Prezident İlham Əliyev İTAR-TASS agentliyinə və “Rossiya” televiziyasının “Vesti” xəbərlər kanalına müsahibə vermişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya işgüzar səfəri çərçivəsində Rusiyanın “Vesti” kanalına və İTAR-TASS agentliyinə müsahibə vermişdir.

- İlham Heydər oğlu, bu müsahibəni götürmək imkanına görə çox sağ olun. Birinci sual, yəqin ki, başlanğıc üçün bir qədər gözlənilməz ola bilər. Bununla belə, güman edirik ki, bu, maraqlı olacaqdır. Mən bu müsahibəyə hazırlaşanda gördüm ki, həm Siz, həm də Dmitri Anatolyeviç Medvedev tez-tez deyirsiniz ki, aranızda çox yaxın, dostluq münasibətləri yaranmışdır. Maraqlıdır, bu münasibətlər nəyə əsaslanır, sizi bu qədər yaxınlaşdıran nədir?

- Bu, həqiqətən belədir. Mən çox şadam ki, Rusiya Prezidenti ilə bizim doğrudan çox yaxın, dostluq münasibətlərimiz var. Yəqin ki, burada bir neçə amil rol oynayır. Bəlkə də ona görədir ki, biz eyni nəslin nümayəndələriyik, praktik olaraq qonşu şəhərlərdə təxminən eyni təhsil almışıq, gənc yaşlarımızdan siyasətdəyik və prezident olmazdan əvvəl də ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə fəal məşğul olmuşuq. Əlbəttə, ölkələr arasında münasibətlərdə şəxsi rəğbət hissi də az rol oynamır və mənə çox xoşdur ki, Rusiya Prezidenti ilə mənim münasibətlərim ölkələrimiz arasında dolğun münasibətlərin genişləndirilməsi üçün çox yaxşı zəmin yaradır.

Bizim müzakirə etməyimiz üçün mövzular çoxdur. Bu dəfə mənim Dmitri Anatolyeviçlə iki dəfə görüşmək imkanım oldu – birinci axşam ailə çərçivəsində, ertəsi gün rəsmi danışıqlarda. Biz təkcə siyasət haqqında deyil, çox müxtəlif mövzular barədə söhbət etdik. Buna görə də həmin amil mənim üçün həqiqətən çox mühümdür. Bu cür münasibətlərin mövcud olması çox xoşdur və ümid edirəm ki, gələcəkdə onlar daha da möhkəmlənəcəkdir.

- Amma hər halda, gəlin siyasətə qayıdaq. Dünən rəsmi danışıqlar aparılmışdır. Siz həmin danışıqların hansı əsas məqamlarını vurğulamaq istərdiniz?

- Ölkələrimiz arasında münasibətlərin gündəliyi kifayət qədər genişdir, buna görə də biz prioritet məsələləri əhatə etməyə, təhlil etməyə və onlar barədə fikir mübadiləsi aparmağa çalışdıq. Çünki hazırda ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirilir və münasibətlərimiz çox səmərəli, dinamik inkişaf edir.

Təbii ki, biz qarşılıqlı siyasi əlaqələr, siyasi əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə etdik. Bunun üçün çox yaxşı müqavilə - hüquqi baza, keçən ilin yayında Bakıda imzalanmış Dostluq və strateji tərəfdaşlıq haqqında müqavilə var. Həmin müqavilə bütün bu sahələri əhatə edir. Biz gündəlikdə duran iqtisadi məsələləri ətraflı nəzərdən keçirdik, məmnuniyyətlə vurğuladıq ki, keçən il əmtəə dövriyyəsinin həcmi 40 faiz artmış və 3 milyard dollara yaxınlaşmışdır. Böhrana baxmayaraq, bu il əmtəə dövriyyəsi müəyyən qədər, ancaq gözlənildiyinə nisbətən cüzi azalmışdır. Əmtəə dövriyyəsinin strukturunda keyfiyyət dəyişiklikləri baş vermişdir. Bütün bunlar ölkələrimiz arasındakı möhkəm siyasi münasibətlərin nəticəsidir.

