"Əsrin müqaviləsi"nin
əməliyyatçısı bp-nin bir əsr yaşı
tamam olur
bp şirkətinin 100
yaşı tamam olur. Baş ofisi Böyük Britaniyada yerləşən
bu nəhəng enerji qrupu bütün dünyada nüfuz və
şöhrət qazanıb. Başqa sözlə, ötən
bir əsr ərzində bp 100-dən artıq ölkədə
fəaliyyət göstərən çoxmillətli bir
şirkətə çevrilib. Bu ölkələrdən biri
də Azərbaycandır.
bp-nin tarixi 1909-cu ilin aprelindən
başlanıb. O zaman İranda "Məscidi-Süleyman"
yatağının işlənməsi üçün
"Anqlo-Fars" Neft Şirkəti ("Anqlo-Persian oil company")
yaranıb. Sonralar bu şirkət bp adlandırılıb.
Xatırladaq ki, "Məscidi-Süleyman" yatağı
Yaxın Şərqdə kommersiya əhəmiyyətli ilk neft
kəşfidir.
Ötən 100 il ərzində
bp həmişə "cığıraçan"
olmağa çalışıb və indi də bu əzmdədir.
Bu istək bp-yə daim yeni texnologiyalara və bacarıqlara yiyələnərək
başqalarının görə bilməyəcəyi çətin
işlərin öhdəsindən gəlməyə imkan verib.
bp həmişə yenilik
yaradan, özünə inanan, qarşıya qoyulan məqsədi
yerinə yetirən insanların
çalışdığı bir şirkət olub. Məhz
bu səbəbdən də qazandığı nailiyyətlərin
"sərhəd"lərini daim ötüb keçə
bilir. Şirkətin bugünkü böyük potensialı
onun daha uğurlu gələcəyinə əminlik yaradır.
Belə ki, bp 100 il bundan sonra da insanları davamlı enerji
ehtiyatları ilə təmin etməkdə qərarlıdır.
bp ölkəmizdə iri
neft-qaz yataqlarının işlənməsi və onlardan hasil
edilən karbohidrogenlərin ixracı layihələrinin əməliyyatçısıdır.
Onun Azərbaycanla əməkdaşlığı "Əsrin
müqaviləsi"ndən başlanır. 1994-cü il
sentyabrın 20-də imzalanan bu müqavilədən - "Azəri-Çıraq-Günəşli"
(AÇG) yataqlarının tammiqyaslı işlənməsi
barədə Hasilatın Pay Bölgüsü Sazişindən
sonra bp-nin ölkəmizdəki fəaliyyəti daha da
genişlənir. Sonrakı illərdə şirkət Heydər
Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri,
"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi,
Azərbaycan qazını nəql edən Cənubi Qafqaz Boru Kəməri
kimi qlobal layihələrin operatoru vəzifəsini yerinə
yetirməyə başlayır.
Təsadüfi deyil ki, bir neçə gün əvvəl dövlətimizin başçısı cənab İlham Əliyev "bp - Azərbaycan" şirkətinin prezidenti Bill Şreyderi qəbul edərkən bu əməkdaşlığın uğurlu olduğunu söyləyib. Prezident İlham Əliyev qarşılıqlı fayda verən həmin tərəfdaşlığın ümumiyyətlə Xəzər regionunda əməkdaşlıq üçün geniş imkanlar açdığını qeyd edib.
Azərbaycanın və bp-nin əməkdaşlığı dövlətlərin dünyanın böyük nüfuza malik şirkətləri ilə əməkdaşlığının yaxşı nümunələrindən biri kimi dəyərləndirilir. bp dedikdə göz önünə son illərdə Azərbaycanın neft-qaz sənayesində görülmüş nəhəng işlər gəlir. Bu gün bp-nin əməliyyatçılıq etdiyi AÇG layihəsi çərçivəsində çıxarılan neft dünya bazarlarına yola salınır. Ən müasir platformaların inşasına, Xəzərdən Səngəçaladək neft və qaz daşıyan neçə-neçə sualtı kəmərin çəkilişinə, nəhayət, dünyanın ən böyük terminallarından birinin tikintisinə də bp əməliyyatçılıq edib.
bp ARDNŞ və dünyanın daha 9 tanınmış neft şirkəti ilə tərəfdaşlıq edərək BTC-ni tikdi. İndi də kəmər həmin səhmdarlar tərəfindən müvəffəqiyyətlə istismar edilir.
"Şahdəniz" kimi zəngin, perspektivli bir yatağın işlənməsində və buradan hasil olunan qazın ixracında uğurların qazanılmasında da bp-nin rolu böyükdür. "Şahdəniz"in daha işıqlı gələcəyi var. Deməli, bp-ni ölkəmizdə yeni işlər, vəzifələr gözləyir.
Bu şirkəti Azərbaycanda təkcə neftçilər deyil, bütün xalq tanıyır və sevir. Belə ki, bp ölkəmizdə alimlərlə və incəsənət işçiləri ilə, qaçqın və məcburi köçkünlərlə, tələbələrlə, kimsəsiz uşaqlarla, bütün istedadlı gənclərlə dostluq edir. Onun Bakıda, eləcə də bölgələrdə yatırdığı sosial sərmayələrlə təzələnən infrastruktur obyektlərini saymaqla qurtarmaz.
bp də öz növbəsində Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirir. 100 yaşlı şirkət neft sənayesində 160 illik zəngin təcrübəsi olan Azərbaycanla birgə gördüyü işlərdən şərəf və məmnunluq duyur.
Flora Sadıqlı
Azərbaycan.-2009.-17 aprel.-S.5