Mədəniyyətimizin unudulmaz simaları
Opera sənətimizin banisi Üzeyir Hacıbəyov həm də Azərbaycanda musiqi teatrının təşkilatçısı kimi milli mədəniyyət tarixinin pozulmaz səhifələrini yazıb. Maraqlıdır ki, Hacıbəylilər ailəsinin Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Ailənin böyük oğlu Zülfüqar Hacıbəyov qardaşı Üzeyir bəy kimi musiqi teatrımızın inkişafı uğrunda ən fəal mübarizlərdən biri olub. O, həm də Üzeyir Hacıbəyovun ən yaxın silahdaşı idi.
Zülfüqar Əbdülhəsən bəy Hacıbəyov 1884-cü ilin aprelində Şuşa şəhərində anadan olub. Musiqi beşiyi olan Şuşada böyüməsi, qocaman xanəndələrdən xalq mahnılarımızı eşitməsi, bütövlükdə bu qədim şəhərin mədəni ab-havası Zülfüqar Hacıbəyovu gənc yaşlarından valeh edərək onu da musiqiyə əbədi bağlayıb. Zülfüqar bu sahədə ilk biliyini məhz xalq musiqisindən alıb. Bu musiqilər onun yaradıcılığına, formalaşmasına əhəmiyyətli dərəcədə təsir edib. Üzeyir Hacıbəyov əgər operamızın banisidirsə, opera və operetta yazanlardan biri də Zülfüqar Hacıbəyovdur. 1916-cı ildə bəstələdiyi "Aşıq Qərib" operası xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi. Onun bir sıra librettolara yazdığı musiqi qavraması, aydınlığı ilə seçilirdi. "50 yaşında cavan" (1910), "Varlı" (1911), "Evlikən subay" (1916) musiqili komediyaları bu gün də sənət dünyamızın bəzəyi sayılır. "Almaz" filminə oğlu Niyazi ilə birlikdə 1935-ci ildə musiqi yazmışdır. Bu film Azərbaycanın ilk səsli filmi sayılır. Bu filmdən öncə bəstələdiyi "Kölə qadınların rəqsi" adlı simfonik pyesi bəstəkara böyük şöhrət gətirib. Zakir Bağırovla müştərək hazırladığı kontatalar da musiqimizin incilərindən sayılır. Deyilənə görə, müəllifin iki operası -"Nüşabə" və "Üç aşıq" yarımçıq qalıb.
Əslində yaradıcılığa mahnı janrı ilə başlayan Zülfüqar Hacıbəyov ötən əsrin 20-30-cu illərində çox populyar idi. Onun nəğmələri dillərdən düşmürdü. "Kəndçi qızı", "Çoban qız", "Əsgər nəğməsi" kimi mahnılar, əslində bu sahədə meydana çıxan ilk nümunələr idi.
Zülfüqar Hacıbəyovun Azərbaycan musiqisinə bəxş etdiyi töhfələri çoxdur. Onların hər biri ayrı-ayrılıqda Azərbaycan musiqi sarayının qiymətli sütunlarıdır. Amma bu unudulmaz bəstəkarın Azərbaycan mədəniyyətinə bağışladığı ən dəyərli və qiymətli yadigar böyük Niyazi idi. Beynəlxalq mükafatlar laureatı, məşhur dirijor, xalq artisti Niyazi həm atasından, həm də əmisi dahi Üzeyir Hacıbəyovdan əxz etdiklərini sədaqətli varis kimi milli musiqimizin tərəqqisinə ötürə bildi. Bu səbəbdəndir ki, onun dirijorluğu ilə səslənən, tamaşaya qoyulan əsərlər Azərbaycan musiqisinin qızıl fonduna daxil edilib.
1937-ci ilin dəhşətli
repressiyaları Hacıbəylilər
nəslinin də üzərindən izsiz keçməyib, bu böyük və əzəmətli soyadın
sahibləri doğma yurdlarından pərən-pərən düşüb,
bəziləri də ömrünü mühacirətdə
başa vurub. Üzeyir və Zülfüqar Hacıbəyov
qardaşları isə
üzləşdikləri bütün
ağrı-acılara,
ədalətsizliklərə, ziddiyyətli münasibətlərə
tab gətirərək
mərdanəlik göstərib
və sədaqətlə
Azərbaycan musiqisinin
inkişafına xidmət
ediblər. Doğrudur,
onların yazdığı
bir çox böyük əsərlər
dövrün təqiblərinə,
qadağalarına məruz
qalaraq illərlə arxivlərdə qalıb, mühacirətdə gizlədilib.
Amma bir məsələ maraqlıdır
ki, hər iki bəstəkarın Azərbaycan mədəniyyətindəki
xidməti qiymətləndirilmişdir.
Zülfüqar Hacıbəyov
Azərbaycan musiqisinə
göstərdiyi xidmətlərə
görə
1943-cü ildə əməkdar
incəsənət xadimi
adına layiq görülüb. Bu o vaxtlar idi
ki, ikinci Dünya müharibəsinin
vahiməsi bütün
ölkəni bürümüşdü.
1937-ci ilin
repressiyaları indi öz yerini tamam başqa kabusa vermişdi. Bu səbəbdən də həbslərə, "gecəapardılar"a,
qəfil güllələnmələrə
ara verildi.
Bəlkə də elə
bu amillər Hacıbəyov qardaşlarının
müəyyən müddət
sərbəst qalmalarına
şərait yaratdı.
Zülfüqar Hacıbəyov Musiqili
Komediya Teatrının
banilərindən biri
idi. Arxivində çoxlu sayda
müxtəlif janrda yarımçıq musiqi əsərləri qaldı.
Mütəxəssislər söyləyirlər ki, bəstəkarın şəxsi arxivində bir neçə operettanın musiqi eskizləri də olub. Son əsərlərindən
olan fortepiano ilə simfonik orkestr üçün yazdığı
"Azərbaycan qadınının
rəqsi" də tamamlanmayıb. Bu yarımçıq işlər
təsdiqləyirdi ki,
Zülfüqar Hacıbəyov
ömrünün sonuna
kimi geniş yaradıcılıq planları
üzərində çalışıb.
Amma qəfil ölüm onun bu həvəslə
başladığı işini
bitirməyə aman verməyib. 1950-ci ilin payızında vəfat edən Zülfüqar Hacıbəyovun
adı musiqi mədəniyyətimizin tarixinə
əbədi yazılıb.
Əlbəttə, Hacıbəylilər nəslinin Azərbaycan mədəniyyətinin inkişafındakı
rolu ayrıca bir möhtəşəm mərhələdi. Bu mərhələnin bütün
məqamları da uğur və yeniliklərlə naxışlanıb.
F.Xəlilzadə
Azərbaycan.-2009.-19 aprel.-S.7.