Humanitar əməkdaşlıq barədə də razılıq hissi ilə qeyd edildi ki, mənim Moskvaya bundan əvvəlki səfərimdən sonra ötən müddətdə çox mühüm hadisələr baş vermişdir: Bakıda MDU-nun filialı, Rusiya Mədəniyyət Mərkəzi açılmışdır. Yəni bunlar o deməkdir ki, qəbul edilmiş qərarlar praktikada yerinə yetirilir, bu qərarlar operativ şəkildə həyata keçirilmişdir.

Dağlıq Qarabağ münaqişəsinin həlli və ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın rolu məsələsi diqqət mərkəzində olmuşdur. Energetika ilə bağlı dialoq davam edir və yeni-yeni sahələri əhatə edir. Neft və elektrik energetikası sahəsində ənənəvi əməkdaşlığa qaz komponenti də əlavə olunur. Bu, həm ikitərəfli münasibətlərin, həm də regional inkişafın mühüm elementidir. Əlbəttə, bizim müzakirə etdiyimiz bütün məsələləri sadalamaq çətindir. Lakin adlarını çəkdiyim, diqqəti daha çox cəmləşdirdiyimiz bu mövzular göstərir ki, bizim münasibətlərimiz nə qədər strateji xarakter daşıyır, müxtəlif sahələri əhatə edir və bütün bu istiqamətlər üzrə aramızda qarşılıqlı anlaşma, əməkdaşlıq və daha da irəliləmək arzusu var.

Bütün bu sahələrdə nəzərdə tutduğumuz proqramların hamısının uğurla həyata keçirilməsi, öz növbəsində, ölkələrimiz arasında, bir-biri ilə qonşu olan Rusiya və Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsinə doğru aparır, bizim maraqlarımıza və əminəm ki, Rusiyanın da maraqlarına tamamilə uyğundur.

- Əlbəttə. İcazənizlə, Sizin adlarını çəkdiyiniz bir neçə mövzudan biri – qaz sahəsində əməkdaşlıq üzərində bir qədər ətraflı dayanmağınızı xahiş edərdik. Dünən mətbuat konfransında Siz və Prezident Medvedev dediniz ki, qazla bağlı saziş bağlanması ehtimalı çox böyükdür. Mümkündürsə, bu istiqamətdə nə, hansı şərtlər daxilində və nə vaxt edilə biləcəyini bir qədər açıqlayardınız...

- Bu, bizim münasibətlərimizdə nisbətən yeni mövzudur. Rusiya ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq əvvəllər başqa formatda həyata keçirilirdi. Təxminən 2006-cı ilə qədər biz Rusiyadan qaz alırdıq. 2007-ci ildən bu əməkdaşlıq dayandırılmışdır. İndi isə artıq Rusiyaya Azərbaycan qazının satışından söhbət gedir.

Nisbətən qısa müddət ərzində biz öz investisiya layihələrimizi, qaz hasilatına sərmayə qoyuluşunu xeyli dərəcədə həyata keçirməyə, qaz hasilatını ciddi şəkildə artırmağa və mahiyyət etibarilə qaz ixracatçısına çevrilməyə nail olmuşuq. Biz Türkiyə bazarına təqribən 7 milyard kubmetr qaz ixrac edirik, Türkiyə isə bu qazın bir hissəsini təkrar Yunanıstana ixrac edir. Beləliklə, bizim qaz fiziki mənada artıq Avropa İttifaqına çıxmışdır. Digər qaz kəməri vasitəsilə biz Gürcüstana qaz ixrac edirik. Üçüncü qaz kəməri vasitəsilə İranla mübadilə əməliyyatları aparılır. Təəssüf ki, bizim qonşulardan təkcə Rusiya ilə qaz sahəsində hələlik praktik nəticə yoxdur. Ona görə də bu boşluğu doldurmaq üçün, habelə qaz ixracını tam şaxələndirmək imkanına malik olmaq üçün Rusiya bazarı Azərbaycan üçün, əlbəttə, çox cəlbedicidir.

