Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri

 

Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin görüşü

 

Aprelin 17-də Rusiya Prezidentinin Moskva ətrafındakı Barvixa iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin görüşü olmuşdur.

RF Prezidenti Dmitri Medvedev Azərbaycan dövlətinin başçısına müraciətlə dedi:

- Hörmətli İlham Heydər oğlu, Sizi bir daha salamlayıram. Bizim aramızda yaxşı münasibətlər yaranmışdır: müntəzəm görüşürük, ən müxtəlif məsələləri müzakirə edirik ki, bu da heç şübhəsiz, ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafı üçün çox vacibdir.

Sizi rəqəmlərlə yormaq fikrində deyiləm, özünüz onları yaxşı bilirsiniz. Lakin hər halda, biz keçən ili ticarət-iqtisadi baxımından çox yaxşı göstəricilərlə başa vurmuşuq. Əmtəə dövriyyəsinin həcmi 40 faiz artmışdır. Əlbəttə, bu il vəziyyət xeyli mürəkkəb olacaqdır. Bizim vəzifəmiz əldə edilən uğurları saxlamağa çalışmaqdır. Xüsusən ona görə ki, biz bu uğurlara təkcə enerji daşıyıcılarının mübadiləsi hesabına nail olmamışıq. Əmtəə dövriyyəsinin keyfiyyətcə artması xüsusilə əhəmiyyətlidir. Biz müsbət iqtisadi dinamikanı hətta iqtisadi böhran şəraitində qoruyub saxlamağa çalışacağıq.

Mədəniyyət humanitar sahələrdə bir sıra sevindirici hadisələr olmuşdur. Bu yaxınlarda Bakıda İnformasiya-Mədəniyyət Mərkəzi, Moskva Dövlət Universitetinin filialı açılmışdır. Bizim Linqvistika Universiteti nəzdində xüsusi Azərbaycan Dili Mədəniyyəti Mərkəzi açılmışdır. Əlbəttə, bunlar münasibətlərimizə çox yaxşı təsir göstərir, bizi daha sıx birləşdirir.

Moskvaya xoş gəlmisiniz! Sizi görməyə çox şadam.

Prezident Ilham Əliyev Moskvaya səfərə dəvətə görə Rusiya dövlətinin başçısına təşəkkürünü bildirərək dedi:

- Bu, Sizinlə görüşmək Sizin qeyd etdiyiniz kimi, çox yaxşı inkişaf etməkdə olan ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır. Zənnimcə, bizim şəxsi dostluq münasibətlərimiz burada az rol oynamır.

Bizim münasibətlərimizin dinamik inkişafı həm iqtisadiyyatda, həm qarşılıqlı siyasi əlaqələrdə öz səmərəsini verir. Əlbəttə, qlobal böhran əmtəə dövriyyəsinin həcminə təsir göstərmişdir, lakin 2009-cu ilə qədər əmtəə dövriyyəsinin dinamikası çox xoş təsir bağışlayırdı. Biz artıq real surətdə 3 milyard dollar səviyyəsinə yaxınlaşırıq. Əminəm ki, bütün çətinliklərə baxmayaraq, 2009-cu il bu mənada çox müsbət olacaq, çünki həm əməkdaşlıq sahələri genişlənir, həm əmtəə dövriyyəsinin strukturu yaxşılaşır. Bu, ölkələrimiz arasında olan möhkəm siyasi münasibətlərin nəticələridir bütün başqa sahələrə təsir göstərir. Bakıda həm Moskva Dövlət Universitetinin filialının, həm Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin açılması, - bu hadisələr bizim axırıncı görüşümüzdən sonra baş vermişdir, - onu göstərir ki, bizim razılığa gəldiyimiz hər bir məsələ praktikada həyata keçirilir. Əlbəttə, biz bütün sahələrdə əməkdaşlığın daha da genişlənəcəyinə ümid edirik. Rusiya Azərbaycanın dostu, qonşusu, strateji tərəfdaşıdır. Biz əməkdaşlığımızı strateji tərəfdaşlıq ruhunda davam etdirmək niyyətindəyik.

D.Medvedev: Belə edəcəyik.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-18 aprel.-S.1.