Zamanla üz-üzə
Əsərləri dünyanın çox ölkəsində çap edilən, haqqında məşhur tədqiqatçıların fikir söylədiyi xalq yazıçısı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Anar Azərbaycan Yazıçılar Birliyinin onuncu sədridir. 22 ildir ki, o bu quruma rəhbərlik edir. Anar ədəbi-bədii yaradıcılığı ilə ictimai-siyasi fəaliyyətini uzlaşdıran sənətkar kimi həm sovet dönəmində, həm də indi - müstəqillik çağında zamanla nəfəs-nəfəsə dayanaraq sınaqlardan qalib çıxmış nadir şəxsiyyətlərdən biridir. Sözün həqiqi mənasında, Anar ədəbiyyat adamıdır. Təkcə ayrı-ayrı hekayələri, pyesləri deyil, hətta məqalələri də dünyanın bir sıra mətbuat orqanlarında rus, ingilis, fransız, alman, ispan, türk, macar, rumın, bolqar və s. dillərə tə\rcümə edilib. Hələ sovet dövründə, daha dəqiq desək, ötən əsrin 70-80-ci illərində Anarın kitabları ən yüksək tirajla çap olunaraq əl-əl gəzirdi. Bir vaxtlar, 1974-cü ildə "Bakı" axşam qəzetində "Gecə yarısında hadisə" sənədli povesti hissə-hissə çap edilirdi. Demək olar ki, o qəzetin hər sayı çox səbirsizliklə, intizarla gözlənilirdi, oxunurdu. İstər keçmiş SSRİ məkanında, istərsə də dünya mətbuatında Anarla bağlı maraqlı fikirlər dərc edilirdi. Anarın Azərbaycan ədəbiyyatındakı mövqeyi və yeri silsilə dağlar kimi bir-birinə bənzəyir. Hansısa bir əsəri ilə kəşf etdiyi ucalıqdan sonra yeni yüksəlişin zirvəsi görünürdü. Onun əsərlərində yaşadığı dövrün ən aktual problemləri qaldırılır, elə həssas nöqtələrə toxunulurdu ki, istər ədəbi-tənqidi münasibətlərdə, istərsə də oxucu fikrində yeni maraq yaradırdı. Tarixi mövzuda və müasir ruhda yazılmış hər bir əsəri Azərbaycan mədəniyyətinin qoşa qanadlarına çevrilirdi. Anarın yaradıcılığından təkcə zövqünə uyğun olan məqamları tapmırdın, həm də heyrətə gəlirdin. Sanki o, bütün çərçivələri dağıdaraq oxucunu heç vaxt bilmədiyi, amma yaddaşında mürgüləyən bir aləmə aparırdı.
Ədəbi fəaliyyətə "Azərbaycan" jurnalında (1960) başlayan Anarın burada dərc edilən "Keçən ilin son gecəsi", "Bayram həsrətində" adlı hekayələrinin qədəmləri sayalı oldu. "Yağış kəsdi", "Mən, Sən, O və telefon", "Gürcü familiyası" adlı hekayələri həm oxucu rəğbəti qazandı, həm də ədəbi tənqidin nəzərini cəlb etdi. Yazıçının yaradıcılığına artan marağın sırası daha da genişləndi. 1970-ci ildə oxuculara təqdim olunan "Ağ liman" romanı Azərbaycan nəsrində başlayan yeni ədəbi tarixin və bədii-estetik dəyərin təməl daşı oldu. Bu barədə ədəbiyyatşünas alim Yaşar Qarayev yazırdı: "Anar həqiqətə aparan yolu zamanlar və yaddaşlar arasında ünsiyyətdən, əlaqədən yaranan bütövlüyün, tamın məkanında axtarır". Elə bu axtarışların nəticəsidir ki, Anarın yaradıcılığı Azərbaycan nəsrində yeni mərhələnin əsasını qoydu və bu fakt danılmazdır.
