Sınıq körpü

 

Azərbaycan torpağı keçmiş əsrlərdən xəbər verən bir sıra qədim tarixi abidələrlə, qalalarla, körpülərlə zəngindir. Belə qədim abidələrdən biri də Sınıq körpüdür. Bu körpü Azərbaycanla Gürçüstanın sərhədində, Xramçayın üstündə salınıb. Zamanın sınağından üzüağ çıxıb.

Bu qədim sənət abidəsinin konstruksiyası, qeyri-adi ölçüləri heyrət və maraq doğurur. Uzunluğu 175, eni 5 metrdir. Dörd tağlıdır. Birinci tağının eni 8,2, ikincinin eni 16,1, üçüncünün eni 8, dördüncünün eni 26,1 metrdir. Tağlar və sahil dayaqları bir-birinə müxtəlif üsullarla, nizəvari çıxıntılarla birləşdirilib. Körpü beş nəhəng dayaq üzərində dayanıb. Hər iki sahil dayaqlarının içində karvansara vardır. Sol sahil karvansarasının sahəsi 166 kvadratmetrdir.

Göründüyü kimi, Sınıq körpü adi sənət abidəsi deyil. Bir çox alimlərin, səyyahların əsərlərində, yol qeydlərində onun möhtəşəmliyi barədə qiymətli fikirlər vardır. Rus şairi A.S.Qriboyedov Tiflisdən İrana gedəndə bu körpüdən keçmiş və onun gözəlliyinə valeh olmuşdur: "Aşırımın ortalarından dağların başına dolanan yol gətirib bizi Xramçayın sahilinə çıxartdı. Enişə enəndə dağlar arxada qaldı və əzəmətli bir körpü canlandı. Nə qədər heyrətamiz gözəllikdir, İlahi...

Kərpicdən məharətlə hörülmüş bu möhtəşəm körpünün ətrafına dolanıb onu xeyli seyr etdim. Körpünün yarısı karvansaradır, çay o biri yarısının altından keçir. Dördtağlı bu körpü simmetrik qaydada fövqəladə bir ustalıqla və əla zövqlə tikilmişdir... Körpünün ortasından içəriyə enən qədim, dolama, sürüşkən pilləkən tağların üstündəki pəncərəli qalereyaya çıxır... Mən həmin pillələrlə aşağı endim və gördüm ki, səyyahlar divarlara öz adlarını kömür, ya qələmlə yazmış, ya da divarları cızmışlar. Nə edəsən, müştəbeh insanlar kağızları qaralamaqdan və divarları cızmaqdan həzz alırlar...

Körpüdən aralanandan sonra haqqında xeyli düşündüm. Dilmancımız Şəmir bəyin yorğa atı yanımızda səkirdi. Mən ona etiraf etməyə məcbur oldum ki, Peterburq hətta Pavel Petroviç Svinin təsvirində nə qədər yaraşıqlı və əzəmətli olsa belə, yenə də buna çata bilməz".

Körpünün neçənci ildə və kim tərəfindən tikildiyi barədə dəqiq məlumat yoxdur. Bəzi alimlər onun XI-XII, bəziləri isə XVII əsrdə tikildiyini deyirlər.

Elm aləminə məlumdur ki, bu körpü XVII əsrdə çar Rostom tərəfindən əsaslı təmir edilmişdir. Görünür, bəzi alimlər buna görə də körpünün tikilmə tarixini XVII əsrə aid edirlər. Ancaq görkəmli alimlərdən M.Hüseynov, L.Bretanitski və Ə.Salamzadənin birgə yazdıqları "Azərbaycan memarlığı tarixi" kitabında bu körpünün nə vaxt tikilməsinin elmi izahı inandırıcı surətdə verilmişdir.

Sınıq körpüdən 95 metr aşağıda vaxtı ilə başqa bir körpü də olub. Həmin körpünün sol və sağ sahil binövrələri hələ də qalmaqdadır. Sınıq körpü həmin körpü uçduqdan sonra XII əsrdə tikilib.

Sınıq körpüdən bir qədər yuxarıda - Gürcüstan hökuməti tərəfindən yeni körpü salınıb. İndi əsas gediş-gəliş ordandır. Sınıq körpünün üstündən keçənlərin sayı azalıb. Lakin o, yenə də öz əzəmətini saxlayır.

 

 

Eldar Nəsibli

 

Azərbaycan.-2009.-14 aprel.-S.6.