Azərbaycan və Rusiya prezidentlərinin mətbuat konfransı

 

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

 

- Sağ olun, Dmitri Anatolyeviç! Əvvələn, məni Moskvaya səfərə dəvət etdiyinizə görə, Sizinlə ünsiyyətdə olmaq və həm ikitərəfli münasibətlərə, həm də regional problemlərə aid mühüm məsələləri müzakirə etmək imkanına görə Sizə bir daha təşəkkür etmək istərdim. Siz artıq qeyd etdiniz ki, biz qarşılıqlı maraq doğuran məsələlər barədə çox səmimi, açıq fikir mübadiləsi apardıq.

Rəhbərlər arasında münasibətlər xeyli dərəcədə ölkələr arasında münasibətləri də müəyyən edir. Çox fərəhli haldır ki, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri prezidentlər arasındakı münasibətlərdə də müşahidə olunur. Biz hər bir görüşdən maksimum səmərəli istifadə edirik, müzakirəsi tələb olunan bütün məsələləri çox səmimi şəraitdə müzakirə edirik. Hər dəfə də əmin oluruq ki, hansısa şəkildə operativ müdaxilə tələb edə biləcək məsələlərin sayı getdikcə azalır. Bizim ölkələr arasında heç bir problem yoxdur, müzakirəsi və həlli tələb olunan məsələlər isə operativ şəkildə həll edilir.

Dmitri Anatolyeviç bizim bu gün müzakirələrimizin gündəliyində duran məsələləri qeyd etdi, gündəliyimiz isə kifayət qədər geniş idi. Həm ikitərəfli əməkdaşlıqda, həm də regional məsələlərdə Rusiyanın və Azərbaycanın baxışları bir çox cəhətdən üst-üstə düşür.

Ölkələrimiz arasında münasibətlərin necə inkişaf etməsi bizi çox sevindirir. Çox möhkəm siyasi və müqavilə-hüquqi baza mövcuddur və keçən ilin yayında Bakıda imzalanmış Dostluq və strateji tərəfdaşlıq haqqında müqavilə fəaliyyətin və əməkdaşlığın bütün sahələrini əhatə edir.

Bizim münasibətlərimizi məhz strateji tərəfdaşlıq termini ilə ifadə etmək olar. Biz iqtisadiyyatda da yaxşı nəticələr olduğunu görürük. Böhrana baxmayaraq, ölkələrimiz arasında əmtəə dövriyyəsi çox cüzi həcmdə azalmışdır. Ümid edirəm ki, gələcəkdə, böhran aradan qaldırılandan sonra iqtisadi münasibətlərimizin uğurlu inkişafı davam edəcəkdir.

Biz energetika sahəsində qarşılıqlı əlaqələrə dair məsələləri çox ətraflı müzakirə etdik. Əlbəttə, neftqaz hasilatçısı və ixracçısı kimi həm Rusiya, həm də Azərbaycan öz enerji təhlükəsizliyini və enerji maraqlarını maksimum dərəcədə təmin etməyə çalışır. Təbii ki, hasilatçılar kimi, bu istiqamətdə bizim məqsədlərimiz ümumidir.

Biz Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini ətraflı müzakirə etdik və ümid edirik ki, Ermənistanla Azərbaycan arasında danışıqların davam etdirilməsi regionumuzda sülhün bərqərar olmasına gətirib çıxaracaq, bu münaqişə ATƏT-in qərarlarına və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq, beynəlxalq hüququn prinsipləri və normaları əsasında həll ediləcəkdir.

Humanitar əməkdaşlıq münasibətlərimizin çox mühüm sahəsidir və biz bu sahədəki mövcud dinamikanı böyük razılıq hissi ilə qeyd edirik, ən başlıcası isə odur ki, qəbul olunan bütün qərarlar yerinə yetirilir. Dmitri Anatolyeviç qeyd etdi ki, Bakıda MDU-nun filialının, Rusiya Mədəniyyəti Mərkəzinin açılması həm bizim ölkə üçün və əminəm, həm də Rusiya üçün və ümumiyyətlə xalqlarımız arasında daha artıq qarşılıqlı anlaşma üçün mühüm hadisələrdir.

Onu da deməliyəm ki, bir qədər əvvəl Bakıdakı Rus Dram Teatrı, demək olar, təzədən tikilmişdir. Bu teatrın çox böyük ənənələri ölkəmizdə çox sadiq pərəstişkarları var. Ümumiyyətlə, tədrisin rus dilində olduğu məktəblərin sayı humanitar sahədə münasibətləri yəqin ki, hər şeydən yaxşı səciyyələndirə bilər. Azərbaycanda yüzlərlə belə məktəb var. Azərbaycanda rus dilinə rus mədəniyyətinə münasibət həmişə çox xeyirxah, çox səmimi olmuşdur biz şadıq ki, bu, indi davam edir. Xalqlarımız arasında münasibətlər ölkələrimiz arasında münasibətlərin ayrılmaz tərkib hissəsidir.

Ümumən, sözümü yekunlaşdıraraq, bugünkü fikir mübadiləsindən çox məmnun qaldığımı bildirmək istərdim. Əminəm ki, bu görüş münasibətlərimizin daha da inkişafına, yaxınlaşmasına kömək edəcəkdir. Rusiya Azərbaycan prezidentləri arasında görüşlər müntəzəm xarakter daşıyır bu, bizim münasibətlərimizin inkişafında dinamikanın saxlanmasına daim imkan yaradır.

Dmitri Anatolyeviç, qonaqpərvərliyə görə, səmimi qəbula görə, dəvətə görə Sizə bir daha çox minnətdaram. Ümid edirəm ki, yenidən həm Azərbaycanda, həm Rusiyada görüşəcəyik.

 

 

Moskva. 17.04.2009.

 

Azərbaycan.-2009.-18 aprel.-S.1-2.