Qızılhacılı sabahın sorağındadır
Ramil İsmayılov valideynlərini
erkən itirib, qohum-qonşunun himayəsində
böyüyüb. Keçən ilin dekabrında el-oba yığışdı.
Yaraşıqlı yerlərdən birində
geniş süfrə açıldı, üstünə
ləziz nemətlər
düzüldü, sağlıqlar
deyildi, şux rəqslər, oynaq musiqi ürəkləri oxşadı. Cavanlar təbrik
elədilər, ağsaqqallar
xeyir-dua verdilər.
Beləcə, xeyirxah insanların
köməyi ilə daha bir gənc
ailə yarandı.
Xalqımızın nəcib ənənələri,
mərhəmət, xeyirxahlıq,
bir-birinə əl tutmaq, kömək etmək bu yerlərdə
hər kəsin qəlbində dərin kök salıb.
İnsana qayğı, diqqət, torpağa sevgi, məhəbbət, dövlətə,
dövlətçiliyə etibar, sədaqət hər kəsin canından, qanından gəlir. Qızılhacılı Goran torpağının
ən iri yaşayış məntəqələrindən
biri sayılır.
Goranboy-Tərtər yolunun üstündə
yerləşir. Yolun
sağında, solunda bir-birindən yaraşıqlı binalar,
fərdi evlər cərgələnir,
bağlı-bağatlı həyətlər göz
oxşayır. Abadlığına, gözəlliyinə
görə qəsəbə adı verilib. Əhalinin sayı yeddi min nəfərə
çatır.
Tarixi qədim,
ənənəsi çoxdur. Qəsəbənin
adını qaraqoyunluların Hacalı tayfası ilə
bağlayırlar. Bu, oğuzların
geniş yayılmış tayfalarından biri sayılır.
Çox yerdə Qızılhacılı
adlı bir neçə toponim qeydə alınıb. Qazaxda,
Şəkidə, Şamaxıda, qonşu Borçalı
bölgəsində... Gəncə şəhərində
də Qızılhacılılar məhəlləsi,
Qızılhacılı məscidi fəaliyyət göstərir.
Goran
torpağına çoxdan bələdəm. Qızılhacılının
şərəfli keçmişi, iftixarlı bugünü, mərd,
mətin insanları var. Milli istiqlal uğrunda mübarizədə
onlar həmişə öz sözlərini deyiblər - XIX əsrin
sonlarında da, XX yüzilliyin əvvəllərində də.
Ən
ağır günlərdə də qəsəbədən
perikən, köçüb gedən olmamışdı. Bütün
Goranboy camaatı kimi qızılhacılılar da nankor ermənilərə
mərdliklə sinə gəriblər. Bir
qarış torpaq belə düşmənə verilməyib.
Əksinə, Gülüstan bölgəsi namərdlərin
caynağından xilas edilib. Bu işdə
Qızılhacılının mərd oğullarının da
öz sözləri, öz hünərləri olub. 27 nəfər şəhid verib. Üç nəfər
Milli Qəhrəman adına layiq
görülüb.
Qəsəbə əhli qədirbiləndir, qəhrəman oğulların xatirəsi daim əziz tutulur, adları əbədiləşdirilir. Mədəniyyət evi Kazımağa Kərimovun, 3 saylı uşaq bağçası Yunis Əliyevin, qəsəbəyə bitişik Ballıqaya kənd məktəbi Fikrət Hacıyevin adını daşıyır. 2 saylı məktəbin qabağında şəhidlərin şərəfinə abidə ucaldılıb. Məktəblərdə, mədəniyyət ocaqlarında xatirə guşələri düzəldilib. Şəhid ailələrinə, Qarabağ döyüşçülərinə, Çernobıl əlillərinə hər cür qayğı və kömək göstərilir. Çernobıl əlillərindən Natiq Bayramov, Cuma Həsənov, şəhid ailəsi Ədalət Orucov və başqaları yaşayış evləri ilə təmin olunub.
Qızılhacılının yetirmələri
respublikanın hər
yerində tanınır.
Məmmədovlar ailəsindən
üç nəfər
professor olub. Tibb elmləri doktoru
Sədrəddin Kərimov,
fizika-riyaziyyat elmləri
doktorları Tofiq Kərimov və Elmira Kərimova bu yerlərin adını ucaldırlar. Dosent Arif
Məmmədov tanınmış
arxeoloqdur. Neçə vaxtdır Gəncəbasarın
tarixini araşdırır,
qədim memarlıq abidələri, yaşayış
yerləri, kurqanları,
körpüləri, məscidləri,
məbədləri barədə
dəyərli tədqiqat
işləri aparır.
