Arıçılıq
haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan
Respublikasında arıçılığın təşkilinin
hüquqi və iqtisadi əsaslarını müəyyən
edir, bu sahədə münasibətləri tənzimləyir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan
əsas anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.0.1. arıçılıq
- bal arılarının (Apis mellifera L.) yetişdirilməsini,
çoxaldılmasını, saxlanmasını, onlardan
entomofil kənd təsərrüfatı bitkilərinin
tozlandırılmasında istifadə edilməsini,
arıçılıq məhsullarının
istehsalını və emalını əhatə edən kənd
təsərrüfatı sahəsi;
1.0.2. arı
ailəsi - pətəkdə və ya təbii yuvalarda cəmiyyət
halında yaşayan bir ana arı, on minlərlə
işçi arılar və minlərlə erkək
arılardan ibarət bal arıları;
1.0.3. pətək
- arı ailəsinin saxlandığı daşına bilən
qurğu (taxta qutu, səbət və s.);
1.0.4. arıçılıq
təsərrüfatları - bal arılarının
yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının
istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada məşğul olan subyektlər;
1.0.5. arıxana
- arıçılıqla məşğul olmaq
üçün arı ailələri, zəruri avadanlıq və
tikililərlə birlikdə müəyyən ərazidə
yerləşdirilmiş pətəklik;
1.0.6. arıçılıq
məhsulları - bal arılarından alınan məhsullar
(bal, mum, bərəmum (vərəmum, qaramum), arı zəhəri,
arı südü, çiçək tozu, güləm, ana
arı, arı beçəsi və s.);
1.0.7. bal
arısı cinsləri - müəyyən coğrafi ərazidə
və iqlim şəraitində təbii seçmənin təsiri
altında formalaşmış, nəsildən-nəslə
keçən sabit və oxşar əlamətlər kompleksinə
malik çoxsaylı arı ailələri qrupu;
1.0.8. bal
arısı populyasiyaları - müəyyən bal
arısı cinsinin yayılma arealı daxilində, müvafiq
coğrafi ərazidə və iqlim şəraitində
özünəməxsus fərqli əlamətlər
qazanmış və həmin arı cinsi ilə ümumi
genofonda malik arı ailələri qrupu;
1.0.9. arı
cinslərinin və populyasiyalarının
rayonlaşdırılması - müəyyən coğrafi,
iqlim və balyığma şəraitinə daha yaxşı
uyğunlaşan və yüksək məhsuldarlıq göstəriciləri
ilə fərqlənən arı cinslərinin ölkə ərazisində
müvafiq bölgələr üzrə yetişdirilməsinə
və saxlanmasına dair bölgüsü;
1.0.10. entomofil
bitkilər - cücülərlə (həşəratlarla)
tozlanan nektarlı bitkilər;
1.0.11. balyığma
mənbələri - bal arılarının təbii yem mənbəyi
kimi istifadə etdiyi nektarlı və şirəli bitkilər;
1.0.12. apifitoməhsul
- arıçılıq məhsulları və bitki
xammalı qarışığından hazırlanmış
bioloji aktiv məhsul.
Maddə 2. Arıçılıq haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Arıçılıq
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu
Qanundan, “Heyvanlar aləmi haqqında” və “Damazlıq
heyvandarlıq haqqında” Azərbaycan Respublikasının
qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 3. Arıçılıq haqqında Azərbaycan
Respublikası qanunvericiliyinin məqsədi
Arıçılıq
haqqında Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi
arıçılıqda seleksiya-damazlıq işinin
yaxşılaşdırılması, yerli arı cinslərinin
və populyasiyalarının genofondunun qorunub
saxlanılması və təkmilləşdirilməsi, mənşəyi
bəlli, sabit irsi əlamətlərə malik yüksək məhsuldar
bal arılarının yetişdirilməsi və
arıçılıq məhsulları istehsalının
artırılması üçün hüquqi zəmin
yaratmaqla Azərbaycanda arıçılığın
inkişafına nail olmaqdır.
Maddə 4. Arıçılığın obyektləri və
subyektləri
4.1. Bal arısı ailələri
(ana arı, işçi arılar, erkək arılar),
arıçılıq məhsulları, pətəklər,
habelə arıçılıqda istifadə olunan
avadanlıq, ləvazimat və tikililər
arıçılığın obyektləridir.
4.2. Mülkiyyət
növündən asılı olmayaraq
arıçılıq subyektləri
aşağıdakılardır:
4.2.1. arıçılıq
təsərrüfatları;
4.2.2. əsasən
arıçılıq inventarı və avadanlığı
hazırlayan müəssisələr;
4.2.3. arıçılıqla
məşğul olan elm və tədris müəssisələri,
təcrübə-sınaq təsərrüfatları, digər
idarə və təşkilatlar;
4.2.4. arıçılıq
məsələləri ilə bağlı fəaliyyət
göstərən ictimai birliklər, ittifaqlar və
qanunvericilikdə nəzərdə tutulmuş digər
formalarda yaradılmış qeyri-kommersiya qurumları.
4.3. Arıçılıq
məhsullarının istehsalı və emalı ilə məşğul
olan arıçılıq subyektləri kənd təsərrüfatı
məhsulları istehsalçısı hesab olunurlar.
4.4. Qanunvericiliyə uyğun
olaraq kənd təsərrüfatı məhsulları
istehsalçılarına tətbiq edilən müddətli
vergi güzəştləri əsas fəaliyyəti
arıçılıq inventarı və avadanlığı
hazırlamaq olan fiziki və hüquqi şəxslərə
şamil olunur.
