İqtisadiyyatın şaxələndirilməsi siyasəti neft amilindən asılılığı azaldır

 

Azərbaycanın son illərdə dinamik inkişafını təmin edən başlıca amillərdən biri iqtisadiyyatının şaxələləndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında reallaşdırılmasıdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmin olunması baxımından vacib əhəmiyyət kəsb edir.

2008-ci ildən dünyanı bürüyən qlobal maliyyə böhranının cari ildə daha da dərinləşməsinə rəğmən, Azərbaycan iqtisadiyyatı bu prosesə ciddi müqavimət göstərir və tarazlığını əzmlə qoruyub saxlayır. Dövlət başçısı İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı dərin məzmunlu çıxışı respublikamızın 2009-cu ilin birinci rübündə də dinamik inkişaf etdiyini, qlobal böhrana əzmlə sinə gərdiyini göstərir. Neftin qiymətlərinin 3-4 dəfəyədək aşağı düşməsinə rəğmən, son üç ayda ümumi daxili məhsulun 14 faizlik artımı respublikada iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirilən siyasətin praktik nəticəsindən xəbər verir.

Dövlət başçısının iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması istiqamətində həyata keçirdiyi tədbirlər ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti xüsusi cəlb edir. "Biz öz siyasətimizi elə aparmalıyıq ki, guya Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələrində və ilk növbədə, qeyri-neft sektorunda mövcud strukturlar inkişaf etdirilməlidir. Biz yalnız bu yolla Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirə bilərik" deyən dövlət başçısı hələ 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" fərmanlarında neftdən əldə olunan gəlirlərdən milli iqtisadiyyatın çoxqütblü inkişafı naminə səmərəli istifadə olunması məsələsinə mühüm yer ayrılmışdır. Bu fərmanların əsas qayəsi ölkədə sahibkarlığın inkişafını sürətləndirməklə, əmək ehtiyatlarından, təbii resurslardan səmərəli istifadə etməklə yeni iş yerlərinin açılmasına, yoxsulluğun səviyyəsinin daha da azaldılmasına nail olmaqdan ibarətdir.

Cənab İlham Əliyev iqtisadiyyatın neft gəlirlərindən asılılığını yolverilməz hesab etməklə yanaşı, qeyri-neft sektorunun daha çox respublikanın bölgələrində inkişaf etdirilməsi yolu ilə sosial və regional tarazlığın qorunmasına çalışmışdır. Dövlət başçısı çıxışlarında hər zaman vurğulamışdır ki, neftlə zəngin bəzi ölkələrin gərginlik və qeyri-sabitlik mühitində yaşaması, təbii sərvətləri üzərində sahiblik hüququnu itirməsi ilə bağlı çoxsaylı misallar gətirmək mümkündür. Hazırda dünya ölkələrini iflic edən qlobal iqtisadi böhranın Azərbaycana ciddi təsir göstərməməsi də məhz hökumət səviyyəsində qeyri-neft sektoruna göstərilən yüksək qayğının nəticəsidir. Regionlara göstərilən diqqətə görədir ki, ötən beş ildə sənaye istehsalı 3,7 dəfə, investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, qeyri-neft məhsullarının ixracı 2,2 dəfə, orta aylıq əməkhaqqı 2,7 dəfə, pensiyaların orta aylıq məbləği 4 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 13,2 faizə enmişdir.

Regionlarda və iri şəhərlərdə real sektora göstərilən yüksək diqqət və qayğının nəticəsi kimi, bu gün Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür, manat devalvasiyaya məruz qalmır, əhalinin sosial mənafeyi dövlət tərəfindən qorunur. Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının yaxın günlərdə keçirilən iclasında respublikamızın böhrana qarşı effektiv tədbirlər həyata keçirdiyini bir daha vurğulamışdır: "Ölkələrin milli valyutaları qiymətdən düşür. O cümlədən MDB məkanında, regionumuzda milli valyutalar 10 faiz, 20 faiz, 30 faiz, 50 faiz səviyyəsində qiymətdən düşür. Bu nə deməkdir?! O deməkdir ki, milli pul qiymətdən düşdükcə, alıcılıq qabiliyyəti də azalır və beləliklə, insanlar bundan birbaşa əziyyət çəkirlər. Azərbaycanda isə vəziyyət tam başqadır. Bizim milli valyutamız - manatımız sabitdir və sabit olaraq qalacaqdır. Bütün dünyada, demək olar ki, dünya ölkələrində 2009-cu ilin birinci rübündə iqtisadi tənəzzül müşahidə edilir, Azərbaycanda isə iqtisadi artım müşahidə olunur".

