Gözlərə nur verən insan

 

Görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyeva yüksək mədəniyyəti, zərif qəlbi, elmə sədaqəti, insanlara münasibətdə məsuliyyəti ilə xalqımızın qəlbində həmişə yaşayır, parlaq xatirəsi daim böyük ehtiramla anılır. Geniş dünyagörüşü, dərin tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanmış bu fədakar alimin ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir elm adamı və tibb işçisi üçün həyat və mənəviyyat, kamillik və müdriklik məktəbidir. Akademikin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrindəndir. Dünya şöhrətli alimin seçdiyi sənət də, yorulmaz fəaliyyəti də insanlara daim nur bəxş etmişdir.

Zərifə Əliyeva XX əsr tariximizdə müstəsna xidmətləri olan görkəmli dövlət xadimi, Azərbaycanın böyük səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində anadan olmuşdur. Bu ailədə cəmiyyətin mənəviyyatı ilə bağlı həmişə geniş söhbətlər, müzakirələr aparılmışdı. İnsanlara münasibətdə xeyirxah və diqqətcil olmaq Əziz Əliyevin övladlarına verdiyi dərsin əsas məzmununu təşkil edirdi. Ona görə də səmimiyyət, alicənablıq, qayğıkeşlik, birinci növbədə özünə, daha sonra ətrafdakılara qarşı tələbkarlıq, sözü ilə işinin birliyi, vətənpərvərlik, xalqına, Vətəninə və torpağına sönməz məhəbbət Zərifə xanımın xarakterini səciyyələndirən xüsusiyyətlər olmuşdur. Atasının keçdiyi ömur yolu bu insan üçün xalqının tarixinin bir hissəsinə çevrilmişdi.

Zərifə Əliyeva 1947-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən və Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçdikdən sonra elmi işə olan sonsuz marağı onu Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutuna gətirib çıxarmışdı. Burada həkim-ordinator kimi fəaliyyətə başlamış, 1950-ci ildə aspiranturaya daxil olmuş, oranı bitirdikdən sonra həmin institutda baş elmi işçi vəzifəsində çalışmışdır.

Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirmişdi. Həmin illərdə Azərbaycanı traxoma göz xəstəliyi bürümüşdü. Ona görə də elmi fəaliyyətinin ilk dövründə Zərifə xanım Əliyeva traxomanın erkən diaqnostikasını, müalicəsini öyrənmiş və bu xəstəliyin profilaktikasına dair aktual elmi tədqiqatlar aparmışdır. Namizədlik dissertasiyasında əksini tapmış həmin tədqiqatların nəinki elmi, həmçinin böyük praktiki əhəmiyyəti vardır. Minlərlə insanın korluqdan xilas olaraq ictimai faydalı əməyə qayıtması bu elmi işin mühümlüyünə dəlalət edir. Alim traxomaya qarşı keçirilən müalicəvi və profilaktik tədbirlərin təşkilində fəallıq göstərmiş, konkret müalicə təcrübəsindən başqa o, Azərbaycanda bu xəstəliyin daha geniş yayıldığı rayonlara getmiş, həkim-oftalmoloqlara mühazirələr oxumuş, əhali ilə ətraflı söhbətlər aparmışdır. Beləliklə, Azərbaycanda traxoma xəstəliyinin ləğvinə yönəldilmiş kompleks tibbi tədbirlər məhz Zərifə Əliyevaya məxsus olmuşdur. Fundamental elmi axtarışlardan maksimum praktik nəticə əldə etmək xüsusiyyəti böyük alimin həm bu, həm də sonrakı tədqiqat işləri üçün xarakterik idi.

