"Qaradağ
Sement" ASC-də yenidənqurma layihəsinin
təqdimatı və
yeni sobanın təməlqoyma mərasimi
olmuşdur
Aprelin 14-də "Qaradağ Sement" ASC-də müəssisənin yenidənqurma layihəsinin təqdimatı və yeni texnologiya əsasında işləyəcək sobanın təməlqoyma mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.
Prezident İlham Əliyevə əvvəlcə müəssisə və onun yenidən qurulması layihəsi haqqında ətraflı məlumat verildi. Bildirildi ki, "Qaradağ Sement" ASC 1951-ci ildə istifadəyə verilmiş və 1999-cu ildə özəlləşdirilmiş Qaradağ sement zavodunun bazasında yaradılmışdır. Hazırda müəssisənin səhmlərinin 69,4 faizi İsveçrənin Holsim şirkətinə, 10 faizi Azərbaycan İnvestisiya Şirkətinə, 10 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına, 10,6 faizi isə minə yaxın fiziki şəxsə məxsusdur.
Son 10 ildə görülmüş modernləşdirmə işləri nəticəsində "Qaradağ Sement" Azərbaycanda yüksək keyfiyyətli, həm yerli, həm də beynəlxalq standartlara cavab verən məhsul və xidmətlər təklif edən müəssisəyə çevrilmişdir. O, Azərbaycanda klinker və sement istehsal edən ən böyük müəssisədir. Daxili tələbatın əksər hissəsini ödəyir. Burada istehsal edilən sementdən irimiqyaslı tikinti işlərində istifadə olunur. Müəssisə ildə 1,3 milyon ton sement istehsal edir.
"Qaradağ Sement" ASC yeni texnologiyaların tətbiqi, ətraf mühitə təsirin azaldılması və istehsalı artırmaq istiqamətində tədbirlər görür. Yeni texnologiyalı sobanın inşası da belə layihələrdəndir. Layihə çərçivəsində əsas tikinti işlərinə başlanmışdır. Quru istehsal texnologiyası müasir dövrdə sement sənayesində ən qabaqcıl texnologiya hesab olunur. Yanacağa qənaətə və ətraf mühitə minimum təsirinə görə Avropa məkanında məhz bu texnologiyaya üstünlük verilir. Ümumi dəyəri təqribən 400 milyon dollar olan bu layihə Azərbaycanın qeyri-neft sektorunda ən böyük layihələrdən biri olacaqdır. Müəssisədə yenidənqurma işləri 2011-ci ildə başa çatacaqdır. Yeni sobada gündə 4 min ton klinker istehsal ediləcəkdir. Yenidənqurmadan sonra klinker istehsalı ildə 0,8 milyon tondan 1,2 milyon tona, sement istehsalı isə 1,3 milyon tondan 1,7 milyon tona çatdırılacaqdır. Bütövlükdə zavodun illik istehsal gücü təxminən 31 faiz artacaqdır. Yeni texnologiya atmosferə tullantıların əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq və müəssisənin fəaliyyətinin ətraf mühitə təsirini azaldacaqdır. Eyni zamanda, elektrik enerjisi sərfinin 50 faizdən az olacağı gözlənilir.
Yaxın gələcəkdə müəssisədən 20 kilometr aralıda əhəngdaşı karxanası istismara veriləcəkdir.
Prezident İlham Əliyev zavodun yenidənqurmadan sonrakı vəziyyətini əks etdirən maketə baxdı.
Sonra yeni sobanın təməlqoyma mərasimi oldu. Dövlətimizin başçısı gilizi təmələ qoydu, özülə beton qarışığı töküldü.
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.
Azərbaycan.-2009.-15 aprel.-S.1.