Heydər Əliyevin yaşayan və
yaşadan ideyaları
Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Uca dağların zirvəsi uzaqdan əzəmətli göründüyü kimi, millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaratmış və gələcəyini müəyyən etmiş insanların da işi və ideyaları zaman məsafəsindən daha uca görünür, daha aydın nəzərə çarpır. Bu ucalığa, bu zirvəyə boylandıqca insan sevinir, heyrətlənir və düşünür. Təbiidir ki, belə şəxsiyyətlərin taleyi həmişə çətin və keşməkeşli olur, çünki onlar özlərinin bütün mənalı ömürlərini fədakarcasına vətəninin, millətinin tərəqqisinə, onun dövlətinin möhkəmləndirilməsinə həsr edirlər.
Keçmişin və yaşadığı dövrün reallıqlarını nəzərə alaraq mümkün olanı, hətta ondan da artığını, yəni mümkün olmayanı da etmiş bu şəxsiyyətlərin gözəl işləri, xeyirxah əməlləri, müdrik ideyaları xalqın və dövlətin gələcəyinə işıq salır. Belə şəxsiyyətlərin varlığı ilk növbədə onları yetirən millətin xoşbəxtliyidir və ulu Tanrının həmin xalqa verdiyi ilahi bəxşişdir.
Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, çox sözlər deyiləcəkdir. Bununla yanaşı, Heydər Əliyevin hər bir insanın qəlbində öz yeri, öz obrazı, hər bir vətəndaşın taleyində öz izi vardır. Onun dolğun və bütöv şəxsiyyət obrazı hər bir azərbaycanlıya həmişə canlı nümunə olmuş və gələcəkdə də mükəmməl örnək olacaqdır.
Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmişdir. Bunlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir.
Böyük rəhbərin şərəfli ömür yoluna nəzər saldıqda, onun öz gücünü xalqına və vətəninə olan məhəbbətindən aldığını, özünün bütün istedad və qabiliyyətini səfərbər edərək bu yolda ən çətin maneələri dəf etdiyini görürük.
1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı ilk gündən o zaman ən geridə qalmış respublikalardan biri sayılan Azərbaycanı qısa vaxt ərzində keçmiş İttifaqın ən qabaqcıl respublikaları səviyyəsinə qaldıran, sürətli inkişafını təmin edən bu yorulmaz insanın gördüyü böyük quruculuq işlərinə bu gün tarixin prizmasından nəzər saldıqda onun uzaqgörənliyinə heyrət etməmək olmur.
Azərbaycan xalqının tükənməz gücünə, zəngin potensialına dərindən inanan Heydər Əliyev böyük qətiyyətlə onu səfərbər edə bilmiş, bugünkü müstəqilliyimizin iqtisadi, siyasi, mənəvi əsaslarını hələ o illərdə yaratmağa başlamışdı. Onun respublikaya rəhbərlik etdiyi sovetlər dönəmində Azərbaycan neft və pambıq xammalı mənbəyindən o dövr üçün ən müasir texnologiyaların geniş tətbiq olunduğu yüksək sənaye respublikasına çevrilmişdi. O illərdə Heydər Əliyev ilk növbədə bugünkü dövlət müstəqilliyimizin əsası olan güclü iqtisadi bazanı yarada bilmiş, respublikanın özünü elektrik enerjisi və digər zəruri vasitələrlə tam təmin etməsinə şərait yaratmışdı. Azərbaycanın mənzərəsi tamamilə dəyişilmiş, respublikanın hər yerində böyük abadlıq işləri getmiş, yeni zavod və fabriklər, elektrik stansiyaları, su kəmərləri, meliorasiya qurğuları, Azərbaycan üçün tamamilə yeni müəssisələr istifadəyə verilmiş, ən başlıcası, bu sahələrdə işləyə bilən güclü kadr potensialı yetişdirilmişdi.
Bununla yanaşı, ölkəmizin elmi, mədəniyyəti, incəsənəti də yeni inkişaf səviyyəsinə qaldırılmış, Azərbaycanın zəngin tarixi bütün dünyaya tanıdılmışdır. Bunlar hamısı onun zəhmətinin və böyük təşkilatçılıq işinin bəhrəsi idi.