Rusiya tərəfi də bu əməkdaşlıqda maraqlıdır və Rusiya tərəfindən qaz sahəsində əməkdaşlıq haqqında təklifi bir il bundan əvvəl almışdıq. Bu, Rusiya tərəfinin təşəbbüsü idi və biz bunu çox müsbət qarşıladıq. Bu yaxınlarda “Qazprom” ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında Memorandum imzalanmışdır, hazırda danışıqlar gedir. Zənnimcə, bu danışıqlar müsbət nəticə ilə yekunlaşa bilər və yekunlaşmalıdır. Təbii ki, şirkətlər bütün şərtləri – kommersiya, texniki, zəmanət məsələlərini, yəni şirkətlər səviyyəsində həll edilməli olan məsələlərin bütün kompleksini razılaşdırırlar.

Qaz sahəsində əməkdaşlıq üçün hər iki dövlətin siyasi iradəsi var. Buna görə də, danışıqlar uğurlu gedərsə, təbii ki, saziş imzalana bilər. Bu sazişin nədən ibarət olacağı, hansı həcmdə qaz ixrac edilməsinin nəzərdə tutulması – bütün bunlar yəqin ki, şirkətlər səviyyəsində müzakirə olunacaqdır. Mənim fikrimcə, bu sazişin əhəmiyyəti məhz ondadır ki, Azərbaycan qazının ixracı üçün yeni istiqamət açılır. Rusiya Azərbaycan qazından istifadə imkanı əldə edir, beləliklə, gələcəkdə bu sahədə daha genişmiqyaslı əməkdaşlıq üçün perspektivlər açılır.

- Mən bir məsələni dəqiqləşdirmək istərdim. Siz hazırda hasilatın artması barədə danışanda “Şahdəniz” və “Şahdəniz-2” yataqlarını nəzərdə tuturdunuz...

- Təkcə onları yox, Azərbaycanda bir neçə yataqdan qaz çıxarılır. “Şahdəniz” layihəsi əcnəbi tərəfdaşlarımızla birgə işlənilir. Bundan əlavə, biz “Azəri-Çıraq” yataqlarından səmt qazı da alırıq, o da ümumi qaz balansına daxildir. Dövlət Neft Şirkəti özü hasilatın həcmini praktik olaraq iki dəfə artırmış, onu təxminən 8 milyard kubmetrə çatdırmışdır. Yəni, indi Azərbaycanın qaz hasilatı potensialı 20 milyard kubmetrdən çoxdur. Qısa müddətdə bu hasilatı artırmaq üçün potensial imkan var. Biz neft hasilatını artırmaq üçün neft yataqlarından alınan səmt qazının bir hissəsini yenidən neft laylarına vururuq. Bu qazdan ixrac üçün də istifadə edilə bilər. Siz “Şahdəniz-2” layihəsinin adını çəkdiniz, həmin layihəyə görə bugünkü hasilatın həcminə daha 12-14 milyard kubmetr əlavə edilməsi nəzərdə tutulur.

- Bu, nə vaxt baş verə bilər?

- Yəqin ki, əlbəttə, işin sürətinin müxtəlif olması nəzərə alınmaqla, layihə təsdiqlənəndən sonra 3-5 il müddətində baş verə bilər. Layihə hələ təsdiqlənməyib və bunun səbəbi də məhz ondan ibarətdir ki, bizim satış bazarımız yoxdur. Bizim qazın ənənəvi yollarla, əlavə həcmin tranziti vasitəsilə nəql edilməsi məsələləri hələ tənzimlənməmişdir. Potensial alıcılarla danışıqlar aparılmalıdır, çünki qaz biznesinin neft biznesindən fərqli xüsusiyyətləri var. Buna görə də “Şahdəniz-2” layihəsinin təsdiqlənməsinin və onun həyata keçirilməsinin müəyyən dərəcədə ləngiməsi bizim təqsirimiz üzündən baş verməmişdir. Əlbəttə, bizə çox ağır gəlir ki, təsdiqlənmiş minimum ehtiyatları 2 trilyon kubmetr, perspektiv ehtiyatları isə 5 trilyon kubmetr olan Azərbaycanın tranzit məsələləri həll edilmədiyinə görə malik olduğu qazı hasil etmək imkanı yoxdur.

