Azadlıq mübarizi

 

1918-ci ilin mart qırğınları ərəfəsində erməni quldur birləşmələri Bakının türk qövmündən olan məhəllələrinə vəhşicəsinə basqın edir, uşaqları, qocaları, qadınları, bir sözlə, "müsəlmanam" deyəni qanına qəltan edir, mülkünü dağıdır, yandırırdı. Bu zaman şəhərin Yuxarı Daglı məhəlləsində yaşayan Hacıbaba Cəbiyev haqsızlıga qarşı çıxaraq məhəllə camaatının təhlükəsizliyini təmin etmək üçün qonum-qonşuları, tanışlarını başına yığıb özünümüdafiə dəstələri yaradır. Quba meydanından üzüyuxarı məhəlləyə qalxan yolları nəzarətə götürür. Quldur erməni hərbi bandalarının Bazar küçəsində və Quba meydanında törətdikləri vəhşiliklərin yuxarı məhəllələrə keçməsinə yol vermirlər...

 

Bu, 43 yaşlı Hacıbabanın məhəllədə, dost-tanış arasında, hətta şəhərətrafı kəndlərdə hörmətini birə-beş artırdı, onu çoxlarına tanıtdı. Vətənpərvər ruhda böyüyən Hacıbabanın elə hadisələrdə təcrübəsi, bacarığı doğmalarına bəlli idi. Bilirdilər ki, İranda - Təbrizdə, Ərdəbildə milli-azadlıq hərəkatı başlananda soydaşlarına yardıma tələsən ilk milli dəstənin tərkibində olub, fəallığı ilə silahdaşlarından fərqlənib. XX əsrin əvvəllərində Səttarxanın rəhbərliyi altında Arazın o tayında vüsət alan milli-azadlıq hərəkatı 1909-cu ilin aprelində yatırıldıqdan sonra Hacıbaba bir çox silahdaşları ilə birlikdə Bakıya qayıdır və ticarətlə məşğul olur.

Hacıbaba Bakıda çox qala bilmir, Rusiyaya gedir. Bir müddət burada yaşadıqdan sonra Almaniyaya köçür, adəti üzrə burada da ticarətlə məşğul olur. Çox çəkmədən yenidən Rusiyaya qayıdır, iki ilə yaxın Moskvada yaşayır. Burada - bu "yüz dərənin suyunun yığıldığı" şəhərdə də inqilabçıların, dövlət adamlarının təqib olunduqlarını görəndə və özünün də müəyyən dairələrdə nəzarətə götürüldüyünü biləndə gizlicə Soçiyə, oradan da Yalta şəhərinə gedib qızıl alış-verişinə başlayır, dükan-bazar işlərini inkişaf etdirir. 1917-ci ildə Rusiyanı üsyan və inqilab dalğaları bürüyəndə yaxşı qızıl pulla Bakıya qayıdır.

1875-ci ildə Bakının Yuxarı Dağlı məhəlləsində dünyaya göz açan Hacıbaba vətənpərvər ruhda böyüyüb, vətəninin, millətinin təəssübünü çəkən gənclərdən olub. Atası Kərbəlayı Hüseyn həmişə kasıba, imkansıza kömək edər, kimsənin haqqının tapdalanmasına razı olmazmış... Deyilənə görə, oğlu Hacıbaba xasiyyətdə atasına çəkibmiş.

Buzovnanın yaşlı sakinlərindən olan Ramiz Cabbarov deyir ki, atam buzovnalı olub. Ailədə, evdə, dost-tanış yığıncağında tez-tez Hacıbaba kişinin yaxşılıqlarından, kənd camaatına əl tutmasından, dara düşənə həyan olmasından ağızdolusu danışardı. O vaxt millətini, vətənini ürəkdən sevən, belə bir xeyriyyəçi adamın "xalq düşməni" olmasına təəccüb qalırdım.

Ailənin ilk övladı olan Hacıbaba ibtidai məktəb bitirib. Rus dilində çox səlis danışırdı. Gənc ikən, valideynləri və bir qardaşı vaxtsız dünyalarını dəyişəndən ailənin bütün qayğıları onun üzərinə düşür. Bu səbəbdən də təhsilini davam etdirə bilmir. Ticarətlə məşğul olur, ailənin maddi vəziyyətini yüngülləşdirmək üçün atasından qalmış mülkün bir hissəsini kirayə verirdi. Xalqının azadlığı, vətəninin müstəqilliyi naminə istiqlal mübarizlərinə maddi və mənəvi yardımlar göstərirdi.