Ən əsası budur ki, ulu öndər xalqımızın özünə, öz gücünə, qüdrətinə inamını bərpa etmişdi. Çünki özü xalqının gücünə və qüdrətinə inanırdı, həyatının mənasını isə doğma vətəninə xidmətdə görürdü. Heydər Əliyev deyirdi: "Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bugününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır".
Ulu öndər insan həyatının fəlsəfəsini belə izah edirdi: "Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət nümunəsi göstərmək və başqaları üçün nümunə olmaqdır". Bu gün heç kəs inkar edə bilməz ki, Heydər Əliyev ömrü başdan-başa elə ləyaqət timsalı, ləyaqət nümunəsidir.
Uzaqgörən rəhbərin o dövrdə gördüyü mühüm işlərdən biri də ölkəmizin sonrakı taleyində və inkişafında mühüm rol oynayan yüzlərlə Azərbaycan gəncini oxumaq üçün keçmiş Sovetlər İttifaqının ən güclü ali məktəblərinə göndərməsi idi. Həmin kadrlar Azərbaycanın inkişafına öz töhfələrini vermiş və verməkdədirlər. Bu baxımdan hərbi kadrları xüsusi qeyd etmək lazımdır.
1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra öz ordusundan məhrum olan Azərbaycan xalqı Böyük Vətən müharibəsi illərində qəhrəmanlıqla vuruşaraq, minlərlə qurban verərək, Həzi Aslanov kimi böyük hərbi sərkərdələr yetirsə də, sovet ordusunda azərbaycanlı zabitlərin, xüsusilə yüksək rütbəli zabitlərin olmaması Heydər Əliyevin qəlbini bir vətəndaş kimi ağrıdırdı. Buna görə də o, C.Naxçıvanski adına hərbi liseyi yaratmışdı. Moskvanın etdiyi etirazlara baxmayaraq, həmin liseyi Azərbaycanın gələcək hərbi kadrları üçün güclü qaynağa, mənbəyə çevirə bilmişdi. Çox sonralar, 2003-cü ilin aprel ayında həmin liseyin 30 illik yubileyində Heydər Əliyev deyirdi: "Bu məktəbi yaradanda heç ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu, mənə qismət olub və çox şadam ki, həqiqətən belə şərəfli iş mənə nəsib olubdur. 1972-1973-cü illərdə məktəbə daxil olmuş gənclər, uşaqlar indi burada çıxış edirlər. İndi onlar generallar, polkovniklərdir. Korpusa komandanlıq edirlər, böyük hərbi hissələrə komandanlıq edirlər. Mənim arzum bu idi. Mən bu arzuma çatmışam. Ona görə də özümü çox xoşbəxt hiss edirəm".
Təkcə bu lisey idimi onun
yaratdığı? O dövrdə Azərbaycanın
paytaxtında fəaliyyət göstərən Ali
Ümumqoşun Komandirləri Məktəbi və Ali Hərbi
Dənizçilik Məktəbi də onun diqqətindən kənarda
qalmamışdı. O, respublikanın rəhbəri və
Zaqafqaziya Hərbi Dairəsi Siyasi Şurasının
üzvü kimi həmin məktəblərdə olarkən
burada cəmi 20 azərbaycanlı tələbənin
oxuduğunu görmüşdü. Buna görə də o
zaman Almaniyadakı sovet qoşunlarında xidmət edən
general Valeh Bərşadlını Azərbaycana dəvət
edərək onu Ali Ümumqoşun Komandirləri Məktəbinə
rəis təyin etdirmişdi. Bundan sonra Heydər Əliyevin səyləri
ilə təkcə həmin məktəbdə azərbaycanlıların
sayı 50 faizə çatmışdı. Burada da o,
böyük maneələrlə
qarşılaşmışdı. Özü də bu, Heydər
Əliyevin qarşılaşdığı ilk və son maneə
deyildi.
Heydər Əliyevin
böyük təşkilatçılıq qabiliyyəti və
istedadı artıq bütün İttifaqa səs
salmış, hətta beynəlxalq miqyasda
tanınmışdı. Məhz fitri rəhbərlik
istedadını və dövlət xadimi üçün zəruri
olan ən yüksək keyfiyyətləri özündə
birləşdirdiyinə görə o zamankı sovet rəhbərliyi
onu Moskvaya dəvət edərək Sov.İKP MK Siyasi Bürosunun
tərkibinə daxil etmiş və SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsinə irəli çəkmişdi.
