Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya
Federasiyasına işgüzar səfəri
Azərbaycan və Rusiya prezidentlərinin mətbuat
konfransı
Azərbaycan Prezidenti
İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin
görüşündən sonra dövlət
başçılarının mətbuat konfransı
olmuşdur. Prezidentlər əvvəlcə bəyanatlarla
çıxış etmişlər.
Sonra dövlət
başçıları jurnalistlərin suallarına cavab
vermişlər.
AzərTAc-ın
müxbiri: Rusiya danışıqlar prosesinin fəal
iştirakçısıdır. Sizin təşəbbüsünüzlə
Azərbaycan və Ermənistan prezidentlərinin
görüşü keçirilmiş, Moskva Bəyannaməsi
imzalanmışdır. Rusiya gələcəkdə hansı
addımları atmağı planlaşdırır? Rusiya tərəfindən
hansısa yeni təşəbbüslər gözləmək
olarmı?
Dmitri Medvedev: Bəli,
biz həqiqətən çox istərdik ki, Dağlıq
Qarabağ münaqişəsinin həllinə dair
danışıqlarda maksimum irəliləyiş olsun. Noyabr
ayında məhz burada, bu binada görüş keçirilməsi,
Moskva Bəyannaməsinin imzalanması ən azı onu göstərir
ki, biz irəliləyə bilərik, tərəflər
bir-birinin dəlillərini eşidir və perspektivlər var.
Azərbaycan Prezidentinin indicə dediyi kimi, ilk növbədə,
beynəlxalq hüquq normalarına, Birləşmiş Millətlər
Təşkilatı tərəfindən, ATƏT çərçivəsində
qəbul edilmiş qətnamələrə istinad etmək
lazımdır.
Mənim fikrimcə, hər
halda, prinsipcə irəliləyiş var və ən
başlıcası odur ki, bu proseslərə hansısa
üçüncü dərəcəli, lakin bəzən
çox-çox mürəkkəb olan amillər təsir
göstərməsin. Tərəflər hökmən təmkinlilik
nümayiş etdirsin və perspektivləri görsünlər.
Mənim fikrimcə, daha bir çox mühüm məqam Azərbaycan
və Ermənistan prezidentləri arasında görüşlərin
müntəzəm xarakter daşımasıdır. Rusiya bu məsələdə
öz mandatını yerinə yetirməyə hazırdır.
Biz həmişə bu proseslərə kömək etməyə
çalışmışıq və əgər bu cür təmaslar
davam edərsə, - bunun isə heç bir alternativi yoxdur, - əminəm
ki, bu problemi məhz hər iki xalqın maraqlarını əsas
tutmaqla, əvvəllər hazırlanmış təklifləri
nəzərə almaqla həll etmək olar. Ola bilsin ki, mən
müəyyən yeni ideyaları da nəzərdə tuturam.
Əlbəttə, bu
hüquqi müstəvidə dayanmaq, müəyyən vəziyyətdə
yenilik gətirə biləcək, bu yeniliyin ətrafında
mövqelərin uyğunlaşdırılması
mümkün olan yeni yanaşmalardan təcrid olunmamaq
lazımdır. Mənə elə gəlir ki, bu,
mümkündür. Hər halda, biz çox ağır, lakin
eyni zamanda, həlli mümkün olan bu problemin tənzimlənməsinə
nail olmaq üçün bizdən, Rusiya Federasiyasından
asılı olan hər şeyi edəcəyik.
İlham Əliyev: Mən demək istərdim ki, bu münaqişənin həlli məsələləri ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiya çox müsbət rol oynayır və biz tərəflərin mövqelərini yaxınlaşdırmaq cəhdlərinə görə ona təşəkkür edirik. ATƏT-in Minsk qrupu uzun illərdir ki, mövcuddur. Son vaxtlar həmsədrlərin fəaliyyəti daha aktiv xarakter daşıyır.
Əlbəttə, nəticənin olmaması bizi sevindirə bilməz, lakin bununla belə, biz ona da göz yuma bilmərik ki, danışıqlar prosesində müəyyən irəliləyiş vardır. Məhz bu irəliləyiş bizə ümid verir ki, münaqişə kifayət qədər tezliklə həll olunacaqdır. Son vaxtlar tərəflərin mövqeləri müəyyən dərəcədə yaxınlaşmış, əvvəllər çətin görünən bəzi məsələlər razılaşdırılmışdır. Mənim fikrimcə, bu, danışıqların davam etdirilməsi üçün yaxşı bazadır. Bununla belə, elə məsələlər də var ki, tərəflər razılığa gələ bilmirlər.
