Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı
Krallığının ölkəmizdə
yeni təyin olunmuş səfiri Fəhd bin Əli
əl-Düsərinin
etimadnaməsini qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 15-də Səudiyyə
Ərəbistanı Krallığının
ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Fəhd bin Əli əl-Düsərinin etimadnaməsini
qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Fəhd bin Əli əl-Düsəri etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Fəhd bin Əli əl-Düsəri iki müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləzizin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycana səfir təyin olunmasından böyük şərəf duyduğunu, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.
Dövlətimizin başçısı Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı, qarşılıqlı əlaqələrin möhkəmlənməsində bu görüşlərin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı ikitərəfli münasibətlərdə dostluq və tərəfdaşlıq ruhunun olduğunu, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləməkdə davam etdiklərini vurğuladı. Səfirə Azərbaycandakı fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, ölkəmizdəki fəaliyyəti müddətində o, əlaqələrimizin daha da genişlənməsində səylərini əsirgəməyəcəkdir.
Dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləzizin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-2009.-16 aprel.-S.1.