Azərbaycanda başladığı böyük quruculuq
işlərini davam etdirmək və tamamlamaq arzusu nə qədər
güclü olsa da, o, həmin təklifdən boyun
qaçıra bilməmişdi. Beləliklə, Heydər Əliyev
keçmiş SSRİ rəhbərliyində təmsil olunan
ilk azərbaycanlı, ilk müsəlman olmuşdu.
Heydər Əliyevin Moskvada
çalışdığı illər xüsusi tədqiqat
və geniş söhbət mövzusudur. Ancaq qeyd etmək
lazımdır ki, o, həmin illərdə də daim Azərbaycanın
maraqları ilə yaşayır, Azərbaycanın tərəqqisi
üçün əlindən gələni edir və buna
kifayət qədər nail olurdu. O illərdə SSRİ rəhbərliyi
ən çətin sahələrin, ən məsuliyyətli vəzifələrin
icrasını Heydər Əliyevə tapşırmaqla sanki
onu sınağa çəkirdi. 20-dən artıq İttifaq
nazirliyinə rəhbərlik edən Heydər Əliyev
qısa vaxtda bütün Sovet İttifaqında özünə
böyük rəğbət qazana bilmiş, öz
işgüzarlığı, prinsipiallığı,
qayğıkeşliyi ilə insanların qəlbində öz
yerini tutmuşdu. Heydər Əliyevin
dünyagörüşü, təfəkkürü o qədər
geniş və hərtərəfli idi ki, hər bir sahənin ən
tanınmış mütəxəssisləri onun ömrü
boyu bu sahə ilə məşğul olduğunu güman
edirdi. Həmin dövrdə SSRİ rəhbərliyində təmsil
olunmuş bir çox görkəmli dövlət xadimləri,
onunla ünsiyyətdə olan rəhbər işçi və
ziyalılar onun zəngin erudisiyasına, müxtəlif sahələri
incəliklərinə qədər öyrənməsinə
heyran qalırdı. Bunlar həmin insanların xatirələrində
böyük məhəbbət hissi ilə qələmə
alınmışdır.
Heydər Əliyevin rəhbərlik
etdiyi əsas sahələrdən biri keçmiş
SSRİ-nin ən böyük problemlərindən sayılan nəqliyyat
sahəsi idi. O dövrdə əsrin ən böyük tikintilərindən
sayılan Baykal-Amur Magistralının inşasına nəzarət
edən komissiyanın işinə məhz Heydər Əliyev rəhbərlik
edirdi. BAM-ın tikintisində Azərbaycanın və azərbaycanlıların
əməyi az olmamışdır. Hələ Azərbaycanda
işləyərkən Heydər Əliyevin təşəbbüsü
ilə yaradılmış "AzBAMstroy" Tikinti
Quraşdırma İdarəsi vasitəsilə burada
böyük işlər görülmüşdür, o
cümlədən Azərbaycan memarlarının layihələri
əsasında Ulkan və Anqoya-stansiya qəsəbələri
tikilmişdir. Təsadüfi deyildir ki, lap bu yaxınlarda, yəni
2008-ci ildə Rusiya dövlətinin qərarı ilə
Baykal-Amur Magistralının Şərqi Sibir dəmir yolunun
Anqoya stansiyasına ulu öndərin adı verilmişdir.
Moskvada fəaliyyət
göstərdiyi illərdə Heydər Əliyev beynəlxalq
aləmdə də görkəmli ictimai-siyasi xadim kimi
tanınmış, onun böyük siyasi iradəyə və
idarəçilik bacarığına malik olması
dünyanın məşhur siyasətçiləri və
dövlət xadimləri tərəfindən etiraf
edilmişdir. Çünki Heydər Əliyev hansı sahəyə
rəhbərlik edir-etsin, hansı vəzifədə olur-olsun,
həmin sahəyə yeni ruh, yeni nəfəs gətirə, bu
işə yeni vüsət verə bilirdi. Bu, hər şeydən
əvvəl onun qeyri-adi zəkasından, təşkilatçılıq
qabiliyyətindən, bir sözlə, şəxsi keyfiyyətlərindən
irəli gəlirdi. Yəni vəzifə onu yox, o, vəzifəni
ucaldırdı. Çünki özünün dediyi kimi:
"Vəzifə insana heç bir şey vermir, sadəcə
olaraq səlahiyyət verir, qalan hər bir şey onun
ağlından, zəkasından, biliyindən, mədəniyyətindən
asılıdır".
