Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri seçilmişdir

 

Aprelin 18-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis konfransı keçirilmişdir.

Konfransda Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən 83 Azərbaycan gənclər klubundan və təşəbbüs qruplarından 300-dək nümayəndə, habelə Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak etmişlər.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri LEYLA ƏLİYEVA konfransda çıxış etmişdir:

- Hörmətli qonaqlar!

Sizi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransında salamlayıram.

Bu gün bu salonda RAGT-nin məqsədlərini dəstəkləyən və Rusiya Federasiyasının, demək olar ki, bütün regionlarını əhatə edən Azərbaycanlı Gənclər Təşkilatı çərçivəsində bizim fəaliyyətimizin daha da inkişaf etdirilməsinə tərəfdar olan Rusiya gənclərinin 300-ə yaxın nümayəndəsi toplaşmışdır.

İndiyə qədər ciddi işlər görülmüşdür. Bu təşkilat gənclərin təkcə Moskvada deyil, həm də müxtəlif regionlarda fəaliyyət göstərən təşəbbüs qruplarını sıx birləşdirmişdir. İşin gedişində müxtəlif tədbirlər, konsertlər, sərgilər, görüşlər, birbaşa dialoqlar təşkil edilmiş, xeyriyyə işləri görülmüşdür.

Bu gün Rusiyanın hər yerində Azərbaycan gənclər klubları açılmışdır. Onlar uğurla fəaliyyət göstərir və ölkəmizi ləyaqətlə təmsil edir. Sizin çoxunuz ümumi işimizin inkişafına öz töhfənizi vermisiniz. Bu gün bu salonda çoxlu tanış simalar görürəm, qonaqlarımızın çoxu növbəti məsul addım atmaq və RAGT-nin rəsmən təsis olunması haqqında qərar qəbul etmək üçün uzaq regionlardan buraya gəlmişdir.

Etirazınız yoxdursa, mən konfransın aparılmasını təşkilat komitəsinin üzvü Aynur İsparovaya tapşırmağı təklif edirəm. Məni dəstəklədiyinizə görə sizə təşəkkür edirəm.

Rusiyanın və Azərbaycanın dövlət himnləri səslənmişdir.

Sonra çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransını mühüm hadisə kimi səciyyələndirərək demişdir ki, bu, Azərbaycan diasporunun formalaşması və inkişafında da əlamətdar hadisədir.

A.Rəhimov ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin indi də uğurla davam etdirildiyini bildirmişdir. Hazırda Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan nazir hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin gənclər siyasətinin də uğurla aparılmasına imkan verdiyini demişdir. O, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin də bu istiqamətdə güclü fəaliyyət göstərdiyini bildirmişdir.

Təmsil etdiyi qurum adından təbriklərini çatdıran Rusiya Federasiyasının idman, turizm və gənclər siyasəti nazirinin müavini Oleq Rajnov demişdir ki, Rusiyanın əsas sərvəti bu torpaqlarda müxtəlif millətlərin yaşamasıdır. Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və ölkələrimizin gənclər siyasəti də uğurludur. O, ümidvar olduğunu bildirmişdir ki, yeni yaranan təşkilatla Rusiyanın gənclər təşkilatları arasında yaxşı əlaqələr qurulacaq və Rusiya tərəfi həm təşkilatı, həm də onun proqramlarını dəstəkləyəcəkdir.

Konfransda xaricdə fəaliyyət göstərən nüfuzlu gənclər təşkilatları adından Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatına gələn təbrik məktubları oxunmuşdur.

Sonra konfransın gündəliyi təsdiq olunmuş, işçi orqanları seçilmişdir.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis edilməsi üzrə təşkilat komitəsi adından çıxış edən Emin Hacıyev qurumun yaradılması istiqamətində görülən işlər barədə məlumat vermişdir. Azərbaycan və Rusiya gəncləri arasında sağlam təməllərə əsaslanan münasibətlərin olduğunu deyən Emin Hacıyev bildirmişdir ki, bu təşkilat doğma dilimizin, mədəniyyətimizin və adət-ənənələrimizin qorunması sahəsində mühüm işlər görəcəkdir. Rusiya ilə Azərbaycan strateji tərəfdaş dövlətlərdir və biz burada - Rusiyada Vətənimizi ləyaqətlə təmsil etməliyik.

E.Hacıyev demişdir ki, təşkilatın yaradılmasında əsas məqsədlərdən biri də azərbaycanlı gənclərin Rusiyanın ictimai-siyasi həyatında fəal iştirakına nail olunmasıdır. Təşkilatın fəaliyyəti yalnız paytaxtla məhdudlaşmayacaq, Rusiyanın digər bölgələrini də əhatə edəcəkdir.