II fəsil
Arıçılıq sahəsində dövlət tənzimlənməsi
Maddə 5. Arıçılıq sahəsində dövlət tənzimlənməsinin
əsas istiqamətləri
5.0. Arıçılıq
sahəsində dövlət tənzimlənməsi müvafiq
icra hakimiyyəti orqanları tərəfindən
aşağıdakı istiqamətlər üzrə həyata
keçirilir:
5.0.1. arıçılığın
inkişafının əsas istiqamətlərini müəyyən
etmək və dövlət himayəsini həyata keçirmək;
5.0.2. arıçılıq
üzrə normativ hüquqi aktlar və normativ sənədləri
təsdiq etmək;
5.0.3. arıçılığın
inkişafı üzrə dövlət proqramları, layihələr,
habelə seleksiya-damazlıq proqramları hazırlamaq,
onların maliyyə mənbələrini müəyyən etmək
və həyata keçirilməsini təşkil etmək;
5.0.4. arıçılıq
sahəsində dövlət büdcəsindən maliyyələşən
tədbirlərin icrasına nəzarət etmək,
arıçılığın inkişafına və yeni
texnologiyaların tətbiqinə, arıçılıq
subyektlərinin maddi-texniki bazasının
yaxşılaşdırılmasına və
arıçılıqda istifadə olunan inventar və
avadanlıqların istehsalına köməklik göstərmək;
5.0.5. arıçılıqda
baytarlıq-sanitariya pasportlarının (şəhadətnamələrinin)
verilməsini, arıçılıq təsərrüfatlarının
uçotunun aparılmasını təşkil etmək;
5.0.6. arıçılıq
sahəsində sahibkarlığın inkişafına dəstək
vermək, haqsız rəqabətin qarşısının
alınmasını, sağlam və ədalətli rəqabətin
formalaşmasını təmin etmək;
5.0.7. bal
arılarının mühafizəsi və xəstəliklərinə
qarşı mübarizə tədbirlərini təşkil etmək
və bu sahədə dövlət nəzarətini həyata
keçirmək;
5.0.8. bal
arılarının və arıçılıq məhsullarının
ixracı və idxalı üzərində müəyyən
olunmuş qaydada dövlət tənzimlənməsini təmin
etmək;
5.0.9. arıçılıq
sahəsində və arıçılıq məhsullarının
təbabətdə tətbiqinə dair elmi-tədqiqat işlərini
təşkil etmək, bu işlərə dəstək vermək
və stimullaşdırmaq;
5.0.10. arıçılıq
sahəsində rəsmi statistika materiallarının
istehsalını təmin etmək;
5.0.11. arıçılıq
sahəsində ixtisaslı mütəxəssislərin və
arıçılıq kadrlarının
hazırlanmasını və təkmilləşdirilməsini
təmin etmək, arıçılıqla məşğul
olan şəxslərin maarifləndirilməsi işini təşkil
etmək;
5.0.12. arıçılıq
sahəsində beynəlxalq əməkdaşlığı həyata
keçirmək, arıçılıq üzrə normativ
hüquqi aktların və normativ sənədlərin beynəlxalq
normalara uyğunlaşdırılmasını təmin etmək;
5.0.13. balyığma
mənbələrinin aşkar edilməsi, nektarlı və
şirəli bitkilərin seleksiyası işini təşkil
etmək, bu sahədə toxumçuluğun və tingçiliyin
inkişaf etdirilməsini dəstəkləmək və
stimullaşdırmaq;
5.0.14. qanunvericiliyə
uyğun olaraq ekoloji təmiz arıçılıq məhsulları
istehsalının təmin edilməsinə nəzarət etmək;
5.0.15. arıçılığın
və arıçılıq məhsullarının
insanların həyatında, fəaliyyətində və
sağlamlığında, arıların bitkiçilik məhsulları
istehsalının artırılmasında və ətraf
mühitin mühafizəsində mühüm rolunu kütləvi
informasiya vasitələrində təbliğ etmək;
5.0.16. qanunvericilikdə
nəzərdə tutulmuş digər istiqamətlər.
Maddə 6. Arıçılıq sahəsində dövlət nəzarətinin
həyata keçirilməsi
6.1. Arıçılıq
sahəsində dövlət nəzarəti bal
arısı cinsləri və populyasiyaları genofondunun qorunub
saxlanılmasının, arıçılıq subyektləri
tərəfindən müvafiq qanunvericiliyin, habelə
arıçılığa dair normativ sənədlərin tələblərinin,
baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət edilməsinin
və keyfiyyətli arıçılıq məhsulları
istehsalının və dövriyyəsinin təmin olunması
məqsədilə həyata keçirilir.
6.2. Arıçılıq
sahəsində dövlət nəzarəti müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
6.3. Arıçılıq
sahəsində dövlət nəzarətinin həyata
keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti
orqanı qanunvericiliyə uyğun olaraq
arıçılıq subyektlərindən lazımi məlumatlar
almaq, aşkar edilmiş nöqsanların və qanun
pozuntularının aradan qaldırılması
üçün onlara icrası məcburi olan göstərişlər
vermək və həmin göstərişləri yerinə
yetirməyən subyektlərin qanunvericiliklə müəyyən
edilmiş qaydada məsuliyyətə cəlb edilməsi, habelə
fəaliyyətinin dayandırılması barədə məhkəməyə
müraciət etmək və qanunvericiliklə nəzərdə
tutulmuş digər səlahiyyətlərə malikdir.