Lakin Heydər Əliyevin bu
istedad və bacarığına qısqanclıqla
yanaşanlar, onu gözü götürməyənlər də
az deyildi. Heydər Əliyevin gündən-günə artan
nüfuzu çoxlarına sərf etmir və buna görə də
ona qarşı saysız-hesabsız haqsızlıqlar baş
verirdi. Xüsusilə Azərbaycanda Dağlıq Qarabağ
münaqişəsinin yaradılmasında və 20 Yanvar faciəsinin
törədilməsində bilavasitə günahkar olan Mixail
Qorbaçovun ona qarşı tutduğu mövqe dözülməz
idi.
O zaman M.Qorbaçov və
onun ən yaxın ətrafı Heydər Əliyevə
qarşı çirkin böhtan kampaniyasının
başlanmasına start verdilər və təəssüf ki,
bu işdə vaxtilə Heydər Əliyevin vəzifəyə
gətirdiyi, etimad göstərərək irəli çəkdiyi
bəzi azərbaycanlı rəhbər kadrlardan da fəal
istifadə edilirdi. İş burasındadır ki, bu
böyük haqsızlıqlara nəinki həmin dövrün
sərt sınaqlarından mətanətlə, dözümlə
çıxan Heydər Əliyevin özünə, hətta
ailə üzvlərinə, o cümlədən Moskva Dövlət
Beynəlxalq Əlaqələr İnstitutunu müvəffəqiyyətlə
bitirərək 23 yaşında elmi dərəcə
almış, həmin institutda dərs deyən oğlu
İlham Əliyevə qarşı da yol verilirdi. Heydər Əliyev
kimi böyük siyasi xadimin SSRİ rəhbərliyindən
uzaqlaşdırılması və Azərbaycana
qayıtmasına ciddi maneələr törədilməsi isə
ən çox Azərbaycan xalqına vurulan zərbə, ona
qarşı törədilən sui-qəsd idi.
1990-cı ilin Qanlı Yanvar
hadisələrini Azərbaycan xalqı heç zaman unutmayacaqdır.
Daim təqib və nəzarət altında olmasına
baxmayaraq, Azərbaycan xalqının vətənpərvər
övladı Heydər Əliyev öz çiyinlərinə
düşən böyük məsuliyyəti dərk edən
siyasi xadim kimi elə həmin günün səhəri
bütün dünyaya səs salan çıxışı
ilə bu hadisələrin əsl səbəbkarlarını və
günahkarlarını sərt ittiham etdi. Onun bu
çıxışının xalqdan gizlədilməsinə
səy göstərilsə də, xalq hər şeydən xəbərdar
oldu və Azərbaycanın böyük xilaskarının
yenidən respublikaya qayıtmasını, bəlalardan qurtarmaq
missiyasının ona həvalə olunmasını tələb
etməyə başladı.
Böyük rəhbərin o
dövrdə yaşadığı mürəkkəb və gərgin
anlar haqqında indi hamının məlumatı vardır. Onun
1991-ci il iyulun 19-da atdığı qətiyyətli addım
bütün dünyada rezonans doğurdu və kommunizm
ideyalarının iflasa uğradığını təsdiq
etdi. Heydər Əliyev uzun illər sədaqətlə xidmət
etdiyi və rəhbərlik etdiyi Kommunist Partiyasının
sıralarını tərk edərkən bunu ilk növbədə
1990-cı ilin Yanvar hadisələrinə siyasi qiymət verilməməsi,
sovet rəhbərliyinin Azərbaycana qarşı tutduğu qərəzli
mövqe ilə izah etmişdi. Həmin il avqustun 29-da Azərbaycan
Respublikası Ali Sovetinin sessiyasında isə Heydər Əliyev
Azərbaycan xalqının birliyi üçün Kommunist
Partiyasının hakimiyyətdən getməsi təklifini irəli
sürmüşdü. Ancaq yanvar hadisələrindən sonra
respublikanı idarə edən şəxslər xalqın mənafeyi
və tələbi ilə hesablaşmayaraq yalnız öz
kreslolarını qorumaqla məşğul idilər, onlar Azərbaycanın
başının üstünü almış qara
buludları sanki görmürdülər.