1923-cü ildə Azərbaycan Fövqəladə Komissiyasının və XI ordunun xüsusi şöbəsinin hərbçiləri tərəfindən bir qrup azadlıq mübarizi tutulanda onların arasında Hacıbaba Cəbiyevin yaxın dostları Mirzə Bala Məhəmmədzadə, Əbdül Vahab Yurdsevər, Cəfər Cabbarlı və Seyid Hüseyn də var idi. İstiqlal mübarizləri həbs olunan gecə Hacıbaba Cəbiyevi də tuturlar.

Gecənin bir aləmi, xüsusi şöbənin zirzəmisində, nəzarət altında qaranlıq dəhlizdə ayaqyoluna gedəndə Hacıbaba təkadamlıq kameranın barmaqcıqları arasından Cəfər Cabbarlının topuğacan suyun içində (karser) olduğunu, əyninin çox nazik, soyuqdan tir-tir əsdiyini görür...

Heç yarım saat keçməmiş Hacıbaba yatdığı kameranın qapısını bir də döyüb nəzarətçini çağırır ki, yenə ayaqyoluna getmək istəyir. Yarıqaranlıq dar dəhlizdə bayaqkı yerə çatanda belinə doladığı mələfəni dəmir barmaqcıqlar arasından Cəfərə tərəf atır. Az keçmiş məsələnin üstü açılır.

Cabbarlıdan mələfəni haradan aldığını, kimin verdiyini xəbər alanda dəqiq cavab verə bilmir.

Hacıbaba Cəbiyev eşidəndə ki, şairi (o vaxt Cəfər Cabbarlı ən çox şair kimi tanınırdı) buna görə incidirlər, nəzarətçiyə deyir ki, mən bilirəm kim edib.

Hacıbabanı aparırlar AzÇeKanın sədri Mircəfər Bağırovun kabinetinə. Qolu bağlı Hacıbabadan Mircəfər Bağırov soruşanda ki mələfəni Cəfər Cabbarlıya kim verib? Şəstlə "Mən vermişəm!" deyir.

Bu zaman sədrin işarəsi ilə onun başı üstə dayanan nəzarətçi ona elə bir yumruq vurur ki, çənəsi yerindən çıxıb sola əyilir. Bu dəfə solda dayanan nəzarətçi necə vurursa, çənə qayıdıb yerinə düşür...

Hacıbabanı qaytarırlar kameraya, çənəsi əzildiyindən, üzü-boğazı şişdiyindən bir neçə həftə az qala boğazından su da keçmir.

Hacıbaba Cəbiyev Azərbaycan Xalq Cümhuriyyətinin təşkilatlanmasında da xüsusi fəallıq göstərmişdi. Mirzə Bala Məhəmmədzadə ilə yaxın dost idi. Cümhuriyyətin süqutundan sonra da istiqlalçılarla əlaqə saxlayır, onlara müəyyən yardımlar edirdi. İstiqlal Komitəsinin rəhbəri Mirzə Bala Məhəmmədzadə AzÇeKa əməkdaşları tərəfindən təqiblərə məruz qalanda, ciddi axtarışda olanda ən etibarlı dost kimi onun evində gizlənmişdi. Çuğul hər yerdə çuguldur. Gizli İstiqlal Komitəsinin sədri Mirzə Bala Məhəmmədzadəni bu evdə axtarmağa əsas da var idi. "İstiqlal"ın sonuncu sayında Daglıq Qarabağda yaşayan ermənilərə muxtariyyət verilməsinə həsr olunmuş intibahnamədə Mirzə Bala Məhəmmədzadənin komitənin adından verdiyi sərt bəyanatda Daglıq Qarabağ muxtariyyətinin təsisi azəri-türk xalqına qarşı bolşeviklərin törətdiyi misilsiz xəyanət və cinayət kimi qiymətləndirilmişdi. 1923-cü il oktyabr ayının 5-dən 6-na keçən gecə Hacıbaba Cəbiyevin mülkü mühasirəyə alınıb axtarış aparılarkən Mirzə Bala Məhəmmədzadəni tuta bilməsələr də, aylarla axtardıqları bu kimi bəyanatların, intibahnamələrin çap olunduğu "İstiqlal" qəzetinin gizli mətbəəsini aşkarlayırlar.

İstintaq zamanı "Mənim bu işdən xəbərim yoxdur", "Mənzili dostumun əli ilə tanımadığım adamlara kirayəyə vermişəm" desə də, bu mətbəənin yaradılmasının, avadanlıq və materialla təchiz olunmasının xərcini Hacıbaba Cəbiyev çəkmişdi. Hətta burada çalışanlara müəyyən maddi yardımlar da edirdi. "İstiqlal" qəzetinin 19-cu sayını və digər avadanlıqları müsadirə edən AzÇeKa əməkdaşları qəzetin çapçıları Ağasəlim Rəhimovu və Qurban Musayevi də "iş başında" yaxalayıb xüsusi şöbənin zirzəmisinə salırlar. Hacıbaba Cəbiyevin həmin gecə tutulmasının da əsəs səbəbi elə həmin evin bir neçə otağında gizli mətbəənin fəaliyyət göstərməsinə şərait yaratması idi.