Bizim cəhdlərimiz həmişə konstruktiv yanaşmaya, beynəlxalq hüquqa, tarixi ədalətin bərpa edilməsinə əsaslanmışdır. Heç kəs üçün sirr deyil ki, təqribən 20 ildir Azərbaycanın ərazisi işğal altındadır və aparıcı beynəlxalq təşkilatlar da daxil olmaqla, bütün dünya birliyi bu faktı təsdiq etmişdir. Biz ümid edirik ki, yaxın aylarda münaqişənin tənzimlənməsi prosesini irəlilədə və bütün tərəflərin maraqlarına cavab verəcək, Azərbaycanın ərazi bütövlüyünün bərpasını, regionumuzda beynəlxalq hüququn normaları və prinsiplərinin bərpasını təmin edəcək həll tapmağa nail olacağıq. Bu, hamının xeyrinə olardı və bu halda biz Cənubi Qafqaz regionunda tammiqyaslı regional əməkdaşlıq haqqında danışa bilərdik.
Bir daha demək istəyirəm ki, danışıqlar prosesindəki irəliləyiş müəyyən nikbinlik doğurur, nəticənin olmaması isə, əlbəttə, bizi məyus edir.
İnterfaksın müxbiri: Xahiş edirəm deyin, sizin danışıqlarınız zamanı qaz problemi, qazın nəqli, qaz sahəsində əməkdaşlıq barədə hansısa yeni razılaşmalar əldə edildimi? Bu sualım isə Dmitri Anatolyeviçədir. Dünən məlum olmuşdur ki, NATO Qafqazda, yəni Gürcüstanda hərbi təlimlər keçirməyi qərara almışdır. Həmin regiondakı vəziyyəti nəzərə almaqla, NATO-nun bu qərarı ilə əlaqədar Sizin fikriniz necədir?
İlham Əliyev: Təbii ki, biz qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmişik. Deməliyəm ki, bütövlükdə, energetika sahəsində ölkələrimiz arasında əməkdaşlıq çox müsbət xarakter daşıyır. Bakı-Novorossiysk neft kəməri uzun illərdir ki, fəaliyyət göstərir və biz gələcəkdə bu kəmərlə nəql edilən neftin həcmini artırmaq fikrindəyik. Elektrik energetikası sahəsində də səmərəli əməkdaşlıq var və biz bu əməkdaşlığı da genişləndirmək üzərində ciddi işləyirik. Bunlar qarşılıqlı faydası olan məsələlərdir. Qaz sahəsində bu mövzu nisbətən təzədir, çünki yaxın vaxtlarda müzakirə olunmağa başlamışdır. Lakin mənim fikrimcə, bu müzakirələrin o qədər də çox vaxt aparmadığını nəzərə alsaq, bu istiqamətdə kifayət qədər irəliləyiş olduğunu deyə bilərik. “Qazprom” və Azərbaycan Dövlət Neft Şirkəti arasında saziş barədə danışıqlar aparılır. Bildiyiniz kimi, bir müddət əvvəl bu məsələyə dair memorandum imzalanmışdır və o, qarşılıqlı maraqların olduğunu təsdiq edir. Qaz sahəsində əməkdaşlığa bizim tərəfimizdən heç bir məhdudiyyət yoxdur və ola da bilməz. Bu istiqamətdə əməkdaşlıq Azərbaycan üçün həm də qaz ixracının şaxələndirilməsi elementidir, çünki hazırda Azərbaycan qazı Qərb istiqamətində nəql edilir. İxracın şaxələndirilməsi və yeni bazarlara çıxmaq imkanı hər bir başqa ölkə üçün olduğu kimi, bizim üçün də böyük maraq doğurur. Mən ümid edirəm ki, şirkətlər arasında aparılan danışıqlar uğurla başa çatacaqdır. Təbii ki, həmin danışıqlar beynəlxalq praktikanı əks etdirməli, qarşılıqlı surətdə faydalı, mehriban qonşuluq və tərəfdaşlıq ruhunda olmalıdır. Zənnimcə, biz bu prosesləri çox səmərəli şəkildə irəlilədə biləcəyik. Xüsusən ona görə ki, Rusiya və Azərbaycan qonşudur. Bizim aramızda heç bir tranzit ölkə yoxdur. Artıq kifayət qədər səmərəli nəqliyyat infrastrukturu vardır. Qaz kəmərinin çəkilməsi üçün əlavə investisiyalara ehtiyac yoxdur. Kəmər mövcuddur. Ona görə də bütün bu ilkin amillər çox sərfəli görünür. Şirkətlərin xoş məramla razılığa gəlməsi lazımdır və mənim fikrimcə, bu halda Azərbaycan ilə Rusiya arasında qaz sahəsində əməkdaşlıq ölkələrimiz arasında əməkdaşlığın ümumi mənzərəsinə üzvi şəkildə daxil olacaqdır.