1990-cı il iyulun 20-də
böyük çətinliklə Azərbaycana qayıdan Heydər
Əliyev sonralar xatırlayırdı: "Moskvada məni təqib
edirdilər... Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə
görə mənə qarşı repressiya planları
hazırlanmışdı və onları həyata keçirmək
istəyirdilər. Bakıya gələndə xalq tərəfindən
mənim gəlişim böyük ruh yüksəkliyi ilə
qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər
tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə
də, mən Naxçıvana gələndə
Naxçıvan ayağa qalxdı, Naxçıvan məni
qucaqladı, bağrına basdı. Görünür, mənim
Naxçıvana gəlməyim taleyin işi imiş".
Azərbaycanın
1988-1993-cü illər dövrü bəlkə də onun
tarixində ən mürəkkəb və faciəli bir
dövr idi. Moskvanın buyruğu ilə oturub duran, onun qərarlarını
kor-koranə yerinə yetirən Vəzirov və Mütəllibov
rejimləri respublikanı nə qədər bərbad günə
qoymuşdularsa, onların bacarıqsızlığından və
qətiyyətsizliyindən istifadə edərək hakimiyyətə
gəlmiş cəbhəçi-müsavatçıların
səriştəsizliyi ucbatından ölkə tamamilə
dağılmaq və məhv olmaq təhlükəsi
qarşısında qalmışdı.
Bu gün
xalqımızın böyük ürək ağrısı
ilə xatırladığı həmin illərdə Azərbaycanın
bir ümid çırağı da var idi. Həmin ümid
çırağı Heydər Əliyev idi. O,
Naxçıvanda xalqın böyük təkidi ilə muxtar
respublika Ali Sovetinin Sədri seçilmişdi, olduqca
dözülməz blokada şəraitində Azərbaycanın
bu qədim diyarını erməni işğalından qoruyub
saxlayırdı. Mərkəzi hakimiyyətin təzyiqlərinə
baxmayaraq, Naxçıvanda Azərbaycanın müstəqillik
atributlarını bərpa edir, muxtar respublikanı blokadadan
qurtarmaq üçün onu qardaş Türkiyə ilə birləşdirən
"Ümid körpüsü"nü salırdı.
Respublikanın bütün
şüurlu insanları vətənin xilasını Heydər
Əliyevin simasında görərək ona
saysız-hesabsız müraciətlər edir və
Naxçıvanda onu ziyarət edərək xilaskarlıq
missiyasını öz üzərinə götürməsini
xahiş edirdilər. Cəbhəçilər isə Azərbaycanın
başının üstünü almış təhlükəni
aradan qaldırmaq yollarını çox gözəl bilən
bu böyük siyasətçi ilə heç məsləhətləşmək
belə istəmir, öz düşünülməmiş hərəkətləri
ilə respublikanı uçuruma yuvarlayırdılar. Bunun nəticəsi
olaraq 1993-cü ilin məlum iyun hadisələri baş verdi.
Surət Hüseynovun Gəncədə başladığı
qiyam, Əlikram Hümbətovun cənub bölgəsində
başladığı separatçılığın
şimal bölgəsinə də sirayət etməsi, Rəhim
Qazıyev kimi üzdəniraq siyasətçilərin Rusiya ilə
sövdələşmələri nəticəsində Azərbaycanın
bir respublika kimi yer üzündən silinmək təhlükəsi
yaranmışdı. Bunu görən Əbülfəz
Elçibəy rejimi də Heydər Əliyevsiz keçinmək
mümkün olmadığını dərk etdi və təkidlə
onun Bakıya gəlməsini xahiş etdi.