Polis polkovniki Nadir Həsənov el ağsaqqalı
kimi tanınır.
Ehtiram Səmədov ehtiyacı olanlara əl tutur, kömək edir, məsləhət verir, yol göstərir.
Hər dövrün öz qəhrəmanları var, hərə bir sahədə doğma diyara şöhrət gətirir. Alim Hüseynov sadə iş adamıdır. Ölkəmizdən kənarda yaşayır.
Amma qəlbi, könlü həmişə bu yerlərdədir. Öz hesabına
artezian quyusu qazdırıb, küçə
düzəltdirib, qaz çəkdirib.
İdmançı Yusif Əbilov hələ doqquzuncu sinifdə oxuyur. Keçən ilin sonunda azyaşlılar
arasında qaydasız
döyüş üzrə
respublika yarışında
birinci yerə çıxıb. Bu qəsəbədən
36 nəfər ali məktəbə daxil olub.
Qızılhacılı həyatın çox sahəsində birinci olmağa, öndə getməyə çalışır. Rayonda ilk şadlıq
sarayı - "Osan"
Qızılhacılıda açılıb.
Bütövlükdə respublika üzrə
ilk modern kitabxana - mədəniyyət
mərkəzi Qızılhacılıda
fəaliyyət göstərir.
Milli memarlığın gözəl
nümunəsi olan Qızılhacılı məscidi
bu yerlərin ən qədim inam, etiqad məbədlərindən
sayılır. Bir zaman
allahsızların əli
ilə xeyli hissəsi dağılmışdı.
Seyid Yusif ağanın nəvəsi Seyid Səbuhi məscidi təmir elətdirib, minarələri bərpa olunub, qəsəbənin ən müqəddəs guşələrindən birinə
çevrilib.
Qızılhacılının işgüzar, əməksevər
camaatı var. Bir zaman pambıqçılıqda
ad çıxarmışdı. Torpaq öz
sahibinə veriləndən
sonra hər kəs daha faydalı,
daha gəlirli saydığı bitkilərə
üstünlük verir.
Kənd icra nümayəndəsi Suliddin Səmədov deyir ki, bu
ilin məhsulu üçün 2682 hektar
sahədə əkin-biçin
aparılıb. Onun yarıdan
çoxu taxıldır.
Ərzaq
problemi Qızılhacılı
üçün əsla
narahatlıq yaratmır.
Qəsəbə özünü çörəklə
təmin edir.
Gəlir, qazanc artdıqca abadlıq-quruculuq işləri
geniş vüsət alır. Son vaxtlar mədəniyyət evinin binası əsaslı təmir olunub. 2 saylı məktəbə
gedən yola asfalt döşənib.
N.Məmmədov adına küçə
yenidən qurulub. Qəsəbənin işıq, qaz,
su problemləri, demək olar, həll edilib. Yaxın günlərdə Əliş
Hüseynov, Alı Mustafayev və Salatın Əsgərova küçələrinin abadlaşdırılmasına
başlanması nəzərdə
tutulub.
Hər dövrün
öz xüsusiyyəti
var. Neçə il bundan əvvəl ehtiyac üzündən ölkədən
kənara gedənlər
yavaş-yavaş geri qayıdırlar. Həmsöhbətim
Suliddin Səmədov deyir ki, təkcə
bir il
ərzində təqribən
əlli nəfər geri dönüb. Rəfael Məmmədov, İlham Qasımov, Elxan Qurbanov və başqaları özləri üçün
yaraşıqlı evlər
tikiblər.
Novruz bayramı
ərəfəsində Qızılhacılıda
olduq, hər yerdə bayram süfrəsi, hər evdə gur işıqlar,
hər yanda sevinc, şadlıq, mahnı, musiqi... İşığınız gur, süfrəniz
bərəkətli, ömrünüz
firavan olsun. Bu birlik, bu mehribanlıq, bu inam-etiqad ki, el arasında var, Qızılhacılının qızıl
günləri hələ
irəlidədir.
Əhməd İsayev
Azərbaycan.-2009.-17 aprel.-S.7.