Milli-mədəni irsə dəyərli
töhfə
Hər bir vətəndaşın
firavan həyat tərzini təmin etməyi ali məqsəd
kimi qarşıya qoyan Azərbaycan hökuməti fəaliyyətini
yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmır,
bütün sahələrdə kompleks islahatların
aparılmasına, o cümlədən sosial-mədəni
infrastruktur layihələrinin gerçəkləşdirilməsinə
xüsusi diqqət yetirir.
2008-ci ilin ortalarından
etibarən bir çox dövlətlərin iqtisadiyyatı
qlobal maliyyə böhranının mənfi təsirlərinə
məruz qalsa da, Azərbaycanda ötən illərdən
başlanmış iri infrastruktur layihələrinin
icrasında hansısa geriləmə müşahidə edilməmiş,
işlər əvvəlki ahəngi ilə davam
etdirilmişdir. Həyata keçirilən infrastruktur layihələri
yol-nəqliyyat kompleksinin müasirləşdirilməsindən
tutmuş yeni sosial-infrastruktur, səhiyyə, təhsil, mədəniyyət
obyektlərinin inşasına qədər geniş spektri əhatə
etmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyev son illər həyata keçirdiyi mütərəqqi
ruhlu islahatlarla cəmiyyətdə mədəni intibah
prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm
qoymasını təmin etmişdir. Yeni mərhələnin səciyyəvi
xüsusiyyətlərindən biri milli mədəniyyəti
ümumbəşəri universal dəyərlər səviyyəsinə
yüksəltmək, tarixi-mədəni obyektlərin
infrastrukturunun dinamik şəkildə müasirləşdirilməsini
təmin etməkdir. Dövlət başçısı hesab
edir ki, cəmiyyət həyatının müxtəlif sahələrinin
sürətlə inkişaf etdiyi, elmi-texniki yüksəlişin
sürətləndiyi hazırkı mərhələdə
sovetlər birliyi dövrünün geridə qalmış
texnologiya və infrastrukturu əsasında fəaliyyət
göstərən, əsaslı yenidənqurmaya ehtiyac duyan
milli teatr və muzeylər, mədəniyyət ocaqları zəruri
tamaşaçı auditoriyası cəlb edə bilməzlər.
Bir çox hallarda ictimaiyyətin bu mədəniyyət
ocaqlarına laqeyd münasibətinin əsasında da məhz
bu amil dayanır. Təsadüfi deyildir ki, cənab İlham Əliyev
son illərdə Azərbaycanda, demək olar ki, bütün
aparıcı mədəniyyət müəssisələrinin,
teatrların, o cümlədən kinoteatrların, muzeylərin
əsaslı təmiri və yenidənqurulmasına xidmət
edən mühüm sərəncamlar, dövlət
proqramları imzalamışdır.
Dövlət başçısı İlham Əliyev hələ 2006-cı ilin yekunlarına həsr olunmuş müşavirədə mədəni sferada zəruri infrastruktur layihələrinin həyata keçirilməsi, mövcud problemlərin həlli üçün dövlət büdcəsindən tələb olunan lazımi vəsaitin ayrılacağını vurğulamışdır. Cənab İlham Əliyev demişdir ki, Azərbaycanın iqtisadi potensialının yüksəlməsi mədəniyyətin, incəsənətin inkişafında da yeni mərhələ açmışdır. 2006-cı ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti demişdir: "... Bizim teatrlarımızda çoxdandır ki, təmir işləri aparılmır, aparılsa da, aşağı səviyyədə idi. Mən istəyirəm ki, teatrlarımız ən yüksək səviyyədə olsun. Bu məqsədlə Azərbaycan Dövlət Dram Teatrı, Opera və Balet Teatrı, Heydər Əliyev adına Saray, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Kukla Teatrı ən yüksək səviyyədə təmir olunacaqdır. Uzun illər fəaliyyətsiz qalan Yaşıl Teatr da 2007-ci ildə fəaliyyətini bərpa edəcəkdir. Mən keçən il vəziyyətlə tanış oldum, müvafiq göstərişlər verdim, indi orada təmir-bərpa işləri aparılır. Uzun illər bakılıların ən sevimli yerlərindən biri olan Yaşıl Teatr da yararsız vəziyyətdə idi. Biz gərək onu ən yüksək səviyyədə, faktiki olaraq, yenidən yaradaq və yay mövsümünə qədər Yaşıl Teatr işə başlamalıdır".
Təkcə 2007-ci ilin fevral-mart aylarında Prezident İlham Əliyevin mədəniyyətin üç mühüm sahəsinin problemlərini nəzərdə tutan sərəncamlar imzalaması mədəniyyət siyasətinin daha çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirilməsinə təkan vermişdir. Fevralın 20-də "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında", həmin ayın 23-də "Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında", martın 6-da isə "Azərbaycan muzey işinin yaxşılaşdırılması haqqında" sərəncamlar imzalayan dövlət başçısı müasir mədəni həyatın dinamik inkişafı üçün stimul yaratmışdır.
"Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamda irəli sürülən problemlərin həlli ölkədə teatr sənətini dinamik tərəqqi yoluna çıxarmışdır. Son 2 il ərzində Heydər Əliyev adına Saray, Milli Akademik Dram Teatrı, Opera və Balet Teatrı, Rus Dram Teatrı, Kukla Teatrı, Yaşıl Teatr əsasli təmir edilmiş və müasir avadanlıqlarla təmin olunmuşlar.