Bakı şəhərində ziyalı ailəsində doğulan Anarın atası xalq şairi Rəsul Rza, anası isə poeziyamızın görkəmli nümayəndəsi Nigar Rəfibəyli idi. Belə bir ədəbi mühitdə böyüyən övladın ədəbiyyata, sənətə meyli təbii idi. ADU-nun filologiya fakültəsində təhsil almış Anar sonralar Moskvada ali ssenari və rejissor kurslarını bitirib. "Qobustan" incəsənət toplusunda baş redaktor vəzifəsində çalışıb. 1987-ci ildə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi olub. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 15-ə yaxın bədii, 10-dan artıq sənədli televiziya filminin ssenari müəllifidir. Eləcə də "Üzeyir ömrü", "Qəm pəncərəsi", "Dantenin yubileyi" filmlərinin də quruluşçu rejissorudur. Anarın 10-a yaxın pyesi nəinki Azərbaycan teatrlarında, eləcə də Türkiyədə, Rusiyada, Bolqarıstanda, Özbəkistanda, Moldovada, Tatarıstanda, Türkmənistanda tamaşaya qoyulmuşdur. Müəllifin xarici ölkələrdə əsərləri dəfələrlə nəşr olunmaqdadır. Bəlkə də Anar Azərbaycan yazıçılarının o nümayəndələrindəndir ki, əsərləri həm ölkəmizdə, həm də xaricdə çox böyük tirajla çapdan çıxmışdır. 20-dən artıq dilə tərcümə olunan kitablarının xoş sorağı dünyanı bürüyüb. Türkiyədə 10-dan çox kitabı işıq üzü görüb. Ədəbi zəhməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. "Şərəf nişanı", "İstiqlal" ordenləri ilə təltif edilmiş Anar Dövlət mükafatı laureatı, xalq yazıçısı, əməkdar incəsənət xadimidir. İstər sovet dövründə, istərsə də müstəqilliyimizi qazandıqdan sonra deputat kimi fəaliyyət göstərərək Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının, eləcə də Azərbaycan-Türkiyə Parlament Qrupunun rəhbəri olmuşdur. Üç dəfə Türkiyənin ən nüfuzlu mükafatına layiq görülmüş Anar 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Bu il Yazıçılar
Birliyinin yaradılmasının 75 ili tamam olur. Bununla
bağlı qəzetimizin həmin qurumla birlikdə həyata
keçirdiyi birgə layihəyə əsasən növbəti
yazımızın qəhrəmanı Anar oldu.
Yazıçı ilə apardığımız söhbət
zamanın müxtəlif dolaylarından keçərək
bugünümüzə qədər yol gəldi.
- Anar müəllim,
repressiyalardan, müharibələrdən, müxtəlif
quruluşlardan keçərək müstəqilliyimizə
qovuşan Azərbaycan Yazıçılar Birliyinin dünəninə
boylananda nə düşünürsünüz?
- Həqiqətən
Yazıçılar Birliyinin çox çətin dövrləri
olub. Tarix boyu Azərbaycan yazıçıları, bədii
söz ustaları işgəncələrə, təzyiqlərə
məruz qalıblar. Bu birliyin yaranmasından çox-çox əvvəl
yazıçılar, şairlər bir yerə toplaşaraq məclislər
şəklində fəaliyyət göstərməli, yeni əsərlərini
bir-birinə oxumalı olublar. Bu, əsasən saraylarda baş
verərdi. XIX əsrin əvvəllərində Şuşada,
Şamaxıda, Bakıda cürbəcür şeir məclisləri
fəaliyyət göstərir, yavaş-yavaş yeniləri də
yaranmağa başlayırdı. Bütun bunlar da
yazıçılar təşkilatının bir
rüşeymi idi. Bilirsiniz ki, yazıb-yaradan adamların hər
zaman ünsiyyətə ehtiyacı var. Məşhur "Məclisi-üns"
də elə "ünsiyyət" sözündən
yaranıb. XX əsrdə isə bu məclislər daha da
müasir şəkil almağa başlayıb. Yaşıl qələmlər,
Qızıl qələmlər, sonra da Azərbaycan Proletar Ədəbiyyatı
Assosiasiyası və cürbəcur belə təşkilatlar fəaliyyət
göstərirdi. Əslində, SSRİ Yazıçılar
İttifaqı Maksim Qorkinin təşəbbüsü ilə
meydana çıxdı. Respublikamızda
yazıçıların birinci qurultayından sonra Azərbaycan
Yazıçılar İttifaqı yarandı. Onların sədrləri
haqqında sizin qəzetdə ətraflı yazılar gedib. Ona
görə bu barədə geniş danışmağa
lüzum yoxdur. Bir məsələni demək istəyirəm
ki, həqiqətən Yazıçılar
İttifaqının tarixində qara səhifələr var.