Müxtəlif regionlardan gələn azərbaycanlı gənclər də çıxışlarında təşkilat qarşısında duran vəzifələrdən danışmışlar. Təşkilatın Rusiyanın İvanovo vilayətindəki təmsilçisi Failə Quliyeva Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın vilayətə səfərini xatırlatmışdır. O bildirmişdir ki, təşkilatın bu vilayətdəki fəaliyyəti müxtəlif sosial layihələrin reallaşmasına yardım göstərməyə yönəlmişdir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının internet saytının yaradılması isə regionlar arasında əlaqələrin yaradılması baxımından mühüm layihədir.

Vladivostokdakı təşəbbüs qrupunun nümayəndəsi Adım Qazıyev də təmsil etdiyi regionda güclü diaspor təşkilatının fəaliyyət göstərdiyini bildirərək demişdir ki, biz Vətəndən kənarda olsaq da, köklərimizə sıx bağlıyıq.

Tomsk təşəbbüs qrupunun nümayəndəsi Lamiyə Bayramova isə qrupun fəaliyyətindən danışmış, bir çox layihələrin reallaşdırıldığını, ümummilli lider Heydər Əliyevin yubileyi ilə bağlı konfrans keçirdiklərini söyləmişdir. O, Rusiyadakı azərbaycanlı gənclərə verdiyi dəstəyə görə Leyla Əliyevaya təşəkkürünü bildirmiş və xatirə hədiyyəsi təqdim etmişdir.

Sankt-Peterburqdakı təşəbbüs qrupunun nümayəndəsi Kamila Malışova çıxışında demişdir ki, azərbaycanlı gənclərin Rusiyada bir təşkilatda birləşməsi tarixi hadisədir. Bu isə gənclərə hər iki ölkənin daha da yaxınlaşmasına töhfə verən platforma yaratmaq imkanı verir. Məhz Leyla Əliyevanın səyləri nəticəsində Rusiyanın şimal paytaxtı Sankt-Peterburqun ali təhsil ocaqlarında Azərbaycan klubları yaradılmış və bununla da azərbaycanlı gənclər rusiyalılara milli mədəniyyətimizi nümayiş etdirmək imkanı qazanmışlar.

Rostov-Dondakı təşəbbüs qrupunun nümayəndəsi Vyaçeslav Svitko əmin olduğunu bildirmişdir ki, bu təşkilat çərçivəsində daha çox gənclər birləşəcəkdir.

Təşkilatın Çelyabinskdəki təşəbbüs qrupunun nümayəndəsi Xuraman Əlsaimova Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının yaradılmasını yüksək dəyərləndirmiş, Leyla Əliyevaya xatirə hədiyyəsi təqdim etmişdir.

Başqırdıstandakı təşəbbüs qrupunun təmsilçisi Ağa Rüstəmov isə bu respublikada xeyli soydaşımızın yaşadığını xatırlatmış, yeni yaradılan təşkilatın Rusiya və Azərbaycan xalqları arasında əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rolu olacağını bildirmişdir.

Sonra Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının yaradılması ilə bağlı səsvermə keçirilmiş, qurumun nizamnaməsi qəbul edilmişdir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşkilatın sədrliyinə namizədliyi irəli sürülmüş və təklif yekdilliklə qəbul edilmişdir.

Təşkilatın idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilmişdir.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri LEYLA ƏLİYEVA konfransa yekun vurmuşdur:

- Hörmətli qonaqlar, əziz dostlar!

Mən, ilk növbədə, konfransın bütün iştirakçılarını Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının yaradılması münasibətilə təbrik etmək, bizi dəstəklədiyinizə görə, bu gün çıxışlarınızda səslənən xoş sözlərə görə sizə təşəkkür etmək istəyirəm. Həmçinin məni bu təşkilatın rəhbəri seçdiyinizə görə, sizə təşəkkürümü bildirmək istəyirəm. Lakin demək istəyirəm ki, RAGT-də biz hamımız bərabər və əlbirik. Bizim təşkilatda hansısa vəzifələrin əhəmiyyəti yoxdur, başlıcası odur ki, biz hamımız Azərbaycanın hüdudlarından kənarda yaşayan, öz ölkəsini sevən, onun qədim tarixinə, zəngin mədəniyyətinə hörmət bəsləyən və öz Vətəninə faydalı olmağı arzu edən Azərbaycan gənclərinin bir hissəsiyik.