Dmitri Medvedev: Mənə o qalır ki, əvvəla, Rusiya və Azərbaycanı bir-birinə bağlayan energetika sahəsində əməkdaşlığın dəyərləndirilməsi ilə razılaşım. Son illər biz belə əməkdaşlığı irəlilətmişik. Xatırladılan neftin nəqli kimi ənənəvi sahələr var. Yeni sahələr var. Bax, məsələn, haqqında sual verilən qaz sahəsi var. Bu, hər iki ölkə üçün maraqlı sahədir. Şirkətlər birbaşa danışıqlar aparır və bu, bir müddətdir davam edir. Hesab edirəm və mən İlham Heydər oğlu ilə tam razıyam ki, əlbəttə, dövlətlərimizin maraqlarını, şirkətlərin kommersiya maraqlarını əsas tutaraq bizim mükəmməl sazişə çıxmaq üçün çox böyük imkanlarımız var. Bu, energetika sahəsində əməkdaşlıqda yeni səhifə aça bilər. Əgər belə saziş hazırlanarsa, - bir daha deyirəm ki, bu məsələdə irəliləyişə nail olmaq imkanı çox-çox yüksəkdir, - bu zaman onun imzalanması mümkün olardı. Bu isə özlüyündə ölkələrimiz arasında münasibətlərdə çox mühüm hadisə olardı. Digər tərəfdən, bu, energetika sahəsində şaxələndirmə barədə və bütövlükdə dünyada xeyli dərəcədə narahatlıq yaradan enerji təhlükəsizliyi probleminin həlli haqqında danışmağa imkan verərdi. Hətta iqtisadi böhrana baxmayaraq, biz gələcəkdə enerji təhlükəsizliyinin hansı şəkildə təmin olunması barədə düşünməliyik. Biz dəfələrlə bildirmişik ki, bu mövzuda yetərli konvensiyaların imzalanması, ölkələr və onların şirkətləri arasında düzgün beynəlxalq rejimlərin və qarşılıqlı surətdə faydalı olan hərtərəfli münasibətlərin yaradılmasına tərəfdarıq. Rusiya və Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq da belə ola bilər.
Gürcüstanda NATO-nun təlimlərinə dair sualınıza cavab olaraq, hesab edirəm ki, bu, düzgün qərar deyil, təhlükəli qərardır. Çünki bu və ya başqa hərbi blok lap bu yaxınlarda gərginliyin çox yüksək olduğu və indinin özündə də heç də hər şeyin sadə olmadığı ərazilərin yaxınlığında təlim keçirirsə, bu, hər cür mürəkkəb vəziyyətə gətirib çıxara bilər. Bu cür təlimlər, məsələn, Yaxın Şərqdə, Şimali Koreya yaxınlığında, yüksək gərginlik müşahidə olunan hər hansı digər yerdə keçirilərsə, hansı vəziyyətin yaranacağını təsəvvür edə bilərik. Təbii ki, bu vəziyyəti gərginliklə izləyənlər üçün problem yaradır. Mən əminəm ki, bu, Cənubi Osetiya və Abxaziya xalqlarına müsbət emosiyalar gətirməyəcək. Çünki belə hərəkətlər açıq-aşkar güc nümayişinə, hərbi komponentlərin artırılmasına yönəldilmişdir. Qafqazda onsuz da hamının kifayət qədər gərgin vəziyyətdə olduğu bir şəraitdə bu qərar, əgər məsələn, Rusiya ilə Şimali Atlantika alyansı arasında münasibətlərdən danışsaq, düşünülməmiş, tərəfdaşlığa yaraşmayan hərəkətdir. Belə qərarlar təəssüf doğurur və Rusiya Federasiyası ilə NATO arasında yetərli təmasların bərpa olunmasına kömək etmir. Biz orada baş verənləri ən ciddi şəkildə izləyəcəyik və lazım gəldikdə bu və ya başqa qərar qəbul edəcəyik.
Moskva. 17.04.2009.
Azərbaycan.-2009.-18 aprel.-S.2.