Buna görə də mən hesab edirəm ki, əsas məsələ Rusiya ilə Azərbaycan arasında həm qazın tranziti, həm də onun alqı-satqısı barədə razılığa gəlmək və irəliyə doğru hərəkət etməkdir. Bizim münasibətlərimizdə üstünlüklərdən biri ondan ibarətdir ki, artıq nəqliyyat infrastrukturu, yəni ciddi əlavə sərmayə qoyuluşu həyata keçirilmədən indi ildə ən azı 5 milyard kubmetr qaz nəql edə biləcək kəmər mövcuddur. Bizim aramızda tranzitlə bağlı məsələlər yoxdur, çünki biz qonşuyuq və bununla da müəyyən dərəcədə mürəkkəblik doğuran məsələ aradan qalxır. Ümumiyyətlə, Rusiya da dəfələrlə bu vəziyyətlə üzləşmişdir. Demək istəyirəm ki, indiki halda bütün bunlar bizim əməkdaşlığımızın üstünlükləridir. İndi yalnız qarşılıqlı surətdə faydalı kommersiya şərtlərini razılaşdırmaq, hansısa məqamların, yaxud bazar konyunkturunun əməkdaşlığımızın sonrakı gedişinə mane olmaması üçün uzunmüddətli əməkdaşlığa zəmanət məsələlərini razılaşdırmaq lazımdır. Saziş elə olmalıdır ki, tərəflərin hər hansı biri sonradan ona düzəlişlər etməsin. Onda irəliyə doğru hərəkət etmək olar.

- Siz boru kəmərləri, qaz kəmərləri mövzusuna toxundunuz. Bu yaxınlarda mətbuatda, o cümlədən Qərb mətbuatında xəbər verilmişdi ki, Azərbaycan şirkətlərinin Nabukko layihəsinə qoşulması mümkündür. Bu məlumat həqiqətə nə dərəcədə uyğundur və ümumiyyətlə, həmin layihə nə vəziyyətdədir?

- Bildiyiniz kimi, Nabukko layihəsi çoxdan müzakirə edilir. Bu layihə barədə ilk dəfə təşəbbüs irəli sürüləndə Azərbaycan təchizatçı kimi nəzərdə tutulmurdu. Başqa təchizatçılar vardı və onlar layihənin iştirakçılarının fikrincə, indiyə qədər də Nabukkonun əsas təchizatçılarıdır. Biz Nabukko konsorsiumunun üzvü deyilik. Birinci mərhələdə bizi Xəzərin şərq sahillərindən çıxarılan qazın nəql edilməsi üçün tranzit ölkə kimi nəzərdə tuturdular. Müəyyən mərhələdə məhz hasilatın həcmini artırmağa başladığımıza və idxalatçıdan ixracatçıya çevrildiyimizə görə, bizi potensial təchizatçı kimi nəzərdən keçirməyə başladılar.

Əlbəttə, yeni bazarlara çıxış imkanına malik olmaq hər bir ölkə üçün böyük maraq doğurur, ona görə ki, bazarların sayı nə qədər çox olsa, rəqabət bir o qədər güclü, qiymətlər bir o qədər yaxşı olacaq, müəyyən səbəblər üzündən təchizatda fasilələr yaranmayacağına zəmanət bir o qədər çox olacaqdır. Ona görə də biz, əlbəttə, həmin layihənin həyata keçiriləcəyi halda onda iştirak etməkdə maraqlıyıq.