6.4. Arıçılıq
sahəsində dövlət nəzarətinin həyata
keçirilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 7. Arıçılığın inkişafı üzrə
dövlət proqramları
7.1.
Arıçılığın inkişafı üzrə
dövlət proqramları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilir.
7.2.
Arıçılığın inkişafı üzrə
dövlət proqramlarında ölkədə yetişdirilən
bal arısı cinslərinin populyasiyalarının kəmiyyətinin
və damazlıq keyfiyyətinin tədqiq edilməsi,
onların seleksiya qruplarının və damazlıq özəklərinin
təşkili, qorunub saxlanılması və təkmilləşdirilməsi,
balyığma mənbələrinin çoxaldılması və
məhsuldarlığının yüksəldilməsi,
arıçılıq subyektlərinin inkişaf etdirilməsi,
o cümlədən onların maddi-texniki bazasının
möhkəmləndirilməsi, ayrı-àyrı hüquqi və fiziki şəxslərin
bu sahəyə investisiyalarının cəlb edilməsinin
stimullaşdırılması, ekoloji təmiz balın
istehsalı və arıçılıq məhsullarının
çeşidinin artırılması, onların və apifitoməhsulların
təbabətdə tətbiqinin genişləndirilməsi,
arıçılıqda müasir istehsal
texnologiyalarının tətbiqi, arıçılıq məhsullarının
marketinqinin təşkili və
arıçılığın inkişafı istiqamətində
digər tədbirlər nəzərdə tutula bilər.
7.3.
Arıçılığın inkişafı üzrə
dövlət proqramlarının icrasına elmi-tədqiqat
müəssisələri və təcrübə
stansiyaları, onların arıxanaları, damazlıq
arıçılıq təsərrüfatları və
peşəkar arıçılıqla məşğul olan
arıçılıq təsərrüfatları cəlb
edilə bilərlər.
III fəsil
Arıçılığın təşkili
Maddə 8. Arıçılıqla məşğul olmaq
hüququ və arıçılıq təsərrüfatlarının
yaradılması
8.1. Arıçılıq
fəaliyyəti arı yetişdirmə, damazlıq
arıçılıq və əmtəəlik
arıçılıq istiqamətlərində həyata
keçirilir.
8.2. Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxslərinin,
əcnəbilərin, vətəndaşlığı olmayan
şəxslərin, xarici hüquqi şəxslərin
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada həvəskar və peşəkar
arıçılıqla məşğul olmaq hüququ
vardır.
8.3. Arıçılıq
təsərrüfatları hüquqi və fiziki şəxslər
tərəfindən qanunvericilikdə müəyyən
edilmiş qaydada yaradılır. Arıçılıq təsərrüfatlarının
eyni ərazidə və müxtəlif bölgələrdə
bir və bir neçə arıxanası ola
bilər.
8.4. Arıçılıq
təsərrüfatları dövlət, bələdiyyə və
ya xüsusi mülkiyyətdə ola bilərlər.
8.5. Hüquqi və fiziki
şəxslərin mülkiyyətində olan arı ailələrinin,
arıxanaların və arıçılıq təsərrüfàtlàrının say tərkibinə məhdudiyyət
qoyulmur.
8.6. Damazlıq
arıçılıq təsərrüfatları əsasən
yüksək məhsuldar ana arılarının və arı
ailələrinin yetişdirilməsi və təkrar
istehsalı ilə məşğul olur, onların təşkili
və fəaliyyəti Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.
Maddə 9. Arıçılıq təsərrüfatlarının
hüquqları və vəzifələri
9.1. Arıçılıq
təsərrüfatları qanunvericilikdə müəyyən
edilmiş qaydada sahibkarlıq fəaliyyətini sərbəst
həyata keçirmək, o cümlədən ana
arıları və arı ailələrini yetişdirmək,
saxlamaq, arıçılıq məhsullarının
dövriyyəsi ilə məşğul olmaq, arı ailələrindən
entomofil bitkilərin tozlandırılmasında istifadə etmək
və həmin məqsədlə onları icarəyə vermək,
àrılàrı və
arıçılıq məhsullarını idxal və ixrac
etmək, sərgilərdə, yarmarkalarda iştirak etmək
hüquqlarına və qanunvericilikdə nəzərdə
tutulmuş digər hüquqlara malikdirlər.
9.2. Arıçılıq
təsərrüfatları müvafiq qanunvericiliyin, o cümlədən
arıçılığa dair normativ sənədlərin tələblərinə,
baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət etmək,
arıçılıq sahəsində dövlət nəzarətinin
həyata keçirilməsi üçün zəruri şərait
yaratmaq və nəzarət orqanının verdiyi göstərişləri
icra etmək, aidiyyəti üzrə məlumatları (sənədləri)
təqdim etmək vəzifələrini və qanunvericilikdə
müəyyən edilmiş digər vəzifələri yerinə
yetirirlər.
9.3. Arıçılıq
təsərrüfatları özlərinin fəaliyyətinin əlaqələndirilməsi,
habelə ümumi mənafelərinin təmsil və müdafiə
edilməsi məqsədilə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada qeyri-kommersiya qurumları yarada bilərlər.
Maddə 10. Arıçılıqda baytarlıq-sanitariya pasportunun
(şəhadətnaməsinin) verilməsi
Uçota
alınmış arıxanalarda müalicə-profilaktika tədbirlərini
həyata keçirmək məqsədilə hər bir
arıxanaya forması və verilmə qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi)
verilir.
