Xüsusi iqtisadi zonaların yaradılması üçün qanunvericilik bazası formalaşdırıldı

 

Aprelin 14-də keçirilən Milli Məclisin iclası deputatların Türkiyə-Ermənistan sərhədlərinin açılacağına dair son günlərdə yayılan informasiyalara münasibət bildirmələri ilə başladı.

Sonra gündəlikdə olan məsələlərin müzakirəsi başladı. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" qanun layihəsi barədə məlumat verdi. Layihəyə əsasən "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında", "Hesablama Palatası haqqında", "Normativ-hüquqi aktlar haqqında", "Büdcə sistemi haqqında", "Əmək pensiyaları haqqında" qanunlarda, "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə, "Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi"ndə və "İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında Əsasnamə"də dəyişikliklər edilməsi nəzərdə tutulurdu. Əli Hüseynovun sözlərinə görə, bu dəyişikliklər Azərbaycan Respublikası Konstitusiyasına edilən əlavə və dəyişikliklərdən irəli gəlir. Məqsəd sözügedən qanunvericilik aktlarını Konstitusiyaya uyğunlaşdırmaqdır. Qanun layihəsi səsə qoyularaq təsdiq olundu.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun məlumatından sonra deputatlar "Azərbaycan Respublikası Milli Məclisi komitələrinin təşkil edilməsi haqqında" Milli Məclisin qərar layihəsinə müsbət münasibət bildirdilər. Qərara görə, parlamentin əvvəllər mövcud olan daimi komissiyalarının əsasında müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Təhlükəsizlik və müdafiə, İqtisadi siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, Sosial siyasət, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komitələri təşkil edildi.

Qərar layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov parlamentdə Avratlantik komitəsinin, eləcə gənclər idman, həmçinin qanunların hüquqi ekspertizası sahəsində komitələrin yaradılması təklifi ilə çıxış etdi.

Deputatlar "Azərbaycan Respublikası Milli Məclisi komitələrinin tərkibi haqqında" Milli Məclisin qərar layihəsinə müsbət münasibət bildirdilər. Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun sözlərinə görə, komitələrin tərkibi dəyişmir əvvəlki kimi qalır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov İctimai Televiziya Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsinə dair məsələ barədə məlumat verdi. Bildirdi ki, İctimai Televiziya Radio Yayımları Şirkəti Yayım Şurası üzvlüyünə Sahibkarlar Şurası, gənclər təşkilatları qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin səlahiyyət müddətləri başa çatmışdır. Buna görə Sahibkarlar Şurası tərəfindən iki nəfər, gənclər təşkilatları tərəfindən iki nəfər, qadın cəmiyyətləri tərəfindən isə üç nəfər İctimai Televiziya Radio Yayımları Şirkətinin Yayım Şurasına namizəd kimi seçilmişlər. Sahibkarlar Şurası tərəfindən Namiq Məmmədov, gənclər təşkilatları tərəfindən Fuad Muradov, qadın cəmiyyətləri tərəfindən Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədri Zərifə Salahova səsvermə ilə İctimai Televiziya Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçildilər.

Milli Məclis "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurası haqqında" Əsasnamənin yeni redaksiyası barədə" "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurası haqqında" Əsasnamədə dəyişiklik edilməsi barədə" qərarların təsdiq edilməsi haqqında qanun layihələrini qəbul etdi.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, qanunun qəbulunda məqsəd ölkəmizdə xüsusi iqtisadi zonaların yaradılması idarə edilməsi ilə bağlı hüquqi iqtisadi münasibətləri tənzimləmək, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili qaydalarını müəyyənləşdirməkdir. Komitə sədrinin sözlərinə görə, ikinci oxunuşdan sonra deputatların təklifləri əsasında layihədə bir sıra düzəlişlər edilmişdir. Qısa müzakirədən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.

Sonra iclasda "Azərbaycan Respublikasının Bərdə rayonunun Dilənçilər kəndinin adının dəyişdirilməsi haqqında" qanun layihəsi təsdiq edildi. Qanuna əsasən, Dilənçilər kəndi Çəmənli adlandırılacaqdır. Deputatlar "Azərbaycan Respublikasının Goranboy rayonunun Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsinə müsbət münasibət bildirdilər. Bu qanuna əsasən, Goranboy rayonunun inzibati ərazisindən 574,82 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə veriləcəkdir.

Milli Məclisin dünənki iclasında "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər əlavələr edilməsi barədə" qanun layihəsi müzakirə edildi. Parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev dedi ki, əlavə dəyişikliklər qanunun təkmilləşməsinə, praktikada ortaya çıxan çətinliklərin aradan qaldırılmasına yönəldilib. Əlavə dəyişikliklər Ümumdünya Səhiyyə Təşkilatının istifadəyə tövsiyə etdiyi dərman vasitələrinin ölkəmizə qeyri-kommersiya məqsədilə, qeydiyyatsız gətirilməsi ilə bağlıdır.

Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

 

 

Azərbaycan.-2009.-15 aprel.-S.2.