"Qaradağ Sement" ASC-də
yenidənqurma layihəsinin təqdimatı və yeni
sobanın təməlqoyma mərasimi olmuşdur
- Əziz dostlar!
Bu gün çox əlamətdar
bir gündür. Bu gün biz yeni, böyük sement zavodunun təməl
daşını qoyduq və bu münasibətlə mən
sizin hamınızı ürəkdən təbrik edirəm.
Bu əlamətdar hadisə
bir də onu göstərir ki, Azərbaycan çox uğurla
inkişaf edir, ölkəmizdə bütün sahələrdə
iqtisadiyyat güclənir. Xüsusilə indiki böhran şəraitində,
dünyanı iqtisadi və maliyyə böhranı
bürüyüb, eyni zamanda, bu böhran artıq sənaye
istehsalına da mənfi təsir etməyə
başlamışdır. Belə bir şəraitdə Azərbaycanda
xarici sərmayələrlə yeni, böyük, 300 milyon
avrodan artıq dəyəri olan sement zavodunun təməlinin
qoyulması çox böyük hadisədir. Bu, ilk növbədə,
onu göstərir ki, xüsusilə böhranlı durumda xarici
investorların Azərbaycana marağı artıbdır. Eyni
zamanda, onu göstərir ki, Azərbaycan dövləti xarici
investisiyaların cəlb edilməsi üçün əlavə
tədbirlər görür. Azərbaycanda çox gözəl
sərmayə mühiti vardır, xarici şirkətlərlə
dövlət qurumları arasında səmərəli əməkdaşlıq
mövcuddur və bu, daha da dərinləşir.
Bu, eyni zamanda, onun göstəricisidir
ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı
üçün çox gözəl imkanlar var və tikiləcək
sement zavodunun timsalında biz bunu görürük.
Azərbaycan etibarlı tərəfdaşdır.
Bu layihədə əsas rolu oynayan İsveçrənin
tanınmış Holsim şirkəti artıq 10 ilə
yaxındır ki, Azərbaycanda işləyir, fəaliyyət
göstərir. On ildən sonra yeni layihənin həyata
keçirilməsi üçün görülən işlər
onu göstərir ki, Azərbaycan xarici sərmayələrin
qoyuluşu üçün sözün əsl mənasında
çox gözəl bir yerdir. Bu layihə müştərək
layihədir. Qeyd etdiyim kimi, burada əsas, aparıcı rolu
Holsim şirkəti oynayır. Eyni zamanda, Avropa Yenidənqurma və
İnkişaf Bankı layihədə həm investor kimi, həm
də maliyyə mənbəyinin təşkili ilə
bağlı çıxış edən qurum kimi fəaliyyət
göstərir. Azərbaycan İnvestisiya Şirkəti layihədə
öz payına malikdir və bu da çox gözəl əlamətdir.
Bir müddət əvvəl yaradılmış Azərbaycan
İnvestisiya Şirkəti məhz belə layihələrin həyata
keçirilməsi üçündür və Azərbaycana
lazım olan sahələrə investisiyaların cəlb edilməsi
ilə məşğuldur. Əminəm ki, Azərbaycan
İnvestisiya Şirkətinin belə böyük layihədə
iştirak etməsi onun gələcək fəaliyyəti
üçün də çox yaxşı təcrübə
olacaqdır.
Bir sözlə, bütün
bu gözəl mənzərə, - yəni həm xarici
şirkətlərin marağı, beynəlxalq maliyyə
qurumlarının Azərbaycana böyük məbləğdə
kreditlər ayırması, həm də yerli şirkətlərin
bu işlərdə iştirakı, - bu zavodun tikintisində
podratçı şəklində çoxsaylı yerli şirkətlər
də iştirak edəcəkdir, - bir də onu göstərir
ki, Azərbaycanda son illər ərzində aparılan iqtisadi
islahatlar, sənayeləşdirmə siyasəti və
inkişafla bağlı bütün görülən tədbirlər
öz nəticəsini verməkdədir.