Maddə 11. Arıçılıqda seleksiya-damazlıq işləri
11.1. Azərbaycan
Respublikasında yerli bal arısı genofondunun Boz dağ Qafqaz
arı cinsinin Qabaqtəpə və Qonaqkənd arı
populyasiyaları, Sarı Qafqaz arı cinsinin Azərbaycan,
Talış və Naxçıvan populyasiyaları qorunur.
11.2.
Arıçılıqda seleksiya-damazlıq işləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər
bir bal arısı cinsi və
populyasiyası üzrə təsdiq edilən
seleksiya-damazlıq proqramları əsasında aparılır.
Seleksiya-damazlıq işləri
arıçılıq üzrə mütəxəssis olan
fiziki şəxslər və ya fiziki şəxslər tərəfindən
belə mütəxəssislərin cəlb edilməsi yolu ilə
və kadr potensialı olan hüquqi şəxslər tərəfindən
zəruri şəraiti olan arıçılıq təsərrüfatlarında
həyata keçirilir. Bu proqramlarda yerli bal
arısının genofondunun qorunub saxlanılması, rayonlaşdırılmış
arı cinslərindən olan arı ailələrinin məhsuldarlıq
və damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi,
müxtəlif iqlim şəraitinə davamlı və balvermə
mənbəyinə uyğun yüksək məhsuldar yeni
arı cinsləri, populyasiyaları, cinsdaxili xətləri və
tipləri yaratmaq üçün mütərəqqi
texnologiyaların müasir elmi nəticələrinin tətbiqi
və digər məsələlər əks
olunmalıdır.
11.3. Seleksiya-damazlıq
proqramlarının həyata keçirilməsində
iştirak edən arıçılıq subyektləri
proqramda əks olunan tədbirlərin yerinə yetirilməsinə
borcludurlar.
11.4. Ana arıların və
arı ailələrinin bonitirəsi, bal arısı cinslərinin
və populyasiyalarının aprobasiyası, təsdiqi, patentləşdirilməsi
və istifadəsi “Seleksiya nailiyyətləri haqqında”,
“Damazlıq heyvandarlıq haqqında” Azərbaycan
Respublikasının qanunlarına uyğun həyata
keçirilir.
11.5. Azərbaycan
Respublikasında yetişdirilən arı cinslərinin və
populyasiyalarının seleksiya qruplarına və damazlıq
özəklərinə mənsub arı ailələrinin
satış məqsədilə ixracı qanunvericilikdə nəzərdə
tutulmuş qaydada tənzimlənir.
Maddə 12. Bal arısı cinslərinin və
populyasiyalarının genofondunun qorunması
12.1. Bal arısı cinslərinin və
populyasiyalarının genofondunun qorunub
saxlanılmasını, onların
çoxaldılmasının və istifadəsinin
yaxşılaşdırılmasını təmin etmək
üçün arıçılıqda rayonlaşdırma
prinsiplərinə əməl olunmalıdır. Arıçılıq subyektləri bu prinsipə
riayət etməyə borcludurlar.
12.2. Bal arısı cinslərinin və
populyasiyalarının rayonlaşdırılması müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
həyata keçirilir.
12.3. Yerli arı genofondunun
mühafizəsi və arı xəstəliklərinin
yayılmasının qarşısının alınması
üçün müvafiq icra hakimiyyəti orqanının
icazəsi olmadan bal arısının Azərbaycan
Respublikasının ərazisinə gətirilməsi və Azərbaycan
Respublikasının ərazisindən
çıxarılması qadağandır.
12.4. Nəticələrindən
asılı olaraq arıçılıq sahəsində
tövsiyələrin verilməsi məqsədilə
dünyada geniş yayılmış yüksək məhsuldar
bal arısı cinslərinin yerli şəraitə
uyğunlaşmasını və onların
rayonlaşdırılmasını öyrənmək
üçün elmi-tədqiqat və sınaq tədbirlərinin
həyata keçirilməsi müvafiq icra hakimiyyəti
orqanının razılığı və nəzarəti
altında elmi-tədqiqat müəssisələri tərəfindən
aparılır.
12.5. Yerli arı genofondunun
yaxşılaşdırılması və ölkə
arıçılığının təmiz cinsli məhsuldar
arı ailələrinə və ana arıya olan tələbatının
ödənilməsi məqsədilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada dövlət
seleksiya-damazlıq (genofond) arıxanaları yaradılır.
Maddə 13. Arıçılıq məqsədləri
üçün torpaq sahələrinin ayrılması
13.1. Arıçılıq
təsərrüfatlarına qanunvericiliyə uyğun olaraq
torpaq sahələri ayrılır.
13.2.
Arıçılığın inkişafını təmin
etmək məqsədilə arıçılıq təsərrüfatları
dövlət və bələdiyyə mülkiyyətində
olan məhsuldar balyığma mənbələrindən mövsümi
istifadə edə bilərlər.
13.3. Arı ailələrinin
meşə, qoruq, yasaqlıq və digər dövlət
mülkiyyətində olan ərazilərdən, habelə bələdiyyə
mülkiyyətində olan meşə və meşə
zolaqları, kolluq və örüş sahələrindən
balyığma mənbəyi kimi mövsümi istifadəsinə
görə arıxana sahiblərinin pul və ya digər formada
haqq ödəmələri tələb olunmur. Göstərilən
sahələrdən arıçılıq məqsədləri
üçün istifadənin məhdudlaşdırılmasına
yol verilmir.
