il keçir. Bu müddət ərzində o, rejissorlar Hüseyn Seyidzadənin ("Gəncəbasardan olan qisasçı"), Eldar Quliyevin ("Sevinc buxtası"), Tofiq Tağızadənin ("Nar ağacı"), Ceyhun Mirzəyevin ("Fəryad") və Rasim Ocaqovun ("Başqa həyat", "Ölsəm, bağışla məni", "Təhminə") çəkdikləri, ümumiyyətlə, 30-a yaxın tammetrajlı bədii filmə tərtibat verib. Hansısa bir filmin istehsal prosesinə başlayanda quruluşçu rejissor biləndə ki Rafis İsmayılovla birgə işləyəcək, həddən artıq məmnun olur. Çünki o, yaradıcılıq xarakterinə malik insan, ssenaridən irəli gələn elementlərə, milli dəyərlərə diqqət yetirən ziyalıdır.
Rafis həm də keçmişlə bu günü verdiyi səhnə tərtibatlarında inandırıcı, baxımlı, yaddaqalımlı canlandıran teatr rəssamıdır. Azərbaycan Dövlət Dram Teatrında onun tərtibatında N.Xəzrinin "Gecə döyülən qapılar", İlyas Əfəndiyevin "Tənha iydə ağacı", Bəxtiyar Vahabzadənin "İkinci səs" və başqa tamaşalar hələ də sənətsevərlərin yaddaşından silinməyib. O, əsərin mövzusuna uyğun, obrazların xarakterlərinin açılmasına xidmət edən dekorasiyaların qurulmasına bütün gücü ilə çalışır. Xalq artisti, məşhur teatr rejissoru Ağakişi Kazımovdan eşitdiyim bir fikri xatırlayıram: "Əgər rejissor mizanları, nüansları ilə seçilirsə, əsərin maraqla qarşılanmasına gücünü, bacarığını sərf edirsə, rəssam da verdiyi tərtibatla mənanın, mahiyyətin anlaşılmasına, dərk edilməsinə xidmət göstərir. Bu baxımdan Rafis İsmayılovun əməyi, yaradıcılığı diqqətə, tərifə layiqdir. Fəxr edirəm ki, onunla bir neçə tamaşa hazırlamışıq".
Həmkarımın Azərbaycan Dövlət Opera və Balet Teatrında da tərtibat verdiyi tamaşalar rəğbətlə qarşılanıb. Vasif Adıgözəlovun "Natəvan", Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operalarına, Niyazinin "Rast" baletinə sənətsevərlər həvəslə baxmışlar. O, eyni zamanda, "Azərnəşr" dövlət nəşriyyatında işıq üzü görən xeyli uşaq ədəbiyyatına illüstrasiyalar çəkib, müxtəlif dövlət tədbirlərinin quruluşçu rəssamı olub.
Onun gərgin əməyi, uğurlu yaradıcılığı dövlətimiz tərəfindən vaxtaşırı yüksək qiymətləndirilib. 1978-ci ildə Dövlət mükafatı, 4 il sonra əməkdar rəssam, 2000-ci ildə isə xalq rəssamı fəxri adını alıb.
Rafis mənalı, dəyərli ömür yaşayaraq yeni-yeni, baxımlı, yaddaqalımlı əsərlər yaradır. İndi o, ixtiyar çağına - 70 yaşına çatıb. Rəssamı təbrik edir, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Rafiq Mehdiyev,
xalq rəssamı, professor
Azərbaycan.-2009.-14 aprel.-S.7.