Azərbaycanın pravoslav xristian icmasına
Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə sizi - Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram. Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq mühiti, etnik-mədəni müxtəliflik, xalqlar arasında mehriban dostluq və qardaşlıq münasibətləri cəmiyyətimizdə mütərəqqi əxlaqi-mənəvi dəyərlər sistemini formalaşdırmış və bu üstün keyfiyyətlər ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilmişdir. Biz haqlı olaraq bunu xalqımızın tarixi nailiyyəti hesab edir, ölkədə sülhün, əmin-amanlığın, vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi və dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində səylərimizi davam etdiririk.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan çoxminli pravoslav xristian icması milli-mənəvi dəyərlərini və adət-ənənələrini qoruyub saxlamaqla, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edir, vətəndaş cəmiyyəti quruculuğunda yüksək fəallıq göstərir.
Pasxa bayramı əmin-amanlıq, həmrəylik, mərhəmət və şəfqət rəmzi kimi hər il Azərbaycanda geniş qeyd edilir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.
Bayramınız mübarək olsun!
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
18 aprel 2009-cu il
Azərbaycan.-2009.-19 aprel.-S.1.