Arıçılıq haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı

 

“Arıçılıq haqqında” Azərbaycan Respublikasının 2009-cu il 2 fevral tarixli 765-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.4. həmin Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş həvəskar və peşəkar arıçılıqla məşğul olma qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə qaydasını və formasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanunun 12.5-ci maddəsində nəzərdə tutulmuş dövlət seleksiya-damazlıq (genofond) arıxanalarının yaradılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş əhalinin təhlükəsizliyinin təmin olunması üçün səhiyyə, təhsil, mədəniyyət müəssisələrindən arıxanaların yerləşdirilməsi məsafəsini və yerləşdirilmə qaydasını, habelə həmin məqsədlə digər müəssisələri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin Qanunun 15.5-ci maddəsində nəzərdə tutulmuş arıçılıq təsərrüfatlarının uçotu qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.10. həmin Qanunun 15.7-ci maddəsində və 20.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş arıçılığa dair statistik məlumatların tərtibi və təqdim edilməsi qaydasını və formasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.11. həmin Qanunun 15.8-ci maddəsində nəzərdə tutulmuş arı ailəsinin standart gücünü müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.12. həmin Qanunun 20.8-ci maddəsində nəzərdə tutulmuş əhalinin sağlamlığının qorunmasında və digər sahələrdə istifadə edilən arıçılıq məhsulları xammalı və onların əsasında hazırlanmış apifitoməhsulların istehsalı, dövriyyəsi və tətbiqi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.13. həmin Qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş xarici ölkələrdə arıçılıqda istifadə olunmuş inventar və avadanlıqların Azərbaycan Respublikasının ərazisinə idxalının məhdudlaşdırılması hallarını və qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.14. həmin Qanunun 21.3-cü maddəsində nəzərdə tutulmuş rayonlaşdırılmamış arı cinslərinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.15. həmin Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş arı ailələrinin zərərvericiləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.16. həmin Qanunun 24.4-cü maddəsində nəzərdə tutulmuş arı xəstəliklərinin müalicəsində istifadə edilən dərman vasitələrinin siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.17. həmin Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş arı ailələrinin balyığma və yeni məskunlaşma yerlərinə köçürülməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.18. həmin Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın, 19.4-cü, 19.6-cı maddələrində və 20.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.19. öz səlahiyyətləri daxilində “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Müəyyən edilsin ki:

 

2.1. “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 6.4-cü, 8.2-ci, 10-cu, 12.2-ci, 12.5-ci maddələrində, 15.2-ci maddəsində hər iki halda, 15.5-ci maddəsində üçüncü halda, 15.7-ci, 15.8-ci maddələrində, 20.3-cü maddəsinin ikinci cümləsində, 20.8-ci maddəsində, 21.2-ci maddəsində hər iki halda, 21.3-cü maddəsində ikinci halda, 24.3-cü, 24.4-cü və 25-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 5.0-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həmin Qanunun 5.0.8-ci maddəsi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti, 5.0.3-cü, 5.0.4-cü, 5.0.5-ci, 5.0.7-ci, 5.0.9-cu (arıçılıq sahəsində elmi-tədqiqat işlərinin təşkili, dəstəklənməsi və stimullaşdırılması hissəsi üzrə), 5.0.11-ci, 5.0.12-ci, 5.0.13-cü, 5.0.14-cü maddələri üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, 5.0.6-cı maddəsi üzrə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, 5.0.9-cu maddəsinin arıçılıq məhsullarının təbabətdə tətbiqinə dair elmi-tədqiqat işlərinin təşkili hissəsi üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 5.0.10-cu maddəsi üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 5.0.15-ci maddəsi üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər;

2.4. həmin Qanunun 6.2-ci, 6.3-cü maddələrində, 11.2-ci maddəsinin ikinci cümləsində, 12.3-cü, 12.4-cü maddələrində, 15.5-ci maddəsində ikinci halda, 20.4-cü maddəsinin ikinci cümləsində, 21.3-cü maddəsində birinci halda və 22.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

2.5. həmin Qanunun 15.5-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.6. həmin Qanunun 24.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2009-cu il.

 

Azərbaycan.-2009.-18 aprel.-S.5.