Bunu inkar etmək olmaz. Yarandığından cəmi
üç il sonra, demək olar ki,
yazıçılarımızın yarıdan çoxu
repressiyaya məruz qaldı. 1937-ci il Azərbaycanın mənəvi
varlığına sarsıdıcı zərbə vurdu. Millətin
seçmə övladlarının qanlarını sorurdular.
Azərbaycan Yazıçılar Birliyinin binasında repressiya
qurbanları olmuş yazıçılarımıza xatirə
lövhəsi asdıq. Bu lövhədə adları həkk
olunan yazıçılar o zaman yazıçılar təşkilatının
yarısını təşkil edirdi. Təsəvvür edin, ədəbiyyatımızın
klassiki Hüseyn Cavid Sibirin "buzlu cəhənnəmində"
çürüməyə məhkum edildi. 29 yaşlı
Mikayıl Müşfiq, "Göygöl" kimi gözəl
şeirin müəllifi Əhməd Cavad, qocaman ədiblərdən
- Sultan Məcid Qənizadə, Seyid Hüseyn, Yusif Vəzir
Çəmənzəminli, Qantəmir, Tağı Şahbazi,
Böyükağa Talıblı, Hacıbaba Nəzərli,
Sanılı, Əmin Abid, Müznib, ədəbiyyatşünas-alim
Bəkir Çobanzadə, mətnşünas Salman Mümtaz,
tənqidçi və filosof Məmməd Kazım Ələkbərli,
Əli Nazim, Mustafa Quliyev, Hənəfi Zeynallı, Atababa
Musaxanlı və başqaları amansızlıqla qətlə
yetirildilər. Gəncliyi sürgünlərdə solanlar da
çox oldu.
İkinci dünya müharibəsindən
sonrakı illərdə qara buludlar yenə də
ziyalılarımızın başı üzərində
dolaşdı. Akademiyanın vitse-prezidenti Heydər Hüseynov
"XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikri"
adlı kitabına görə gözümçıxdıya
salındı. Vaxtilə layiq görüldüyü
mükafatlar ləğv olundu. Alim elə təhqiramiz
ittihamlara, haqsızlıqlara məruz qaldı ki, nəticədə
intihar etdi. "Nihilizm və kosmopolitizm" damğası ilə
görkəmli alim və tənqidçilər Mikayıl Rəfili,
Azərbaycan teatr tarixini yazmış Cəfər Cəfərov
Yazıçılar İttifaqının üzvlüyündən
çıxarıldılar.
Ədəbi-mədəni sərvətimiz
"Kitabi-Dədə Qorqud" xalqa zidd epos, pantürkist,
mürtəce ruhlu əsər kimi yasaqlanıb, tədqiqatçıları
da təqiblərə məruz qalıb. Azərbaycan tarixi
Stalin siyasətinə uyğunlaşdırılaraq təhrif
olunur, azdırılır, ümumtürk soykökündən,
ortaq qaynaqlardan qoparılırdı. Ümumiyyətlə, o
illərdə türkçülükdən, Türkiyədən
söz açmaq, etnik bağlılığımızı
dilə gətirmək ən böyük siyasi suç,
dövlət cinayəti sayılırdı. Hətta ən
uzaq qohumları Türkiyədə yaşayan ailələrin
başları üzərində Domokl qılıncı
asılmışdı... Bütün bunlar acı həqiqətlərdir
və şair demişkən, bünü nə əskiltmək,
nə də artırmaq olar.
- Sovet dövründə
yaranan cəsarətli əsərlər - dissident ədəbiyyatı
barəsində nə deyərdiniz?
