Turizmin inkişafı üçün geniş imkanlar var

 

Elə ki, Tovuz çayı vadisinə çatırsan, qarşıda əsrarəngiz mənzərə açılır. Heydər Əliyev seyrəngahının yanında olimpiya idman kompleksi tikilir. Onun da yanında olimpiya zirvəsi: üstündə müstəqil ölkəmizin üçrəngli bayrağı dalğalanır. Pillələr, şəlalələr, fəvvarələr göz oxşayır. Səfalı guşədə müasir görkəmli hotel görünür. Öndə enli tağlı alaqapı qoyulub. Azı on hektar sahədə qızğın gedir. Yaşıllıqlar qoynunda mədəniyyət istirahət parkı salınır. Düz ortada - iki yol ayrıcında qırmızı kərpicli Tovuz qalası! Daha doğrusu, karvansara tipli qala kompleksi!

Bura gözəlliklər məskəni Tovuzun giriş qapısıdır. Bu yerlərin tarixi, taleyi, adət-ənənəsi barədə xeyli material toplanıb. Karvansara kompleksinin rəmzi mənası var. Eramızdan əvvəl birinci minilliyə aid edilən Torpaqqala, dördüncü əsrin yadigarı Şəmşədil qalası altıncı əsrdən qalan Köhnə qala bu qəbildəndir. Seyrəngahın başında hər cür infrastrukturu olan kompleks turizm mərkəzi üçün nəzərdə tutulub.

Həqiqətən bu yerlər gözəlliklər məskənidir. Təbiət bu səfalı yerlərdən heç nəyi əsirgəməyib. Hara gedirsən ürək açılır. Hara baxırsan göz oxşayır. Əsrik dərəsi, Göyəbaxan, Çeşməli, Ağqaya yaylaqları, Şamlıq, Qoşabulaq meşələri, Kürün səfalı sahilləri, Bahar, Cökəli, Şahzadə, Loğman, Turşsu, Şırşır, Qələmçə bulaqları gəl-gəl deyir; ilin hər fəslində, günün hər çağında...

Tarixi abidələrin, qalaların, məbədlərin sayı-hesabı yoxdur. Mülkülü kəndinin yanındakı Torpaqqala səhərgahı antik dövrdən xəbər verir. Xınna-Xılxına yaşayış məskəni canlı tarixdir. Tovuzun şərqindəki kurqan tunc dövrünün yadigarıdır. Girzan kəndinin məbədi XII əsrdə ucaldılıb. Azaplının qədim qəbiristanlığı da bir tarixdir. Deyilənlərə görə, Aşağı Öysüzlüdəki qala-ev Koroğlunun adı ilə bağlıdır. Avaztəpə qalası neçə-neçə illəri-əsrləri yola salıb. Qonaqlar Yanıqlı kəndinə həvəslə gedir, Zəyəm çayı körpüsünə, qədim qalaya, məscidə, türbələr məcmusuna böyük maraqla baxırlar. Ulu öndər Heydər Əliyevin sözləri yada düşür: "Tovuzun gözəl təbiəti, qiymətli sərvəti vardır. Onun ən böyük sərvəti qədirbilən adamlardır".

Bu qədirbilən insanlar taleyin hər dönəmində mərd, mətin, doğma diyara sadiq, sədaqətli olublar. Müharibənin ən qızğın çağında erməni mərmiləri şəhərin düz mərkəzinə töküləndə Tovuzda heç kəs sınmayıb, sarsılmayıb. Hamı bir nəfər kimi ayağa qalxaraq doğma torpağı mərdliklə müdafiə edib. Amansız döyüşlərdə 361 nəfər şəhid verilib, iki nəfər milli qəhrəman adına layiq görülüb.

Rayonun nankor qonşularla 69 kilometrlik sərhədi var. Qəhrəman oğullar hər metr sahəni mərdliklə qoruyublar. Düşmən bir qarış belə torpağı ala bilməyib. Əksinə, haçansa zəbt olunmuş bəzi yerləri xilas ediblər. İndi qanları bahasına qorunan torpağı həvəslə, səylə əkib-becərir, bolluq-bərəkət yaratmağa çalışırlar.

Son illərdə Tovuzda əsas üç məsələyə xüsusi üstünlük verilir. İqtisadiyyat sürətlə inkişaf edir. Abadlıq quruculuq işlərinin miqyası genişlənir. Turizmin inkişafı üçün əməli tədbirlər görülür.

