Bərdədə əhalinin siyahıyaalınmasına məsuliyyətlə
yanaşılır
Bərdə rayonunda əhalinin siyahıyaalınması mütəşəkkil davam edir. Prezident İlham Əliyevin 2006-cı il iyunun 7-də imzaladığı fərmana əsasən keçirilən əhalinin siyahıyaalınmasına ötən üç il ərzində ciddi hazırlıq görülmüşdür.
Bərdə rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov:
- Mühüm dövlət əhəmiyyəti olan tədbirə məsuliyyətlə yanaşırıq. Kampaniyaya hazırlıq mərhələsində gərgin işləmişik. Hazırlıq dövründə Dövlət Statistika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Bərdədə bölgənin 18 rayonunu əhatə edən zona seminar müşavirəsi keçirilmişdir. Aprelin 4-5 də isə rayonda sayıcıların qruplar üzrə iki günlük təlimat xarakterli seminarında hazırlıq işlərinə yekun vurulmuş, bütün qüvvələr səfərbər edilərək qarşıya qoyulmuş vəzifənin yerinə yetirilməsinə yönəldilmişdir. Şəhərin və kəndlərin sərhədləri bir daha dəqiqləşdirilmiş, sxematik planlar işlənib hazırlanmış, küçə adları və yaşayış evlərinin nömrələri qaydaya salınmış, 392 sayıcı məntəqə təşkil olunmuşdur. Onu da qeyd edim ki, Dövlət Statistika Komitəsi kampaniyanın uğurla keçməsi üçün zəruri avadanlıqlar, xüsusi təlimatlar göndərmişdir. Rayon icra hakimiyyəti texniki məsələlərin həllində bizə yaxından kömək göstərir.
Rayonda əhalinin siyahıyaalınmasına uğurla başlanmışdır. 10 gün ərzində başa çatdırılması nəzərdə tutulan bu mühüm kampaniyanın ilk günündə 15 min nəfərdən çox əhali siyahıya alınmışdır. Rayon üzrə 142,3 min nəfər yerli əhalinin və rayon ərazisində məskunlaşmış 33,6 min nəfər məcburi köçkünün siyahıya alınacağı nəzərdə tutulur.
Lazım Quliyev
Azərbaycan.-2009.-16 aprel.-S.14.