İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərləri konfransının iştirakçılarına

 

Hörmətli konfrans iştirakçıları!

İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərləri konfransının keçirilməsi münasibətilə sizi təbrik edir və işinizdə uğurlar arzulayıram.

İslam sivilizasiyası sülh və tolerantlığı, bəşəri ideyaları və insan ləyaqətinə hörməti, humanizm və mərhəməti təşviq edən, milyonlarla insanı birləşdirən dəyərlər sistemidir. İslam bütün cinayətləri, xüsusilə terrorçuluğu, ekstremizmi və hər cür zorakılığı rədd edir. Belə əməllər xalqlarımızın bölüşdüyü ümumi dəyərləri nəinki təhdid edir, həm də dövlətlərin ictimai-siyasi sabitliyinə, insanların əmin-amanlığına təhlükə yaradır.

Terrorizm, separatizm, silahların və narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılması kimi cinayətlər transmilli xarakter daşıdığından dövlətlərin birgə dinc yanaşı yaşamasına ciddi təhlükə yaradır. Ona görə də xalqlarımızın ümumi rifahına və inkişafına nail olmaq, təhlükəsizliyi təmin etmək məqsədi ilə sosial-iqtisadi, siyasi tədbirlərlə yanaşı, cinayətkarlığa qarşı mübarizənin səmərəli şəkildə həyata keçirilməsi vacibdir.

Son on beş il ərzində həyata keçirilən fundamental islahatlar Azərbaycanın dinamik inkişafında və müasirləşməsində zəruri faktor olmuşdur. Bununla yanaşı, Azərbaycanın qarşılaşdığı ən ağrılı problem Ermənistanın yürütdüyü təcavüzkar separatizm, etnik təmizləmə və terror siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsidir. İşğal olunmuş ərazilərə Ermənistanın və qondarma separatist rejimin nəzarət etməsi narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, insan alveri, çirkli pulların yuyulması kimi cinayətlərin vüsət almasına şərait yaratmışdır. Həmin ərazilərdə törədilən cinayətlər nəinki Azərbaycan, bütövlükdə region üçün təhlükə doğurur. Bu baxımdan transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ölkələrimizin hüquq-mühafizə orqanlarının fəaliyyətinin regional və universal səviyyədə əlaqələndirilməsini tələb edir.

Əminəm ki, ölkələrimizin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın təşviqi və dərinləşdirilməsi transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin səmərəsini artıracaq, bu sahədə qarşılıqlı razılaşdırılmış siyasətin yürüdülməsinə imkan yaradacaqdır. Bir daha sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram, sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik naminə səylərimizi birləşdirməyə çağırıram.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2009-cu il

 

Azərbaycan.-2009.-22 aprel.-S.1.