Bu gözəl və ən
müasir texnologiyalara malik olacaq zavodda çoxsaylı yerli vətəndaşlar
işləyəcəkdir. Həm zavodun tikintisində, həm
də sonra istismarında Azərbaycan vətəndaşları
işləyəcək və bu, eyni zamanda, yeni iş yerlərinin
açılmasına gətirib çıxaracaqdır.
Bildiyiniz kimi, son beş il ərzində Azərbaycanda 766 min
yeni iş yerləri açılmışdır ki,
onların 547 mini daimi iş yerləridir. Azərbaycanda
qeyri-neft sektorunun inkişafında bu zavodun böyük rolu
olacaqdır. Böyük qürur hissi ilə deyə bilərəm
ki, böhrana baxmayaraq, bu ilin birinci rübündə Azərbaycanda
qeyri-neft sektoru 14 faiz artıbdır.
Bütün dünyada
iqtisadiyyat tənəzzülə uğrayır, sənaye
istehsalı aşağı düşür. Ölkələr
çətin vəziyyətə düşür, xarici maliyyə
yardımına ehtiyacları artır. Ancaq Azərbaycanda biz
tam başqa mənzərəni görürük. Azərbaycan
həm maliyyə baxımından, həm də yerli resurslar
baxımından özünü təmin edən ölkədir.
İqtisadi inkişaf baxımından birinci rübdəki
artım bir daha göstərir ki, bizim ölkəmiz
uzunmüddətli inkişaf strategiyasını düzgün
seçibdir. Aparılan iqtisadi islahatlar Azərbaycana
böyük mənfəət gətiribdir.
Təsadüfi deyil ki, 2008-ci
ilin yekunlarına görə Dünya Bankı Azərbaycanı
bir nömrəli islahatçı ölkə kimi təqdim
edibdir. Bu, Azərbaycanda görülən işlərin bariz
nümunəsidir. Ən gözəl nümunə görülən
işlərdir, ən gözəl nümunə tikilən
zavodlar, fabriklər, açılan iş yerləridir. Bir daha
demək istəyirəm ki, bizim bütün səylərimiz
buna yönəldilibdir. Əgər əvvəlki illərdə
bəziləri bizim uğurlarımızı daha çox
enerji amili ilə, neft amili ilə bağlayırdısa,
artıq bu gün hər kəsə bəllidir ki,
uğurların əsas səbəbi
düşünülmüş siyasət, iqtisadi islahatlar,
siyasi islahatlar, xarici şirkətlərlə uğurlu əməkdaşlığımızdır.
Biz artıq uzun illərdir ki, xarici şirkətlərlə səmərəli
əməkdaşlıq aparırıq və bu əməkdaşlıq
ikitərəflidir, bütün tərəflərin
maraqlarına cavab verir.
Bir daha demək istəyirəm
ki, bu zavodun tikintisinin çox böyük mənası var. Hər
bir müəssisənin tikintisi məni sevindirir, ancaq belə
nəhəng - həm maliyyə baxımından, həm
istehsal gücü baxımından nəhəng, dünya
miqyaslı zavodun tikintisi, özü də böhranlı
durumda tikintisi xüsusi məna daşıyır. Əminəm
ki, siz də mənim fikirlərimə şəriksiniz.
Azərbaycanın uğurlu
inkişafı bundan sonra da davam edəcəkdir. Biz artıq
sübut etmişik ki, öz gücümüzlə yaşaya və
sürətlə inkişaf edə bilərik. Son beş il ərzində
- 2004-2008-ci illərdə Azərbaycandakı iqtisadi inkişaf
heç bir başqa ölkədə olmamışdır.
Beş ildə iqtisadiyyat 2,6 dəfə artıb, büdcə
xərcləri 10 dəfədən çox artıbdır.
