Təsviri sənət zirvəsində
Əyyub Hüseynov sovet
dövründə əsərləri ilə Azərbaycanı
dünyada tanıtdıranlardan biri olmuşdu. Müxtəlif
janrlarda çəkdiyi rəsmlərində milli dəyərlərimizi
təsvir etmişdi. Yaratdığı tablolar dünya muzeylərinin
eksponatıdır...
Həmkarının
anım tədbirində ürək sözlərini, xatirələrini
danışan xalq rəssamı, professor Rafiq Mehdiyev dedi:
- Əyyub
Naxçıvanda, Araz çayının
yaxınlığında dünyaya göz
açmışdı. Sonralar fərəhlə, qürur
hissi ilə deyərdi ki, mənim ilk sənət müəllimim
anadan olduğum yurdun təbiətidir. Onunla birgə ora
çox səfər etmişik. Mən onun timsalında əsl
vətənpərvərliyin, el-oba qədri bilməyin
şahidi oldum. Bəlkə elə bu sevginin nəticəsidir
ki, Əyyubun əsərlərində torpaq, səma, təbiət
canlıymış kimi nəzər-diqqəti çəkir. Bir
zamanlar özünə dediyim fikrimi indi də təkrar edirəm:
onun görkəmli fırça ustası olmasına səbəbkar
ilk dəfə ayaq açdığı, yeridiyi torpaq,
gördüyü əlvan mənzərələr, eşitdiyi
Araz çayının səsi olmuşdu. O, uşaqlıq illərində
çox əzab-əziyyət çəkib. Ermənilərin
basqılarının, qan tökməsinin şahidi olmuş,
adamların necə şivən qoparmalarını, iztirablara
düçar olmalarını görmüşdü. "Araz
sahilində" mənzərə tablosunun yaranmasından 70
ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də
onu görənlər dərin düşüncələrə
dalırlar. Ümu-miyyətlə, onun bu mövzuda olan əsərlərinə
həyəcansız baxmaq mümkün deyil. "Dərd"
tablosunda çiynində ağır yükü olan, erməni
qəddarlarından can qurtarmaq üçün qaçan
ahıl kişi həmin dövrün ümumiləşmiş
obrazıdır. Bu əsər zaman-zaman törədilən
milli faciəmizi canlandıran, yaşadan əsl sənət
nümunəsi kimi yadigar qalıb.
Əyyub Hüseynov Bakı Rəssamlıq Texnikumunu, sonra Tbilisi Rəssamlıq Akademiyasını bitirmişdi. Bir müddət Naxçıvan Dram Teatrında quruluşçu rəssam kimi tanındı, onlarla tamaşaya tərtibat verdi. 1948-ci ildən pedaqoji fəaliyyətə başladı, doqquz il Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin direktoru işlədi. Onun qayğısı, tələbələrinə hörməti barədə eşitdiklərim, gördüklərim heç vaxt yadımdan çıxmır. Ömrünün 50 ilini bu gün adları, yaradıcılıqları ilə şöhrət qazanan neçə-neçə fırça-tişə ustalarının əhatəli bilgi qazanmalarına sərf etdi. Onun tələbələri etimadı doğruldub müəllimlərinin, ustadlarının adını yaradıcılıqları ilə uca ediblər.
Əyyub Hüseynov nümunə göstəriləsi yaradıcılıq qabiliyyətinə malik insan idi. Onun bir amalı, məqsədi vardı: Azərbaycan inkişaf etsin, o da yeni-yeni əsərlər yaratsın. O bu arzusuna ötən əsrin 70-ci illərində çatdı. Milli tariximizə intibah dövrü kimi yazılan həmin vaxtlarda məhsuldar işlədi, yaratdığı əsərləri ilə təsviri sənətimizin zirvəsinə ucaldı. Ulu öndər Heydər Əliyev onu yeniyetmə, gənclik illərindən tanıyırdı. Ölkəmizə ilk rəhbərliyi illərində ulu öndər tez-tez rayonlara, əyalətlərə səfər edərdi. Yol yoldaşlarından biri də özünə, yaradıcılığına hörmət etdiyi Əyyub Hüseynov olardı. Çünki unudulmaz lider istedadlı fırça ustasının yaratdığı əsərlərə yaxşı bələd idi. Əmək mövzusunda çəkdiyi "Kömək gəlib", "Yaylaqda", "Çobanlar", mənzərə janrında "Şahbuz", "Yağışdan sonra", "Aşıq Ələsgər", "Əmək qəhrəmanı" portretləri hazırda müxtəlif muzeylərdə saxlanılır.
Əyyub Hüseynov 82 il ömür yaşadı. Bacarığını, istedadını xalqımızın tərəqqisinə, tanınmasına sərf etdi. On bir il əvvəl, apreldə dünyasını dəyişəndə doğmalarına deyib: "Xalqım yaşadıqca, mən də yaşayacağam".
Anım mərasimində dostları, həmkarları görkəmli fırça
ustası Əyyub Hüseynovu ehtiramla xatırladılar. Onun əsərlərinin bu gün də aktual olmasından danışdılar.
Telman
Ağaoğlu
Azərbaycan.-2009.-21 aprel.-S.7.