Lakin Nabukko layihəsinin başqa layihələrdən, o cümlədən bizim həyata keçirdiyimiz layihələrdən fərqi ondadır ki, bu halda boru kəmərinin inşası ilə hasilatçılar deyil, istehlakçılar məşğul olmalıdır. Təbii ki, istehlakçılar həm maliyyə məsələləri haqqında, həm də beynəlxalq maliyyə təsisatları tərəfindən dəstək barədə razılığa gəlməlidirlər. Əlbəttə, ciddi siyasi dəstək olmasa, bu layihəni reallaşdırmaq çox çətin olacaq, ona görə ki, texniki məsələləri həll etmək, boru kəmərləri çəkmək o qədər də asan iş deyildir. Biz son dövrdə Bakı-Tbilisi-Ceyhan boru kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini, Bakı-Supsa boru kəmərini tikmişik. Bizim ərazinin relyefini və Qafqazın coğrafiyasını nəzərə alsaq, bunlar çox mürəkkəb texniki layihələrdir. Yəni burada mürəkkəb məqamlar olduqca çoxdur. Lakin siyasi iradə, maliyyə komponenti və layihənin bütün üzvlərinin əlaqələndirilmiş, ahəngdar işi olanda, həmin layihə həyata keçirilə bilər.

Bir daha demək istəyirəm ki, Azərbaycan Nabukko layihəsinin nə təşəbbüsçüsü, nə də onun iştirakçısıdır. Lakin əgər tranzit ölkə qismində tranziti təmin etmək üçün bizə müraciət olunsa, biz, əlbəttə, bunu məmnuniyyətlə edərik. Çünki hər bir başqa ölkə kimi biz də maraqlıyıq ki, karbohidrogenlər də daxil olmaqla, istənilən yüklər bizim ərazidən keçməklə nəql edilsin. Bundan əlavə, biz tranzit ölkənin bu cür mövqeyini nəzərdə tutan Enerji Xartiyasını imzalamışıq. Əgər Nabukko boru kəməri tikilsə, təbii ki, biz yaxşı şərtlər daxilində öz qazımızın bir hissəsini bu istiqamətdə nəql edə bilərik.

Lakin indiki anda elə vəziyyət yaranmışdır ki, bu layihənin durğunluq nöqtəsindən nə vaxt tərpədiləcəyini və bunu kimin edəcəyini söyləmək çətindir.

- Onda icazə verin, indi daha bir çox mühüm mövzuya keçək. Mən Dağlıq Qarabağı nəzərdə tuturam. Rusiya Prezidenti dünən mətbuat konfransında demişdir ki, bu məsələnin həllinə yeni yanaşmalar yarana bilər. Siz isə dediniz ki, hələlik aşkar irəliləyiş yoxdur və bu, əlbəttə, təəssüf doğurur, bununla belə, müəyyən irəliləyişlər nəzərə çarpır. Siz nəyi nəzərdə tuturdunuz və yaxın gələcəkdə bu məsələdə irəliləyiş gözləmək olarmı?

- Mətbuat konfransında Rusiya Prezidenti və mən öz şərhlərimizdə, onu da qeyd etdik ki, münaqişəni beynəlxalq hüquq normaları, ATƏT-in qərarları və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll etmək lazımdır. Yəni bunlar münaqişənin həlli üçün hüquqi əsasdır. Təbii ki, bu hüquqi əsas Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini, erməni işğalçı qüvvələrinin bizim ərazimizdən çıxarılmasını və qaçqınların öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutur.

İrəliləyiş və tərəqqi barədə danışarkən mən çoxdan davam edən mürəkkəb danışıqlar prosesini nəzərdə tuturdum və son beş ildən artıq müddətdə Azərbaycanın Prezidenti kimi mən bilavasitə bu məsələ ilə məşğulam. Bu müddətdə razılaşdırılması çox çətin görünən bir sıra məsələlər razılaşdırılmışdır. Yəni hər iki tərəf, əlbəttə, müxtəlif dərəcədə həvəs və uğur nümayiş etdirməklə çalışmışdır ki, həll oluna bilən məsələləri konstruktiv yolla həll edək. Dediyim kimi, bəzi məsələlər barədə biz mövqelərimizi, prinsipial mövqeləri razılaşdırmışıq.