- 1956-cı ildə Kommunist
Partiyasının XX qurultayında Xruşşov Stalin əyintilərini,
cinayətlərini, zülmlərini faş etdikdən sonra
obrazlı şəkildə "buzların əriməsi"
başladı. Amma onun da ömrü uzun sürmədi. Azərbaycanda
50-ci illərin sonlarından tutmuş 60-cı illərin əvvəllərinədək
ideoloji cızıqdan çıxmayan, ədəbiyyat məhsullarından
kəskin fərqlənən, bunadək ört-basdır edilən
həqiqətləri üzə çıxaran örnəklər
yarandı. Bəxtiyar Vahabzadənin "Gülüstan",
"Muğam", Rəsul Rzanın "Qızılgül
olmayaydı" poemaları, "Rənglər" silsiləsi,
Süleyman Rüstəmin Cənub mövzusunda
yazdığı əsərlər, Mirzə İbrahimovun nəinki
yaradıcılığı, iş fəaliyyəti, Mehdi
Hüseynin "Yeraltı çaylar dənizə
axır", İlyas Əfəndiyevin "Geriyə baxma,
qoca", İsmayıl Şıxlının "Dəli
Kür" romanları, İsa Hüseynovun "Saz",
"Tütək səsi", "Teleqram", Sabir Əhmədovun
"Dünyanın arşını", "Yamacdan nişanə"
povestləri uzun illərin kəsif havasından sonra, Mirzə
Cəlilin təbiri ilə desək, dar nəfəsliyin
açılmasından xəbər verirdi. Ədəbiyyatımıza
yeni nəfəs gətirən şair və
yazıçıların xidmətlərinə layiqincə
hörmət bəsləyərək deməliyik ki, bədii əsərlərdə
təzələnmənin əsas yükünü
daşımaq "altmışıncılar" nəslinin
üstünə düşdü. Əli Kərim, Xəlil Rza
Ulutürk, Məmməd Araz, Cabir Novruz, Nəriman Həsənzadə,
Fikrət Qoca, Fikrət Sadıq, Musa Yaqub, Tofiq Bayram, bunlardan
bir qədər sonra ədəbiyyata gəlmiş Vaqif Səmədoğlu,
İsa İsmayılzadə, Ələkbər Salahzadə,
Ramiz Rövşən, Məmməd İsmayıl, Nüsrət
Kəsəmənli və başqaları öz bənzərsiz
dəst-xətləri olan şairlər kimi çağdaş
poeziyamızın müxtəlif çalarla zəngin olan əlvan
mənzərəsini yarada bildilər, oxucuların rəğbətini
qazandılar. Detektiv romanları milyon tirajla dünyanın
müxtəlif ölkələrində nəşr olunan
Çingiz Abdullayev, nəhayət, ən son ədəbi nəslin
nümayəndələri Elçin Hüseynbəyli, Səlim
Babullaoğlu, Yaşar, İlqar Fəhmi - söz sənətimizdə
yeni üfüqlər açdılar. Təsadüfi deyil ki,
Sovet İttifaqının dağılma ərəfəsində
Azərbaycanda xalq azadlıq hərəkatı vüsət
tapanda onun öncülləri də məhz yazıçı
və şairlər oldu. Qanlı yanvar günlərində yenə
də şairlər həbs edildi. Lefortovo türməsinə
salınmış Xəlil Rza Ulutürk əsl azadlıq
aşiqi idi. Qarabağ uğrunda vuruşlarda
yazıçılardan Sabir Əhmədlinin, Xəlil Rza
Ulutürkün, Qaçay Köçərlinin, Nəsib Ələkbərovun
övladları həlak oldular. Bu hadisələrdə Ülvi
Bünyadzadə, Alı Mustafa, Nizami Aydın kimi gənc
şairlərimiz şəhidlik zirvəsinə yüksəldilər.
- Zamanın ən
ağır sınaqlarından Azərbaycan
Yazıçılar İitifaqı zərbələrə məruz
qalsa da, əslində, qalib çıxdı.