13.4. Arıxana sahibləri
mövsümi istifadə müddətində balyığma mənbəyi
kimi istifadə etdikləri ərazilərin mühafizəsinə
dair qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
Maddə 14. Arıçılıqda mülkiyyət hüququnun
xüsusiyyətləri
14.1. Arıxanalarda olan
arı ailəsi, arı beçəsi və
arıçılıq sahəsində fəaliyyəti həyata
keçirmək üçün lazım olan alət, ləvazimat,
avadanlıq və tikililər arıxana sahiblərinə
mülkiyyət və (və ya) istifadə hüququnda mənsub
ola bilər.
14.2. Hüquqi və fiziki
şəxslər arıxanalarından başqa əraziyə
uçub getmiş və orada məskunlaşmış və
ya yad pətəyi tutmuş arı ailəsini (təbii arı
beçəsini) müntəzəm izlədikləri halda həmin
arı ailəsini (arı beçəsini) öz əmlakı
kimi yığıb geri qaytarmaq hüququna malikdirlər.
14.3. Hüquqi və fiziki
şəxslərin arıxanalarından uçmuş arı
beçəsi başqaları ilə birləşərək
bir yerə toplanarsa, birləşmiş arı beçələri
həmin şəxslərin ümumi mülkiyyəti hesab
olunur və onun bölünməsi, o cümlədən birləşmiş
arı beçəsinin özgəninkiləşdirilməsindən
əldə edilən pul vəsaitinin arı beçəsinin
sayına uyğun bölünərək sahiblərinə
ödənilməsi tərəflər arasında razılaşmaya
əsasən həyata keçirilir.
14.4. Yad ərazidə məskunlaşmaq
və ya yad pətəyi tutmaqla əlaqədar zərər
vurulduğu halda zərərçəkən qanunvericilikdə
nəzərdə tutulmuş qaydada əvəz ödənilməsini
tələb edə bilər.
Maddə 15. Arıxanaların yerləşdirilməsi və uçotu
15.1. Arıçılıq
təsərrüfatlarında arıxanalar zootexniki və
baytarlıq (baytarlıq-sanitariya) normalarına uyğun ərazilərdə
yerləşdirilir.
15.2. Əhalinin təhlükəsizliyinin
təmin olunması üçün arıxanalar səhiyyə,
təhsil, mədəniyyət və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi digər müəssisələrdən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi məsafədə və qaydada yerləşdirilməlidir.
15.3. Arı ailələrindən
entomofil bitkilərin səmərəli tozlanmasında istifadə
etmək üçün arıxanaların müvafiq balyığma
mənbələrində müvəqqəti yerləşdirilməsinə
yol verilir.
15.4. Arıçılıq
təsərrüfatları arıxananı yeni ərazidə
yerləşdirərkən müvafiq icra hakimiyyəti
orqanları tələb etdiyi halda arıxana haqqında məlumat
və onun baytarlıq-sanitariya pasportunu (şəhadətnaməsini)
təqdim etməyə borcludurlar.
15.5. Arıçılıq
təsərrüfatları müvafiq icra hakimiyyəti
orqanının məlumatı əsasında müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
uçota alınırlar.
15.6. Arıçılıq
təsərrüfatları arıxananın daimi yerləşdiyi
ərazidəki müvafiq dövlət orqanlarına
qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlar
verməyə borcludurlar.
15.7. Arıçılıq
subyektləri, arı ailələri və
arıçılıq məhsulları istehsalı
haqqında statistik məlumatların tərtibi və təqdim
edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
15.8. Arı ailələrinin
sayının statistik uçotu aparılarkən müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
arı ailəsinin standart gücü nəzərə
alınmalıdır.
Maddə 16. Arılardan entomofil kənd təsərrüfatı
bitkilərinin tozlandırılması üçün istifadə
edilməsi
16.1. Entomofil kənd təsərrüfatı
bitkilərinin becərilməsi ilə məşğul olan
hüquqi və fiziki şəxslər məhsuldarlığı
artırmaq məqsədilə bitkiləri tozlandırmaq
üçün qanunvericiliyə uyğun olaraq
arıçılıq təsərrüfatlarının
razılığı ilə onların arı ailələrindən
istifadə edə bilərlər.
16.2. Arıçılıq
təsərrüfatları entomofil kənd təsərrüfatı
bitkiləri becərən hüquqi və fiziki şəxslərə
əvvəlcədən xəbər verməklə həmin
bitkilərin yerləşdiyi ərazidən, habelə
onların mülkiyyətində və (və ya) istifadəsində
olan otlaqlar və digər sahələrdən qanunvericilikdə
nəzərdə tutulmuş qaydada balyığma mənbəyi
kimi istifadə edə bilərlər.
16.3. Entomofil kənd təsərrüfatı
bitkilərinin tozlandırılması və balyığma mənbələrindən
mövsümi istifadə müddətində həmin ərazilərin
və bal arılarının mühafizəsi
qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin
edilir.
Maddə 17. İnsan və heyvan xəstəliklərinin
profilaktikasında və müalicəsində
arıçılıq məhsullarından istifadə
17.1. İnsan və heyvan xəstəliklərinin
profilaktikası və müalicəsi məqsədilə
arılardan, arıçılıq məhsullarından və
apifitoməhsullardan qanunvericilikdə nəzərdə
tutulmuş qaydada dərman vasitəsi kimi istifadə oluna bilər.
17.2. Arıçılıq
məhsullarından və apifitoməhsullardan
hazırlanmış dərman vasitələrinin kliniki
sınağı və tətbiqi Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
IV fəsil
Arıçılıq məhsullarının dövriyyəsi
Maddə 18. Arıçılıq məhsullarının
standartlaşdırılması və
sertifikatlaşdırılması
18.1. Azərbaycan
Respublikasında arı ailələrinin və istehsal edilən
arıçılıq məhsullarının milli
standartları qanunvericiliyə uyğun olaraq hazırlanır,
müvafiq orqanlarla razılaşdırılır, təsdiq
edilir və qeydiyyata alınır.