Hadisələrin sonrakı
axarı və xalqın böyük təkidi nəticəsində
1993-cü il iyunun 15-də Heydər Əliyev nəhayət
Bakıya gələrək dənizdə sükanını
itirmiş gəmiyə bənzəyən Azərbaycanın
idarə olunmasını öz öhdəsinə
götürdü. Bu zaman xalqın daha mütərəqqi hissəsini,
qabaqcıl ziyalılarını və siyasətçilərini
birləşdirən Yeni Azərbaycan Partiyası artıq
formalaşmağa və xalqın böyük əksəriyyətini
bilavasitə Heydər Əliyev kimi görkəmli siyasi xadimin ətrafına
toplamağa nail olmuşdu.
1992-ci ilin noyabrında
qarlı-şaxtalı Naxçıvanda yaradılmış
Yeni Azərbaycan Partiyasının məqsəd və vəzifələri
hər bir Azərbaycan vətəndaşının arzu və
istəklərini özündə əks etdirirdi. Bu gün biz
Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan
Partiyasının bilavasitə ulu öndər tərəfindən
yazılmış məramnaməsinə dönə-dönə
nəzər salmalı, orada Heydər Əliyevin qurmaq istədiyi,
görmək istədiyi yeni Azərbaycanın mənzərəsini
gözümüz önündə canlandırmalıyıq.
Bu çətin
dövrün xronikasını sadalamağa burada imkan
olmadığından Heydər Əliyevin layiqli varisi, indiki
Prezident cənab İlham Əliyevin hələ 1998-ci ildə
keçirilmiş prezident seçkilərinin yekunları ilə
bağlı verdiyi bir müsahibəsində dediyi sözləri
xatırlatmaq yerinə düşərdi. Cənab İlham Əliyev
deyirdi: "Mən Prezidentə xalqın məhəbbətini,
xalqın inamını öz gözümlə gördüm,
çünki Prezidentin bütün bölgələrə səfərlərində
mən onun yanındaydım. Mən bildim ki, xalq Heydər Əliyevə
inanır, Heydər Əliyevi dəstəkləyir, Heydər Əliyevi
sevir və Heydər Əliyevə alternativ görmür".
Həmin müsahibəsində
cənab İlham Əliyev 1998-ci ili 1993-cü illə
müqayisə edərək onda Azərbaycan ictimaiyyətini
tamam başqa problemlərin narahat etdiyini, gündəlikdə
tamam başqa məsələlərin durduğunu bildirirdi. Bu
problemləri həll etmək, Azərbaycanı
parçalanmaqdan xilas etmək, vətəndaş müharibəsinə
son qoymaq, Ermənistanla Azərbaycan arasında olan müharibəni
dayandırmaq, atəşkəs rejimini saxlamaq, qeyri-qanuni
silahlı birləşmələri tərksilah etmək,
sabitlik yaratmaq asan deyildi. Lakin Heydər Əliyev 5 ildə bu
problemlərin hamısını həll etmiş, 1996-cı
ildən başlayaraq ölkədə yaranmış sabitlikdən
istifadə edərək böyük quruculuq işlərinə
başlamışdı. Cənab İlham Əliyev hələ
o zaman inamla qeyd edirdi ki, 2003-cü ilə qədər iqtisadi və
sosial problemlərin bir çoxu öz həllini tapacaq və
2003-cü ildə gündəlikdə tamam başqa məsələlər
duracaq. Cənab İlham Əliyev çox düzgün qeyd
edirdi ki, əgər 1993-cü ildə qəti addımlar
atılmasaydı, 1998-ci ildə Azərbaycan dövləti
haqqında bəlkə də söhbət getməyəcəkdi.
Heydər Əliyevin
2003-cü ilə qədər gördüyü əsas işləri
saymaqla qurtarmaq olmasa da, burada ilk növbədə ölkədə
sabitliyin bərqərar olmasını, müstəqil Azərbaycan
dövlətinin yeni Konstitusiyasının qəbul edilməsini,
demokratik-hüquqi dövlətin hüquqi bazasının
yaradılmasını, bunun əsasında iqtisadi islahatlara
başlanılmasını, birinci özəlləşdirmə
proqramının, torpaq islahatının başa
çatdırılmasını, ölkədə
sahibkarlığın inkişafı üçün əlverişli
şəraitin yaradılmasını qeyd etmək olar. Lakin
bunların hamısının əsasında onun böyük
uğurla hazırlayıb həyata keçirdiyi yeni neft
strategiyasının dayandığını demək lazımdır.