Ötən əsrin 60-cı illərində dünya təcrübəsində akademik Zərifə Əliyeva birincilər sırasında görmə üzvünün peşə xəstəlikləri problemi üzrə geniş elmi axtarışlara başlamışdır. O zaman bəzi sənaye müəssisələrində zəhərli maddələrin görmə orqanına toksik təsirinin öyrənilməsinə bir sıra elmi əsərlər həsr edilsə də, kimya istehsalının müxtəlif inqrediyentlərinin bu orqanlara təsiri az işıqlandırılmışdı. Xüsusilə neft-kimya sənayesində çalışan şəxslərin gözlərinə təsir edən mənfi amillərə demək olar ki, diqqət yetirilməmişdi. Halbuki, kimyəvi inqrediyentlərin müxtəlif kombinasiyaları bir çox hallarda insan orqanizminə və görmə orqanına zərərli təsir göstərir. Kimyəvi maddələrin uzunmüddətli kompleks təsiri nəticəsində orqanlarda distrofik, proliferativ proseslər əmələ gəlir. Bir çox inkişaf etmiş ölkələrdə şin və yod istehsalı yüksək səviyyədə olsa da, bu sahələrdə istehsal tullantılarının gözlərə toksik təsirinin öyrənilməsinə aid müfəssəl iş yox idi. Zərifə xanım Əliyevanın elmi tədqiqatlarının əsas istiqamətlərindən biri də məhz yod və şin sənayesinin zərərli təsirlərindən gözün zədələnməsinin öyrənilməsi olmuşdur. Dünya ədəbiyyatında bu fundamental tədqiqatın analoqu yoxdur. Həmin problem üzrə alimin elmi tədqiqatlarının nəticələri haqqında çapdan çıxmış 30-dan çox elmi işdə tetraxloretilen, pestisid, stirol buxarlarının orqanizmə xroniki təsiri zamanı görmə üzvünün və onun funksiyalarının vəziyyəti əks etdirilir. Məhz bu dövrdən başlayaraq Zərifə xanımın elmi axtarışlarının əsas mövzusu Azərbaycanın kimya sənayesinin bəzi sahələrində çalışan fəhlələrin görmə orqanının vəziyyətini tədqiq etmək olmuşdur. Bu problem üzərində işləyərkən alim sənaye müəssisələrini gəzmiş, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinələrdən keçirmiş, hətta şin zavodunun sexlərində laboratoriya şəraitində təcrübələr aparmışdır. Zərifə Əliyevanın elmi tədqiqatlarının xarakterik cəhəti yaradıcılıq axtarışlarının genişliyi, təhlillərin dərinliyi və elmi uzaqgörənliyi ilə bağlılığı idi.

Görkəmli alim əldə edilmiş nəticələrlə kifayətlənməyərək tədqiqatlarının mövzusunu daha da dərinləşdirmiş və dünyada ilk dəfə olaraq görmə orqanına az miqdarda olsa da peşə amillərinin təsirini aşkara çıxara bilmişdir. Zərifə xanım mütəmadi olaraq tələbələri ilə elmi axtarışların nəticələrinin təhlilini aparmış, onları elmi məqalə, məruzə və metodik tövsiyə formasında nəşr etdirmişdi.

Aparılmış fundamental elmi işlərin nəticələri Zərifə xanımın 1976-cı ildə Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Bu məşhur institutun nüfuzlu alimləri və ixtisaslaşmış şuranın üzvləri həmin işə yüksək qiymət vermiş, oftalmologiyanın bu sahəsində ilk tədqiqatlardan biri olduğu xüsusi vurğulanmış, alimə çoxillik tədqiqatların nəticələrini monoqrafiya, dərs vəsaiti və metodik tövsiyə şəklində çap etdirməyi məsləhət görmüşlər. Yaradıcılıq uzaqgörənliyi və həyatın nəbzini tutmaq bacarığı Zərifə Əliyevaya dünya praktikasında ilk dəfə olaraq istehsalat şəraitində - Bakı Məişət Kondisionerləri Zavodunun sexlərində elmi tədqiqat laboratoriyasını yaratmağa imkan vermişdi. Bu laboratoriya elmi axtarışlar aparmaqla yanaşı, görmə orqanı xəstəliklərinin erkən aşkar olunması və müalicəsində böyük rol oynamışdır. Həmin laboratoriyanın topladığı elmi materiallar görkəmli alimin üç tələbəsinin namizədlik dissertasiyasının mövzusunu təşkil etmişdir. Zərifə xanımın elmi fəaliyyətinin çoxistiqamətliyini onun rəhbərlik etdiyi kafedra və elmi tədqiqat laboratoriyasının müasir oftalmologiyanın aktual problemlərinə həsr olunmuş müxtəlif araşdırmaları sübut edir.

