Bakıda İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin Milli Kitabxanalarının Direktorlar
Şurasının
II konfransı işə
başlamışdır
Aprelin 20-də M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasında "Bakı -
İslam mədəniyyətinin paytaxtı -2009" tədbirləri
çərçivəsində İqtisadi Əməkdaşlıq
Təşkilatının (İƏT) üzvü olan ölkələrin
Milli Kitabxanalarının Direktorlar Şurasının II
konfransı işə başlamışdır. Mədəniyyət
və Turizm Nazirliyinin və M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanasının təşkilatçılığı
ilə keçirilən tədbirdə Türkiyə, İran,
Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan,
Qazaxıstan, Qırğızıstanın milli
kitabxanalarının və İƏT-in Mədəniyyət
İnstitutunun nümayəndələri iştirak edirlər.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması ilə əlaqədar
ölkəmizdə həyata keçirilən tədbirlər
barədə ətraflı məlumat vermişdir. Nazir diqqətə
çatdırmışdır ki, dövlətimizin
başçısı İlham Əliyev mədəniyyətin
bütün sahələrində olduğu kimi, kitabxana şəbəkəsində
işlərin yaxşılaşdırılmasına
böyük diqqət və qayğı göstərir.
Prezidentin "Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında" və
"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamları
buna əyani sübutdur. Həmin sənədlərdə
ölkə kitabxanalarında informasiya cəmiyyətinin tələblərinə
uyğun müasir texnologiyaların tətbiqi mühüm vəzifə
kimi qarşıya qoyulmuşdur.
İƏT-in
üzvü olan ölkələrin Milli Kitabxanalarının
Direktorlar Şurasının prezidenti, İran Milli Kitabxana və
Arxivinin sədri, İran Prezidentinin mədəniyyət məsələləri
üzrə müşaviri Əli Əkbər Əşəri,
İƏT-in Mədəniyyət İnstitutunun prezidenti Məhəmməd
Rəcəbi, M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim
Tahirov və başqaları tədbirdə fikirlərini
bölüşmüşlər.
Beynəlxalq konfrans aprelin 21-də işini davam etdirəcəkdir.
Azərbaycan.-2009.-21 aprel.-S.5.