"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 6 mart tarixli 774-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2009-cu il

 

Azərbaycan.-2009.-17 aprel.-S.1.