Zərifə xanım elmi axtarışlarda həmişə müəyyən qanunauyğunluğa riayət edirdi. O deyərdi: "Tədqiqatları təkmilləşdirməklə biz daha bir pillə yüksəlir və qarşımızda yeni geniş üfüqlər açılır". Cərrah N.İ.Piroqovun sözlərini tez-tez tələbələrinə xatırladardı: "Elmi axtarışlarda istiqamət və metod əsasdır. Düzgün üsulları və istiqaməti tapmadan çox vaxt itirməklə özün də çaşırsan".

Zərifə xanım Əliyevanın və onun tələbələrinin elmi fəaliyyətlərinin xüsusiyyətlərini səciyyələndirən əsas cəhət onların möhkəm nəzəri hazırlığı üzərində qurulan klinik təcrübə təşkil etmişdir. Dünya şöhrətli alimin çoxşaxəli elmi yaradıcılığı 12 monoqrafiyada, 160-dan çox elmi işdə, bir ixtira və 12 səmərələşdirici təklifdə öz əksini tapmışdır. Belə çoxistiqamətli axtarışları aparmaq məhz onun kimi böyük alimə və klinisistə qismət ola bilərdi. Burada məsələ yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdən deyil, problemin həllinə xüsusi yanaşmadan da ibarətdir. Həmin xüsusiyyət Zərifə xanımın fəal surətdə inkişaf etdirdiyi yaradıcılıq biliyini əks etdirən faktlarda sübutunu tapmışdır. 1970-1985-ci illərdə oftalmologiya sahəsində aparılan birgə yaradıcılıq axtarışlarının əsası Zərifə Əliyeva tərəfindən qoyulmuşdur. Buna ll Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, professor A.P.Nesterov, Rusiya Diplomdan sonrakı Təhsil Akademiyasının oftalmologiya kafedrasının müdiri, professor L.K.Moşetova, Rusiya İridoloqlar Assosiasiyasının vitse-prezidenti, Rusiyanın əməkdar elm xadimi, professor N.B.Şulpina və digər tanınmış alim-oftalmoloqlarla yaradılan elmi əlaqələr canlı sübutdur.

Görkəmli alimin əmək fəaliyyətinin böyük bir hissəsi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olmuşdur. Əvvəl o, göz xəstəlikləri kafedrasının dosenti, sonra professoru və ömrünün sonuna kimi kafedra müdiri vəzifəsində çalışmışdır.

1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini alan Zərifə Əliyeva Ə.Əliyev adına ADHTİ göz xəstəlikləri kafedrasının professoru seçilmiş və burada pedaqoji fəaliyyəti ilə bərabər daha səmərəli elmi tədqiqat işinin təşkilinə başlamışdır. Belə ki, 1974-cü ildə "Gözün herpetik xəstəliyi" və "Kəskin virus konyuktivitləri" dərs vəsaitləri çapdan çıxmış, 1980-ci ildə Zərifə xanım tərəfindən üç monoqrafiya nəşr olunmuşdur: "Şin istehsalında gözün peşə patologiyası", "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası", "Gözün və göz siniri yollarının yaşla əlaqədar dəyişiklikləri". 1981-ci ildə isə alimin "Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya" monoqrafiyası nəşr olunmuşdur.

1980-ci ildə professor Zərifə Əliyevaya elmi xidmətlərinə və pedaqoji kadrların hazırlanmasındakı fəaliyyətinə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilmişdir. 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işlərinə, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası" monoqrafiyasına görə dünya şöhrətli alim oftalmologiya sahəsində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyası tərəfindən akademik M.İ.Averbax adına mükafata layiq görülmüşdür. Bu, professor Zərifə Əliyevanın elmi xidmətlərinə verilən qiymət idi. 1982-ci ildə alim Ə.Əliyev adına ADHTİ-nin oftalmologiya kafedrasının müdiri seçilmişdir. Bundan sonra onun elmi fikirləri və kompleks elmi tədqiqatları daha geniş vüsət almışdır. Zərifə xanımın rəhbərlik etdiyi kafedra və klinika oftalmologiyanın aktual problemlərinin, müasir klinik müayinə üsullarının işlənib hazırlanması üzrə Azərbaycanın aparıcı mərkəzinə çevrilmişdir.

Professor Zərifə xanım Əliyeva maraqlı mühazirələri ilə hamının dərin rəğbətini qazanmışdı. Onun məruzələri, çıxışları həmişə yeniliyi və orijinallığı ilə diqqəti cəlb etmişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında gənc alimlərin və oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə Əliyeva tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara böyük həvəslə elmi biliklər aşılamışdır.