Bu strategiyanın həyata keçirilməsi Azərbaycanın
bütün sonrakı qələbələrinin əsasını
təşkil etmişdir. "Əsrin müqaviləsi"nin
hazırlanmasında və həyata keçirilməsində
isə o zaman Azərbaycan Dövlət Neft Şirkətinin
birinci vitse-prezidenti vəzifəsində çalışan,
2003-cü ildən isə Azərbaycana uğurla rəhbərlik
edən cənab İlham Əliyevin əvəzsiz rolu və
xidmətləri danılmazdır.
İndi dünya sanki
sıxlaşıb, müasir rabitə və nəqliyyat sistemləri
ölkələri bir-birinə daha da
yaxınlaşdırıb. Belə bir şəraitdə
geosiyasi vəziyyət tez-tez dəyişir, qloballaşma
dövrü kimi səciyyələndirilən müasir şəraitdə
dünyadan təcrid olunmaq, sadəcə,
mümkünsüzdür. İndiki dövrdə xüsusilə
mürəkkəb geosiyasi vəziyyətdə olan bir ölkəyə
rəhbərlik etmək, onu yüksək sürətlə
inkişaf etdirmək olduqca böyük qətiyyət,
möhkəm iradə tələb edir.
Məhz bu qətiyyət və
iradəni cənab İlham Əliyev 2003-cü ilin
oktyabrında keçirilən prezident seçkilərində
və öz prezidentliyinin birinci dövründə
nümayiş etdirdi. O, ilk andiçmə mərasimindəki
nitqində Azərbaycanın bundan sonra da həmişə
ümummilli lider Heydər Əliyev ideyalarına sadiq
qalacağını, daxili və xarici siyasətdə Heydər
Əliyev xəttini yeridəcəyini, hər bir azərbaycanlının
Prezidenti olacağını bütün dünyaya bəyan
etdi.
Dövlətimizin
başçısı Heydər Əliyev ideyalarına
sadiqliyini ölkənin sosial-iqtisadi inkişafını yeni səviyyəyə
yüksəltməkdə, aparılan islahatları daha da
sürətləndirməkdə və dərinləşdirməkdə,
respublikanın iqtisadi müstəqilliyini tam təmin etməkdə
görürdü. O öz prezidentliyinin birinci dövründə
imzaladığı ilk fərmanları ilə Azərbaycanın
yaxın 4 ildə sosial-iqtisadi inkişafının əsas
istiqamətlərini müəyyən etdi. Azərbaycanın
tarixində yeni dövr - İlham Əliyev dövrü
başlandı. Cənab İlham Əliyev Heydər Əliyev ənənələrinə
sadiq qalaraq atacağı hər bir addımı, görəcəyi
hər bir işi dərindən ölçüb-biçmək
üçün respublikanın sonrakı
inkişafının hər bir sahəsi üzrə konkret,
elmi cəhətdən əsaslandırılmış
proqramların hazırlanmasına göstəriş verdi.
2008-ci ilin yekunları və
həmin ilin oktyabrında keçirilən prezident seçkiləri
Azərbaycan xalqının böyük əksəriyyətinin
cənab İlham Əliyevin yeritdiyi siyasəti dəstəklədiyini,
ona inandığını və Azərbaycanın gələcəyini
ona etibar etdiyini bir daha təsdiq etdi.
Cənab İlham Əliyevin
ölkə rəhbəri olduğu dövrdə respublikanın
əldə etdiyi uğurları isə bir neçə rəqəmlə
göstərmək kifayətdir. 2003-2008-ci illərdə
respublikada ÜDM 2,7 dəfə artmış, onun
adambaşına düşən həcmi 5800 ABŞ
dollarına çatmışdır. Son 5 il ərzində sənaye
istehsalı da 2,7 dəfə artmış, dövlət
büdcəsinin xərcləri 2003-cü ildəki 1 milyard 200
milyon dollardan 2008-ci ildə 15 milyard dollara
çatmışdır. 2003-2008-ci illərdə ölkə
iqtisadiyyatına təqribən 44 milyard dollar investisiya
qoyulmuşdur ki, bu da bütün müstəqillik illərində
Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların 77
faizi deməkdir. 2003-cü ildə Azərbaycanın valyuta
ehtiyatları 1 milyard 600 milyon ABŞ dolları idisə, indi bu
rəqəm 18 milyard dollardan çoxdur.