Tovuz əsasən bitkiçilik maldarlıq diyarıdır. Son vaxtlarda sənaye sürətlə inkişaf edir. Keçən il rayon üzrə 246,6 milyon manatlıq ümumdaxili məhsul istehsal olunub. Bu əvvəlki ilə nisbətən 10,7 faiz çoxdur. Gəlir, qazanc artdıqca, əhalinin gün-güzəranı daha da yaxşılaşır, tikinti-quruculuq işlərinin sürəti getdikcə artır.

Elə qəsəbə, elə kənd çətin tapılar ki, orada hər il yenilik olmasın. İşıq, qaz, su problemi çoxdan həll edilib. Təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin görkəmi dəyişir. Ölkə başçısı İlham Əliyevin xeyir-duası ilə Aşağı Ayıblı kəndində hər şəraiti olan məktəb kompleksi istifadəyə verilib. Azaflı, Ağbaşlar, Əhmədabad kəndlərində isə müasir quruluşlu məktəb binalarının inşası davam edir. Sənaye, emal müəssisələrinin sayı ilbəil artır, yeni-yeni yerləri açılır.

Rayonun mərkəzində 70 yerlik müasir üslublu mehmanxana binası, müalicə-diaqnostika mərkəzi ucaldılır. 80 çarpayılıq xəstəxana kompleksi tikilir. Bu yaxınlarda ilk "göydələnin" - doqquzmərtəbəli yaşayış binasının təməli qoyulub. Ayrı-ayrı idarə, müəssisə təşkilatlar üçün bir-birindən gözəl binalar inşa olunur. Bütün bunlar əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı turizmin inkişafına yönəldilir.

Əvvəllər Gəncə-Qazax yolu Tovuz şəhərinin düz ortasından keçir, müəyyən narahatlıq, gərginlik yaradırdı. Bu problem artıq həll olunub. Şəhərin kənarında dolama yol çəkilir, nəhəng körpü salınır. Mərkəzi küçələrin ətrafı isə yerli materialların hesabına milli memarlıq üslubunda bədii tərtibatla bəzədilir.

Müsafirlər, qonaqlar heç şübhəsiz ki, ilk öncə mənzərəli guşələrə, tarixi yerlərə can atırlar. Bu məqsədlə qəsəbə kəndlərdə sistemli surətdə yol-iz sahmana salınır. Son vaxtlarda 200 kilometrdən çox kənd arası yollar bərpa edilib. Bulaqlar tikilib, istirahət guşələri düzəldilib. Rayonun otuz iki kəndində idman-əyləncə mərkəzləri yaradılıb. İmkan daxilində qədim tarixi arxeoloji abidələr bərpa edilir, məlumat lövhələri yazılır. Marşrutlar boyunca müsafirlərin istirahəti üçün müvafiq yerlər düzəldilir.

Qədim Tovuzun bugünkü mənzərəsi belədir. Abadlıq, quruculuq getdikcə yeni vüsət alır. Ölkə başçısı İlham Əliyev Tovuzda görülən işlərlə ətraflı tanış olandan sonra demişdir: "Rayon gözəlləşir, abadlaşır, yeni müəssisələr yaradılır... İş yerləri açılır, abadlıq işləri görülür. Yeni parklar salınır, gözəl Heydər Əliyev muzeyi yaradılıb, məktəblər tikilir, yollar salınır. Yəni insanların rahatlığı rayonun inkişafı üçün bütün tədbirlər görülür".

İndi bahar fəslidir. Gül gülü çağırır, bülbül bülbülü. Qala qapısının yanındakı olimpiya zirvəsindən göz işlədikcə uzanan çöllərə baxırıq. Hər yerdə bulaq kimi qaynayır. Kimi tikinti-quruculuq işi ilə məşğuldur, kimi bol məhsuldan xəbər verən zəmilərdə, bağlarda becərmə işi aparır. Ceyrançöl qışlağını bürümüş mal-qara naxırlarından, qoyun-quzu sürülərindən bir-birindən xoş xəbərlər gəlir. Tovuz rayonu öz adına layiq ucalır. Belə qərara alıblar ki, payızda bolluq, bərəkət bayramı keçirsinlər. Bunun üçün hər qəsəbə, hər kənd, hər bir adamı layiqli töhfələr hazırlayır. Burada hamı çalışır ki, Tovuz daha sürətlə inkişaf etsin, daima cilvələnsin, əhali şən-firavan yaşasın. Təbiətisevərlər həmişə hər yerdə zövq ala bilsinlər, turist cığırları getdikcə daha yüksək dağlara ucalsın.

 

 

Əhməd İsayev

 

Azərbaycan.-2009.-15 aprel.-S.6.