Milliyyətindən, yaşından, dini etiqadından və başqa fərqlərdən asılı olmayaraq, RAGT-də hamıya yer var. Mən bu təşkilatın bütün üzvlərini, Azərbaycanın imicini saxlamaq üçün iş görən, səy göstərən, Vətənimizi ləyaqətlə təmsil edən insanların hamısını salamlayıram.

Bununla bərabər, mən RAGT-yə daxil olmasalar da, Azərbaycan mədəniyyətinin təbliğinə kömək edən bütün təşkilatlara dərin hörmət bəsləyirəm. Mən onların seçiminə hörmət edirəm və onlarla işləməyə, əməkdaşlıq etməyə, əlimdən gələn kömək və dəstəyi göstərməyə hazıram.

Zənnimcə, belə desəm səhv etmərəm ki, Azərbaycanın bütün gəncləri öz Vətəni ilə fəxr edir. Azərbaycan zəngin mədəniyyətə, qədim tarixə və böyük istedadlara malik olan ölkədir. Müstəqil dövlət kimi hələ çox gənc olmağımıza baxmayaraq, qısa müddət ərzində ölkəmiz çox böyük nəticələrə nail ola bilmişdir. Yəqin hamınıza məlumdur ki, Azərbaycan iqtisadi inkişafın sürətinə görə dalbadal bir neçə ildir dünyada liderdir. Ölkəmizdə nəqliyyat və energetika sahələrində iri regional layihələr həyata keçirilir. Sosial problemlər həll edilir. Belə bir misal göstərmək kifayətdir ki, son beş ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə düşmüşdür. Əlbəttə, bu, son hədd deyildir. Ümumiyyətlə, yoxsulluq olmamalıdır. Biz buna çalışırıq və mən inanıram ki, buna nail olacağıq.

Azərbaycan təhsil sahəsinə böyük sərmayə qoyur. Son dörd ildə ölkədə 1700 yeni məktəb tikilmişdir. Hər bir məktəbin öz kompyuter sinifi var. Mədəniyyətin inkişafı Azərbaycan dövlətinin fəaliyyətinin prioritet istiqamətidir. Tarixi abidələr, binalar bərpa olunur, muzeylər, teatrlar təmir edilir və eyni zamanda, yeniləri tikilir.

Mən xüsusi vurğulamaq istəyirəm ki, bütün bunlar təkcə Azərbaycanın paytaxtında deyil, bütün regionlarda da baş verir. Bir sözlə, həyatın bütün sahələrində inkişaf və yeniləşmə prosesi hiss edilir. Lakin təəssüf ki, ölkəmizin qarşısında hələ həll edilməmiş problemlər də var. Bu problemlərin ən böyüyü ölkəmizin ərazisinin 20 faizinin işğal olunması ilə nəticələnmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ölkədə bir milyon qaçqın və məcburi köçkün var. Azərbaycan rəhbərliyi və xalqımız dəfələrlə vurğulamışdır ki, münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllinə tərəfdardır. Danışıqlar prosesi 15 ildən çoxdur davam edir və mən inanıram ki, bu münaqişə yaxın vaxtlarda öz ədalətli həllini tapacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıda biləcəklər. Zənnimcə, belə desəm, səhv etmərəm ki, bu, hər bir azərbaycanlının ən böyük arzusudur.

Əziz dostlar! Bu gün biz Rusiyada ölkəmizi təmsil edirik. Bizi bir-birimizə çox şeylər - tarixi və mədəni əlaqələr, ortaq keçmişimiz bağlayır. Azərbaycanda zəngin rus mədəniyyətinə, böyük rus dilinə çox qayğı ilə yanaşırlar. Qeyd etmək lazımdır ki, müstəqillik dövründə Azərbaycanda rus məktəblərinin heç biri bağlanmamışdır, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir. Lakin ən başlıcası isə insanlarımız arasında, xalqlarımız arasında dostluq münasibətləri mövcuddur. Biz Rusiyaya minnətdarıq ki, burada özümüzü rahat hiss edirik, dünyada ən yaxşılardan sayılan təhsil almaq imkanımız var.

Mən bu konfransın bütün iştirakçılarına, bizi dəstəkləyənlərin və konfransın təşkilində bizə kömək edənlərin hamısına bir daha təşəkkür etmək istəyirəm. İnanıram ki, RAGT işlək quruma çevriləcək və ən başlıcası, bizim bütün ideyalarımız və planlarımız sadəcə kağız üzərində qalmayacaq, gənclərimizin daha sıx birləşməsinə, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə kömək edəcək konkret layihələr həyata keçiriləcəkdir.

Sağ olun.

 

Sonda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Rusiya gənclərinə müraciəti oxunmuşdur.

 

 

AzərTAc 

 

Azərbaycan.-2009.-19 aprel.-S.3.