Görkəmli oftalmoloq alim,
akademik Zərifə xanım Əliyevanın xatirəsi silsilə
tədbirlərlə anılmışdır
Aprelin 15-i görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın
xatirəsini anım günüdür. 1985-ci ilin bu bahar
günündə dünyasını dəyişən, parlaq amalların,
nəcib duyğuların, tükənməz həyat
eşqinin təcəssüm tapdığı bir ömür
yaşayan Zərifə xanımın nurlu xatirəsi qədirbilən
xalqımız tərəfindən hər il ehtiramla
anılır.
Yeni Azərbaycan
Partiyasının (YAP) Nəsimi rayon təşkilatı əziz
və unudulmaz Zərifə xanım Əliyevanın xatirəsini
anma günündə bir sıra tədbirlər
keçirmişdir.
Təşkilatın nümayəndələri
əvvəlcə Fəxri xiyabana gələrək görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın
xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə
əklil qoymuşlar.
Ümummilli lider Heydər Əliyevin
xatirəsi də anılmış, məzarı önünə
gül dəstələri düzülmüşdür.
Sonra YAP Nəsimi rayon təşkilatının
qərargahında Azərbaycan Tibb Universitetinin (ATU) oftalmologiya
ixtisası üzrə təhsil alan yuxarı kurs tələbələrinin
akademik Zərifə xanım Əliyevanın xatirəsinə
həsr edilmiş müsabiqəsi ilə bağlı tədbir
keçirilmişdir.
YAP Nəsimi rayon təşkilatının
sədri, Milli Məclisin deputatı Məlahət Həsənova
Zərifə xanım Əliyevanın oftalmologiya elminin
inkişafındakı xidmətlərindən söz
açmışdır. M.Həsənova demişdir ki, Zərifə
xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın
müxtəlif sahələri üzrə apardığı tədqiqatlar,
qazandığı nailiyyətlər, yaratdığı
fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə
parlaq səhifələr kimi yazılmışdır. Bu
müsabiqəni keçirməkdə məqsədimiz Zərifə
xanımın elmi irsinin öyrənilməsinə və təbliğinə
kömək etməkdir. Tələbə oftalmoloqlar "Zərifə
xanım və Azərbaycan oftalmologiyası" mövzusunda
yazıları ilə müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə aprelin 28-də akademik Zərifə
xanım Əliyevanın doğum günündə yekun
vurulacaqdır. I və II yeri tutan tələbələr bir ay
müddətinə Türkiyənin yüksək səviyyəli
klinikalarında təcrübəyə göndəriləcəklər.
Digər qaliblərə mükafatlar veriləcəkdir.
Tədbirdə
çıxış edən YAP Nəsimi rayon təşkilatı
qadınlar şurasının sədr müavinləri Ruhəngiz
Heydərova və Zərifə Quliyeva bildirmişlər ki,
akademik Zərifə xanım Əliyevanın fitri istedada malik
novator alim, pak və nəcib bir insan kimi
yaşadığı mənalı ömür yolu hər bir
Azərbaycan vətəndaşı, hər bir alim və həkim
üçün həyat və mənəviyyat dərsi,
kamillik və müdriklik məktəbidir. Onlar əmin
olduqlarını bildirmişlər ki, tələbə
oftalmoloqlar Zərifə xanım Əliyevanın xatirəsinə
həsr olunmuş müsabiqədə fəal iştirak edəcəklər.
Daha sonra YAP Nəsimi rayon təşkilatının
üzvləri Bilgəhdəki müharibə və əmək
əlilləri üçün pansionatda xeyriyyə
aksiyası keçirmişlər. Pansionatda yaşayan 170 nəfər
tibbi müayinədən keçirilmiş, onlar
üçün ehsan süfrəsi
açılmışdır.
Məlahət Həsənova bildirmişdir ki, bu aksiya Zərifə xanımın anım günü münasibətilə keçirilən silsilə tədbirlərdən biridir. Ölkəmizdə son illər əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərdən danışan M.Həsənova ahılların rifahının yüksəldilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırmışdır.
Qadınlar şurası sədrinin müavini, Bakı Şəhər Səhiyyə Baş İdarəsinin rəisi Leyla Seyidbəyova vurğulamışdır ki, tibbi müayinəni Sabunçu rayon səhiyyə ocaqlarının həkimləri həyata keçirmiş, xəstələrə müalicə təyin etmişlər.
AzərTAc
Azərbaycan.-2009.-16 aprel.-S.2.