Xalq yazıçısı
Elçinin "Şekspir'1
"ÜNS" teatrının səhnəsində
Aprelin 17-də
"ÜNS" teatrında xalq yazıçısı
Elçinin "Şekspir" pyesi əsasında
hazırlanmış ikihissəli antrepriz tamaşası
göstərilmişdir.
Tamaşanın bədii
rəhbəri incəsənətin vurğunu və həm də
gözəl bilicisi, professor Nərgiz Paşayevadır.
Xalq
yazıçısı Elçinin bütün başqa əsərləri
kimi, "Şekspir" pyesində də dərin fəlsəfi
məna var. Yazıçı yenə düşünür,
düşündürür, həqiqət
axtarışındadır, insanları düz yola, səhvlərdən
nəticə çıxarmağa, bir-birinə qarşı mərhəmətli
olmağa çağırır. Yəqin elə buna görədir
ki, tamaşaçılar pərdə enəndən sonra da hələ
uzun müddət səhnədə gördüklərinin təsiri
altında olurlar.
...Tamaşanın qəhrəmanları
psixiatriya xəstəxanasında müalicə olunanlar və
onlara xidmət edən tibb işçiləri, - cəmi 8 nəfər,
- yeknəsəq, yorucu həyat sürürlər. Gözlənilmədən
başqa Qalaktikadan Yer üzünə gəlmiş Varlıq
onlara həqiqəti açır - insan möcüzə
sorağında yaşamamalıdır, çünki
möcüzə lap yaxında, onun özündədir. Bu, sevmək,
bir-birinə etimad göstərmək, dərdini və sevincini
bölüşmək bacarığıdır. Yaradana
qarşı çevrilə biləcək nəyisə yaratmaq
olmaz. Nəhayət, dünyada istedad, incəsənət qədər
mükəmməl heç nə yoxdur. İnsana yalnız bu dəyərlər
əbədilik gətirir. Yadplanetli həmin həqiqəti
aşılamaq istədiyi insanların bu barədə
düşünmələri, özlərinə inanmaları
üçün klinika sakinlərindən biri ilə
Şekspirin "Romeo və Cülyetta"sından bir səhnəcik
göstərir: bax, həyatın əsas və ali qayəsi
insanın insana olan və heç nəyin əvəz edə
bilmədiyi məhəbbətidir. Qəhrəmanlardan birinin
dediyi kimi, bu böyük hissi tərənnüm edən
Şekspirə həqiqətən eşq olsun!
Rejissor Bəhram Osmanovun məharətlə və böyük ilhamla səhnələşdirdiyi, bəstəkar Raxmaninovun musiqisi ilə müşayiət olunan bu qeyri-adi səhnə əsərində tamaşaçılar müxtəlif teatrlarda çalışan istedadlı aktyorların - xalq artistləri Şükufə Yusupovanın, Məbud Məhərrəmovun, əməkdar artistlər Cəfər Namiq Kamalın, Sənubər İsgəndərovanın, Ayan Mirqasımovanın, Rafiq Əliyevin, Firdovsi Atakişiyevin və aktyor Fuad Osmanovun mahir ifalarını hərarətli alqışlarla qarşıladılar.
Fəlsəfi-psixoloji ovqatı ilə böyük maraq doğuran tamaşanın quruluşçu rəssamı
Nüsrət Hacıyevdir.
AzərTAc
Azərbaycan.-2009.-18 aprel.-S.6.