Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması ləğv edilməsi haqqındaBələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqındaAzərbaycan Respublikasının qanunlarına dəyişikliklər əlavələr edilməsi barədəAzərbaycan Respublikasının 2009-cu il 17 mart tarixli 777-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı

 

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 17 mart tarixli 777-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsində nəzərdə tutulmuş komissiyanın say tərkibi və fəaliyyət qaydası barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. öz səlahiyyətləri daxilində “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin ikinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi nəzərdə tutulur;

2.2. həmin Qanunun 8-1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, “müvafiq icra hakimiyyəti orqanları” dedikdə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və müvafiq yerli icra hakimiyyəti orqanı nəzərdə tutulur.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2009-cu il.

 

Azərbaycan.-2009.-18 aprel.-S.3.