18.2. Azərbaycan
Respublikasında istehsal edilən və idxal olunan
arıçılıq məhsulları satışa
çıxarılarkən qüvvədə olan normativ sənədlərin
tələblərinə uyğun olaraq qanunvericilikdə nəzərdə
tutulmuş qaydada sertifikatlaşdırılmalıdır.
18.3. Arıçılıq
məhsullarının sertifikatlaşdırılması həmin
məhsulların baytarlıq şəhadətnaməsi olduqda
aparılır.
18.4. Azərbaycan
Respublikasında istehsal edilən və
arıçılıq təsərrüfatlarında istifadə
olunan avadanlıq, inventar və qurğular qüvvədə olan
normativ texniki sənədlərin tələblərinə
uyğun hazırlanır.
18.5. Arıçılıq
məhsullarının keyfiyyətini və rəqabət
qabiliyyətini artırmaq məqsədilə ictimai təşkilatlar
və arıçılıq təsərrüfatları
könüllü qaydada milli standartlarla yanaşı daha ciddi
tələbləri olan standartlar tətbiq edə bilərlər.
Maddə 19. Arıçılıq məhsullarının
qablaşdırılması və markalanması
19.1. Azərbaycan
Respublikasında arıçılıq məhsulları
istehsalçıları dövriyyəyə daxil etdikləri
məhsulları istehsal markaları ilə təchiz etməlidirlər.
19.2. Arıçılıq
məhsullarının qablaşdırılması və
markalanması qaydası beynəlxalq təcrübə nəzərə
alınmaqla müvafiq qanunvericiliyə uyğun həyata
keçirilir.
19.3. Daxili bazara
çıxarılan və ixrac edilən
arıçılıq məhsulları markalanarkən etiketin
üzərində Azərbaycan dilində istehlakçılar
üçün qanunvericilikdə nəzərdə
tutulmuş lazımi məlumatlar əks olunmalıdır.
19.4. Arıçılıq
məhsullarının saxlanması və daşınması
üçün insan orqanizminə təhlükə yaratmayan
və istifadəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
icazə verilən müxtəlif materiallardan
hazırlanmış və müvafiq standartlara cavab verən
qablardan istifadə edilir.
19.5. Arıçılıq
məhsullarının etiketi üzərində məhsulun
keyfiyyətini xarakterizə edən məlumatlarla məhsulu
müşayiət edən sənədlərdə olan məlumatlar
arasında uyğunluq təmin edilməlidir.
19.6. Arıçılıq
məhsulları markalanarkən normativ sənədlərin tələblərinə
cavab verdiyi hallarda müvafiq icra hakimiyyəti orqanının
icazəsi ilə etiketin üzərində “müalicəvi”,
“pəhriz” və onlara bərabər tutulan adlar və reklam
xarakterli digər məlumatlar yerləşdirilə bilər.
19.7. Arıçılıq
məhsullarının ekoloji təmiz kənd təsərrüfatı
məhsulları kimi “EKO-keçid” və “EKO” markası ilə
markalanması qaydası müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 20. Arıçılıq məhsullarının marketinqi
və satışı
20.1. Arıçılıq
məhsullarına olan tələbatın, qiymətlərin,
reklamın, yeni məhsul növünün istehsalının,
müəssisələrin və firmaların
istehsal-satış fəaliyyətinin idarə edilməsinin
yaxşılaşdırılmasına yönəldilmiş məsələlərin
təhlili və proqnozlaşdırılması
üçün arıçılıq məhsullarının
marketinqi təşkil edilir.
20.2. Arıçılıq
məhsullarının marketinqi arıçılıq məhsullarının
həcminə, arıçılıq məhsullarına olan tələbata
və digər məlumatlara əsaslanır.
20.3. Arıçılıq
məhsullarının həcmi barədə məlumatların
əldə edilməsi qanunvericilikdə nəzərdə
tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təşkil edilir. Arıçılıq təsərrüfatları
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada və formada arıçılığa dair
statistik məlumatları təqdim etməyə borcludurlar.
20.4. Arıçılıq
məhsullarına olan tələbatı müəyyən etmək,
onların reklamını və satışını
keçirmək üçün sərgilər,
yarmarka-satış və müasir informasiya texnologiyaları
olan internet-saytlardan istifadə olunur. Yarmarkaların və sərgilərin
təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən
hər il həyata keçirilir və bu tədbirlərdə
arıçılıq məhsulları ilə yanaşı
arıçılıqda istifadə edilən avadanlıq,
inventar və qurğular da nümayiş etdirilir və
onların satışı təşkil olunur.
20.5. Arıçılıq
məhsulları qanunvericilikdə nəzərdə tutulmuş
qaydada sərbəst mübadilə oluna, alına və ya bir
şəxsdən başqasına keçə bilər. Arıçılıq məhsullarının
satışı xüsusi mağazalarda, mağazaların
ayrıca bölmələrində və ya onların keyfiyyətinə
və digər xüsusiyyətlərinə zərər gətirməyən,
müvafiq normativ texniki sənədlərin tələblərinə
cavab verən yerlərdə təşkil olunur.
