Prezident İlham Əliyevin Moskvaya işgüzar səfərinə
dair birgə mətbuat konfransında dövlət başçılarının
bəyanatları
Rusiya Prezidenti
Dmitri Medvedevin bəyanatı
- Hər
vaxtınız xeyir, hörmətli xanımlar və cənablar!
Mən bugünkü görüşümüzün əvvəlində bir neçə kəlmə demək istərdim. Əlbəttə, mən İlham Heydər oğlu ilə Moskvada yenidən keçirilən görüşümüzdən çox şadam. Bu gün artıq bu barədə danışmışıq, bizim aramızda həqiqətən səmimi dostluq münasibətlərimiz var və bu, heç şübhəsiz, ölkələrimizin dolğun, tamformatlı, strateji tərəfdaşlıq münasibətləri qurmasına kömək edir. Bu, indi belədir və ümid edirəm ki, gələcəkdə də belə olacaqdır.
Biz ikitərəfli əməkdaşlığımızın
əsas məsələləri,
ticarət-iqtisadi əlaqələr
barədə söhbət
etmişik. Əlbəttə,
son vaxtlar biz, belə deyək, nəyəsə
nail olmuşuq və bu, tamamilə
konkret rəqəmlərlə
ifadə olunur. Müxtəlif hesablamalara görə, ölkələrimiz
arasında əmtəə
dövriyyəsinin həcmi
üç milyard dollara yaxındır. Bu, əlbəttə, çox vacibdir. Eyni zamanda, əmtəə
dövriyyəsinin strukturu
da vacibdir. Buraya təkcə son illərdə qiyməti müntəzəm qalxan enerji daşıyıcıları
daxil deyil, - bunun hesabına əmtəə dövriyyəsinin
həcmi artırdı.
Bu, həm də başqa rəqəmləri, ən
müxtəlif istiqamətlərdə
görülən işləri,
texnoloji təyinatlı
məhsulların göndərilməsini,
nəqliyyatı, kağız-sellüloz sənayesini, bir sözlə, ən müxtəlif istiqamətləri əhatə
edir. Əlbəttə,
indi ən başlıcası əldə
edilmiş tempi qoruyub saxlamaq, iqtisadi problemlər nəticəsində əmtəə
dövriyyəsinin azalmasına
yol verməməkdir.
Hərçənd, təbii
ki, bu problemlər
bizim iqtisadiyyatlara təsir göstərir.
Eyni zamanda, həm adlarını çəkdiyim sahələrdə,
həm də energetika sahəsində, qaz nəqli sahəsində əməkdaşlıq,
Azərbaycan neftinin ixracı, Bakı-Novorossiysk
boru kəməri vasitəsilə nəqli kimi ənənəvi məsələlərdə yaxşı
perspektiv imkanlar var. Bir sözlə, artıq işlədiyimiz və gələcəkdə
işləyə biləcəyimiz
bütün istiqamətlərdə
perspektivlər var.
Lakin bizim humanitar əlaqələrimiz
də az
əhəmiyyət kəsb
etmir və son illərdə bu sahədə çox iş görülmüşdür.
Mən açıq demək istəyirəm, bu sahədə, əlbəttə,
Azərbaycan Prezidentinin
birbaşa xidmətləri
var və biz görülən işləri
çox yüksək
qiymətləndiririk, başa
düşürük ki,
bu, həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına uyğundur.
Əlbəttə, Bakıda informasiya-mədəniyyət mərkəzinin və Moskva Universitetinin filialının açılması da xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir və ən başlıcası, onu göstərir ki, bizi birləşdirən, bütün istiqamətlər üzrə əlaqələrin inkişafına kömək edən ümumi dəyərlərə sadiqik. Hesab edirəm ki, bu cür əlaqələrin müstəsna əhəmiyyəti var, biz indicə bu barədə danışmışıq və İlham Heydər oğlu da belə hesab edir. Ona görə də bu, nə isə mühafizəkar təmaslar, sadəcə, diplomatik protokola hörmət deyil ki, biz mədəni əlaqələri inkişaf etdiririk. Bu, həqiqətən əməkdaşlığın çox mühüm sahələridir. Bir neçə il bundan əvvəl Azərbaycanda Rusiya İli və Rusiyada Azərbaycan İli keçirilmişdir. O vaxt mən Hökumətdə işləyəndə bununla məxsusi məşğul olmuşdum. Hesab edirəm ki, bu hadisələr uğurlu olmuşdur və biz bundan sonra da humanitar, mədəni əlaqələrin möhkəmləndirilməsi ilə məşğul olmalıyıq.
Əlbəttə, biz beynəlxalq vəziyyət, regional problemlər barədə də danışdıq. Dağlıq Qarabağ probleminin həlli haqqında, əvvəllər müzakirə etdiyimiz yanaşmalar haqqında, o cümlədən burada, bizim təmaslarımızın gedişində, keçən il noyabrın 2-də Moskva Bəyannaməsinin imzalanması gedişində yaranmış fikirlərin həyata keçirilməsinin zəruri olması, cari perspektivlər barədə danışdıq. Bu mövzunun çox mürəkkəb olmasına baxmayaraq, ümid edirik ki, bu sahədə iş davam etdiriləcəkdir.
Biz vaxtımızın bir hissəsini beynəlxalq məsələlərin müzakirəsinə, iqtisadi böhranın aradan qaldırılması yollarına, bir sözlə, hazırda, demək olar ki, bütün dövlətlərin gündəliyində olan məsələlərə həsr etdik. Mən çox məzmunlu dialoqa görə İlham Heydər oğluna bir daha təşəkkürümü bildirmək istərdim. Bu dialoq həqiqətən çox səmimi ahəngi ilə səciyyələnir, biz asanlıqla dil tapırıq, haqqında söhbət etdiyimiz məsələlərin, demək olar, hamısı barədə mövqelərimiz çox yaxındır. Bu isə ölkələrimizi bir-birinə bağlayan xüsusi strateji münasibətlərin davam etdirilməsinə təminatdır.
Sağ olun.
Azərbaycan.-2009.-18 aprel.-S.1.