İnstitutun Elmi Şurasının yığıncaqlarında, konqreslərdə, simpoziumlarda, konfranslarda çıxış edərkən Zərifə xanım öz prinsipiallığı, biliyi, geniş günyagörüşü, ideya yeniliyi, yüksək humanizm ilə həmişə seçilmişdir.

Zərifə Əliyevanın praktik həkimlik fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Alim həmişə əməkdaşlarından xəstələrə böyük məhəbbət və hörmətlə yanaşmağı tələb edirdi. Zərifə xanımın rəhbərliyi ilə həkimlərin səhər konferensiyası həqiqi məktəb idi və həmişə canlı, dolğun və əhatəli keçirdi. Müalicə həkiminin xəstə haqqında çıxışı çox vaxt auditoriya qarşısında imtahana çevrilirdi. Onun tərəfindən aparılan kliniki araşdırmalar, konsultasiyalar, xəstələrə baxışlar oftalmoloq həkimlərin ixtisasının artırılmasında, hər bir tibb işçisi üçün xarakterik olan etik normaların öyrənilməsində böyük rol oynamışdır. Zərifə Əliyeva dövrümüzün görkəmli alimi olmaqla, Azərbaycan oftalmologiya elminin ən yüksək zirvələrini fəth etmişdir.

1982-ci ildə professorun Moskva alimləri ilə birlikdə hazırladığı "İridodiaqnostikanın əsasları" və "Şəkərli diabet zamanı göz xəstəlikləri" kimi böyük həcmli işləri çapdan çıxmışdır. Görkəmli alimin zəngin pedaqoji və elmi təcrübəsi "Oftalmologiyanın aktual problemləri" əsərində (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapmışdır. Bu əsər "Terapevtik oftalmologiya" kitabı kimi bu gün həm Həkimləri Təkmilləşdirmə İnstitutunun, həm də Azərbaycan Tibb Universitetinin müəllimlərinin və praktik həkimlərin masaüstü kitabıdır.

Zərifə Əliyeva və onun tələbələrinin daktriologiyanın mühüm problemlərinin işlənib hazırlanmasında elmi tədqiqatları əhəmiyyətli dərəcədə müvəffəqiyyətlidir. Bu problem üzrə 1983-cü ildə professor Zərifə Əliyeva və tibb elmləri doktoru professor M.Y.Sultanov tərəfindən hazırlanmış iki monoqrafiya "Gözyaşı axıtmanın fiziologiyası" və "Gözyaşı axıtmanın cərrahi müalicəsinin müasir üsulları" çapdan çıxmışdır.

Görkəmli alim tibb elmindəki böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. Əməkdar elm xadimi, Azərbaycan EA-nın akademiki, professor Zərifə Əliyevanın vaxtsız vəfatı olmasaydı, yəqin ki, elmi-pedaqoji fəaliyyəti daha məhsuldar olardı. Zərifə xanım hər zaman ürəklə və inamla çalışmışdır. Həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiyyəti və qayğıkeşliyi, insanlara, onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi Zərifə xanıma həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdı.

Zərifə Əliyeva bütün ömrünü tibb elminin və səhiyyənin inkişafına həsr etmişdir. Akademik böyük ictimai işlər aparmış, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Oftalmoloqların Ümumittifaq Elmi Cəmiyyətinin və Ümumittifaq "Bilik" Cəmiyyətinin idarə heyətlərinin üzvü olmuşdur. Görkəmli alim həm də "Vestnik oftalmoloqii" ("Oftalmologiya xəbərləri") jurnalının redaksiya heyətinə daxil idi.

Azərbaycan tibb elminin korifeylərindən olan akademik Zərifə Əliyeva maraqlı və qayğıkeş insan, böyük alim, ağıllı müsahib, əsil ziyalı kimi bütün elm və tibb ictimaiyyətinin yaddaşına əbədi həkk olunmuşdur.

 

 

Sənan Kərimov,

Ə.Əliyev adına

Azərbaycan Dövlət

Həkimləri Təkmilləşdirmə

İnstitutunun rektoru,

tibb elmləri doktoru

 

Azərbaycan.-2009.-15 aprel.-S.4.