20.6. Satışa bal arılarının bitkilərin
nektarından və şirəsindən (gəzəngidən)
istehsal etdiyi bal çıxarılır. Süni yolla və ya
başqa mallardan alınmış məhsulun bal
kimi satışına və digər məqsədlər
üçün istifadəsinə yol verilmir və o, qüvvədə
olan standartların, digər normativ sənədlərin tələblərinə
uyğun olmayan mal hesab olunur. Belə məhsulu təbii bal kimi dövriyyəyə daxil etməklə
istehlakçıların hüquqlarının pozulmasında
təqsirli bilinən şəxslər qanunvericilikdə nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
20.7. Azərbaycan
Respublikasında sertifikatsız arıçılıq məhsullarının
satışına yol verilmir.
20.8. Əhalinin sağlamlığının
qorunmasında və digər sahələrdə istifadə
edilən arıçılıq məhsulları xammalı və
onların əsasında hazırlanmış apifitoməhsulların
istehsalı, dövriyyəsi və tətbiqi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 21. Arıçılıq məhsullarının idxalı
və ixracı
21.1. Arıçılıq
məhsullarının və arıçılıqda istifadə
edilən inventar və avadanlığın idxalı və
ixracı bu Qanunun tələbləri nəzərə
alınmaqla Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə tənzimlənir.
21.2. Müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən
hallarda və qaydada arı xəstəliklərinin Azərbaycan
Respublikasının ərazisində yayılmasının
qarşısını almaq üçün xarici ölkələrdə
arıçılıqda istifadə olunmuş inventar və
avadanlıqların idxalı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən məhdudlaşdırıla bilər.
21.3.
Rayonlaşdırılmamış arı cinslərinin Azərbaycan
Respublikasının ərazisinə gətirilməsinə
yalnız elmi-tədqiqat və təcrübə məqsədləri
üçün müvafiq icra hakimiyyəti orqanının
razılığı ilə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən
qaydada yol verilə bilər.
V fəsil
Bal
arılarının mühafizəsi
Maddə 22. Bal arılarının mühafizəsinin
təmin edilməsi
22.1. Bal arılarının
mühafizəsinin təmin edilməsi aşağıdakı
yollarla həyata keçirilir:
22.1.1. hüquqi
və fiziki şəxslərin bal arılarının
saxlanılmasında zootexniki və baytarlıq
(baytarlıq-sanitariya) normalarına riayət etməsi, saxlanma
şəraitinə, köçürülmə yerlərinin
və yollarının qorunmasına qoyulan tələbləri
yerinə yetirməsi;
22.1.2. arı
ailələrinin talanlardan, arı ziyanvericiləri olan və
ovlanması qadağan olunan heyvan və quşlardan
qorunması;
22.1.3. bal
arılarının pestisidlərlə, toksiki və aqrokimyəvi
maddələrlə zəhərlənməsinin
qarşısının alınması;
22.1.4. arı
xəstəlikləri üzrə profilaktiki tədbirlərin
vaxtında və müntəzəm həyata keçirilməsi,
xəstəliklərin yayılmasının
qarşısının alınması, onların müalicəsi
və zərərvericilərə qarşı mübarizə
işinin təşkili;
22.1.5. arı
ailələrinin balyığma mənbələrinə maneəsiz
köçürülməsinə şərait yaradılması;
22.1.6. yerli
bal arıları genofondunun qorunması, bal
arılarının bioloji və təsərrüfat əhəmiyyətli
əlamətlərinin yaxşılaşdırılması
üçün seleksiya-damazlıq işinin təşkili;
22.1.7. kütləvi
informasiya vasitələrində
arıçılığın insan sağlamlığının
qorunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi,
ətraf mühitin mühafizəsi və əhalinin məşğulluğunun
artırılmasında əhəmiyyətinin, onun iqtisadi səmərəliliyinin
və geniş potensial imkanlara malik bir sahə olmasının
təbliğ olunması, bal arılarının qorunmasına
və arıçılığın inkişafına xidmət
edən fəaliyyətlərin stimullaşdırılması.
22.2. Bal arılarının
mühafizəsinin təmin edilməsinə nəzarəti
müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Maddə 23. Bal arılarının mühafizəsinin
təşkili
23.1. Bal arılarının
saxlanıldığı ərazilərdə və
balyığma mənbələrində tarla, çəmən,
meşə, meşə zolaqları və əkinlərin
pestisidlərlə və aqrokimyəvi maddələrlə
işlənməsi zərurəti yarandığı hallarda
bu işlərlə məşğul olan hüquqi və fiziki
şəxslər dərmanlanacaq sahələrdən yeddi
kilometr məsafəyədək yerləşən arıxana
sahiblərinə işə başlamazdan ən azı beş gün əvvəl rəsmi qaydada və
ya kütləvi informasiya vasitələri ilə xəbərdarlıq
etməyə borcludurlar.
Xəbərdarlıqda
dərmanlanacaq sahələrin adı və yeri, dərmanlanmanın
aparılma vaxtı və metodu, tətbiq edilən pestisidlərin
və aqrokimyəvi maddələrin növü, təsir
müddəti və dərəcəsi göstərilməlidir.
23.2. Meşələrin məhsuldarlığının
artırılmasına yönəldilən tədbirlər
arıçılıq sahəsində səmərəli fəaliyyəti
təmin edən tələblər nəzərə
alınmaqla həyata keçirilir.
Arıxanaların yerləşdiyi
yerdən üç kilometrdən az məsafədə
olan meşələrin sanitariya vəziyyəti və
çoxaldılması şəraitini
yaxşılaşdırmaq halları istisna olmaqla,
balyığma mənbələri olan ağac və
kolların (cökə, ağcaqayın, söyüd, akasiya və
s.) kəsilməsinə və ya onların nektar məhsuldarlığına
xələl gətirən fəaliyyətə icazə
verilmir.