Qlobal böhranın Azərbaycana ciddi sirayət etməməsinin əsas səbəblərindən biri də regionlarda əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizəsi, daxili istehsalın təşviq edilməsidir. Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Son beş ildə bazar iqtisadiyyatının tələblərinə uyğun funksional idarəetmə mexanizmlərinin formalaşdırılması, liberal iqtisadi münasibətlərin inkişaf etdirilməsi və dövlət strukturlarının iqtisadi fəaliyyət sahələrinə nəzarətinin təkmilləşdirilməsi nəticəsində azad bazar prinsiplərinin daha geniş vüsət alması özəl sektorun inkişafına ciddi təkan vermiş, iş adamlarının fəaliyyətini stimullaşdırmışdır. Bu tədbirlərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılmasından və sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarlığın ümumi daxili məhsuldakı xüsusi çəkisi 85 faizə çatmışdır. Respublikamız bu gün nəinki iqtisadiyyatını daxili imkanlar hesabına inkişaf etdirir, hətta bəzi dövlətlərin iqtisadiyyatına investisiyalar yatırır. Hökumət hər hansı layihəni həyata keçirərkən ölkənin iqtisadi təhlükəsizlik maraqlarını, xalqın sosial müdafiəsini nəzərə alır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, qlobal maliyyə böhranının zərbəsi ilk növbədə bank sektoruna dəyir, bankların öz öhdəliklərini normal məcrada yerinə yetirməsində çətinliklər yaranır. Azərbaycanda isə belə bir problemin heç zaman yaranmayacağını əminliklə söyləmək üçün ciddi əsaslar var. Hökumətin həyata keçirdiyi preventiv tədbirlər nəticəsində respublika bankları likvidlik problemi ilə bağlı istehlak və biznes kreditlərinin verilməsi prosesini dayandırmamış, perspektivli biznes layihələri maliyyələşdirilmişdir. Bu fakt həm də respublikanın dinamik sosial-iqtisadi inkişafı ilə bağlı olaraq bank sektorunun fəaliyyətində səmərəliliyin əhəmiyyətli dərəcədə artımı ilə şərtlənir.

Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında Azərbaycanın xarici banklarda saxlanılan valyuta ehtiyatlarının bir qisminin etibarlı yerli banklarda saxlanılması ilə bağlı təşəbbüsü bank sektoruna dəstək olmaqla yanaşı, anti-böhran tədbirlərinin tərkib hissəsidir. Təxminən 2,5 milyard dollarlıq vəsaitin ən güclü, etibarlı yerli banklarda yerləşdirilməsi nəzərdə tutulur və bu da real sektora maliyyə dəstəyinin davamlı şəkildə həyata keçirilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Dünya bank qruplarının itkiləri fonunda Azərbaycan bankları Dövlət Neft Fondunun aktivlərinin daha etibarlı "saxlanma yerinə" çevrilə bilər. Bu vəsaitlərin eyni zamanda ipoteka bazarının canlandırılmasına yönəldilməsi nəzərdə tutulur. İpoteka kreditlərinin verilməsinə başlanılması tikinti sektorunun da böhranla üzləşməsinin qarşısının alınması baxımından vacibdir.

İqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm nəticələrindən biri də ölkənin sənaye potensialının son illərdə əhəmiyyətli dərəcədə güclənməsidir. Dövlət başçısı hesab edir ki, yalnız sənayenin inkişaf etdirilməsi yolu ilə neftin qiymətlərinin aşağı düşməsiylə əlaqədar Azərbaycanın üzləşə biləcəyi maddi itkiləri kompensasiya etmək mümkündür. Sənaye potensialının gücləndirilməsi dedikdə, söhbət keçmiş ittifaq dövründə olduğu kimi, dövlətin nəzarətində olan strateji müəssisələrin yaradılmasından getmir. Prezident İlham Əliyev dövlətin bu sahədəki siyasətini sahibkarlığa kömək tədbirlərinin davamı hesab edir və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaşmasına çalışır. Cənab İlham Əliyev hesab edir ki, hökumət öz tərəfindən bu cür müəssisələrin normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla birgə qlobal layihələr həyata keçirməsinə etibarlı təminat mexanizmləri yarada bilər. Qlobal maliyyə böhranı şəraitində sənaye müəssisələrinə dövlət yardımlarının göstərilməsi Prezident İlham Əliyevin anti-böhran tədbirlərinin mühüm tərkib hissəsidir. Təhlükəsizlik Şurasının son iclasında dövlət başçısı böhranla bağlı ziyan çəkmiş sənaye və istehsal müəssisələrinin müəyyənləşdirilməsini, onlara dövlət yardımının göstərilməsini vacib saymışdır. Xüsüsən də məhsullarını dünya bazarlarına ixrac edən emal sənayesi müəssisələrinə dövlət dəstəyinin göstərilməsi son dərəcə zəruridir.

Bütün bunların fonunda əminliklə demək olar ki, Azərbaycanda iqtisadiyyatın dövlət tənzimlənməsi prosesi demokratik prinsiplərə söykənməklə yanaşı, respublikada makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, real sektorun dinamik inkişafına, onun maliyyə təminatının gücləndirilməsinə xidmət edir. Böhrana qarşı sipər çəkən bu məqsədyönlü siyasət öz növbəsində Azərbaycanın 2009-cu ildə də dinamik inkişaf edəcəyinə, qarşıya qoyduğu bir sıra vəzifələri uğurla yerinə yetirəcəyinə etibarlı zəmin yaradır.

 

 

S.Elmanoğlu

 

Azərbaycan.-2009.-15 aprel.-S.4.