Yaşamaq yanmaqdır, yanasan gərək...

 

V.Abbasov 1939-cu ildə Bakıda dünyaya göz açmışdı. Yeniyetmə, gənclik illərində elmə, təhsilə, mütaliəyə olan marağı onu teatr aləminə gətirdi. Hələ orta məktəbdə oxuduğu illərdə öz fəaliyyət dərnəyində epizodik rollar da oynadı. Tələbəlik illərində seçdiyi sənətin incəliklərini, sirrini professor, aktyor Məmmədrza Təhmasibdən öyrəndi. İosif Tumanov - dünya şöhrətli pedaqoq onun teatrsevərliyindən, yaradıcılıq maraqlarından heyrətlənərək demişdi: "Sən təkcə SSRİ məkanında yox, dünyada sevilən teatr-səhnə xadimi olacaqsan". Ancaq arzularının çin olduğu ərəfədə ağıla gəlməz faciə ilə üzləşdi. Onun da içində olduğu avtobus qəfil od tutub yandı. Özünü itirməyən Vaqif 25 nəfər uşağı, yeniyetməni xilas etdi. Sonda isə özünü xilas etmək mümkün olmadı...

Vaqifin ilk quruluş verdiyi diplom işi - Mehdi Hüseynin "Alov" tamaşası dövrün ədəbi hadisəsi kimi yadda qalıb. Həmin xoş təəssüratdan birini - görkəmli pedaqoq, aktyor, rejissor Mehdi Məmmədovun dediklərini xatırlayırıq: "Oğul, sən əsl teatr fədaisisən". Gənc Tamaşaçılar Teatrında Maqsud İbrahimbəyovun "Bütün yaxşılıqlara görə - ölüm" pyesinə quruluş verdiyi tamaşa dəfələrlə oynanıldı, alqışlarla qarşılandı, rejissora şərəf, şöhrət qazandırdı. Moskvada təhsilini başa vuranda diplom işi kimi quruluş verdiyi tamaşa böyük marağa səbəb oldu, dövri mətbuat onun haqqında -istedadı, yaradıcılığı barədə əhatəli məqalələr yazdı. Müəllimi, Dövlət mükafatı laureatı İ.Tumanov onun Moskvada qalmasını, teatrların birində işləməsini məsləhət bildi. Ancaq Vaqif doğma el-obaya qayıtmağı bütün təltiflərdən, uğurlardan üstün tutdu. Bununla belə o, müxtəlif ölkələrdən, respublikalardan dəvətlər alırdı. Klassik və müasir yazıçıların əsərlərinə quruluş verirdi. Bakıda teatrların birində işləməsinə qayğı göstərilsə də o, dəvətdən imtina etdi. Böyük həvəslə üz tutdu yeni yaranan Şəki Dövlət Dram Teatrına. Omrünün sonuna kimi orada fəaliyyət göstərdi, yaradıcılığı, gərgin əməyi ilə tanındı.

Vaqifin iki xatirəsini oxuyanda kövrəlirsən. Birincisi: "Dünyaya gəldiyim az müddətdən sonra müharibə başlayıb. Atamın cəbhəyə getməsi yadımda deyil. Mən yaşa doldum. O, qayıtmadı. Anam ağır şəraitdə bacılarımı, məni böyüdüb. Ondan eşidərdim: "Atanızın nəsihətini yadınızda saxlayın: insanlara yaxşılıq edin". Uşaqlıq, gənclik illərim çətin, dözülməz olub. İndi isə, şükür, muradıma yetişmişəm. Xətrimi istəyənlər çoxdur. Bu nailiyyətlərimi üzünü görmədiyim, səsini eşitmədiyim atamın vəsiyyətinə uyğun qazanmışam". İkincisi: 'Teatrda Otello rolunu oynayan aktyor varsa, Hamlet, Riçard varsa, həmin əsərin tamaşasını tərəddüdsüz repertuara daxil etmək lazımdır. "Kral Lir"də isə təkcə Edmund obrazı ilə adlarını çəkdiyim qəhrəmanların ümumiləşmiş xüsusiyyətlərini özündə birləşdirir. Bu faciəni tamaşaya hazırlamaq uçun təkcə bir Lir yox, bütün imkanlara malik ansabl lazımdır ki, orada Edqar, Qoneriliya, Reqana, qraf Kent, Təlxək də olsun. Belə ansamblı mən öz teatrımızda (Şəki teatrında) görürəm və tamaşanı hazırlamağın vaxtı çatdığının vacibliyini hiss edirəm..."

 Vaqifin quruluş verdiyi "Kral Lir" təkcə Şəkidə deyil, bütünlükdə ölkəmizin teatrsevərləri tərəfindən alqışlarla qarşılandı. Özü də sevib-seçdiyi sənətin zirvəsinə ucaldı. İstər Şəkidə, istər Bakıda hörmət, sevgi-məhəbbət qazandı.

Vaqif Abbasov yaradıcılığı, gərgin əməyi ilə tanındı. 28 ildir ki, dünyasını dəyişib. Lakin dostlarına, tələbələrinə elə gəlir ki, indicə qapı açılacaq, o, yenə də təbəssümlə içəri daxil olacaq. Vaqif kimi mənalı ömür yaşamaq hər adama nəsib olmur. Onda orijinal sənət keyfiyyətləri vardı. 1976-cı ildən fəaliyyətə başlayan Şəki teatrının inkişafına, tanınmasına var gücü ilə çalışdı. Musiqili Komediya Teatrında quruluş verdiyi tamaşalar da Ona şöhrət gətirdi.