- Əlbəttə. Azərbaycan
Yazıçılar İttifaqı dilimizin yaşaması, zənginləşməsi,
saflaşması, qorunması yolunda bənzərsiz xidmət
göstərib. Hələ sovet dönəmində yeganə təşkilat
idi ki, burada hamı Azərbaycan dilində
danışırdı. Qurultaylar, tədbirlər, yubileylər
Azərbaycan dilində keçirilirdi.
- Bu bir faktdır ki, bəzən
tarixçilərin görə bilmədiyi işləri
yazıçılar yerinə yetiriblər.
- Tamamilə doğrudur.
Torpağımız neçə dəfə
bölünüb, parçalanıb. Sovet dönəmində
Cənub mövzusunda nəinki tarixi oçerk yazmaq, dərsliyə
hansısa mətni salmaq mümkün idi, heç adını
çəkmək olmazdı. Amma Süleyman Rüstəmin
yaradıcılığından bu mövzu sarı sim kimi
keçdi. Abbas Zamanov mətbuatımıza "Cənubdan səslər"i
gətirdi. Hələ Qarabağ hadisələrindən
çox öncə Natəvandan, Vaqifdən əsər yazan ədiblərimiz,
şairlərimiz Qarabağın əcdadlarımızın vətəni
olduğundan söz açırdılar. Azadlığa uzanan
yolların cığırını yazıçılar,
şairlər salıb.
- Maraqlıdır, sovet
dönəmində əslində siyasi məqsədlə
yaradılmış Azərbaycan Yazıçılar
İttifaqı başqa respublikalardakı həmkarları ilə
müqayisədə uzunömürlü oldu.
- Sizə deyim ki, məndən
əvvəl bu quruma rəhbərlik edənlər həqiqətən
dövlət tərəfindən təyin edilmişdi. Mən
yeganə sədrəm ki, yazıçıların arzusu ilə
seçilmişəm. Görkəmli Azərbaycan ədibi
İsmayıl Şıxlı Yazıçılar
İttifaqının rəhbəri kimi
çalışdığı vaxt səhhətində problemlər
baş qaldırdı. O özü işdən azad olunması
barədə ərizə yazdı. 1987-ci il iyunun 18-də
Yazıçılar İttifaqının plenumunda həmkarlarım
mənim namizədliyimi irəli sürdülər və bunu
İsmayıl müəllim də dəstəklədi. Beləliklə,
mən birinci katib seçildim. Çox məmnunam ki,
Yazıçılar İttifaqında işlədiyim müddətdə
İsmayıl Şıxlı ilə münasibətlərimiz
həmişə öz səmimiliyində qaldı. Adətən
birisi başqasının yerinə gəlirsə, əvvəlki
xoş münasibətlərə baxmayaraq, haradasa müəyyən
gərginlik, soyuqluq yaranır. İsmayıl Şıxlı
çox böyük ürəyə sahib, əsl insan idi.
Bütün iclaslarımızda iştirak edər, daim ittifaqa
gəlib-gedər, öz məsləhətlərini bizdən əsirgəməzdi.
Müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan
yazıçılarının IX qurultayında (1991) qəbul
edilmiş yeni nizamnamə layihəsinə əsasən Azərbaycan
Yazıçılar İttifaqı rəsmən Azərbaycan
Yazıçılar Birliyi adlandırıldı. 2004-cü
ilin mayında keçirilən qurultayda isə yenidən mənim
namizədliyim irəli sürüldü və təsdiq edildi.
Əlbəttə, qurultaydan sonra biz öz işlərimizdə
müəyyən yeniləşməyə və gənclərin
irəli çəkilməsinə çalışdıq. Hələ
ulu öndər Heydər Əliyev hakimiyyətə gələn
vaxt biz ona müraciət etmişdik. Maddi vəziyyətimiz
çox ağır idi. Ulu öndər dərhal göstəriş
verdi. Beləliklə, Yazıçılar Birliyi büdcəyə
qəbul edildi. Onun tərkibində Naxçıvan, Qazax,
Qarabağ, Quba, Şəki, Gəncə, Sumqayıt, Lənkəran,
Mingəçevir, Aran və s. bölgə bölmələri
fəaliyyət göstərir. Yazıçılar Birliyinə
məxsus ədəbi jurnalların və qəzetlərin də
çap problemi tənzimləndi. Biz çox fəxr edirik ki,
Yazıçılar Birliyi yaşayır və fəaliyyət
göstərir. Həqiqətən də başqa ölkələrdən
gələn yazıçı dostlarımız çox təəccüblənirlər
ki, biz bu birliyi qoruyub saxlaya bilmişik. Bunun üçün də
birinci növbədə dövlətimizə minnətdarıq.