Bu o zaman idi ki, Hacıbaba üç il əvvəl Balacaxanımla ailə həyatı qurmuşdu. Uşaqları olmadığından çox vaxt qayınatasıgildə olurdılar. Əslində, bu, bəhanə idi. Sakit, heç kəsin ağlına gəlməyən yer, gizli yığıncaqlar, lazımi adamlarla görüşlər, mülkdən iki tərəfə sərbəst giriş və çıxış, qəzetin səs-küylü çapı... heç kəsdə şübhə yaratmırdı.

O dövrün araşdırıcısı, tanınmış tədqiqatçı-alim Asif Rüstəmli bildirir ki, Qurban Musayev və Ağasəlim Rəhimov həbs olunan gün çap etdikləri "İstiqlal" qəzetinin 19-cu nömrəsində MK-nın Azərbaycandan Dağlıq Qarabağı ayırıb "zəhmətkeş xalqa" (? - ermənilərə) verilməsi əleyhinə müsavatçıların bəyanatları və digər bu kimi məqalalər verilmişdir.

Bundan təxminən dörd ay sonra Birləşmiş Dövlət Siyasi İdarəsinin Kollegiyası yanında xüsusi şuranın 25 aprel 1924-cü il tarixli qərarı ilə Cəfər Cabbarlı istisna olmaqla, iyirmi nəfərə yaxın istiqlal mücahidi, o cümlədən Hacıbaba Cəbiyev 3 il müddətinə azadlıqdan məhrum edilməklə uzaq Murmansk vilayətinə - Ağ dənizdəki Solovki ölüm düşərgəsinə sürgün edildi. Milli azadlıq hərəkatının fəallarından və milli mətbuatımızın təəssübkeşlərindən olan azadlıq mübarizi Hacıbaba Cəbiyev 1926-cı il oktyabr ayının 22-də sürgündən salamat qayıda bildi.

Ulu Tanrı Hacıbaba Cəbiyevin ailəsinə on il sonra -1930-cu ildə ilk oğlan uşağı bəxş edir. Adını Azər qoyurlar, ayağı sayalı olur, bundan sonra ikinci uşaq İrşad 1932-ci ildə, Oqtay 1937-ci ildə dünyaya gəlir. Sürgündən qayıdandan sonra Hacıbabaya nəzarət daha da güclənmişdi. Bunu hamıdan yaxşı özü hiss edirdi. Üç-dörd aydan bir zindana salır, bir ay, iki ay işgəncə verəndən sonra buraxırdılar. Hacıbaba xəfiyyə işçilərinin əlindən cana doymuşdu, bilmirdi nə etsin ki, rahat yaşasın. Nəhayət, bir gün ailəsini də götürüb gizlicə Bakının Buzovna kəndinə - xəlvət aldığı bag evinə köçür.

Hacıbaba Cəbiyevin böyük oğlu, yaşı səksəni haqlamış Azər müəllim deyir ki, o zaman mən uşaq idim, amma yaxşı yadımdadır, bir müddətdən sonra atamın yerini biləndə burada da ailəmizi rahat buraxmadılar, tez-tez gecə atamı aparırdılar, bir-iki həftədən sonra buraxırdılar, özü də nə gündə?! Ailəmiz daim hüquq-mühafizə orqanları tərəfindən təqib olunurdu. Biz uşaq olanda daha çox "xalq düşməninin oğludur" ifadəsindən qorxurduq. Amma yaxşı adamlar, atamı yaxından tanıyanlar-bilənlər bizə də, ailəmizə də həmişə böyük hörmətlə yanaşıblar. Mən də, qardaşlarım da, çətinliklə də olsa, ali təhsil ala bildik. İrşad və Oqtay ömrü boyü müəllim, mən isə mühəndis işləmişəm, hər üçümüz pensiyadayıq.

1956-cı il iyun ayında dünyasını dəyişən Hacıbaba Cəbiyevi buzovnalılar həmişə azadlıq mübarizi, milli mətbuatımızın təəssübkeşi və xeyriyyəçi kimi xatırlayır, onunla fəxr edirlər.

 

 

Rəhman Salmanlı

 

Azərbaycan.-2009.-17 aprel.-S.6.