Anar, xalq yazıçısı: - Vaqif Abbasovla məni mərhum bəstəkar dostum Emin Sabitoğlu tanış etmişdi. Olduqca səmimi, böyük istedada, geniş mütaliəyə malik insan idi. Şəki teatrı Vaqifin vaxtında Bakının hər hansı teatrıyla rəqabət edə və qalib çıxa biləcək bir səviyyədə idi. O, "Adamın adamı" komediyasının ilk və ən uğurlu tamaşasını hazırladı. Onun həmin teatrda yaratdığı, quruluş verdiyi tamaşalar Azərbaycan sənət aləminə səs saldı. Teatrın Bakı, Moskva qastrolları mətbuatda əks-səda verdi. Vaqif vətəndaşlıq baxımından həm də cəsarətli idi. "Adamın adamı" kimi kəskin satirik əsəri o zaman ilk olaraq tamaşaya qoymağa məhz onun hünəri çatdı. O, mərd və mətanətli kişi ömrü, axtaran, tapan, daim yaradıcılıq eşqi ilə alovlanan sənətkar ömrü yaşadı. Allah ona rəhmət eləsin!

 İlham Rəhimli, professor: - Vaqif Abbasov Şəkidə Dövlət Teatrı yaradanda bəlkə də çoxu buna sovet ideologiyasının yeni manevri kimi qiymət verdi. Ancaq hər şey əksinə oldu. Teatr fəaliyyəti ilə respublikaya səs saldı. Sorağı beynəlxalq festivallardan gəldi. Onun quruluşunda Sabit Rəhmanın "Nişanlı qız", Nəriman Həsənzadənin "İmzalar içində" tamaşalarına dəfələrlə baxmışam. Verdiyi quruluşlarda təzə-tərlik, təravət, coşğun səhnə dinamikası, canlı həyat vardı. O, aktyorlara geniş meydan açan rejissor idi. Tapdığı formanın bədii-estetik təcəssümünü aktyor oyunlarında verməyə çalışırdı... Arzuları böyük idi, heyif, hamısını özü ilə apardı. Bizlərə isə qalan onun haqqında xoş, acı xatirələr oldu.

Hikmət Əbdülhəlimov, Şəki rayonunun Mədəniyyət Şöbəsinin keçmiş müdiri: - Vaqif bizim rayona gələndə rayon partiya komitəsindən tapşırıq verildi ki, onun mənzil-kommunal problemlərini həll edim. Tapşırığı yerinə yetirdim, həm də heyrətləndim. Adətən görmüşdüm ki, gələn qonaqlar necə özlərindən razı, yuxarıdan aşağı baxırlar. Amma mərhum Vaqiflə söhbətimdən sonra hiss etdim ki, o, son dərəcə səmimi insandır. İlahi, insan necə, nə qədər mərifətli, sevib-seçdiyi sənətin vurğunu olarmış?.. Onun dünyasını dəyişməsinin səbəbi bəllidir. Vaqif so-yuqqanlı, laqeyd deyildi. O, insan həyatına biganə qala bilməzdi. Səhnədə oynanılası, quruluş veriləsi mümkün olmayan bir tamaşanı Yaradanımız onun qismətinə çıxartdı. Özü ifaçı oldu, baş rolu oynadı və həyatına son qoydu.

Tariyel Vəliyev, əməkdar incəsənət xadimi, telerejissor: - Vaqif balaca vücudunda böyük, həssas, zərif ürək gəzdirirdi. Verdiyi quruluşlar, mizanlar o qədər canlı, dinamik, mənalı idi ki, görənlər ləzzət alırdılar. Vəfatından illər keçməsinə baxmayaraq, onun yoxluğuna hələ də inanmıram.

Zərifə Hüseynova, bacısı: - Vaqif Moskvada oxuduğu illərdə ünvanıma göndərdiyi məktubların birində yazmışdı: "Uzaqda olsaq da, ayrılığımız bizi bir-birimizə daha da yaxınlaşdırır". Sən həmişə bizimləsən, qardaş. Sənətinlə, yadigarlarınla çoxlarının qəlbindəsən. Nə qədər milli teatrımız var, sən də olacaqsan.

Həyatı, taleyi nağıl qəhrəmanlarına bənzəyən Vaqif Abbasov müxtəlif teatrlarda 30-dan artıq tamaşaya quruluş vermişdi. Həmkarlarının, müəlliflərin rəğbətini qazanmışdı. Müəyyən müddət pedaqoji fəaliyyət də göstərmişdi. 39 yaşında özü yandı ki, 25 nəfər yaşasın. Onlar da mərhumun 70 yaşını kədər-qüssəli, amma daha çox iftixarla, qürur hissi ilə qeyd edib, deyirlər: siz ikinci ömrünüzü xatirəmizdə, yaddaşımızda yaşayırsınız, əziz Vaqif Abbasov!

 

 

Telman Ağaoğlu

 

Azərbaycan.-2009.-19 aprel.-S.7.