Bu illər ərzində 766
min, o cümlədən 2008-ci ildə 120 min iş yeri
açılmışdır ki, bunun da 548 mini daimi iş yeri
olmuşdur.
Heydər Əliyevin
işinin davamçısı, siyasi irsinin birbaşa varisi və
övladı kimi Prezident İlham Əliyevin bu böyük
şəxsiyyət haqqında dediyi sözlər hər bir azərbaycanlının
ürəyindən xəbər verən sözlərdir. O bildirir:
"Mən Heydər Əliyevin oğlu olmağımı
özüm üçün böyük xoşbəxtlik
sayıram. Böyük insanın oğlu olmaq, habelə
mühüm qərarlar qəbul edilən anlarda onun yanında
olmaq böyük xoşbəxtlikdir. Bu gün onun işi
yaşayır, siyasəti yaşayır və mən əminəm
ki, Azərbaycan onun istədiyi kimi inkişaf edir. Əlbəttə
ki, mən həmişə ona oxşamağa
çalışmışam. Çünki siyasətçi
keyfiyyətləri ilə yanaşı, o, həyatda hamıya
nümunə ola biləcək adam idi. Səni maraqlandıran
bir suala cavab almadan ondan aralanmaq mümkün deyildi. Sizə deməliyəm
ki, prezidentliyimin ilk illərində elə məqamlar
olmuşdur ki, mən fikirləşirdim: bu vəziyyətdə
Heydər Əliyev nə edərdi? Lakin təəssüf ki,
bunu bilmək imkanım yox idi. Amma düşünürəm
ki, o, son beş ildə görülmüş işlərin
hamısını bəyənərdi. Özünün əsəri
olan Azərbaycanı bugünkü səviyyədə görsəydi,
şad olardı".
Bu gün Azərbaycana rəhbərlik
edən Prezident İlham Əliyevi ümummilli lider Heydər Əliyevlə
birləşdirən bir çox ümumi cəhətlər
vardır. Lakin onlardan bəzilərini xüsusi qeyd etmək
lazımdır. Bu, ilk növbədə vətən, dövlət
və millət qarşısında məsuliyyət hissidir. Biz
əvvəldə ulu öndərin bu barədə bəzi
fikirlərini qeyd etmişdik. Bu məsuliyyət hissi cənab
İlham Əliyevin də bütün həyatının məğzini
təşkil edir və ətrafında olan hər bir kəsdən
də bunu qətiyyətlə tələb edir. Cənab
İlham Əliyev hakimiyyətin nədən ibarət
olması barədə öz düşüncələrini
açıqlayaraq deyir: "Mən deyərdim ki, bu gün
hakimiyyəti beş il əvvəlkindən fərqli başa
düşürəm. O vaxt mənim üçün hakimiyyət,
ilk növbədə, böyük məsuliyyət yükü
idi. Həm atamın xatirəsi qarşısında, həm
ölkə qarşısında, həm də xalq
qarşısında məsuliyyət idi. Başa
düşürdüm ki, Azərbaycanın gələcəyi
mənim görəcəyim işlərdən asılı
olacaqdır. Bu gün deyə bilərəm ki, bu məsuliyyət
hissi məni heç vaxt tərk etməsə də, hər halda,
buraya başqa hisslər də əlavə olunur. Yəni indi mən
hakimiyyəti ölkə üçün daha yaxşı
işlər görmək imkanı kimi qəbul edirəm. Bu
gün mənim üçün hakimiyyət, ilk növbədə,
Azərbaycan vətəndaşlarından ötrü xeyirxah
işlər görmək imkanıdır".
Gördüyümüz kimi,
Azərbaycanın böyük tarixi şəxsiyyəti,
ümummilli lider Heydər Əliyevin ideyaları XXI əsrdə
onun layiqli varisi cənab İlham Əliyev tərəfindən,
ulu öndərin yaratdığı Yeni Azərbaycan
Partiyası tərəfindən uğurla davam etdirilir. Çünki
Heydər Əliyev ideyaları yaşayan və yaşadan
ideyalardır.
Süleyman İsmayılov,
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının şöbə müdiri,
YAP Siyasi Şurasının üzvü
Azərbaycan.-2009.-15 aprel.-S.3.