Lakin razılaşdırılmış məsələlərdən heç də az əhəmiyyət kəsb etməyən, bəlkə də onlardan daha əhəmiyyətli olan bir sıra məsələlər, təəssüf ki, hələ həll edilməmiş qalır. Minsk qrupunun həmsədrləri çox kreativ, çox səmərəli işləməyə cəhd göstərirlər. Biz bunu qiymətləndiririk. Dünən mən Rusiyanın rolunu vurğuladım və hər iki tərəfə bu məsələnin həllində kömək etməyə çalışan o biri həmsədrlərin də rolunu qeyd etmək istəyirəm. Əlbəttə, biz ümid edirik ki, Ermənistan tərəfi bu məsələlərə konstruktiv ruhda, o cümlədən beynəlxalq hüquq mövqeyindən yanaşacaqdır. Ona görə ki, bu məsələni beynəlxalq hüquq çərçivəsindən kənarda həll etmək mümkün olmayacaqdır.

Bizim təklifimizdə də məhz hazırda orada, Dağlıq Qarabağda yaşayan və gələcəkdə də yaşayacaq insanların təhlükəsizliyi öz əksini tapır; Dağlıq Qarabağın yerli özünüidarə məsələləri öz əksini tapır; Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələləri də öz əksini tapır. Dağlıq Qarabağın statusu haqqında qərar qəbul edilməsi qeyri-müəyyən vaxta təxirə salına bilər. İndiki halda biz Minsk qrupu həmsədrlərinin təklifini dəstəkləyirik. Münaqişənin nəticələrini aradan qaldırmaq lazımdır, Ermənistan işğalçı qüvvələrinin Dağlıq Qarabağın inzibati sərhədindən kənarda yerləşən ərazilərdən də çıxarılmasına nail olmaq lazımdır. Biz Ermənistan ilə Dağlıq Qarabağ arasında yerüstü əlaqəyə malik olmağın erməni tərəfi üçün vacibliyini başa düşürük və bu məsələdə problem görmürük. Laçın dəhlizi ilə bağlı məsələlər elə səmərəli həll edilə bilər ki, həm bu gün Dağlıq Qarabağda yaşayanların, həm də münaqişənin həllindən sonra oraya qayıdacaq azərbaycanlı əhalinin kommunikasiya blokadasında qalmaq baxımından narahatlığı olmasın.

Yəni biz bu məsələyə məhz elə yanaşmağa çalışırıq ki, onu həll etmək mümkün olsun. Həm bizim təklifimizdə, həm də Minsk qrupu həmsədrlərinin təklifində ərazi bütövlüyünün bərpası, təhlükəsizliyə zəmanətin təmin edilməsi, bütün qaçqınların və daxili köçkünlərin Dağlıq Qarabağın ətrafındakı tarixi torpaqlarına və Dağlıq Qarabağa qaytarılması və gələcəkdə Dağlıq Qarabağın statusu barəsində hər iki tərəfi qane edən qərar qəbul olunması məsələləri əlaqələndirilir. Dağlıq Qarabağın statusu haqqında birtərəfli qərar qəbul edilə bilməz. Dağlıq Qarabağın Azərbaycandan hüquqi cəhətdən ayrılması mexanizmini nəzərdə tutan proseslərdə Azərbaycan özünün iştirakını mümkün saymır və heç vaxt bu proseslərdə iştirak etməyəcəkdir. Bu, bizim birmənalı mövqeyimizdir.

Eyni zamanda, biz başa düşürük ki, münaqişənin həlli üçün orada yaşayan insanlar özlərini təhlükəsiz şəraitdə hiss etməli, özünüidarə imkanlarına malik olmalı, öz həyatlarını yaşamalıdırlar. Bu baxımdan bizim heç bir amirlik cəhdlərimiz və ya onların həyatına müdaxilə cəhdlərimiz yoxdur. Yəni mənim fikrimcə, bütün bu amillər birlikdə münaqişənin həllində irəliləyişə gətirib çıxara bilər.