Həqiqətən də yazıçılara həmişə
diqqətlə yanaşılıb, qayğı göstərilib.
Burada mən ilk növbədə rəhmətlik Heydər Əliyevi
xatırlamaq istəyirəm. Ümummilli lider həmişə
ədəbiyyata çox böyük diqqət yetirirdi. Yazıçılara
həssaslıqla yanaşırdı. Fikir verin, 1937-ci ildə
Azərbaycan yazıçılarının qətlinə fərman
verən bir dövlət məhz Heydər Əliyevin cəsarəti,
müdrikliyi sayəsində 70-ci illərdə Azərbaycan ədib
və şairlərinin yaradıcılığını son
dərəcə yüksək dəyərləndirirdi. Məhz
Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik
etdiyi illərdə şəxsi təşəbbüsü,
nüfuzu və iradəsi sayəsində şairlərdən
Süleyman Rüstəm, Rəsul Rza, nasirlərdən
Süleyman Rəhimov, Mirzə İbrahimov Sosialist Əməyi
Qəhrəmanı adına layiq görüldülər. İkinci
dəfə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev
yenə də yazıçılardan öz
qayğısını əsirgəmədi. Dövlətimizin
yüksək mükafatı olan "İstiqlal" ordenini ilk
dəfə məhz Azərbaycan şairlərinə verdi. Bu
şərəfi ilkin daşıyanlar xalq şairləri Bəxtiyar
Vahabzadə, Xəlil Rza Ulutürk və Məmməd Araz oldu.
Sonralar bu ordeni alanların sayı artdı. Mənzil şəraitindən
tutmuş təqaüdə, fəxri ada və digər təltiflərə
Azərbaycan yazıçı və şairləri növbə
ilə layiq görüldülər. Yubileyləri keçirilən
ədib və şairlərin mərasimlərində ulu
öndər özü iştirak edər və maraqlı, məzmunlu
nitq söyləyərdi. Qürur duyuruq ki, indi bu işi Prezident
cənab İlham Əliyev ləyaqətlə davam etdirir. Ənənələrin
yaşaması böyük şərtdir və uğurdur.
Neçə illər idi ki, Yazıçılar Birliyinin yerləşdiyi
bina nimdaş vəziyyətə düşmüşdü. Məhz
İlham Əliyevin sərəncamından sonra bina əsaslı
təmir edilərək istifadəmizə verildi. Açılış
mərasimində Prezidentin iştirakı bizə şərəf
gətirdi. Yazıçılar Birliyinin üzvlərinin əməyinin
qiymətləndirilməsi, onların təqaüdlərə
layiq görülməsi işi bu gün də davam etməkdədir.
Qarşıdan Yazıçılar Birliyinin 75 illik yubileyi gəlir.
Qismət olsa, biz bu mərasimi payızda keçirəcəyik.
Xarici ölkələrdən də qonaqlarımız olacaq.
Mümkün olanları həyata keçirməyə
çalışırıq. Bir sıra kitablar və
xüsusi buraxılışlar hazırlanır. Xüsusilə
də Heydər Əliyevin Yazıçılar Birliyinə
olan unudulmaz münasibəti haqqında xatirələri,
yazıları bir yerə toplayıb kitab şəklində
buraxmaq arzusundayam.
Birliyin yubileyi ilə əlaqədar
"Azərbaycan" qəzetinin həyata keçirdiyi layihəyə
görə yaradıcı kollektivə minnətdarlığımı
bildirirəm.
Müsahibəni apardı:
Flora Xəlilzadə
Azərbaycan.-2009.-17 aprel.-S.6.