23.3. Təbii məskunlaşdıqları
yerlərdə bal arılarının
xeyirli xüsusiyyətlərindən istifadə və onlardan
arıçılıq məhsullarının alınması
qanunvericiliyin tələbləri əsasında həyata
keçirilir.
Arıların
təbii şəraitdə məskunlaşdıqları
ağac koğuşlarının və başqa yerlərin
talan edilməsinə icazə verilmir və belə arı ailələri
həmin ərazinin istifadəçiləri tərəfindən
qorunur.
Ağac koğuşunda məskunlaşmış
arı ailələrindən balın götürülməsinə
arı ailəsinin məhv edilməməsi, kötük şəklində
ağacın kəsilməməsi və yuvada arı ailəsinə
yem üçün lazımi miqdarda bal
ehtiyatının saxlanması şərti ilə icazə
verilir.
Maddə 24. Bal arılarının xəstəlik
və zərərvericilərinə qarşı mübarizə
tədbirləri
24.1. Bal arılarının xəstəliklərinin
qarşısının alınması və müalicə tədbirlərinin
aparılması Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyinə əsasən həyata keçirilir.
24.2. Arıçılıq
subyektləri təhlükəlilik dərəcəsi və
kütləviliyi ciddi xarakter alan arı xəstəliklərini
müşahidə etdikdə müvafiq icra hakimiyyəti
orqanlarına təcili xəbər verməlidirlər.
24.3. Arı ailələrinin
zərərvericiləri ilə mübarizə tədbirləri
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada həyata keçirilir.
24.4. Arıçılıq
məhsullarının keyfiyyətinə mənfi təsir
göstərməmək üçün arı xəstəliklərinin
müalicəsində müvafiq icra hakimiyyəti
orqanının təsdiq etdiyi siyahıya uyğun dərman
vasitələrindən istifadə edilir.
Maddə 25. Arı ailələrinin köçürülməsi
Arı ailələrinin
balyığma və yeni məskunlaşma yerlərinə
köçürülməsi baytarlıq
(baytarlıq-sanitariya) normalarına əməl edilməklə,
arıların mühafizəsini və arı ailələrinin
yeni ərazilərə tez və maneəsiz
çatdırılmasını təmin edən tədbirlər
nəzərə alınmaqla müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada həyata
keçirilir.
VI fəsil
Yekun müddəalar
Maddə 26. Arıçılığın maliyyə təminatı
26.1.
Arıçılığın maliyyə təminatı bu fəaliyyətdən
əldə olunan vəsaitlər, dövlət büdcəsindən
ayırmalar, investisiyalar, kreditlər, qrantlar, hüquqi və
fiziki şəxslər tərəfindən verilən ianələr
və digər mənbələr hesabına formalaşır.
26.2.
Arıçılığın inkişafına
investisiyaların cəlb edilməsinə,
arıçılıqda seleksiya-damazlıq işlərinin təşkilinə,
elmi nailiyyətlərin və mütərəqqi
texnologiyaların tətbiqinə,
arıçılığın maddi-texniki bazasının
möhkəmləndirilməsinə dövlət tərəfindən
əlverişli iqtisadi və hüquqi mühit
yaradılır.
Maddə 27. Arıçılığın kadr və elmi təminatı
27.1. Arıçılıq
sahəsində çalışan mütəxəssislərin
hazırlanması və ixtisaslarının
artırılması Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada həyata keçirilir.
27.2. Arıçılıq
sahəsində elmi tədqiqatlar Azərbaycan Respublikasında
müvafiq elmi-tədqiqat müəssisələri, tədqiqatçı
alimlər və müvafiq ali təhsili
olan mütəxəssislər tərəfindən
aparılır.
27.3. Elmi-tədqiqat müəssisələri
ölkədə arıçılığın
inkişafını və insan sağlamlığı
üçün xüsusi əhəmiyyətə malik apifitoməhsulların
istehsalını və tətbiqini təmin edən tədqiqatlar
aparmaqla müvafiq tövsiyə və təkliflərin
hazırlanması, arıçılıq sahəsində
seleksiya-damazlıq proqramlarının, mövcud arı cinslərinin
və populyasiyalarının təkmilləşdirilməsi,
cinsdaxili xətlərin və tiplərin
yaradılmasının metod və üsullarının
hazırlanması və həyata keçirilməsi, arı xəstəliklərinin
qarşısının alınması və müalicəsinin,
arıların zərərvericilərindən və
düşmənlərindən qorunmasının səmərəli
təşkili, arıçılıqda süni mayalanmanın
tətbiqi və digər müasir elmi-texniki tədqiqatların
aparılması ilə məşğul olurlar.
Maddə 28. Arıçılıq sahəsində beynəlxalq əməkdaşlıq
Arıçılıq
sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar,
xarici dövlətlərlə bağlanmış müqavilələr,
sazişlər, razılaşmalar və digər beynəlxalq
hüquq normaları əsasında həyata keçirilir.
Maddə 29. Arıçılıq haqqında qanunvericiliyin
pozulmasına görə məsuliyyət
Arıçılıq
haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq məsuliyyət daşıyırlar.
Maddə 30. Mübahisələrin həlli
Arıçılıq
haqqında qanunvericiliyin pozulması ilə əlaqədar
mübahisələr Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq həll edilir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 fevral 2009-cu il.
Azərbaycan.-2009.-18 aprel.-S.4-5.