Cənab İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında" və "Müasir İncəsənət muzeyinin yaradılması haqqında" sərəncamlarından irəli gələn vəzifələr də uğurla həyata keçirilir. Dövlət başçısının digər bir sərəncamı ilə yeni tikilmiş Muğam mərkəzi ilə üzbəüz ərazidə Xalça muzeyi inşa olunmalıdır. Bundan başqa, regionlarda fəaliyyət göstərən muzeylərin təmir-bərpası da diqqət mərkəzində saxlanılır.
Azərbaycanda zəngin ənənələri olan kino sənətinin inkişafa doğru meyillənməsi də məhz İlham Əliyevin bu sahədə həyata keçirdiyi mühüm tədbirlər nəticəsində mümkün olmuşdur. Dövlət başçısı kino xadimlərinə daim xüsusi həssaslıqla yanaşmış, onların müntəzəm olaraq fəxri adlarla, Prezident təqaüdləri ilə təmin olunmasına çalışmışdır. Azərbaycan Prezidentinin imzaladığı "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamda isə istifadəsiz qalmış kinoteatrların yenidən qurulması, onların müasir avadanlıqlarla təchiz edilməsi, yeni filmlərin istehsalı, xarici şirkətlərlə müştərək filmlərin çəkilməsi və digər vacib məsələlər əksini tapır. Cənab İlham Əliyev bildirir ki, dünyanın inkişaf etmiş dövlətlərinin kinoteatrlarında bu gün də filmlərə tamaşaçi axıni davam edir. Deməli, məsələ xidmət işinin düzgün və müasir formada qurulmasından asılıdır. "Nizami" kinoteatrının müasir tələblər səviyyəsində təmir-bərpası işlərinə başlanılması da dövlətin bu sahəyə qayğısını nümayiş etdirir.
Cənab İlham Əliyevin "Azərbaycan Rəssamlar İttifaqı üzvləri üçün yeni emalatxanaların tikintisi haqqında" 19 dekabr 2006-cı il tarixli fərmanı isə Azərbaycanda zəngin ənənələri olan rəssamlıq sənətinin inkişafına xidmət edir. Sərəncam Azərbaycan Rəssamlar İttifaqi üzvlərinin yaradıcılıq fəaliyyəti üçün şəraiti yaxşılaşdırmaq məqsədi ilə Bakı, Gəncə və Naxçıvan şəhərlərində müasir emalatxana komplekslərinin yaradılmasını nəzərdə tutur. Bundan başqa, dövlət başçısının Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq potensialının gücləndirilməsi barədə sərəncamları əsasında həmin qurumların yerləşdikləri binalar müasir tələblər səviyyəsində təmir olunmuş, onların maddi-texniki təchizatı yaxşılaşdırılmışdır.
Dövlət başçısı İlham Əliyev bu günlərdə Gənc Tamaşaçılar Teatrının binasında aparılan bərpa və yenidənqurma işləri ilə də yaxından tanış olmuş, inşaat işləri ilə bağlı tövsiyə və tapşırıqlarını vermişdir. Milli teatr tarixində özünəməxsus yeri olan Gənc Tamaşaçılar Teatrının binasında bərpa və yenidənqurma işlərinə 2006-cı ilin noyabrında başlanmış, Azərbaycan Prezidentinin 2007-ci il 19 fevral tarixli müvafiq sərəncamından sonra təmir-bərpa və yenidənqurma işləri geniş vüsət almışdır. Hər bir məsələni diqqət mərkəzində saxlayan dövlət başçısı 2007-ci il avqustun 15-də teatrda aparılan təmir-bərpa işləri ilə tanış olmuş, işlərin sürətləndirilməsi ilə bağlı tövsiyələrini vermişdir. Görülən tədbirlər nəticəsində binanın bütün elektrik və su xətləri, istilik və havalandırma sistemləri tamamilə yeniləşdirilmiş, 360 yerlik əsas tamaşa salonu tamamilə yeni görkəm almışdır.
Dövlət başçısı İlham Əliyevin Gənc Tamaşaçılar Teatrından sonra Dövlət Film Fondunun yeni binası ilə də tanış olması onun milli mədəniyyətin, teatr və kino sənətinin inkişafına necə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləyir. Yüksək zövqlə inşa edilən Dövlət Film Fondunun müasir infrastrukturu və maddi-texniki bazası Azərbaycanın kino incilərinin daha mükəmməl və etibarlı qorunmasına imkan yaradır.
Müasir dövrdə xalqların dünya miqyasında özünəməxsus yer tutmasını şərtləndirən amillər heç də sırf iqtisadi faktorlarla bağlı deyil və bu reallığı Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə önə çəkmişdir. Hər bir xalq özünün milli-mənəvi xəzinəsi - mədəniyyəti, incəsənəti, kinosu ilə də dünya miqyasında tanınır, bəşər sivilizasiyasına töhfə verir. Milli mədəniyyətin saxlanılması və inkişaf etdirilməsi xalqın milli-mənəvi kimliyinin, özünəməxsusluğunun qloballaşma dövrünün yad təsirlərindən qorunması baxımından da vacibdir. Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi tədbirlər isə mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda köklənməsinə təkan verir.
Samir Elmanoğlu
Azərbaycan.-2009.-17 aprel.-S.3.