- İlham Heydər oğlu, söhbətimizə qısa yekun vurmaq üçun soruşuram: Sizin fikrinizcə, Azərbaycanın fikrincə, indiki mürəkkəb şəraitdə Qafqazda həm siyasi, həm də ümumiyyətlə iqtisadi firavanlığa necə nail olmaq mümkündür?

- Bizim ölkəmizə gəldikdə, deməliyəm ki, qazandığımız uğurlardan razıyıq. Son beş ildə Azərbaycanın iqtisadiyyatı 2,6 dəfə, büdcə xərcləri 10 dəfədən çox artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə düşmüş, işsizlik bir sosial hadisə kimi praktik olaraq aradan qaldırılmışdır. Böhranlı 2009-cu ilin üç ayı ərzində ÜDM-in artımı 4,1 faiz, qeyri-neft sektorunda ÜDM-in artımı, demək olar ki, 14 faiz təşkil etmişdir.

- Özü də neftin qiymətinin düşməsinə baxmayaraq...

- Bəli, neftin qiymətinin düşməsinə və bizdə mövcud olan müəyyən texniki problemlər üzündən hasilatın bir qədər azalmasına baxmayaraq. Yəni bu onu göstərir ki, biz iqtisadiyyatı şaxələndirməyə, neft amilindən asılılığı aradan qaldırmağa və ölkənin davamlı inkişafını təmin etməyə nail olmuşuq.

Lakin sizin qeyd etdiyiniz kimi, regionda firavanlıq, yəni ayrılıqda götürülmüş bir ölkənin firavanlığı əməkdaşlıq, təhlükəsizlik olmadan və sabah nə olacağını bilmədən mümkün deyildir. Bu baxımdan mən söhbətimizin əvvəlinə qayıdaraq, hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər bütün Qafqaz regionunda – həm Cənubi, həm də Şimali Qafqazda sabitləşmənin mühüm amilidir. Ona görə ki, Qafqaz vahid orqanizmdir və həm Cənubi Qafqazda, həm də Şimali Qafqazda məskunlaşan xalqlar arasında ənənəvi mədəni əlaqələr, qohumluq əlaqələri mövcuddur və əminəm ki, mövcud olacaqdır.

Ona görə də iki Qafqaz ölkəsi kimi Rusiya və Azərbaycan bu regionda təhlükəsizliyin bərqərar olmasında maraqlı ölkələr kimi, əlbəttə, bundan sonra Qafqazla bağlı məsələlərdə aparıcı rol oynamalıdır. Bu rolu həm ölkələrimizin tarixi, həm də onların bugünkü iqtisadi potensialı, siyasi sanbalı, proseslərə təsir göstərmək imkanı irəlicədən müəyyən etmişdir və biz regional məsələlərdə bir-birimizi çox yaxşı tamamlaya bilərik.

Mən Cənubi Qafqaz regionunda genişmiqyaslı əməkdaşlığın yaranacağı günü görməyi arzulayıram. Lakin buna yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və qaçqınların öz doğma yurdlarına qayıtması şərti ilə nail olmaq mümkündür. Onda Qafqaz regionunda əməkdaşlıq tamam başqa şəkil alacaq, bu halda indiyə qədər mühüm layihələrə cəlb edilməmiş ölkələr özlərini daha çox cəlb olunmuş hiss edə biləcək və təbii ki, onların həm iqtisadi preferensiyaları, həm təhlükəsizliyə təminatı, həm də siyasi perspektivləri olacaqdır. Mənim fikrimcə, Azərbaycanla münasibətləri tənzimləmədən Ermənistanın böhrandan çıxması, siyasi təcriddən, enerji və nəqliyyat baxımından təcriddən çıxması asan olmayacaqdır. Biz əməkdaşlığa hazırıq, lakin təbii ki, yalnız işğala son qoyulacağı və sülhün bərqərar olacağı təqdirdə.

- İlham Heydər oğlu, bu müsahibəyə görə və maraqlı cavablarınıza görə bir daha çox sağ olun.

-         Sağ olun.

 

 

Moskva. 18.04.2009.

 

 

Azərbaycan.-2009.-21 aprel.-S.1.