Yoxsulluğun səviyyəsi kəskin şəkildə
aşağı düşübdür. İşsizliklə bağlı
problemlərin böyük əksəriyyəti öz həllini
tapıbdır. Azərbaycanda böyük infrastruktur layihələri
icra olunur. Bütün bunlar ölkəmizin hərtərəfli
inkişafına xidmət göstərir.
Bu zavodun tikintisi, eyni zamanda,
onu göstərir ki, Azərbaycanın gələcəyinə,
iqtisadiyyatın inkişafına xarici investorlar tərəfindən
böyük inam var. İndi Azərbaycanın bazarı daxili
istehsalçılar tərəfindən böyük dərəcədə
təmin edilir. Biz elə etməliyik ki, o cümlədən
sement istehsalı da Azərbaycanın bütün tələbatını
ödəyə bilsin. İndi biz idxaldan asılıyıq,
amma bu zavodun tikintisi, digər zavodların tikintisi bu
asılılığı azaldacaq və əminəm ki, vaxt
gələcək, sement istehsalı Azərbaycanın
bütün tələbatını təmin edəcəkdir.
Hazırda illik tələbat,
istehlak olunan sementin həcmi 3,7 milyon tondur. Gələcəkdə
bu artacaq və biz bu artıma hazır olmalıyıq. Eyni
zamanda, bugünkü gün həm də ona görə əlamətdardır
ki, Azərbaycanda həyata keçirilən nəhəng
tikinti-quraşdırma, infrastruktur layihələri artıq
bütün iqtisadiyyata təkan veribdir. Daha çox dövlət
investisiyaları hesabına tikilən yollar, körpülər,
binalar, müəssisələr tikinti sektorunun
inkişafına böyük təkan verir, tələbat
artır. Tələbat artdıqca, xüsusilə tikinti
materiallarına tələbat artdıqca, bax, belə gözəl
zavodlar da tikilir. Əgər bu infrastruktur layihələri
olmasaydı, Azərbaycanın iqtisadiyyatı sürətlə
inkişaf etməsəydi, bəlkə də bu zavod tikilməzdi.
Yaxud da ki, 10 ildən sonra tikilərdi. Bu gün isə buna tələbat
var. Xarici şirkətlər hər şeyi düzgün
ölçüb-biçirlər. Onlar öz maliyyə
proqramlarını çox böyük təhlildən sonra
icra edirlər. Holsim kimi transmilli şirkətin müxtəlif
ölkələrdə zavodları da var, fəaliyyəti də
var. Azərbaycanın bir prioritet ölkə kimi onlar tərəfindən
seçilməsi göstərir ki, Azərbaycana inam
böyükdür. Biz bunu bilirik, hiss edirik. Mən çox
şadam ki, bu gözəl gündə biz təməl
qoyulmasında bərabər iştirak edirik. Əminəm ki,
bu, eyni zamanda, Azərbaycanın dünya birliyinə, dünya
iqtisadiyyatına inteqrasiya proseslərinə güclü təkan
verəcəkdir. Bizim xarici şirkətlərlə əməkdaşlığımıza
yeni imkanlar açacaqdır.
Əziz dostlar, mən sizin
hamınızı bu gözəl hadisə münasibətilə
bir daha ürəkdən təbrik etmək istəyirəm.
Layihədə iştirak edən bütün şirkətlərə
uğurlar arzulayıram. Mənə verilən məlumata
görə, zavodun fəaliyyətə başlaması iki ildən
sonra nəzərdə tutulur. Əminəm ki, zavod yüksək
keyfiyyətlə və vaxtında tikiləcək və biz
sizinlə bərabər onun açılışında
iştirak edəcəyik.
Bir daha sizi təbrik edir, sizə
yeni-yeni uğurlar arzulayıram.
* * *
Sonra Holsim Group şirkətinin
rəhbəri Markus Akerman çıxış etdi.
Azərbaycan.-2009.-15 aprel.-S.2.